Baş qəzet həmişə xalqın önündə
olub
Nəhəng ağacların rişələri
özündən on dəfələrlə uzun məsafəyə
— dərinliyə baş vuraraq, yerin üst və şor
süxurlarını dəlib keçir, saf-şirin su mənbələrini
taparaq onlardan həmişəyaşarlıq şirəsi
çəkir. O səbəbdən də belə
nəhənglər uzunömürlü, təzə-tər,
barlı-bəhrəli olur. Onların əzəməti göz
oxşayır, kölgəsindən neçə-neçə
insan faydalanır...
Haqqında söhbət
açdığım mətbuat ağsaqqalımız da belə
nəhənglərdəndir. Onun kökləri azadlıq və müstəqillik
beşiyimizdən, Azərbaycan Xalq Cümhuriyyəti
dövründən su içməyə başlayıb. Bəlkə
də ona görə həmişə xalqa yaxın olub, Azərbaycanın
mənafeyini və yüksəlişini heç nəyin,
heç kimin ayağına verməyib. Yaxşı deyiblər
ki, ot kökü üstə bitər...
“Xalq qəzeti” (keçmiş
“Kommunist” qəzeti) ötən doxsan ildə enişli –
yoxuşlu yol keçmişdir. Bu da onun müxtəlif siyasi
burulğanlara məruz qalması ilə əlaqədardır.
Bolşevik-kommunist ideologiyasının tüğyan etdiyi
dövrlərdə belə o, xalqın ehtiyacını, dərd-sərini
unutmamışdır. Bir də ki, qəzet xüsusi proqramla hərəkət
edən “robot” deyil, onu insanlar hasilə gətirir və fəaliyyətini
də insanlar müəyyənləşdirirlər. Doxsan
yaşlı bu “ixtiyarın” da ömür yoluna möhür
qoyan insanlar olublar. Ayrı-ayrı xasiyyətli, fərqli əqidəli,
müxtəlif qabiliyyət sahibləri olan insanlar. Jurnalistika
aləmində belə bir zərb-məsəl var: “Hər bir qəzet
öz redaktoruna oxşayır”. Yaxud bu fikri başqa deyimlə
ifadə edirlər: “Qəzetin sifəti redaktorun sifətidir”.
Bu cür ağız deyimlərinin yaranması təsadüfi
deyil. Doğrudan da, redaktor uzaq səfərlər gəmisini
okean sularında mənzil başına çatdıran
kapitana, yaxud uzun yol qət edən karvanın baş bələdçisi
sarvana bənzəyir. Hər iki halda uzun və çətin
yola çıxanların taleyi bu kapitan-bələdçilərin
təcrübəsindən, səriştəsindən, hətta
şəxsi keyfiyyətlərindən asılıdır. Qəzet
də müəyyən bir yolun yolçusu olduğundan bu səfərin
taleyi onu istiqamətləndirən redaktorun kimliyindən
çox asılı olur.
Bunları ona görə deyirəm
ki, doxsan yaşlı mətbuat orqanının fəaliyyətini
istiqamətləndirən neçə-neçə redaktor
olub. Onların arasında yuxarıların əmrlərini
kor-koranə yerinə yetirənlər də olub, bütün
çətinliklərə, sıxıntılara baxmayaraq,
xalqının, respublikasının təəssübünü
üstün tutanlar da. Hər halda “yaxşıların”
sayı çox olub. İlk redaktorlardan olan Həbib Cəbiyev,
deyilənə görə, məhz
“yaxşılığının” güdazına gedib, “xalqpərəstliyinə”
görə repressiya qurbanı olub.
Mənim qocaman qəzetlə
ünsiyyətim 60-cı illərin əvvəlinə təsadüf
etdiyindən ondan əvvəlki illərdə redaktor olmuş
şəxslər haqqında yalnız ağızlardan eşitmiş,
yazılardan oxumuşam. “Qəzeti qəzet eləyən
redaktordur” deyiminə sadiq olan cəmiyyət nümayəndələri
72 il “Kommunist” adı ilə nəşr olunan bu qəzetin sovet
dövrü redaktorlarını özlərinə məxsus
şəkildə səciyyələndirdilər. Söhbətlərdə,
yazılarda daha çox yaxşılar və
yaxşılıqlar haqqında fikirlər əksini
tapırdı. Böyük bəstəkar və publisist,
bütün Şərq aləmində ilk baletin (“Qız
qalası”) yaradıcısı Əfrasiyab Bədəlbəyli
bir vaxtlar əməkdaşı olduğu qəzetin ilk
redaktorlarından Ruhulla Axundov, Böyükağa
Talıblı, Mustafa Quliyev haqqında xoş sözlər
söyləyərdi. Qəzeti isə bütövlükdə
özünün müəllimi adlandırardı. Məqalələrinin
birində bəstəkar yazırdı : “Mən böyük
dramaturq Cəfər Cabbarlı ilə çiyin-çiyinə
üç il (1927-1930) ”Kommunist" qəzetində tərcüməçi
vəzifəsində çalışmışam... Bu qəzet
daim yeni fikirlər, sağlam təşəbbüslər,
qabaqcıl düşüncələr carçısı
olduğundan... mənim də tərbiyəçim olub".
İstedadlı aktyor, rejissor,
ictimai xadim, SSRİ-nin xalq artisti, Dövlət mükafatı
laureatı Adil İsgəndərov respublikanın “baş qəzeti”
haqqında söhbət düşəndə belə deyərdi
: “Qəzetin necəliyi redaktorun necəliyindən
asılıdır... Əli Qara oğlunun (Əli Vəliyev -
Y.K.) redaktorluğu dövründə insanlar bir ədalətsizlik
görəndə raykoma, məhkəməyə yox, ”Kommunist”
qəzetinə şikayət edərdilər...” Əsasən,
Böyük Vətən müharibəsi illərində qəzetin
“sükanı” arxasında dayanan xalq yazıçısı Əli
Vəliyevi və rəhbərlik etdiyi qəzeti “xalqın inam
yeri”, yaxud “kasıbların pənah yeri” hesab edənlər az
deyildi.
Tanınmış jurnalist, pedaqoq
və alim Nəsir İmanquliyev “Xalq qəzeti”ndə işlədiyi
dövrü belə xatırlayırdı : “50-ci illərin
ikinci yarısında mən redaktorun birinci müavini işləyirdim...
Redaktor Xasay Vəzirov olduqca səriştəli, savadlı və
təvazökar adam idi. İş elə gətirdi ki, mən
onunla çox işləyə bilmədim. Məni Azərbaycan
KP MK-da ideoloji şöbənin müdir müavini vəzifəsinə
təyin etdilər. Sonra da ki...”
“Sonra da ki...” Nəsir
İmanquliyev “ömürlük” iş yerini tapdı.
Respublikanın populyar qəzetlərindən olan “Bakı” –
“Baku” axşam qəzetlərinə redaktorluq etdi. Özü də
düz 30 il! Yeri gəlmişkən deyim ki, mən də bu
redaksiyada 10 il çalışmışam...
“Xalq qəzeti” haqqında sənət
və mətbuat xadimlərinin dedikləri xoş sözlərlə
fikrimi tamamlaya bilərdim. Lakin bu mövzuda deyilmiş ən sərrast
tərifi xatırlatmamaq mümkün deyil. Həmin kəlmələrin
müəllifi ulu öndərimiz Heydər Əliyev 40 il
öncə yubilyar qəzetin 50 illiyində demişdi : “Bu qəzet
həmişə yeni həyat uğrunda
çarpışmaların ilk sıralarında getmişdir”.
Əvvəldə dediyim kimi, mənim
“Xalq qəzeti” ilə ünsiyyətim 60-cı illərin əvvəlindən
başlamışdır. Ümumiyyətlə, bütün
SSRİ məkanında, o cümlədən Azərbaycanda
60-cı illəri “intibah dövrü” adlandıranlar səhv
etmirlər. Bu illər çox sahədə, o cümlədən
mətbuatda əlləri və dilləri buxovlayan zəncirlərin
qırılmağa başladığı dövr kimi
yaddaşlarda qalıb. Məhz həmin illərdə bir
sıra qəzetlər “mühafizəkar” siqlətini dəyişərək,
demokratiya yolunu seçir, fəaliyyətlərini
bütünlüklə xalqın xidmətinə yönəldirdilər.
Belə mətbuat orqanlarından biri və qabaqda gedəni
“Kommunist” qəzeti idi...
1962-ci ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika şöbəsini bitirər-bitirməz
məni respublikanın “baş qəzetinə” işə dəvət
etdilər. O vaxtkı mətbuat “qanunlarına” görə bu, əsl
“möcüzə” sayılırdı. Çünki hələ
“tələbə iyi” çəkilməmiş, mətbuat aləmində
lazımi təcrübəsi olmayan bir gənci universitet
partasından birbaşa mərkəzi qəzetə işə
götürmək inandırıcı
görünmürdü. Lakin mənim jurnalistlik taleyimdə
böyük rolu olan belə bir “möcüzə” baş
vermişdi. Özü də yaxşını görməyi
bacaran mətbuat “nəhənglərinin” yüksək keyfiyyətləri
sayəsində.
Yuxarı kurslarda oxuyarkən
“Kommunist” qəzetinin şöbə müdiri Nəriman
Zeynalov bizə təcrübə dərsi keçirdi. O,
istedadlı qələm sahibi olmaqla yanaşı, yaxşı
müəllim, qayğıkeş insan idi. Öz peşəsinin
“sirlərini” biz tələbələrə səxavətlə
öyrədirdi. Onun rəhbərliyi ilə paytaxtın iri
müəssisələrindən, “Neft Daşlarından”, bir
sıra rayonların təsərrüfatlarından səhifə
yazmış, “podborkalar” hazırlamışdıq. Bu
yazıların əksəriyyəti Nəriman müəllimin
qələm süzgəcindən keçərək mərkəzi
qəzetdə dərc olunmuşdu. Təcrübə müəllimimiz
“kollektiv” yazılarla kifayətlənmir, yazı qabiliyyəti
ilə seçilən tələbələrə fərdi
tapşırıqlar da verirdi.
Dördüncü kursu bitirib, yay
tətilinə çıxanda mən də “çətin
tapşırıq” aldım : ...ilk növbədə taxıl
biçininin gedişindən, sonra pambıq
yığımına hazırlıqdan, MTS-lərin təchizat
vəziyyətindən, ən çox da təsərrüfatların
məruz qaldıqları çətinliklərdən operativ
yazılar hazırlayıb, dərhal redaksiyaya göndərməliydim.
Beləliklə, həmin yay tətili mənim
üçün istirahət yox, əsl sınaq oldu.
Uşaqlığımın beşiyi olan Bərdənin və
ətraf rayonların təsərrüfatlarından, məhsul
yığımının vəziyyətindən, texniki təchizatın
problemlərindən bəhs edən bir neçə yazı
hazırlayıb, təcili inandığım adamlarla
redaksiyaya çatdırdım. Demək olar ki, hamısı dərc
olundu. Özü də öz dəst-xəttim, yazı
üslubum saxlanmaqla.
Bunları deməkdə məqsədim
odur ki, mən universiteti bitirəndə artıq mərkəzi
qəzetin “daimi yazarlarından” hesab olunurdum. Bəlkə də
o səbəbdən idi ki, Nəriman müəllim mənim bu
qəzetə işə götürülməyim barədə
təklif irəli sürərkən “bütün dövrlərin
ən qaraqabaq redaktoru” adını qazanmış İsrafil Nəzərov
etiraz etməmişdi. Amma çox az zaman içərisində
şahidi olacaqdım ki, bu “qaraqabaq” insanın çox incə
zövqü, zərif ürəyi varmış.
“Kommunist” qəzetinin redaksiya divarları arasında çox qalmadım. Bir neçə aydan sonra başqa bir “yaxşı adamın” sayəsində qarşımda əsl yaradıcılıq üfüqləri açıldı. Qəzetin bölgə müxbiri, kəsərli qələmi ilə ictimaiyyətin hörmətini qazanmış istedadlı jurnalist Qubad Süleymanovu Mərkəzi Komitənin rayonlararası “Yüksəliş” qəzetinə redaktor təsdiq etmişdilər. O da məni özü ilə aparmaq “tələbini” redaksiya rəhbərliyi qarşısında qoymuşdu. Burada haşiyə çıxaraq demək istəyirəm ki, 60-cı illərin ən mühüm yeniliklərindən olan bu cür “rayonlararası qəzetlər” (raykomlara tabe olmayan, senzuradan uzaq) ölkənin demokratik yola çıxmasında, millətlərin azadlıq və müstəqillik hisslərinin güclənməsində böyük rol oynadı. “Yüksəliş” qəzeti də böyük ərazidə, Azərbaycanın cənub bölgəsində yerləşən İmişli, Beyləqan, Füzuli rayonlarının çoxsahəli həyatından bəhs edirdi. Redaktor İsrafil Nəzərov bizi yola salarkən tərəddüd etdiyimi gözlərimdən oxuyurmuş kimi, özünəməxsus qaşqabaqla dedi:
— Buradakı iş yerin saxlanılacaq, istədiyin vaxt qayıda bilərsən... Bir də ki, sən o bölgədə qəzetimizin xüsusi müxbiri olacaqsan, səndən kəsərli və yeni ruhlu yazılar gözləyəcəyik.
Məhz həmin
kəlmələrin işığında böyük həvəslə
rayona yollandım, 2 il “Yüksəliş” qəzetində məsul
katib işlədim. Bu müddət ərzində xüsusi
müxbiri” olduğum mərkəzi qəzetdə onlarca
yazım (xəbər, zarisovka, oçerk, felyeton) dərc
olundu. “Son qozanın qiyməti...” adlı analitik yazım
yuxarı dairələrdə mübahisəyə və
müzakirəyə səbəb oldu. Yazıda dövrün ən populyar şüarlarından
olan “Pambığı son qozasınadək yığaq!”
çağırışına faktların və mütəxəssislərin
dili ilə “yox!” deyilirdi. Əvəzində “Pambığı
tez və itkisiz yığaq!” şüarı təklif
olunurdu. Həmin yazım KP MK-nın bürosunda müzakirə
olundu və müsbət rəy aldı. Bununla belə, mərkəzi
qəzetin təklif etdiyi yeni şüar yalnız 70-ci illərdə,
Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən
sonra həyata vəsiqə aldı.
1964-cü ildə yenidən
Bakıya qayıtdım. Doğrudan da qəzetdə “iş
yerim” saxlanılmışdı. Ancaq bu zaman İsrafil Nəzərov
Dövlət Poliqrafiya və Mətbuat Komitəsinə sədr
təyin olunmuşdu, redaktorluq vəzifəsini Ağababa Rzayevə
“təhvil vermişdi”. Mən bu dəfə də qəzetdə
çox bənd ala bilmədim. İş elə gətirdi ki,
keçmiş müəllimim Nəsir İmanquliyev məni
“Bakı”–“Baku” axşam qəzetlərinin redaksiyasında “məskunlaşmağa”
sövq etdi...
İş yerim
vaxtaşırı dəyişsə də “Xalq qəzeti” ilə
ünsiyyətim heç zaman dəyişməyib. Onun necə
sürətlə yeniləşdiyini, sözün əsl mənasında,
xalqın qəzetinə çevrildiyini həmişə fərəhlə
izləmişəm. Bir daha əmin olmuşam ki, yaxşı
redaktor təkcə qəzetin siması deyil, həm də
güclü, yenilikçi kollektivin
yaradıcısıdır. 60-cı illərin əvvəllərində
daha sıx təmasda olduğum qəzetin redaksiya kollektivini
çox gözəl xatırlayıram. Redaktor müavinləri
İdris Qasımov, Manaf Süleymanov, şöbə müdirləri
Nəriman Zeynalov, Rəşid Mahmudov, Hidayət Zeynalov, Telman
Heydərov, Tamara Əliyeva, Cahangir Gözəlov, ədəbi
işçilər Məryəm Həsənzadə, Füruzə
Nağıyeva, Cahan Vəzirova, Sadıq Qarayev, bölgə
müxbirləri Əli İldırımoğlu, Hacı Həsənov,
Tofiq Həsənov, İlyas Allahverdiyev və başqaları.
Adlarını çəkdiyim (və çəkə bilmədiyim)
bu insanların peşə yaradıcılığında və
insanlığında qüsur tapmaq çətin idi.
Zaman dəyişdikcə “Xalq qəzeti”
də dəyişir, gənc istedadlar hesabına daha da
“xalqlaşırdı”. Respublikanın müsibətli günlərində,
“Qara Yanvar” hadisələrində qəzet əsl sifətini
açıqladı. Qəzetin əlavəsi “Səhər” həftəliyi
(redaktoru istedadlı qələm sahibi Məzahir Süleymanzadə
idi) 20 Yanvar gecəsində ermənipərəst rəhbərliyin
əmri ilə sovet qoşunlarının Bakıya
soxulmasını, dinc əhaliyə divan tutmasını, şəhəri
xarabazara çevirməsini və onlarca şəhid meyitinin
küçə və meydanlara sərildiyini fotoşəkillərin
müşayiəti ilə dərc etdi. Şəhərdə
komendant saatı elan edildiyi, mətbuatın
bütünlüklə hərbi senzuranın nəzarətində
olduğu bir şəraitdə belə qəzet buraxmaq qəhrəmanlıq
idi, örnək olan bir şücaət idi.
Mən bu yazımı əsasən
“redaktor faktoru” üzərində qurmuşam. Özüm uzun müddət qəzet
redaktoru olmuşam. 15 il (1980-1995) respublikanın
tanınıb-sevilən nəşrlərindən olan “Azərbaycan
gəncləri” qəzetinə redaktorluq etmişəm.
“Yaxşılardan” öyrənməyə, “pisləri” təkrar
etməməyə çalışmışam. Nəhayət,
“Xalq qəzeti”nin indiki redaktoru barədə bir neçə
söz deməyi borc bilirəm. Həsən Həsənovu
çoxdan, hələ Azərbaycan Televiziyasında xəbərlər
baş redaksiyasına rəhbərlik etdiyi vaxtlardan
tanıyıram. “Xalq qəzeti”nə baş redaktor keçəndən
sonra ünsiyyətimiz bir qədər də artıb. Bu qəzetlə
daimi əməkdaşlığımdan və müşahidələrimdən
belə qənaətə gəlmişəm ki, Həsən
müəllim yetkin qələm sahibi, peşəkar təşkilatçı
olmaqla yanaşı, tariximizə həssaslıqla yanaşan
insandır. O, yaxşı ənənələrə söykənərək,
zamanın nəbzinə uyğun yenilik yaratmağı da
bacarır. Belə hesab edirəm ki, 90 yaşlı “Xalq qəzeti”nin
ömür salnaməsində Həsən Həsənovun
adı həmişə “yaxşı redaktorlar” cərgəsində
çəkiləcək.
Yubilyar qəzetin baş redaktorunu
və bütün əməkdaşlarını ürəkdən
təbrik edirəm.
Yusif KƏRİMOV,
yazıçı-publisist
Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 4.