Təqvim yada salır

 

Sözün ucalığına doğru

 

Professional jurnalistikamızın orta nəslinin yetirməsi, yazıları qəzet-jurnallarda orta məktəb illərindən çap olunan, Azərbaycanın mərkəzi kütləvi informasiya vasitələrində 27 illik yaradıcı fəaliyyətinin son 21 ilini “Xalq qəzeti”ndə keçirən Tahir Aydın oğlu Rüstəmovun 50 yaşı ölkəmizin bu qocaman və avanqard redaksiyasında tamam olur. Bu kollektivə 1988-ci ilin yayında — Qarabağ münaqişəsindən qaynaqlanan xalq hərəkatının başladığı dövrdə gələn 29 yaşlı həmkarımız ötən illərdə qəzetin milli maraqların ifadəçisinə çevrilməsində, istiqlalımıza və dövlət müstəqilliyimizə xidmət göstərməsində bilik və bacarığını əsirgəməmişdir.

 

Tahir Rüstəmov 1959-cu il oktyabrın 5-də Ağdam rayonunun Mahrızlı kəndində doğulmuşdur. Mən onun imzasına respublika mətbuatında hələ tələbə olduğu illərdə rast gəlsəm də özü ilə 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla o vaxtkı Dövlət Teleradio Komitəsində işləməyə başladığı vaxtda tanış olmuşam. Ali təhsili fərqlənmə diplomu ilə, yüksək göstəricilərlə başa vurmuşdu. Qazandığı nəzəri-təcrübi hazırlıq, təbiətindəki istiqanlılıq və intizamlılıq, peşəsinə dərin bağlılıq nəticəsində respublikanın təcrübəli, adlı-sanlı jurnalistlərinin böyük bir dəstəsinin çalışdığı Azərbaycan Televiziyasında çox qısa müddətdə öz yerini tutmuşdu. “Xəbərlər” baş redaksiyasında mövcud qaydaya uyğun olaraq kiçik redaktor kimi işə başlayan universitet məzunu 6 aydan sonra redaktor, 1 ildən sonra isə böyük redaktor vəzifəsinə irəli çəkilmişdi. Müqayisə üçün deyək ki, bu irəliləyişə bir çoxları 10—15 ilə güclə nail olurdu.

5 illik televiziya dövrü Tahir Rüstəmovun həyatında misilsiz bir təcrübə məktəbi, ikinci bir universitet olmuşdu. Respublikanı qarış-qarış gəzirdi, görürdü, tanıyırdı. Təyyarədən düşüb, qatara minirdi. Vertolyotla dağ başına qalxıb yoluna atla davam edirdi. Katerdə, gəmidə səfərlər edirdi. Yol maşınlarını dəyişə-dəyişə özünü vaxtında hadisə yerlərinə yetirirdi. Onun fabrik-zavodlardan, kolxoz-sovxozlardan, el şənliklərindən, təbii fəlakət zonalarından hazırladığı reportajlar üslub yeniliyi, fakt zənginliyi, səmimiliyi və səlisliyi ilə diqqəti cəlb edirdi.

İştirak etdiyi və işıqlandırdığı konfranslar, qurultaylar, yubileylər, sənət bayramları, müsahib olduğu tanınmış, nüfuzlu insanlarla ünsiyyət telejurnalistika yollarında inamla irəliləyən gənci püxtələşdirmişdi, onu əsl həyat universitetindən keçirmişdi. O, televiziyada dizi üstdə yazmaqdan tutmuş hadisə yerindən birbaşa reportaj verməyə qədər peşə vərdişləri və çeviklik qazanmışdı. Bir neçə min nəfərlik böyük bir kollektivin 20 xanalıq “Şərəf lövhəsi”nə onun da şəkili vurulmuşdu.

Respublikanın aparıcı qəzeti olan, o illərdə sürətlə milli nəşrə çevrilən “Kommunist” qəzeti “yenidənqurma” tələbləri ilə Azərbaycanın öz üslubu, mövzuları ilə seçilən, ümidverici jurnalistləri ilə “cavanlaşdırılarkən” Tahir Rüstəmov da televiziyadan bu nüfuzlu redaksiyaya dəvət aldı. Özü dediyi kimi, sərbəst axtarışa, təhlilə, tədqiqata, milli varlığımızın dərin qatlarına nüfuz etməyə imkan verən qəzetçiliklə, publisistika ilə, tarixə çevrilən jurnalistika ilə məşğul olmaq üçün fürsət axtardığından bu təklifi həvəslə qəbul etdi.

Qəzetə keçəndən sonra Tahir Aydınoğlu imzası ilə tanınan həmkarımız burada da uğurlar estafetini davam etdirdi. Azərbaycanın yetkin jurnalistlərinin cəm olduğu bu kollektivdə on illər boyu formalaşmış təcrübəni incəliklərinədək mənimsədi, ən yaxşı ənənələrin davamçısı olmaq yolunu seçdi. Necə deyərlər, televiziyanın çevikliyi, universallığı, estetikliyi ilə qəzetin ciddiliyini, konkretliyini, elmiliyini qovuşdurmağa çalışdı. Yazılarında şəkillərə, tərtibat elementlərinə, seçdirmələrə xüsusi diqqət yetirdi. O, sözlərlə “göstərməyə”, illüstrasiyalarla “oxutmağa” çalışdı. Televiziyada qazandığı operativlik də xüsusi nəzərə çarpırdı.

O dövrdə Tahirin yaradıcılıq yönünü istər-istəməz həyatın verdiyi yeni mövzular – Qarabağ münaqişəsi, xalq hərəkatı, aşkarlıq və demokratiya ilə bağlı hadisələr daha artıq müəyyən edirdi. Qəzetin xalq maraqlarına doğru açıq dönüşü o vaxtkı respublika rəhbərliyini o qədər razı salmasa da redaksiyanın bu yoldan dönməyəcəyi gündən-günə qətiləşirdi. Şübhəsiz, yeni gəlmiş cavan yazarlar öz boyunlarına daha ağır yük çəkirdilər. Bu yeniləşmə, milliləşmə ab-havasında Tahir Aydınoğlu da öz sözünü deyir, “inadını” yeridirdi.

Arada qəzetin Şirvan bölgəsində müxbir işləyən Tahirin əsas mövzuları rayonların illərdən bəri həll olunmayan problemləri, tarixi abidələrin unudulması və dağıdılması, xalq həyatının etnoqrafik mənzərələri, sosial ədalət kimi məsələlər olmuşdu. Tahir Aydınoğlu “Kommunist”in xüsusi müxbiri anlayışına mülayimlik, xəlqilik gətirmişdi. Rayon rəhbərləri daha çox sadə adamlarla oturub-duran, xidməti maşınlarda deyil, avtobuslarla, yol maşınları ilə gəlib-gedən xüsusi müxbirə mat qalmışdılar.

1991-ci ilin avqustunda Moskvada Qorbaçovla Yeltsinin “QKÇP” oyunu kollektivin “Kommunist” adından imtina etməsi ilə nəticələndi. Kommunist Partiyasının ləğvindən bir neçə gün, Azərbaycanın SSRİ-dən çıxmasından 50 gün, SSRİ-nin buraxılmasından 4 ay əvvəl “Kommunist” adı dəyişdirilib “Xalq qəzeti” qoyuldu. Tahir bu prosesdə fəal və qətiyyətlə iştirak etmişdi.

Az sonra redaksiyaya çağırılan və kollektivin ümumi razılığı ilə baş redaktor müavini təyin edilən Tahir Aydınoğlu dövlət müstəqilliyi, söz azadlığı, demokratik proseslər şəraitində ictimai-siyasi qəzet buraxmaq yönündə bilik və bacarığını əsirgəmədi, çətin şəraitdə kollektivin ağır yükünə çiyin verdi. Onun bu dövrdəki analitik və polematik yazılarının əsas mövzusu Qarabağ müharibəsində qələbənin, cəmiyyətdə milli birliyin təmin edilməsi, dövlət müstəqilliyinin möhkəmləndirilməsi məsələləri idi.

Qəzetə keçəndən sonra da Tahir teleradio ilə əlaqələrini kəsmədi. Azərbaycan Televiziyasında “Kitab köşkü”, “Publisist studiyası” proqramlarının aparıcılarından idi. “Səhər” proqramında “Qəzetlərin xülasəsi”nin yaradıcısı və bir neçə il aparıcısı oldu. Radio proqramlarında ardıcıl olaraq aktual mövzulara münasibətini bildirdi, səfər təəssüratlarını geniş dinləyici auditoriyasına çatdırdı. Bu gün də Tahirin səsi tez-tez ekrandan və efirdən eşidilir. Hazırda İstanbulda qurulmaqda olan ümumtürk musiqi kanalının Azərbaycan təmsilçisi də Tahir Aydınoğludur.

Ölkəmiz üçün bəlalı, təhlükəli günlər arxada qaldıqca Tahir milli-mənəvi dəyərlər, azərbaycançılıq mövzularına daha geniş yer ayırdı, yazılarında tədqiqatçılıq çalarları artdı. Elmi-mədəni həyatda gedən milliləşmə prosesi, yaradıcı ziyalıların tarixi keçid dövründə üzləşdikləri problemlər də onun diqqətindən yayınmadı. Diaspor hərəkatı, Azərbaycan həqiqətləri Tahirin daim toxunduğu mövzulardan oldu.

Artıq yetkin qələm sahibi, milli məfkurəyə sadiq publisist, demokratik mətbuatımızın təcrübə və ənənələrinin araşdırıcısı kimi tanınan Tahir Aydınoğlunu tez-tez ictimai-mədəni həyatın mərkəzində görürük. Onu tanıyırlar, qələminə hörmət edirlər, nüfuzlu məclislərə dəvət edirlər, müsahibi olmağa can atırlar. Tahirin son illərdə Çingiz Aytmatovla, Oljas Süleymenovla, Cavad Heyətlə və digər tanınmış şəxsiyyətlərlə görüşlərdən hazırladığı yazılar, aldığı müsahibələr böyük maraqla qarşılanıb.

Mən Tahirin universallığını, əksər janrlarda yaza bilməsini, mətbu sözün məsuliyyətini anlamasını, süni effektlərdən uzaq olmasını, səriştəli redaktə qabiliyyətini, dövlət maraqları ilə xalq mənafeyi arasında qızıl ortanı tuta bilməsini professionallıq hesab edirəm.

Son illərdə Tahir Aydınoğlunun Azərbaycan demokratik mətbuatının yaradıcıları, sütunları olan Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyovla bağlı ardıcıl yazıları, nəşr etdirdiyi kitablar, çəkilişində iştirak etdiyi filmlər, televerilişlər onu tədqiqatçı jurnalist kimi geniş auditoriyaya çıxarmışdır.

Həmkarım belə düşünür ki, gənc jurnalistlər professionallığa yiyələnmək, xalqımıza gərəkli olmaq üçün mütləq anadilli mətbuatımızın tarixi təcrübəsini dərindən öyrənməlidirlər. Tahir Aydınoğlunun milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin şəxsiyyətinə və irsinə dərin bağlılığının özəyində bu böyük insanın öz xalqına təmənnasız xidməti, öz zamanında millətinin ictimai-mədəni tələbatını düzgün cavablandırması, pak və uca mənəviyyat sahibi olması dayanır. Tahir Aydınoğlu azad, demokratik jurnalistikanın formalaşması ilə bağlı tədbirlərdə, medianın yenidən təşkilatlanması prosesində də fəal iştirak edir, yaşlı qələm sahibləri ilə gənc yazarların varislik əlaqələrinin qorunub saxlanmasına önəm verir. Tələbə jurnalistlər onun rəhbərliyi altında qəzetdə təcrübə keçir, redaksiya işinin incəliklərini öyrənirlər. Tahir özü də daim oxuyur, öyrənir, ölkəmizdə və xaricdə təşkil olunan jurnalistika proqramlarında iştirak edir. ABŞ-da, Fransada və Türkiyədə ixtisasartırma kursları keçib. Bütün bunları əks etdirən müstəqil “Jurnalist” bülleteni buraxır. Bu günlərdə Misirdə hazırlanan daha bir jurnalistika proqramında iştirak edəcək.

Həmkarımızın yazıları işıqla, inamla, xeyirxahlıqla yoğrulmuş olur və oxucularına xoş ovqat gətirir. Tahir çoxsaylı tənqidi yazıların, telesüjetlərin də müəllifidir. Lakin bu materiallara görə heç vaxt qalmaqal qopmamış, onu qeyri-obyektivlikdə təqsirləndirən olmamışdır. Qərəz, böhtan, yalan onun təbiətinə və qələminə yaddır.

Yeri gəlmişkən, mən Tahiri tənqid də etmək istəyirəm. Hələ gənclik illərində , sevimli müəllimi professor Abbas Zamanov onu elmi işə dəvət etmişdi. Jurnalistika sahəsində müəllimləri də ondan elmi-tədqiqatla məşğul olmağı gözləyirdilər. Ədəbi prosesə bələdliyinə və bədii yaradıcılığa meylinə görə onu ədəbiyyat sahəsində görmək istəyənlər də az deyildi. Lakin Tahir jurnalistikadan, publisistikadan, jurnalist təhqiqatçılığından möhkəm yapışdı. Onu qınayanlara bildirir ki, jurnalistika mətbəxində formalaşanların yeni azad, demokratik media yaradıldığı vaxtda başqa sahəyə keçməyə haqqı yoxdur. Tahir mətbuat tarixi ilə bağlı müxtəlif kitablar nəşr etdirsə də, özünün publisistik və tədqiqat yönlü yazılarını bir yerə toplayıb nəşr etdirməkdə gecikir. Onun milli jurnalistika tarixi sahəsindəki axtarışları niyə ciddi bir elmi işlə tamamlanmasın? Yazıb gizlətdiyi şeirlərini də işığa çıxartsa pis olmaz.

Tahir Aydınoğlu vurğunu olduğu Həsən bəy Zərdabi kimi xalqa təmənnasız xidmət yolu seçib. Yaxşı ki, onun halallıq və zəhmətdən mayalanmış fəaliyyəti yeri gəldikcə layiqincə qiymətini alır. Yaradıcılıq uğurlarına görə nüfuzlu “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb. Ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə “Respublikanın əməkdar jurnalisti” adına layiq görülüb. Bir sıra müsabiqələrin qalibi olub, müxtəlif təltifləri var. Ən böyük mükafatı isə qələmin şərəfini uca tutan, sözü və işi bir-birini tamamlayan jurnalist kimi tanınmasıdır.

İllər boyu yaxından tanıdığım, sıx yaradıcılıq əlaqəsində olduğum jurnalist dostumun 50 yaşa çatmasına, nədənsə, inanmaq istəmirəm. O, yenə 26 il əvvəl gördüyüm yeriyib-yüyürən, müsahibinin istəyini baxışından, ilk sözündən anlayan qaynar təbiətli oğlan olaraq qalır. Amma illər də öz işini görür. Yaşıdları kimi onun da saçlarına dən düşüb, alnında, sifətində qırışlar sezilir. Onu daim gənclik həvəsi ilə öyrənmək və işləmək, bir də açıq qəlbli olması xeyli cavan saxlayır.

Sonda 50 yaşının tamam olmasını taleyini həmişəlik bağladığı “Xalq qəzeti”nin 90 illik yubileyi ilə bir vaxtda qeyd edən və ən ciddi uğurlarını doğma qəzetinin adı, nüfuzu ilə bağlayan həmkarımızı ürəkdən təbrik edirik. Dostumuz Tahirin həyatının ikinci yarıməsrinin daha barlı-bəhrəli olmasını, xalqa qələmi ilə xidmətdən doğan könül xoşluğu ilə təravətlənməsini arzu edirik.

 

 

Şəmistan NƏZİRLİ,

tədqiqatçı-jurnalist

 

Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 7.