Azərbaycanda ordu quruculuğu yüksək səviyyədədir

 

Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması ilkin mərhələdə bizim üçün çox ciddi fəsadlara gətirib çıxara biləcək mənhus niyyətlərə hesablanmışdı. Bunların sırasında sərhədlərin zor gücü ilə dəyişdirilməsi əsas yerlərdən birini tuturdu. Mövcud planın reallaşması üçün istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda kifayət qədər imkanlara malik çoxsaylı qüvvələr səfərbər olunmuşdu.

 

Bu qüvvələr bir tərəfdən ölkədəki vətəndaş həmrəyliyinə sarsıdıcı zərbələr endirir, digər tərəfdən yaranmış xaosu cəbhə xəttində həyata keçirdikləri “uğurlu əməliyyatlarla” tamamlayırdılar. Əslində isə onlar “qələbəni” cəbhə xəttindən xeyli uzaqda, daha dəqiq desək, paytaxt Bakıda qazanırdılar. Bir ölkədə ki vətəndaş həmrəyliyi - ideya, güc və əməl birliyi yoxdur, o ölkəni, obrazlı ifadə etsək, qaranlıqdan işığa çıxara biləcək hər hansı qüvvənin mövcudluğundan danışmağa dəyməz.

Göründüyü kimi, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində zaman bizim xeyrimizə işləmirdi. Bu reallığın, sözün həqiqi mənasında, bütün parametrləri ümummilli liderimiz Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçdiyi vaxtadək dəyişməz qaldı. Məhz onun uzaqgörən və müdrik siyasəti nəticəsində ilk növbədə müstəqilliyimiz üçün böyük təhlükə yaratmış separatçılıq hərəkatına son qoyuldu, ölkədəki ictimai-siyasi gərginlik aradan qaldırıldı, xaosun və özbaşınalığın qarşısı alındı.

1993-cü il noyabrın 1-də Azərbaycan Prezidenti Heydər Əliyevin xalqa tarixi müraciəti həyatımızın bütün sahələrində, xüsusilə ordu quruculuğunda tamamilə yeni bir mərhələnin əsasını qoydu. Hamını bir mərkəzdə - Müdafiə Nazirliyində birləşməyə çağıran ulu öndər elə həmin il noyabrın 4-də Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrdən birinin təlim mərkəzində şəxsi heyətlə görüş keçirdi. Sonradan dəfələrlə təkrar olunan belə görüşlər xalqın, xüsusilə gənclərin hərbi vətənpərvərlik hissini yenidən oyatdı. Ölkə ictimaiyyətinin dövlətə və bu dövlətin Silahlı Qüvvələrinə olan inamını ikiqat artırdı. Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasına xüsusi diqqət və qayğı göstərildi. Ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Ən əsası isə, bu sahədə aparılan işlər bir mərkəzdən idarə olunaraq sistemləşdirildi, Silahlı Qüvvələrin vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi təmin edildi. Nəticədə Azərbaycan ordusunun hissələri 1993-cü il dekabr ayının 10-da Beyləqan istiqamətində hücuma keçən düşməni nəinki güclü müqavimətlə qarşılayaraq geri oturtdu, hətta 10 kilometrlərlə irəlilədilər.

Bu gün əsası məhz ümummilli liderimiz tərəfindən qoyulan Azərbaycan ordusu özünü nəinki regionda, ümumiyyətlə, beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanmış nümunəvi bir silahlı qurum kimi tanıtmışdır. Ulu öndərimizin ordu quruculuğu sahəsində gördüyü işlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimlərdən birində çıxışı zamanı ölkə başçısı müvafiq məsələyə toxunaraq əldə olunmuş uğurları aşağıdakı kimi xarakterizə etmişdir:"Bugünkü ordunun səviyyəsinin əsas səbəbi 1990-cı ilin ortalarında orduda başlanmış islahatlar, ordunun hazırlıq səviyyəsinin qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, orduda peşəkar kadrların hazırlanması, təhsil məsələlərinə verilən böyük diqqətdir. Bütün bunların nəticəsində bu gün deyə bilərik ki, biz çox güclü orduya malikik və regionda bizim ordumuz qarşıda duran bütün məsələləri həll etməyə qadirdir."

Ölkə başçısı İlham Əliyevin Goranboy rayonuna son səfəri zamanı Qarabağ probleminin həllinə münasibət bildirərkən ordu quruculuğu ilə əlaqədar söylədikləri də xüsusi önəm daşıyır: “...Məsələnin həlli Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsidir. Bu məqsədə çatmaq üçün biz nə lazımdırsa, onu edirik. Həm danışıqlar prosesində gedən işlər, həm də iqtisadi imkanlarımızın gücləndirilməsi, ordu quruculuğunda aparılan işlər Azərbaycanı gücləndirir. Biz güclü olmasaq, Dağlıq Qarabağ məsələsini həll edə bilmərik... Biz ordu quruculuğu sahəsində böyük uğurlar əldə etmişik. Bu yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”

Cənab Prezidentin bu səfər zamanı söylədiyi dəyərli fikirlər Azərbaycan dövlətinin müvafiq yöndə yürütdüyü siyasətə bir daha aydınlıq gətirir və xalqın istək və iradəsinin ifadəsi baxımından xüsusi önəm daşıyır. Axı hər bir insan kimi, hər bir dövlət də istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz qürurunu maksimum qorumağa çalışır. Bu, hər şeydən əvvəl, o dövlətin milli-mənəvi dəyərlərindən, ictimai-siyasi durumundan və nəhayət, tarixindən irəli gələn bir məsələdir və bu məsələdə sərgilənən hər hansı mövqe, bir qayda olaraq, təmsil olunan dövlətin, əksər məqamlarda isə təkcə dövlətin deyil, həm də bütövlükdə xalqın əsas simasının göstəricisinə çevrilir. Əlbəttə, dövlət başçısının Goranboy səfərində söylədiklərinə də Azərbaycanın qan yaddaşından irəli gələn milli-mənəvi dəyərlərinə , dövlətçilik prinsiplərinə, suverenliyinə və ərazi bütövlüyünə göstərilən yüksək diqqət və ehtiramın, o cümlədən prinsipiallığın ifadəsi kimi baxılmalıdır.

Bu mənada xüsusilə ordunun üzərinə böyük məsuliyyət düşür. Son illər Silahlı Qüvvələrimizdə aparılan və müasir tələblərə cavab verən islahatlar, əldə olunan yüksək döyüş hazırlığı hərbi qulluqçuların bu tarixi sınaqdan üzüağ çıxacağına, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə layiqli töhfə verəcəyinə böyük ümidlər yaradır. Ən azı ona görə ki, hər bir Azərbaycan hərbçisi Dağlıq Qarabağ probleminin həllinə şərəf məsələsi kimi yanaşır və bu məsələdə əsl vətəndaşlıq mövqeyindən çıxış edir.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist 

 

Xalq qəzeti.- 2009.- 26 noyabr.- S. 4.