Azərbaycan alimi beynəlxalq konfransda iştirak etmişdir
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri
doktoru Mina Hacıyeva Rusiya Elmlər Akademiyasının Sibir
bölməsində – Novosibirsk şəhərində
keçirilmiş “Elm. Fəlsəfə. Cəmiyyət”
adlı beynəlxalq elmi konfransdan qayıdıb.
Rusiya Filosoflar Cəmiyyətinin
xətti ilə keçirilən bu nüfuzlu elmi forumda azərbaycanlı
alimin yeni ideyalarla zəngin olan və Azərbaycan klassik
musiqisinə əsaslanan “Mədəniyyət fəlsəfəsinin
inkişafında musiqi təfəkkürünün rolu”
mövzusunda məruzəsi maraqla qarşılanmış və
çox yüksək qiymətləndirilmişdir.
Fəlsəfə elminin
müasir qloballaşma dövründə bəşər cəmiyyətinin
intellektual kamilliyi işində rolu və yeni ideyaların həyata
tətbiqi məsələlərinin müzakirəsi naminə
dünya alimlərini bir araya gətirmiş bu elmi konqresin əsas
qayəsi təhsildə və elmi araşdırmalarda yeni
istiqamətlərin, yeni ideyaların müəyyənləşdirilməsi
və müasir dövrün fəlsəfə elmi
qarşısına qoyduğu suallara cavab axtarılması idi.
Konfransda qeyd
olunmuşdur ki, müasir dövrdə elm insanların həyatında
ancaq bir texnoloji amil və bilik mənbəyi kimi deyil, eyni
zamanda yeni sivilizasiyanın formalaşmasında istiqamətverici
amil kimi getdikcə daha mühüm rol oynamağa
başlayır. 27 ölkə alimlərinin
toplaşdığı beynəlxalq konqresdə
çıxış edən məruzəçilər
qloballaşan dünyada insan cəmiyyətinin üzləşdiyi
bir sıra aktual fəlsəfi problemləri müzakirə
etmiş, onların həlli yollarıı və praktik tətbiqi
istiqamətlərini müəyyənləşdirməyə
səy göstərmişlər. Bu mənada Azərbaycan alimi
professor M.Hacıyevanın məruzəsində irəli
sürülən mədəniyyət fəlsəfəsində
musiqi təfəkkürünün rolu konsepsiyası öz
yeniliyi və aktuallığı baxımından xüsusi
maraq doğurmuşdur. Qeyd etmək lazımdır ki, alimin elmi
tədqiqatlarında həmin mövzu önəmli yer tutur. Bu
yaxınlarda onun “İnsan. Cəmiyyət. Mədəniyyət”
adlı kitabı da işıq üzü
görmüşdür.
Rusiya Filosoflar Cəmiyyətinin
birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru,
professor A.N.Çumakov və baş elmi katibi, fəlsəfə
elmləri namizədi A.D.Korolyov öz
çıxışlarında professor M.Hacıyevanın məruzəsini
çox yüksək qiymətləndirmişlər.
Onu da qeyd etmək istərdik ki,
azərbaycanlı alimin bu nüfuzlu beynəlxalq elmi məclisdə
iştirakının təşəbbüskarı Musiqi
Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli
olmuşdur.
İ.ABBASOV
Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 7.