5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür
Bu bayram dünyanın 100-dən çox ölkəsində
qeyd olunur
Beynəlxalq Müəllimlər Gününün qeyd
olunması ilə bağlı qərarı YUNESKO 1966-cı il
oktyabrın 5-də vermişdir. Bu təşkilat tərəfindən
müəllimlərin statusunun artırılması ilə
bağlı tövsiyə xarakterli sənəd də qəbul
olunmuşdur. İndi oktyabrın 5-ni dünyanın 100-dən
artıq ölkəsi müəllimlərin peşə
bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu
bayramın keçirilməsi ilə bağlı sərəncamı
ulu öndər Heydər Əliyev vermişdir.
Müəllim peşəsini
yüksək qiymətləndirən ümummilli lider Heydər
Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr
edən insanlar həqiqətən fədakar, xalqına, millətinə
sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən
insanlardır”. Ulu öndər həkimiyyətdə olduğu
bütün dövrlərdə müəllim əməyinə
yüksək qiymət verilməsi, onların sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
çox əhəmiyyətli qərarlar qəbul eimişdir.
Azərbaycan müəllimlərinin
XI qurultayında geniş məruzə ilə
çıxış edən ulu öndər demişdir: “Azərbaycan müəllimlərinin tam əksəriyyəti
layiqli müəllimlərdir. Əgər bunlar belə
olmasaydı, Azərbaycanın bugünkü elmi,
iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola
bilərdimi?” Ümummilli lider müəllimlərin əməkhaqlarının
artırılması, onlara fəxri adların verilməsi ilə
bağlı dəfələrlə sərəncamlar
imzalamışdır.
Ulu öndərin siyasi kursunun
uğurlu davamçısı, möhtərəm Prezidentimiz
İlham Əliyev də milli təhsilin inkişafına,
müəllimlərin sosial vəziyyətinin
yaxşılaşmasına həmişə xüsusi
qayğı ilə yanaşmışdır. Məhz bu
qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin
nüfuzu ilbəil artır, güzəranı getdikcə
yaxşılaşır. Hələ 2004-cü ildə cənab
Prezidentimiz “2005-2008-ci illər üçün ümumtəhsil
məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı
üzrə Dövlət Proqramı”nın qəbul edilməsi
ilə bağlı xüsusi sərəncam
imzalamışdır. Bu gün Təhsil Nazirliyi müəllimlərin
seçilməsi və işə təmin edilməsi sahəsində
dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi
istiqamətirndə bir sıra əhəmiyyətli addımlar
atır.
Cəmiyyətdə belə bir
fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik
nümunəsidir. Xalq arasında deyilir ki , müəllim dəyişəndə
cəmiyyət də dəyişir. Söz yox ki, müəllim
təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan
dövləti onların şərəfli əməyini həmişə
yüksək qiymətləndirib. Təhsil naziri Misir Mərdanov
Azərbaycan müəllimlərinin 2008-ci il sentyabrın 22-də
keçirilən XIII qurultayındakı məruzəsində
demişdir: “Təkcə son beş ildə 700-dən çox
təhsil işçisi Prezident sərəncamları ilə
dövlət təltifinə layiq görülmüşdür
ki, bu da bütövlükdə sovet dövründə təltif
olunanların sayından xeyli artıqdır. Elə
Beynəlxalq Müəllimlər Günü ərəfəsində
(30 sentyabr 2009-cu il) cənab Prezident “Azərbaycan
Respublikasında təhsilin inkişafında və təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində
xüsusi xidmətləri olan şəxslərə fəxri
adların verilməsi haqqında” sərəncam
imzalamışdır. Bu sərəncama əsasən müəllimlərin
bir qrupu “Əməkdar müəllim” fəxri adına layiq
görülmüş, yaxud “Tərəqqi” medalı ilə təltif
olunmuşdur. Göründüyü kimi, müəllim əməyinə
dövlət qayğısı bu gün də diqqət mərkəzindədir.
Bir maraqlı məqama da diqqət
yetirmək lazımdır. Bu vaxta kimi Təhsil Nazirliyi
özü ən yaxşı müəllimləri
mükafatlandırır, müəllimlər arasında
keçirilən müsabiqə qalibləri “ilin ən
yaxşı müəllimi” fəxri adı ilə təltif
olunurdu. Lakin 2008-ci ildən etibarən ölkənin
tarixində ilk dəfə olaraq Prezidentin sərəncamı
ilə hər il ölkədə “ən yaxşı ümumtəhsil
məktəbi”, “ən yaxşı müəllim”
nominasiyaları üzrə ümumrespublika müsabiqəsi
keçirilir və qalib məktəblər 10000 manat, müəllimlər
isə 5000 manat məbləğində mükafatlandırılır.
Bu yaxınlarda 2009-cu ilin qalibləri də müəyyənləşdirilmiş
və Prezidentin xüsusi sərəncamı ilə
mükafatlandırılmışlar. Bu müsabiqələrin
keçirilməsi müəllimlər arasında sağlam rəqabəti
gücləndirmiş, onların yaradıcılıq və təşəbbüskarlıq
meyllərini artırmışdır. Belə müsabiqələrin
keçirilməsi həm də təhsilin keyfiyyətinin
yüksəlməsinə müsbət təsir göstərir.
Azərbaycanda müəllim
kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi
də həmişə diqqət mərkəzində
olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz
müəllim kadrları hazırlamaq sahəsində
böyük təcrübəyə malikdir. Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət
Universiteti, Azərbaycan Dillər Universiteti ilə
yanaşı, son illər Azərbaycan Müəllimlər
İnstitutu və onun filialları da yüksək ixtisaslı
müəllim kadrları hazırlayırlar. Bir vaxtlar M.Ə.Sabir
adına Bakı Pedaqoji Texnikumu adlanan, hazırda Bakı
Pedaqoji Kolleci adı ilə fəaliyyət göstərən
təhsil ocağının bu sahədəki fəaliyyətini
xüsusi olaraq qeyd etmək lazımdır.
Son statistikaya görə, ölkədə
4546 təhsil müəssisəsində 1 milyon 700 mindən
artıq şagirdin təlim-tərbiyəsi ilə 166 min 764 nəfər
pedaqoji işçi məşğul olur.
Uşaqlarımızın təhsil və tərbiyəsi ilə
məşğul olan bu insanların əməyi bir də ona
görə çox əhəmiyyətlidir ki, onlar müstəqil
Azərbaycanımızın gələcəyinin
qurucularını hazırlayırlar.
Ancaq ölkədə pedaqoji kadr
çatışmazlığı ilə bağlı problem hələ
də qalmaqdadır. Bu gün ucqar rayonlardakı dağ kəndlərində
belə problemlər var və onun aradan qaldırılması
üçün dövlətimiz davamlı olaraq tədbirlər
həyata keçirir. Bu barədə təhsil naziri Misir Mərdanov
müəllimlərin XIII qurultayında demişdir: “Əgər
5 il əvvəlki dövrə nəzər salsaq, kənd yerlərində
7 min nəfərədək pedaqoji kadra ehtiyac yaranması ciddi
narahatlıq doğururdu. Bu problemin həllində
Azərbaycan hökumətinin 2004-cü ilin noyabrında təsdiq
etdiyi “2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə
Dövlət Proqramı” mühüm rol oynadı. Proqrama əsasən,
indiyədək ucqar kənd məktəblərinə güzəştli
şərtlərlə 4788 müəllim göndərilmişdir.
2009-cu ildə isə daha 1308 müəllimin ucqar kənd məktəblərinə
təyin olunması nəzərdə tutulur". Söz yox ki,
bu yerlərə göndərilən müəllimlərə
dövlət tərəfindən güzəştlər də
edilir.
Son illər müəllimlərin
peşəkarlığının artırılması, təhsil
sistemində dünya təcrübəsinə uyğun olaraq
keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində
müəyyən tədbirlər həyata
keçirilmişdir. Bu prosesdə Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq təşkilatlar, o cümlədən
Britaniya Şurası, UNİSEF və digər qurumlarla Təhsil
Nazirliyinin əməkdaşlığı xeyli fayda
vermişdir. Belə ki, 12 min müəllim müasir təlim
strategiyaları əsasında təşkil olunan treninqlərdən,
öyrədici təlim kurslarından keçirilmiş, eyni
zamanda 950 nəfər xüsusi kurslar vasitəsilə “məşqçi
müəllim” kimi hazırlanmışdır.
Müəllimlər bu gün cəmiyyətimizin
nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq
arasında böyük hörmət və ehtiram var və gələcəkdə
də belə olacaq. Heç bir müasir təhsil texnologiyası
müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət
müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət
qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.
Heç
şübhəsiz ki, müstəqil Azərbaycanımızın
müəllimlər ordusu xalqımızın gələcək
xoşbəxt həyatı üçün bütün
imkanlarını səfərbər edəcək,
xalqımıza layiq vətəndaşların yetişdirilməsində
öz xidmətlərini əsirgəməyəcəklər.
Bayramınız mübarək, əziz müəllimlər!
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 8.