Könüllər şadlandı bu səxavətdən

 

Masallı rayonunda 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə silsilə tədbirlər keçirilib. On minədək ahıl, əlil, tənha və kimsəsiz soydaşımızın yaşadığı Masallı rayonunda əhalinin qayğı uman bu həssas təbəqəsi hərtərəfli diqqətlə əhatə olunub.

 

Bütün bayram və əlamətdar günlərdə onlar yad edilir, hədiyyə və yardımlarla anılır, çevrələrinin heç zaman boş olmadığını görüb fərəh hissi keçirirlər. Elə ötən Ramazan bayramında rayonun bütün ahıl, əlil, tənha və kimsəsiz vətəndaşlarına icra hakimiyyətinin nümayəndələri baş çəkib, onların hamısına maddi və mənəvi dəstək göstəriblər.

Beynəlxalq Ahıllar Günü ilə də əlaqədar xeyirxah ənənə davam etdirilib. Rayonda ahıl və tənha yaşayan sakinlərin sayı 159 nəfərdir. Son illərdə onlara 20 əlil arabası, 10 eşitmə aparatı, xüsusi yataq ləvazimatı verilib. Təkcə cari ildə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və əlaqədar təşkilatların köməkliyi ilə 15 nəfər ahıl, xəstə və kimsəsiz şəxs müalicə və istirahət üçün pansionatlara göndərilib, sağlamlıqlarını bərpa ediblər. Onu da deyək ki, müalicə üçün dərman almağa, cərrahiyyə əməliyyatı olunmağa ehtiyac duyan neçə-neçə vətəndaş da rayon rəhbərliyinin köməkliyi sayəsində çarəsiz qalmayıb və ağrı-acılarını yenə bilib.

Ahıllar Günündə bayramsayağı geyinib-keçinmiş yüzə yaxın ağsaqqal və ağbirçək Masallı Rayon İcra Hakimiyyətinə dəvət edilmişdi. Təntənəli mərasimə toplaşanların hər birinin çöhrəsindən sevinc və razılıq hissləri duyulurdu. Rayon rəhbərliyinin bir neçə gün öncə leysan yağışlarının gətirdiyi sel sularının 20 kənddə törətdiyi fəsadların aradan qaldırılmasına başı qarışdığı bir vaxtda ahılları diqqətdən kənarda qoymaması və hər birinə həmişəki kimi yüksək qayğı göstərməsi onlara sözün əsl mənasında unudulmaz təsir bağışlamışdı.

Masallı Rayon İcra Hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyev mərasimi açaraq ölkəmizdə ahılların böyük hörmət-izzət sahibi olduqlarına və dövlət tərəfindən hərtərəfli qayğı, himayə ilə əhatə edildiklərinə konkret faktlar əsasında diqqəti cəlb etdi. Rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışdı və icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ahıllara səmimi təbriklərini çatdırdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Azər Abdullayev əhalinin imtiyazlı təbəqəsinə, xüsusilə də tənha və kimsəsizlərə göstərilən xidmət barədə məlumat verdi. O, bildirdi ki, ölkədə uğurla aparılan sosial yönümlü iqtisadı siyasətin nəticəsində əhalinin pensiya və müavinətlərinin həcmi, eləcə də ünvanlı dövlət sosial yardımı alanların sayı artmışdır.

Masallıda da qayğıya, diqqətə ehtiyacı olan hər kəs dövlətimizin get-gedə artan iqtisadi qüdrətinin bəhrələrini görür. Rayon müharibə, əmək, silahlı qüvvələr, hüquq-mühafizə orqanları veteranları ictimai birliyinin sədri Atabala Hacıyev, Şərəfə və Yeddioymaq kənd, həmçinin Masallı şəhər sakinləri–ömürlərinin ahıl çağını yaşayan Rəxşəndə Məmmədova, Meşə İbadova, Tükəz Məmmədova və başqaları mərasimdə ürək sözlərini söylədilər.

Onlar sosial problemlərinin ardıcıl həllini tapdığına, xeyirxah addımları ilə savab qazanan rayon rəhbərliyindən daim doğma münasibət gördüklərinə və özlərini heç zaman kimsəsiz hiss etmədiklərinə görə hədsiz razılıq duyğularını dilə gətirdilər. Ahılların hər birinə Masallı rayon rəhbərliyi adından maddi yardım göstərildi.

Cənub bölgəsinin dadlı təamları ilə bəzədilmiş bayram süfrəsi arxasında deyib – gülən, şənlənən tədbir iştirakçıları həyatlarının daha bir xoş, unudulmaz gününü beləcə birlikdə yaşadılar. Mərasimin sonunda onlar bayramın təşkilatçıları ilə birgə xatirə şəkilləri çəkdirdilər və oktyabrın ilk günündə ahıllara əsl bayram ovqatı bəxş edənlərə, ümid və gümanlarını heç vaxt yanıltmayanlara: – “Ömrünüz uzun olsun, ən azı bizim qədər yaşayasınız!” – deyərək minnətdarlıqlarını bildirdilər.

Nəhayət, onu da əlavə edək ki, həmin gün Masallı RİH tərəfindən seldən ziyan çəkmiş 150 ailəyə ərzaq yardımı və Fövqəladə Hallar Nazirliyinin göndərdiyi yüzlərlə çadır da təqdim edildi. Xeyirxahlıq missiyası davam etdirilir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 2 oktyabr.- S. 4.