Dostluğun və oxşar taleyin nişanəsi

 

Əziz gürcü və azərbaycanlı oxucular! Hər iki dildə – Azərbaycan və gürcü dillərində nəşr olunan kitab üçün ən doğru müraciət, yəqin ki, belə olmalıydı. İnsanların, xalqların və hadisələrin taleyi olduğu kimi, kitabların, bədii əsərlərin də öz taleyi olur. Bəzən kitablar, əsərlər həm müəllifin taleyini, həm onun mənsub olduğu xalqın taleyini və hətta bəşərin taleyini ifadə edir. “Ömür yolu” kitabının müəllifi, Azərbaycanın qəhrəman oğlu, şəhid-şair Ülvi Bünyadzadənin əsəri təkcə azərbaycanlılar üçün deyil, gürcülər üçün də eyni qədər doğmadır, yaxındır.

 

Allah, onun müəyyənləşdirdiyi tale azərbaycanlıları və gürcüləri qonşu edib. Bizim dövlətlərimiz hələ ötən əsrin əvvəllərində eyni vaxtda müstəqillik qazanıblar. Təxminən eyni vaxtda da bolşevik Rusiyasının işğalı nəticəsində bu müstəqilliyi itiriblər. Amma yenə də SSRİ tərkibində olduqları dövrdə yaxın və qardaş respublikalar kimi yaşayıblar. Tərkib hissələri olduqları siyasi coğrafiyanın taleyini də eyni qədər bölüşüblər. İkinci cahan savaşında azərbaycanlılar və gürcülər çiyin-çiyinə vuruşublar, qurbanlar veriblər. Bu qurbanlara görə indi heç kim təəssüflənmir. Tarix şərə qarşı vuruşda ölən qəhrəmanlara bəraətini verib. Amma bəzən başqa müharibələr də olub ki, biz indi həmin savaşlarda həlak olan əsgərlərimizə, oğullarımıza görə təəssüf hissi keçiririk. Belə mənasız, anlaşılmaz savaşlardan biri də əfqan müharibəsi idi. Yəqin ki, bu aqibəti bizə yaşadanlar uzaq Əfqanıstanda vuruşan azərbaycanlı və gürcüləri heç vaxt düşünməyiblər. Axı, bizim övladlarımızın orda nə işi vardı? Bu sualı onlar heç vaxt verməyiblər. Ülvinin əsəri əsas məğzi ilə həmin müharibə haqqındadı. Çox qəribədi, indi bizim xalqlarımız təxminən Əfqanıstan xalqının taleyini yaşayır. Və səbəbkar, o savaşı bizə ürcah edən də dəyişməyib. Bu mənada Ülvinin əsəri həm azərbaycanlılar, həm də gürcülər üçün eyni qədər və iki dəfə aktualdır. Məsələ budur ki, tale və tarix öz dəsti-xəttinə sadiq qalaraq yenə də təxminən eyni vaxtda Azərbaycana və Gürcüstana müstəqillik qazandırdı. Qurbansız və qansız müstəqillik olmur. Azərbaycanın müstəqilliyi 20 yanvar hadisələrindən keçdi, Gürcüstanınkı 9 aprel hadisələrindən. Ülvi Bünyadzadə həmin qanlı 20 yanvar hadisələrinin qurbanıdır. Şəhiddir. Deməli, elə aparıcı hadisələrdə də qurbanı olan gürcü şəhidinin taleyini bölüşmüş sayılır. Bu mənada da kitab böyük maraq kəsb etməlidir. Xalqlarımız və dövlətlərimiz bu gün də eyni taleyi yaşayır. Bu gün Azərbaycanda hər yeddinci adam qaçqındır, Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Amma hər iki xalq öz haqlarının bərpası, ərazi bütövlüyü üğrunda yorulmaz mübarizə aparır və biz inanırıq ki, gec-tez ədalət bərqərar olacaq, yəni xalqlarımız buna nail olacaqlar.

Biz kitabı iki dildə nəşr etməyi düşünmüşük. Yəqin həm də ona görə ki, Gürcüstan gürcülərin olduğu qədər də tarixən orda yaşamış və yaşamaqda olan azərbaycanlıların da vətənidir. Bu ilin gözəl yaz günlərində, Bakıda Azərbaycan-Cürcüstan Parlamentlərarası Dostluq Qrupu olaraq biz PenGUAM təşkilatı ilə birgə “Gürcü kitabı günləri keçirdik”.

Həmin tədbir çərçivəsində gürcü poeziyasının yeni nəslinin çox istedadlı nümayəndəsi, şair Şota İataşvilinin Azərbaycan dilində nəşr olunan kitabının təqdimatını keçirdik. Xalqlarımızın yaxınlaşmasında, ədəbiyyatlarımızın təbliği və tərcüməsi işində öz töhfələrini vermiş adamları, hər iki tərəfdən olan şair və yazıçıları mükafatlandırdıq. Və çox yaxşı ki, Ülvinin gürcü dilində kitabının nəşr olunması ideyası və təklifi məhz o günlərin birində, 20 yanvar şəhidlərinin torpağa tapşırıldığı, bu gün bütün dünya azərbaycanlıların and yeri olan Şəhidlər Xiyabanını ziyarət edən gürcü yazarlarından, konkret desəm, Şota İataşvilidən gəldi. Artıq kitab sizin qarşınızdadı. Onun bədii dəyəri haqqında fikir demək ixtiyarı sizdədi. Biz inanırıq ki, 20 yaşında bizim azadlığımız uğrunda canını qurban vermiş çox istedadlı bir şairin əsəri çoxlarını hələ uzun müddət və uzun-uzun düşünməyə vadar edəcək.

Ülvi sağ qalsaydı həm şair, həm yazıçı, həm də tərcüməçi kimi böyük işlər görəcək, ölməz əsərlər yaradacaqdı. Amma elə indiyədək yazdıqları da onun bütöv şəxsiyyətindən danışır. Bu şəxsiyyətin doğurduğu, istedadlı və ağrılı misralara köçən fikirləri hələ uzun müddət qəlbləri riqqətə gətirəcək, mütəəssir edəcək. Əziz dostlar! Bu kitabın daha bir xüsusiyyəti də var. Əslində bu xüsusiyyət bütün ədəbiyyata xasdır. Bir var salnaməçilərin yazdığı tarix, bir də var ədəbiyyatın, poeziyanın yazdığı tarix. Birinci soyuqqanlı faktlara əsaslanırsa, ikinci ruhi təlatümləri qeydə alır. Hamımız yaxşı bilirik ki, torpaqlar işğal olunur, sərhədlər müvəqqəti olsa da dəyişir, amma hələ heç kim şeirin, sözün işğalını görməyib və görə bilməz də. Həm Azərbaycan, həm də Gürcüstan tarixində elə səhifələr var ki, orda xalqı sabaha aparan, yaşadan məhz onun yadındakı misralar, şeir parçaları olub. Bu mənada da “Ömür yolu” kitabı Azərbaycan xalqının ruhi tarixinin səhifələridir. Əvvəldə xalqlarımızın qədim, tarixi dostluğu haqqında danışdım.

Yeni Azərbaycan tarixi üçün də Gürcüstanla, gürcülərlə əlaqə, dostluq münasibətləri böyük önəm daşıyır. Bu bizim üçün, azərbaycanlılar üçün həm də yeni Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yola sadiqlik kimi də vacibdir. Heydər Əliyev Gürcüstanla olan dostluğa həm dövlət başçısı kimi, həm öz şəxsi nümunəsi ilə böyük əhəmiyyət verirdi. Çox yaxşı ki, bu dostluq bu gün də davam edir. Bu gün bizim dostluğumuz ilk növbədə xalqlarımız, dövlət başçılarımız səviyyəsində günü-gündən möhkəmlənir, bərkiyir. Biz münasibətlərimizin sabahına böyük ümidlərlə baxırıq. Və “Ömür yolu” kitabı xalqlarımızın dostluğunun rəmzi, mədəniyyətlərarası mübadilə faktı kimi də çox uğurlu bir addımdır. Ona görə də mən kitabın nəşri üçün zəhmətini əsirgəməyən bütün insanlara, “Qafqaz evi”nə dərin təşəkkür edirəm. Qoy bu kitab xalqlarımızın dostluğunun, oxşar taleyinin uğurlu bir nişanəsi olaraq həmişə yaşasın.

 

Qənirə PAŞAYEVA, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri

 

Şəhid-şair Ülvi Bünyadzadənin Gürcüstanda “Ömür yolu” adlı kitabı iki dildə nəşr olundu:

Azərbaycan Yazıçılar Birliyində 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin “Ömür yolu” adlı iki kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu tədbirin məqsədini qonaqlara açıqladı – hər iki kitab Ü.Bünyadzadənin 40 illik yubileyi münasibəti ilə hazırlanıb. Kitabın hazırlanmasında iştirak edən şəxslərə gəldikdə isə, kitab Tbilisidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi və PenGUAM təşkilatı ilə əməkdaşlıq çərçivəsində nəşr olunub. Kitabın nəşr olunmasında parlament dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın da, Yazıçılar Birliyinin də xüsusi rolu olub. Kitabın “Qafqaz evi” tərəfindən nəşr olunduğunu deyən S.Babullaoğlu vurğulayıb ki, kitabın biri 5 dildə – rus, türk, ingilis, gürcü və Azərbaycan dillərində nəşr olunub.

Son illər Azərbaycan-Gürcüstan əlaqələri inkişaf edir, həm Bakıda, həm Tbilisidə çoxsaylı kitablar işıq üzü görür. Belə hadisələrdən biri lap bu günlərdə Tbilisidə şəhid-şair Ulvi Bünyadzadənin “Ömür yolu” adlı kitabının nəşr olunmasıdır. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi və PenGUAM təşkilatı ilə əməkdaşlığı çərçivəsində nəşr olunan kitab parlament dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın “Dostluğun və oxşar taleyin nişanəsi” adlı həm 20 yanvar hadisələrindən, həm də xalqımızın yaxın və keşməkeşli tarixindən bəhs edən müfəssəl giriş yazısı ilə açılır. Sonra oxucular unudulmaz şairimizin irsinin qoruyucusu və bibisi, filologiya elmləri namizədi Almaz Ülvinin “Mənim Ülvi dünyam” başlıqlı yazısı ilə tanış olurlar, ən sonda isə Ülvinin “Ömür yolu” poemasının istedadlı, ağrılı sətirlərinin arasında itib-batırlar.

Azərbaycan və gürcü dillərində təqdim olunan bütün materialların arasında Ülvinin məşhur “And”ının fotokopisi də yer alıb. “Qafqaz evi” tərəfindən nəşr olunan kitabın tərcüməçisi Oqtay Kazımov, redaktoru tanınmış gürcü şairi Şota İataşvili, məsləhətçisi “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, PenGUAM təşkilatının icraçı direktoru Səlim Babulloğlu, rəssamı Kote Sulaberidzedir. Bildiyiniz kimi, sentyabrın 23-də Ülvinin doğum günüdür və unudulmaz şairimizin 40 illiyi ərəfəsində çap olunan kitabın sentyabrın 19-da “Qafqaz evi”ndə gürcü yazıçıları arasında ilkin təqdimatı və müzakirəsi keçirilmişdir. Qeyd etmək yerinə düşər ki, millət vəkili Qənirə Paşayevanın giriş yazısı hər iki xalqın oxşar taleyindən, minlərlə günahsız qurban verdiklərindən danışmaqla yanaşı 20 yanvar hadisələri ilə bağlı arxiv fotoşəkillərindən istifadə olunaraq təqdim edilmişdir ki, bu da kitabı təkcə bədii fakt kimi deyil, həm tariximizlə bağlı vacib sənəd kimi də aktual edir.

Ülvinin əsərləri beş dildə: İkinci kitab da Ülvi Bünyadzadənin 40 illiyi ərəfəsində hazırlanıb və Ülvinin “Ömür yolu” poeması ingilis, rus, Türkiyə türkcəsi və gürcü dillərinə çevrilərək kitaba daxil olunub. Cevirmələr “Dünya ədəbiyyatı” dərgisi və Azərbaycan Yazıçılar Birliyinin tərcümə bölməsinin sifarişi ilə gerçəkləşdirilib. Rus dilinə görkəmli tərcüməçimiz Siyavuş Məmmədzadə, ingilis dilinə istedadlı tərcüməçi Sevil Gültən, Türkiyə türkcəsinə “Kardeş kalemler” dərgisinin əməkdaşı, yazar-tərcüməçi İmdat Avşar, gürcü dilinə isə Oqtay Kazımov çeviriblər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çap olunub. 300 tirajla çap olunan kitabda öncə Almaz Ülvinin “Ölümün acığına” adlı giriş məqaləsi yer alıb. Məlumat üçün qeyd edək ki, Ülvinin poemasının rus variantının fraqmentləri yaxın zamanlarda işıq üzü görən rus dilində Azərbaycan poeziyası antologiyasında yer alacaq. Habelə, İstanbulda nəşr olunan “Kardeş kalemlər” dergisi üzümüzə gələn ilin yanvar ayı sayında Ülvinin əsərinin türkcə variantını nəşr edəcəkdir. Rusiyanın “Novaə Önostğ” jurnalı ilə də əsərin nəşri ilə bağlı yazışmalar gedir.

Təqdimat mərasimində çıxış edən Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, Yazıçılar Birliyinin katibləri Arif Əmrahoğlu, Rəşad Məcid, Ülvinin bibisi, filoloq, alim Almaz Ülvi, “Ulduz” dərgisinin baş redaktoru Elçin Hüseynbəyli, şair Elxan Zal, tərcüməçi Sevil Gültən, şairə Fərqanə Mehdiyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair Əkbər Qoşalı kitablar və Ülvi Bünyadzadənin qələmi haqqında öz fikir və düşüncələrini söyləyiblər. 

 

 

Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 6.