“Ən yaxşı ümumtəhsil məktəbi”nin
kollektivi yeni dərs ilində də bu nailiyyəti saxlamaq niyyətindədir
Bu il 50 “ən yaxşı ümumtəhsil məktəbi”
adını qazanmış qaliblər sırasında
Bakının Xətai rayonundakı 17 saylı təhsil
ocağının da adı var. Söz yox ki, bu nailiyyətin
qazanılmasında kollektivin gərgin əməyinin, təhsil
islahatını dönmədən həyata keçirmə əzminin
əhəmiyyətli rolu olmuşdur. “Ən yaxşı
ümumtəhsil məktəbi” nominasiyasında qalib olan 17
saylı məktəbin direktoru Bədəl Bədəlovla
söhbətimizin əsasında da məhz
qazanılmış nailiyyətlərin səbəbləri
dayanır.
Bədəl müəllim
ilkin olaraq bu səbəblər sırasında ölkədə
təhsilə göstərilən dövlət
qayğısını qeyd etdi. Dedi ki, bu gün hər bir təhsil
işçisi üçün ulu öndər Heydər Əliyevin
təhsil sahəsindəki ideyalarını həyata
keçirmək başlıca vəzifədir. Ümummilli
lider çox haqlı olaraq deyirdi: “Təhsil mürəkkəb
bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd
təsərrüfatıdır, nə də ticarətdir. Bu cəmiyyətin
xüsusi, intellektual cəhətini əks etdirən sahədir”.
Doğrudan da, təhsil mürəkkəb olmaqla yanaşı,
həm də ölkənin gələcəyinə təminat
yaradan bir sahədir. Ona görə də çox hörmətli
Prezidentimiz, ulu öndər Heydər Əliyev siyasətinin
uğurlu davamçısı cənab İlham Əliyev təhsili
Azərbaycanın davamlı inkişaf strategiyasının ən
öncül istiqamətlərindən biri
adlandırmışdır. Və bu gün ulu öndərin
başladığı təhsil islahatının həyata
keçirilməsi üçün cənab Prezident çox
ciddi və davamlı tədbirlərin reallaşmasını təmin
edir.
Son beş ildə məktəblərimiz
tanınmaz dərəcədə dəyişmişdir. Dövlət
başçımızın həyata keçirdiyi uğurlu
tədbirlər, imzaladığı fərman və sərəncamlar
məktəblərimizin tamamilə yeniləşməsinə
stimul yaratmışdır. Təsəvvür edin ki, bu
müddət ərzində bilavasitə təhsillə
bağlı 16 Dövlət Proqramı qəbul olunmuş və
onların əksəriyyəti öz real həllini
tapmış və tapmaqdadır. Ölkədə 1600-dən
çox yeni məktəb və mövcud məktəblərə
əlavə korpuslar tikilmişdir. Məktəb tikintisinin
genişlənməsində YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın xidmətləri
xüsusilə qeyd olunmalıdır. Bu gün, demək olar ki,
ölkəmizin əksər bölgələrində Heydər
Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş yeni məktəblər
müəllimlərin və şagirdlərin istifadəsinə
verilmişdir. Son illər yeni dərsliklərin nəşrinə
diqqət artırılmış, təhsilin məzmununda əsaslı
yeniləşmə yaranmışdır. Ən
başlıcası isə məktəblərimizə
informasiya texnologiyaları gətirilməyə
başlanmışdır. 2004-cü ildə cənab Prezidentin
imzaladığı sərəncama uyğun olaraq məktəblərimizdə
hər 33 şagirdə 1 kompyter nisbəti həll olunmuş,
artıq bu sahənin inkişafına dair ikinci Dövlət
Proqramı qəbul olunmuşdur. “1 şagirdə 1 kompyuter”
layihəsinin reallaşması istiqamətində işlər
davam etdirilir.
Son illər ümumtəhsil
məktəblərində həyata keçirilən islahatlar
yeni mərhələyə qədəm qoymuşdur. Bakı
şəhər məktəblərində əvvəlki
sıxlıq yoxdur. Təhsil Nazirliyinin, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin həyata keçirdiyi
davamlı tədbirlər öz müsbət nəticəsini
vermişdir. Ən əsası budur ki, məktəblərimizdə
təhsilin məzmun yeniləşməsi istiqamətində
ciddi iş aparılmağa başlanılmışdır. Ötən
tədris ilindən başlanan kurrikulum islahatı məhz bu məsələyə
xidmət edir. Bu il ikinci siniflər də bu islahata
qoşulmuşdur. Təhsilin uşaqların maraq dairələri
nəzərə alınmaqla qurulması islahatın əsas məqsədidir.
— Söz yox ki, məktəbinizin
müsabiqədə qalib çıxmasında ötən dərs
ilinin yekunları da əsas rol oynamışdır. Hansı
nailiyyətləri qeyd etmək istərdiniz — sualını Bədəl
müəllim belə cavablandırdı: — Nailiyyətlər
çoxdur. Təkcə ötən il deyil, səkkiz illik
göstəricilərə görə məktəbimiz yeddi dəfə
respublikanın ən yaxşı nəticə göstərən
təhsil ocaqlarından olub. Məktəbimizin bütün məzunları
attestat ala bilib. Hələ ötən il TQDK-nın məlumatına
əsasən 2008-ci ilin qəbul imthanlarının nəticələrinə
görə bizim məktəb Bakı şəhərinin 20 ən
yaxşı məktəbi sırasında 15-ci yerə
çıxmışdır. Bu il də ali məktəblərə
qəbul sahəsində nailiyyətlərimiz var. Məzunlarımız
yüksək ballarla ali və orta ixtisas məktəblərinə
qəbul olmuşlar.
Bədəl müəllim
ötən tədris ilində şagirdlərin təlim-tərbiyəsi
ilə bağlı aparılmış işlərdən
danışdı. Dedi ki, məktəbdə ötən illərlə
müqayisədə əlaçılar və 4-5 qiymətlərlə
oxuyanların sayı artmış, keyfiyyət faizi xeyli
yüksəlmişdir. Məktəbdə il boyu işgüzar
psixoloji iqlim olmuşdur ki, bu da məktəb, şagird və
müəllim kollektivinin var gücü ilə
çalışmasının əsas stimulu olmuşdur.
İl ərzində məktəbdə
bütün fənlər üzrə açıq dərslər
təşkil olunmuş, dəyirmi masalar keçirilmişdir. Milli
kurrikulumun öyrənilməsi və tətbiqi il boyu diqqət
mərkəzində saxlanılmışdır. Məktəbin
I sinif müəllimlərinin silsilə açıq dərsləri
keçirilmişdir. Kurrikulumun tətbiqi sahəsində xeyli
uğurlar qazanılmışdır.
Məktəb şagirdlərinin
müxtəlif fənn olimpiadalarında iştirakı da
uğurlu olmuşdur. Olimpiadaların rayon turunda məktəbin
4 nəfər şagirdi 1, 5 nəfər şagirdi II və 6 nəfər
şagirdi isə III yerləri tutmuşlar. Şəhər
turuna çıxmış şagirdlərin 2 nəfəri II
və 3 nəfəri isə III yeri tutmuşdur. Ayrı-ayrı
fənlərin tədrisinə gəldikdə isə rus
bölməsində ana dili, biologiya, tarix, riyaziyyat, Azərbaycan
bölməsində Azərbaycan dili və ədəbiyyatı,
kimya, riyaziyyat fənlərinin tədrisi vəziyyəti qənaətbəxş
olmuşdur. Dərs ili ərzində fənlərin tədrisi
vəziyyətinin yoxlanılması göstərdi ki, məktəbin
təcrübəli müəllimlərindən G.Ələkbərova,
V.Neverova, E.Əsgərova, M.Rəhimova, G.Məmmədova və
başqaları bu gün əvvəlki həvəslə
çalışır, şagirdlərin təlim-tərbiyəsində,
gənc müəllimlərin pedaqoji ustalığının
artırılmasında var qüvvələrini sərf edirlər.
2008-2009-cu dərs ilində
məktəbdə bir sıra tədbirlər
keçirilmişdir. Belə ki, noyabrın 28-dən
dekabrın 9-dək qeyri-hökumət təşkilatı olan
“Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi” ilə
birlikdə Heydər Əliyevin anım 10 günlüyü
keçirilmişdir. Dekabr ayında Mikayıl Müşfiqin
100 illiyi münasibəti ilə ədəbi-bədii kompozisiya
təşkil olunmuş, Azərbaycanın xalq şairləri Nəriman
Həsənzadə və Gülhüseyn Hüseynoğlunun
iştirakı ilə “Müşfiq-100” dəyirmi masası və
bədii gecə təşkil olunmuşdur. Dekabr ayında
“Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü"nə həsr edilmiş həftəlik
keçirilmişdir. Yanvar ayında 20 Yanvar faciəsinə həsr
olunmuş “Qanlı Yanvar” mövzusunda dəyirmi masa təşkil
edilmişdir. III-VIII siniflərin iştirakı ilə ədəbi-bədii
kompozisiya göstərilmişdir. May ayında görkəmli
Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın
anadan olmasının 85 illiyi münasibəti ilə “Azərbaycan
Qadınlar Cəmiyyəti” qeyri-hökumət təşkilatı
ilə birlikdə tədbir keçirilmişdir.
İdman sahəsində
IX sinif şagirdi Yevgeniya Jitkokova Bakıda keçirilən Bədii
Gimnastika üzrə Avropa çempionatında gümüş
medal qazanmışdır. Bundan başqa məktəbin XI sinif
şagirdi Tərlan Namazov Yeniyetmələr arasında Parus
üzrə Asiya Çempionatının bürünc
mükafatını almışdır. IX sinif şagirdi
Hümbət Məmmədli sərbəst güləş
üzrə respublika çempionu olmuşdur. Məktəblilərin
2009-cu il spartakiadasında beş idman növü üzrə məktəb
şagirdləri diplomlara layiq görülmüşdür. İstedadlı
şagirdlərin aşkara çıxarılması məqsədi
ilə keçirilmiş Bilik yarışının I və
II şəhər turunda müəyyən uğurlar
olmuşdur. 3 şagirdimiz II, 2 şagirdimiz isə III yeri
tutmuşlar.
Müasir audio və
video vasitələrindən istifadə il boyu diqqət mərkəzində
saxlanılmışdır və bütün dərslərdə
Təhsil Nazirliyi tərfəfindən verilmiş metodiki filmlərdən
istifadə olunmuşdur. Məktəbin 30 nəfər müəllimi
kompyuter hazırlığı kurslarından keçmiş və
ilk kompyuter vərdişlərinə yiyələnmişlər.
Hal-hazırda məktəbdə Təhsil Nazirliyi tərəfindən
“İntel” tədris kursları təşkil olunmuş və 34
nəfər müəllim bu kurslardan keçir. Məktəbin
internetə çıxışı təmin olunmuş,
e-mail və elektron poçtu yaradılmışdır.
2009-2010-cu tədris ilinə
hazırlıq məqsədilə məktəb təsərrüfatı
sahəsində də müəyyən işlər
görülmüşdür. Məktəbin dam
örtüyü və istilik sistemi əsaslı təmir
olunmuşdur. Bütün dəhlizləri və sinif
otaqları cari təmir olunmuşdur.
Əlbəttə, yeni dərs
ili təzəcə başlasa da, məktəb kollektivi gələcək
nailiyyətin təməlini elə indidən qoymağa
başlamışdır. Biz çalışırıq ki,
dövlət rəhbərinin təhsilə
qayğısına öz əməli işimizlə cavab verək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 7.