Yeniləşmə ünvanı

 

Saatlıda abadlıq və quruculuq işləri böyük vüsət alır

 

Saatlı sözünün bir toponim kimi hansı mənaları ifadə etməsi barədə müxtəlif versiyalar mövcuddur. Bu barədə dəqiq bilgilər isə, sözsüz ki, tarixçilərə məxsusdur və təfərrüata varmaq fikrində deyiləm. Ancaq dəqiq bildiyim bir şey var: Saatlının insanları kimi təbiəti də həmişə çox isti olur. Bu istilik isə insanlar barədə təbii ki, ən xoş duyğuları, təəssüratları yaradır. Məsələ təbiətə aid olanda isə, vəziyyət bir qədər dəyişir. Yəni buranın iqlimi bəzilərində ruh düşkünlüyü yaratsa da, böyük əksəriyyətinin ürəyini qurub-yaratmaq arzu-istəyindən, əlini isə əkib-becərmək həvəsindən soyuda bilməyib. Əksinə, sanki təbiətin inadına saatlılılar bir az da əzmkarlaşıblar, nəticədə isə son illərə qədər burada hakim kəsilmiş bir fikrə — “təbiətinə görə Saatlıda heç nə eləmək mümkün deyil” fikrinə birdəfəlik nöqtə qoyulub. Görülən işlə, çəkilən zəhmətlə sübuta yetirilib ki, Saatlının da simasından “boz rəngi” silmək, baxımlı, gözoxşayan bir məkan yaratmaq mümkündür. Yadımdadır, yaz vaxtı idi. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın “Hərəmiz bir ağac əkək” təşəbbüsünə qoşulan saatlılılar böyük həvəslə bu müqəddəs məramlı işdə fəallıq göstərirdilər. Rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarov belə bir söz işlətdi:

 

— Sanki insanla təbiətin mübarizəsidir, kim daha inadkar olsa, o da qalib gələcək. Bizim isə qalib gəlməkdən başqa yolumuz yoxdur.

Düzü, rayon rəhbərinin bu sözlərinin gerçəkliyi nə qədər əks etdirdiyinə inanmaq üçün çox da gözləmək lazım gəlmir. Sadəcə olaraq rayonun, xüsusilə də şəhər mərkəzinin günbəgün dəyişildiyini, yeniləşdiyini gözlərinlə görmək kifayətdir ki, deyilənlərin həqiqət olduğuna inanasan.

... 2009- cu il rayon üçün pis başlamayıb. Ötən müddət ərzində xeyli iş görülüb və bir xeyli işin də görülməsi planlaşdırılıb.

Ötən illər abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində görülən işlərin indi də davam etdirilməsinə başlıca diqqət ayrılmışdır. Saatlı şəhərinin Heydər Əliyev prospekti boyunca, eləcə də rayonun Bəylik kəndindəki girişdən Varxan kəndinə qədər olan 25 kilometrlik məsafədə geniş həcmli işlər görülmüş, ərazidən keçən magistral avtomobil yolunun kənarındakı gölməçə və çökək ərazilərə 4000 kubmetr torpaq daşınaraq yaşıllıq zolağının salınması üçün hazırlanmış və 560 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Həmçinin magistral yolun kənarında yerləşən, vətəndaşlara məxsus və bərbad vəziyyətdə olan hasarlar sökülərək 1080 kubmetr yeni daş hasar çəkilmiş, 2600 kvadratmetr sahə suvadılmış və rənglənmişdir.

Mustafabəyli kəndi ərazisində magistral avtomobil yolunun kənarında, vətəndaşa məxsus ərazidə 162 kvadratmetr yeni daş hasar tikilmiş, suvanaraq rənglənmişdir. Bəylik kəndi ərazisindən rayona giriş abidə kompleksi də təmir edilərək ətrafı abadlaşdırılmışdır.

“Şəhidlər Xiyabanı” parkının ərazisində və qarşı tərəfdə parkın salınması və “Azərbaycanlıların soyqırımı” abidəsinin tikilməsi üçün ərazinin çökək hissələrinə torpaq daşınaraq hamarlanmış, yeni səki və yaşıllıq zolaqlarının salınması üçün hazırlıq işləri davam etdirilmişdir. İlin əvvəlində ağac əkilməsi kampaniyası mütəşəkkil şəkildə keçirilmiş, təkcə yaz mövsümündə 29500 ağac əkilmişdir. Payız mövsümündə 35000 ağacın əkilməsi üçün hazırlıq işləri görülmüşdür.

Şəhərin Heydər Əliyev prospekti ətrafında yerləşən beşmərtəbəli yaşayış binaları massivində iki yaşayış binasının yararsız vəziyyətdə olan dam örtüyü və suaxıdıcı novları yenisi ilə əvəz edilmiş, hər iki binanın fasad hissəsi suvadılaraq rənglənmişdir. Həmin ərazidə yeni tikilmiş “İstirahət park”ında 720 kvadratmetr sahəyə bəzək plitəsi, 1448 kubmetr sahəyə mərmər döşənmiş, şəhər ərazisindəki küçə və daxili yolların 9156 kvadratmetri çınqıl örtüklə təmir olunmuşdur.

M.Ə.Rəsulzadə küçəsində 172 metr uzunluğunda yeni səki çəkilmiş və yaşıllıq zolağının salınması üçün hazırlıq işləri aparılmışdır.

Heydər Əliyev prospektinin döngələrinə, M.Ə.Rəsulzadə, M.Əzizov, Şəhriyar, M.Şəfi, M.Kərimov, 20 Yanvar, Q.Qarayev, O.Rzayev, M.Əzizbəyov, Nəsimi, Cavanşir, Vidadi, M.P.Vaqif, S.Vurğun və Babək küçələrinə ümumilikdə 36990 kvadratmetr asfalt vurulmuşdur. Bu işlər hazırda da davam etdirilir.

Azərbaycanın Milli Qəhrəmanı Elşən Hüseynovun Qıraqlı kənd qəbiristanlığındakı büstü və qəbirüstü abidəsi, eləcə də Milli Qəhrəmanın ata və anasının qəbirlərinin üstü yenidən abadlaşdırılmış, abidələr mərmər daşlarla düzəldilmiş, ətrafı məhəccərlə əhatə olunmuş, qəbir abidələrin üstünün örtülməsi məqsədilə çardaq qurulmuşdur. Onun Mərkəzi Xəstəxananın qarşısındakı büst abidəsi də yenidən təmir olunmuş, ətrafı abadlaşdırılmışdır. Bundan başqa, 2-ci qrup Qarabağ müharibəsi əlili Əfqan Astanov üçün Mollavazlı kəndində fərdi yaşayış evi tikilmişdir. Hazırda rayonun güzəştli ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan ikimərtəbəli, 16 mənzilli yeni yaşayış binasında tikinti işləri davam edir.

 

Araz üstə asma körpü...

 

Respublikamızda ilk dəfə olaraq Saatlı rayonunda Araz çayı üzərində asma körpü tikilib istifadəyə verilmişdir. Novruzlu və Yeni Novruzlu kəndlərini birləşdirən,106 metr uzunluğu, avtomobillərin gedişi və piyadaların keçidi üçün ayrılmış yol nəzərə alınmaqla eni 6,5 metr olan körpü 27 iyul 2009-cu ildə istifadəyə verilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin inzibati binasının tikintisi də tamamlanmaqdadır.

Bundan əlavə rayonda Baytarlıq idarəsinin yeni inzibati binası və diaqnostik kabinet tikilmişdir. Əlisoltanlı kəndində “İnter Spin” MMC-nin inşa etdiyi pambıq sap əyirmə fabrikinin tikintisi isə hazırda davam etdirilir.

 

Nəticələr uğurludur — statistik göstəricilər belə deməyə əsas verir

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda təsdiq olunmuş tədbirlər planında rayonun sosial-iqtisadi cəhətdən davamlı inkişafını təmin etmək üçün bir sıra zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yeni proqramda rayonda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, təbii sərvətlərdən istifadə, yolların təmiri və yenidən qurulması, elektrik enerjisi, istilik və qaz təchizatı, su təchizatı və kanalizasiya, rabitə xidmətləri, meliorasiya və irriqasiya tədbirləri, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması kimi mühüm sosial tədbirlərin yerinə yetirilməsi planlaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə yardımı verilməsi, dövlət tərəfindən əhaliyə və fermer təsərrüfatlarına edilən güzəştlər kənd təsərrüfatında surətli inkişafa möhkəm zəmin yaratmışdır. Bu il dövlət büdcəsinin vəsaiti hesabına rayonda 9735 istehsalçıya 1909856 manat yardım verilməsi nəzərdə tutulmuşdur.

Rayonda fəaliyyət göstərən “CTS-AQRO” MMC, “Saatlı-Pambıq” ASC və “Pambıq” kiçik müəssisəsi fermer və əhali təsərrüfatları pambıq əkini ilə əlaqədar müqavilələr bağlamış, onlara avans kimi nəqd vəsait verilmiş və toxumluq çiyidlə təmin edilmişlər. Saatlı “Aqroservis” filialı əkinlə əlaqədar şum, mala işləri və digər lizinq xidmətləri göstərmiş, 1571 ton azot, 1525 ton fosfor gübrələrinin güzəştli satışı təşkil edilmişdir.

Mil-Muğan Meşə Meliorasiya, Suvarma Sistemləri və Meloservis idarələri tərəfindən rayonun əksər kəndlərində 317,48 kilometr müxtəlif ölçülü suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində 924 min kubmetr həcmində lildən təmizləmə və bərpa işləri görülmüş, Suvarma Sistemləri İdarəsinin 80 hidrotexniki qurğusu, 4 istehsal binası, 14 hidropostu, 14 kilometr kanalı, 4 nasos stansiyası cari təmir edilmiş və yamacbərkitmə işləri görülmüşdür. Meşə İdarəsi şitillik sahələrinin yaradılmasını, tinglərin yetişdirilməsini diqqətdə saxlamış, 20 hektar sahədə meşə zolağı salınaraq 22 min ağac əkilmişdir.

Rayonda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşür.

Bu il sahələrdən 101562 ton taxıl toplanmışdır ki, bu da keçən illə müqayisədə 20638 ton çox olmaqla hər hektardan 38,5 sentner məhsul deməkdir. Cəmi 93707 ton olmaqla hər hektardan 39,4 sentner buğda, cəmi 7854,6 ton olmaqla hər hektardan 30,1 sentner arpa götürülmüşdür. Keçən illə müqayisədə etdikdə hər hektardan 0,8 sentner çox olmaqla 18864 ton çox buğda, hər hektardan 3,0 sentner çox olmaqla 1773,6 ton çox arpa məhsulu toplanmışdır.

Cari ildə 350 hektar sahədən 3479 ton kartof, 222 hektar sahədən 2035 ton tərəvəz, 76 hektar sahədən 1641 ton bostan məhsulu və bağlardan 751 ton müxtəlif növ meyvə məhsulu toplanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 sentner tərəvəz, 19.6 sentner çox bostan məhsulu toplanmışdır.

 

Məktəblərə yeni nəfəs...

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə geniş həcmli işlərin görülməsinə əlverişli zəmin yaratmışdır. Cari ilin əvvəlində Yeni Novruzlu kəndində inşasına başlanmış 360 yerlik məktəb binası yeni dərs ilində istifadəyə verilmişdir. S.Vurğun adına şəhər 1 saylı orta məktəbində müasir tələblər səviyyəsində əsaslı təmir işləri aparılmış və yeni inventar-avadanlıqlarla təchiz olunmuş, Qarayevkənd orta məktəbində 11 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Qıraqlı kənd orta məktəbində əsaslı təmir işləri başa çatmışdır.

2008-2009-cu dərs ilində Saatlı məktəbliləri respublika əhəmiyyətli müsabiqələrdə müvəffəqiyyətlə iştirak etmiş və uğurlu nəticələr əldə etmişlər. Olimpiadanın respublika turunda Əhmədbəyli kənd orta məktəbinin X sinif şagirdi Nahidə Şahmarova və S.Vurğun adına şəhər 1 saylı orta məktəbin XI sinif şagirdi Nahidə Astanova qalib olaraq nazirlik tərəfindən mükafatlandırılmışdır.

 

Sağlamlığın dəyəri

 

Ötən dövr ərzində əhalinin sağlamlığının qorunması üçün yoluxucu xəstəliklərə qarşı ciddi profilaktik tədbirlər aparılmış, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar uşaqlara göstərilən tibbi xidmətin təşkilinə diqqət daha da artırılmışdır. Tibb müəssisələrində polimelitə qarşı 2974, hepatit B-yə 1913, BCJ-yə 640, AKDS-ə 2974, QMP-ə (qızılca-məxmərək-parotit) görə isə 1078 uşağa peyvənd aparılmışdır. Ümumiyyətlə, rayonda bütün planlı peyvəndlər yerinə yetirilmiş və əvvəlki illərdən daha çox uşaqda peyvənd tutmuşdur. Mərkəzi Rayon Xəstəxanasında fəaliyyət göstərən “Ailə planlanması və reproduktiv sağlamlıq” kabineti regional mərkəzə çevrilərək fəaliyyətini genişləndirmişdir.

Saatlıda əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələrinin, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların, məcburi köçkünlərin, bir sözlə, müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşılır, müvafiq köməkliklər göstərilir, ehtiyacı olanlara maddi yardımlar edilir. Bu məqsədlə ötən dövr ərzində 60395 manatdan çox yardım edilmişdir.

2009-cu ildə rayonda 1113 yeni iş yeri açılmışdır ki, bunun da 887-si daimi, 226-sı mövsümidir.

 

Telefonsuz kənd olmaz

 

Rayon Telekommunikasiya Qovşağı rabitə sahəsində bir sıra işlər görmüşdür. Tutumu 2500 nömrə olan mərkəzi ATSK tipli stansiya tutumu 3072 nömrə olan DS-200 L tipli EATS-ə rekonstruksiya olunmuşdur. Qısa müddət ərzində bütün kabellər yeni EATS-ə keçirilmiş, 2788 abunəçinin yeni EATS-ə qoşulması təmin olunmuşdur. Rekonstruksiya nəticəsində şəhərin bütün telefon istifadəçiləri yüksək sürətli internet xidmətindən istifadə etmək imkanı əldə etmişlər.

Dövlət Proqramının kəndlərdə icrasını təmin etmək məqsədilə Qaracalar, Varxankənd, Əlisoltanlı, Qıraqlı, Mustafabəyli kənd ATS-lərinə fibro-optik (FO) kabeli qoyulmuş, Qaracalar, Varxankənd, Əlisoltanlı, Əhmədbəyli, Nərimankənd, Qıraqlı, Məmmədabad, Fətəlikənd, Şirinbəyli ATSK tipli stansiyalar DS-200 tipli EATS-ə rekonstruksiya olunmuş, mövcud abunəçilərin yeni quraşdırılmış EATS-ə qoşulması təmin olunmuşdur.

Mustafabəyli kəndində yeni 128 nömrəlik EATS istifadəyə verilmiş, mərkəzi EATS-ə qoşulmuş və telefonların çəkilişinə başlanılmışdır. Qazanbatan kəndində müasir tələblərə cavab verən EATS üçün bina tikilib istismara verilmişdir.

Əbilkənd, Sımadakənd, Azadkənd kəndlərində quraşdırılmış EATS-lərin də yaxın günlərdə rayon mərkəzi EATS-nə qoşulması təmin olunacaqdır.

 

... İşıqlar sönmür

 

Əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması, mövcud problemlərin müəyyən edilərək aradan qaldırılması, sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarət artırılmışdır. Rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq qərargahın işi gücləndirilmiş, yerli icra strukturlarının əlaqədar təşkilatlarla birgə fəaliyyəti önə çəkilmişdir.

Rayon mərkəzində elektrik verilişi xətlərinin SİP kabellə əvəz olunmasına və SMART KART tipli sayğacların qurulmasına başlanmışdır. Bu məqsədlə şəhər mərkəzində 1069 ədəd dəmir-beton və dəmir dayaq başdırılmış, 22,3 kilometr SİP kabel çəkilmiş və 1180 ədəd SMART KART tipli sayğac qurulmuşdur. Bundan əlavə 8,4 kilometr istismara yararsız naqil yeni AS-35 markalı naqillə əvəz olunmuşdur. 10 kv-luq elektrik verilişi xətlərinin 5,6 kilometr hissəsində cari təmir işləri görülərək xətlər dartılmış və 250 ədəd istismara yararsız izolyator yeni ŞS-10 tipli izolyatorla əvəz olunmuşdur.

Kəndlərdə isə ümumilikdə istismara yararsız 35 dayaq, 52 izolyator, 1,5 kilometr naqil yenisi ilə əvəz olunmuş, 18 əyilmiş dayaq düzəldilərək bərpa olunmuşdur. Bundan başqa 15 transformator cari və əsaslı təmir olunmuşdur.

Rayonun qaz təsərrüfatında da vəziyyət müsbətə doğru dəyişmişdir. Heydər Əliyev prospektində yerləşən Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş 32 mənzilli binada və həmin ərazidə yerləşən 4 ədəd beşmərtəbəli və 1 ədəd ikimərtəbəli yaşayış binalarında “Azəriqaz” QSC-nin Təmir-Tikinti idarəsi tərəfindən əsaslı təmir-tikinti işləri aparılmış, dikborular pilləkən qəfəsliklərinə çıxarılmış, 130 ədəd qaz sayğacı quraşdırılmışdır. Təhlükəsizlik qaydalarına tam riayət edilməklə həmin binaların qaz təminatı bərpa edilmişdir.

Hazırda rayonda qazdan istifadə edən abonentlərin sayı 2540-dan çoxdur.

2008-ci ildə rayonun 8 kəndində, bu ilin birinci yarısında isə 3 kənddə modul tipli içməli su qurğuları və bulaqlar inşa edilmişdir. Qəbul edilən proqram çərçivəsində bu tədbirlər rayonun digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir. Yeni dövlət proqramında nəzərdə tutulmuş tədbirlər sırasında 2009-2010-cu illərdə Saatlı şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması öz əksini tapmış, bu istiqamətdə ilkin işlər görülmüşdür. “Sukanal” idarəsi tərəfindən istifadədə olan su nasosları təmir olunmuş, bir sıra su xətləri dəyişdirilmiş və ya təmir edilmişdir. Nərimankənd köçkün qəsəbəsində su təchizatının qurulmasına başlanılmış, qəsəbədə içməli su probleminin birdəfəlik həlli üçün lazımi orqanlara müraciət olunmuşdur. M.Ağayev, M.F.Axundov küçələrində 145 paqonometr su xətti təmir edilmiş, M.Əzizbəyov küçəsində 35 paqonometr su xətti yenisi ilə əvəzlənmişdir. Əlisoltanlı fin şəhərciyində 30 paqonometr su borusu dəyişdirilmiş, H.Əliyev prospektində Sabir kanalı üzərində yerləşən su nasosları təmir edilmiş, 30 poqonometr su borusu dəyişdirilmişdir.

Ötən dövrdə əhali ilə keçirilən 30 səyyar görüşdə 5400-dən çox vətəndaş iştirak etmiş, rayonun sosial-iqtisadi inkişafı, yerli əhəmiyyətli və şəxsi problemlərlə bağlı 173 təklif və müraciət verilmişdir. Təkliflərdən 58-i dərhal öz həllini tapmış, qalan təkliflərin icrası nəzarətə götürülmüşdür. Təklif və sorğuların icrası ilə bağlı müəyyən olunmuş qrafikə uyğun olaraq vaxtında RİAİS sisteminə məlumatlar ötürülmüşdür.

“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Saatlı rayonu üzrə Bəylik və Yeni Novruzlu bələdiyyələrinin əhatə etdiyi Bəylik və Yeni Novruzlu kəndlərində Bəylik bələdiyyəsi, Cəfərxan və Əbil bələdiyyələrinin əhatə etdiyi Cəfərxan və Əbil kəndlərində Əbil bələdiyyəsi, Dədə Qorqud və Heydərabad bələdiyyələrinin əhatə etdiyi Dədə Qorqud və Heydərabad kəndlərində Dədə Qorqud bələdiyyəsi, Əlisoltanlı və Potubəyli bələdiyyələrinin əhatə etdiyi Əlisoltanlı və Potubəyli kəndlərində Əlisoltanlı bələdiyyəsi, Hacıqasımlı və Kamallı bələdiyyələrinin əhatə etdiyi Hacıqasımlı və Kamallı kəndlərində Kamallı-Hacıqasımlı bələdiyyəsi, Qaralar və Varxan bələdiyyələrinin əhatə etdiyi Qaralar və Varxan kəndlərində Varxan bələdiyyəsi, Məzrəli və Naharlı bələdiyyələrinin əhatə etdiyi Məzrəli və Naharlı kəndlərində Məzrəli bələdiyyəsi, Musalı və Nərimanov bələdiyyələrinin əhatə etdiyi Musalı və Nərimanov kəndlərində Nərimanov bələdiyyəsi yaradılmışdır. Bu il bələdiyyələrə keçiriləcək növbəti seçkilərlə əlaqədar rayon ərazisində fəaliyyət göstərən bütün bələdiyyələr üzrə seçicilərin sayının dəqiqləşdirilməsi aparılır.

... Saatlıda çox işlər görülüb, çox işlər də görülməkdədir. Hamısından bəhs etmək isə təbii ki, mümkün deyil. Ancaq hər şey saatlılıların gözü önündədir. Elə buradakı yeniləşmənin, dəyişikliklərin ən böyük iştirakçısı və şahidi də onlardır. Ölkə başçısının yaratdığı ideal şəraitdən bəhrələnərək bu rayon üçün gecəsini gündüzünə qatanları da onlar yaxşı tanıyırlar.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 5.