Dünya şöhrətli
azərbaycanlı həkim
Həmyerlimiz, Azərbaycan Dövlət Tibb
İnstitutunun (Universitetinin) məzunu, Rusiya Təbiət Elmləri
Akademiyasının akademiki, İlizarov adına Fondun
mükafatı laureatı, Rusiyanın əməkdar səmərələşdiricisi,
professor Hüseynəli İsmayılov altı ildir ki, akademik
İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin
Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbərlik
edir.
Nümayəndəliyin
mərkəzi ofisi İranın Tehran şəhərindəki
“Milad” klinik xəstəxanasında yerləşir. Hüseynəli
İsmayılov bu ölkədə olduğu müddətdə
5 min nəfərdən çox xəstə üzərində
uğurlu cərrahiyyə əməliyyatı
aparmışdır. Həkimin şəfa verdiyi,
sağaltdığı xəstələr arasında
inkişaf etmiş Avropa ölkələrindən olanlar da az
deyil.
Bu günlərdə
H.İsmayılov Bakıya gəlmişdi, bizimlə söhbət
zamanı dedi: — Harada işləməyimdən, fəaliyyət
göstərməyimdən asılı olmayaraq ilk növbədə
xalqımızın, doğma Azərbaycanımızın
şərəfini qorumağa, necə deyərlər,
başını uca etməyə
çalışmışam. Buna görə də indiyədək
mənə üz tutan, yanıma gələn xəstələrə
əlimdən gələn köməyi əsirgəməmişəm,
şəfa vermişəm. Valideynlərimin, müəllimlərimin,
doğmalarımın ümidlərini doğrultmağa,
Hippokrat andına sadiq qalmağa çalışmışam.
H.İsmayılovun
ömür yolundan bəzi məqamlara qısa nəzər
salaq. Hüseynəli həkim 1980-1986-cı illərdə
Bakıda ali tibb təhsili almış və bundan sonra
ümumi cərrahlıq üzrə internaturanı
bitirmişdir. Sonra Rusiyanın Kurqan vilayətinə gedib orada
məşhur travmatoloq və ortoped İlizarovun rəhbərlik
etdiyi bərpa klinikasında fəaliyyətə
başlamışdır. Sahənin incəliklərini qısa
zamanda dərindən mənimsəmişdir.
İşgüzarlığı, bacarığı ilə
kollektivin, eləcə də İlizarovun rəğbətini
qazanmışdır. Etimadı doğrultduğu üçün klinikanın
ortopediya şöbəsinin
müdiri, əl və pəncə sümüklərinin müalicə
qrupunun rəhbəri seçilmişdir. 1993-cü ildə
namizədlik, 2000-ci ildə
isə doktorluq dissertasiyalarını uğurla
müdafiə etmişdir...
...Hüseynəli
İsmayılov Yelizarovun
davamçıları arasında
qonşu ölkələrlə
kontrakt bağlayan ilk həkim-ortoped oldu. Belə ki,
İranın Yəzd şəhərinin baş
həkimi, ixtisasca ortoped, üstəlik bu ölkənin ən iri tibbi
sığorta şirkətlərindən
birinin rəhbəri həkim Mirbaxış Kurqana gələrək Hüseynəli İsmayılovdan
onun vətəninə
tanışlıq və
gələcək əməkdaşlıq
məqsədi ilə ziyarətini xahiş etdi. Beləcə, H. İsmayılov 1996-cı ildə 7 gün Tehranda, 3 gün isə əyalət şəhəri olan Yəzddə qalaraq bir neçə əməliyyat keçirdi.
Həmin günlərdə
Hüseynəli həkim
baldır sümüyü
4 santimetr qısalmış
qızın ayağında
cərrahiyyə əməliyyatı
apardı. İranlı
həkimlər həmin
qıza ayağının
amputasiyası (kəsilməsi)
diaqnozunu qoymuşdular.
H.İsmayılovun müalicəsi nəticəsində
qızın nə ayağını kəsməyə
ehtiyac oldu, nə də bir müddətdən sonra onun bir
baldırının qısalığı
nəzərə çarpdı.
Qız büsbütün
sağalmışdı. O zaman
İranda İlizarovun
təcrübəsi ilk
dəfə idi ki, sınaqdan
keçirilirdi. Bu əməliyyat bütün
İranı, ələlxüsus,
tibb ictimaiyyətini heyrətə gətirmişdi.
Bütün bunlar onunla nəticələndi
ki, 2002-ci ildə H.İsmayılovu artıq uzunmüddətli müqavilə
əsasında bu ölkəyə işləməyə
dəvət etdilər.
O, İranın dövlət
klinikası olan “Milad”da çalışmağa
başladı...
Hüseynəli həkim söhbət zamanı dedi ki, Tehranda
insanlar həkimlərə
çox böyük ehtiramla yanaşırlar. Lakin həkim həmkarları arasında
onun uğurlarına qibtə edənlər də az deyil.
Rusiyadan fərqli olaraq İranda özəl müalicə praktikası geniş yayılıb. Buna görə də yaxşı mənada çox sərt rəqabət var. İranın tibb məktəbi Amerika tibb sistemi təcrübəsi
üzərində qurulub.
Hüseynəli həkimin sözlərinə görə,
İranda özəl və dövlət səhiyyə sistemində
çalışan həkimlərin
üzərində nəzarət
də güclüdür.
Bu ölkənin Səhiyyə Nazirliyində
həkimlərin işinə
nəzarət edən
xüsusi şöbə
var. Şöbənin
əməkdaşları həkimlər
barədə əhalidən
daxil olan şikayətləri ciddi yoxlayırlar. Bu zaman yol verilən
hansısa bir səhv, nöqsan üzrə çıxarsa
həmin həkimi lisenziyadan məhrum edirlər.
Ötən müddətdə
Hüseynəli həkimin
İranda apardığı
bütün əməliyyatlar
uğurla alınıb.
Elə xəstələr olub ki, onlar yerli
həkimlər tərəfindən
hətta 50 (!) dəfə
əməliyyat olunub,
klassik üsulla – dəmir lövhəcik və vintlərin vasitəsi ilə aparılan əməliyyatlar
fayda verməyib, əksinə, fəsadlar törədib. İranda hamı bilir ki, burada 20-dən
çox insan H.İsmayılovun səyləri nəticəsində
amputasiyadan xilas olub. İranlı həkimlərin bir sıra hallarda “ayağı kəsilməlidir!”
kimi dəhşətli
diaqnozundan sonra Hüseynəli həkim həmin pasientlərin pəncə, baldır, barmaq və düz sümüklərində
iltihab prosesinin qarşısını alıb,
hətta sümüklərin uzadılmasına
və sümük əyriliklərinin düzəldilməsinə
nail olub... Tehrandakı klinikaya – H.İsmayılovun yanına
Almaniyadan, İsveçrədən,
Niderlanddan, Azərbaycandan,
Küveytdən, Birləşmiş
Ərəb Əmirliklərindən
xəstələr gəlir.
Hüseynəli İsmayılov
öz müalicə metodları ilə təkcə qoca Şərqi heyrətə
gətirməyib, Qərb
ölkələri də
onun praktikasına böyük maraq göstərib. Hüseynəli
həkim dünyanın
86 ölkəsindən olan
mütəxəssislərə təlimlər keçib. Bəli, İlizarov aparatı bu alimin ən sevimli tələbələrindən
biri olan Hüseynəli İsmayılovun
səyləri ilə bütün dünyanı
“fəth edib”.
Bu aparatla yaxından tanış olmaq üçün
1998-ci ildə Hüseynəli
həkimi Londona dəvət etmişlər.
Bura onunla birlikdə başqa rusiyalı həkimlər də getmişdilər. Hüseynəli həkimlə bərabər
onlar Londonun, Liverpulun, Edinburqun ən müasir klinikalarında mühazirələr
oxudular, İlizarov üsulunun lövhəcik və vintlərdən istifadə etməklə həyata keçirilən
klassik sümük cərrahiyyə əməliyyatlarının
üstünlüyünü sübut etdilər. Bundan sonra britaniyalılar
Kurqana gələrək
İlizarovdan xahiş
edirlər ki, H.İsmayılov heç olmasa bir il
Böyük Britaniya Birləşmiş Krallığında
işləsin. 2002-ci ildə
Hüseynəli İsmayılov
üç aylığa
Böyük Britaniyaya
ezam edilir. O, burada onlarla uğurlu cərrahiyyə əməliyyatı həyata
keçirir.
H.İsmayılov
həmin ezamiyyə zamanı baş verən bir hadisəni belə xatırlayır: — 18 yaşlı
oğlanın əlində
bir barmağı yox idi. Yerli
həkimlər isə
həmin gəncin pəncəsindən sümük
götürüb əlinə
“əkmişdilər”. Ancaq
yeni barmaq, necə deyərlər, həm naqolay, həm də dərisiz idi. Həkim İsmayılov isə həmin pasientin barmağını
normal şəklə
saldı. Sonra da sümüyün üstünün dəri ilə örtülməsinə
nail oldu... Aberdin şəhərinin meri Hüseynəli həkimə 12 yaşlı
qızcığazın təşəkkür
məktubunu da göndərib. Həmin qız yazıb ki, mən sizə
həyatım boyu minnətdaram. Axı, siz mənə xoşbəxtlik bəxş
etmisiniz, sağlamlığımı
özümə qaytarmısınız...
Bəli, həkim İsmayılov İlizarovun
ən layiqli davamçılarından biridir.
Təkcə Kurqanda o, iki mindən
çox pasientdə anadangəlmə və ya sonradan qazanılmış
əl və pəncə sümüklərinin
patologiyası hallarını
uğurla müalicə
edib. Pəncə sümüyünün və
patologiyasının müalicəsinə
həm namizədlik, həm də doktorluq dissertasiyasını
həsr edib. H.İsmayılov bu sahədə yeni metodlar işləyib hazırlayıb.
H.İsmayılov
pəncə sümüyünün
yeni formaya salınması istiqamətində
İlizarovun metodunu təkmilləşdirib. Həkim-alim ortopediya sahəsində 50-dən çox texniki model hazırlayıb, 150-yə yaxın səmərələşdirici təklif həyata keçirib.
Professor H.İsmayılov
Rusiyanın “Alfred Nobel” və “Vernadski” qızıl medallarına layiq görülmüş, adı
“Rusiyanın görkəmli
alimləri” İnternet-Ensiklopediyasına daxil edilmişdir.
Əl və ayaq sümüklərinin anadangəlmə qüsurlarından
və sınıqlardan
əziyyət çəkən,
dəfələrlə cərrahiyyə
əməliyyatı olunmuş
onlarla ağır xəstə professor H.İsmayılovun ciddi səyləri nəticəsində
şəfa tapmışdır.
Professor deyir ki, dünyada analoqu olmayan İlizarov metodunun tətbiqi ilə anadangəlmə və sınıqlar nəticəsində
yaranmış fəsadları
— sümük çatışmazlıqlarını,
əl və ayaq əyriliklərini, sümük gödəkliklərini
aradan qaldırmaq mümkündür.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 7.