Neft-Kimya Prosesləri İnstitutu —80

 

Qabaqcıl elm ocağı

 

80 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının Qırmızı Əmək Bayrağı ordenli akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu Müstəqil Azərbaycanın ən böyük və qabaqcıl elm ocaqlarından biridir.

 

NKPİ-nin yaranma tarixi 1929-cu il hesab olunur. Bu tarixə bir az aydınlıq gətirilməsinə ehtiyac duyulur. Qeyd etmək lazımdır ki, hələ 1920-ci ildən o vaxtkı “Azneft”in tərkibində L.Q. Qurvicin rəhbərliyi ilə mərkəzi kimya laboratoriyası fəaliyyət göstərirdi. Həmin laboratoriyanın bazasında 1929-cu ildə Azərbaycan Neft Tədqiqat İnstitutu yaradıldı ki, onun da müxtəlif dövrlərdə direktorlari kimi M.A.Kapelyuşnikov, T.A.Tahirova, N.A.Lutsenko, H.H. Haşımov fəaliyyət göstərmişlər.

Sonralar, yəni 1945-ci ildə həmin institutun bazasında iki institut – Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat Institutu (AzNİİP NEFT , direktorları H.H. Haşımov (1945-1950), V.S. Əliyev (1950-1959)) və Neftçıxarma üzrə Azərbaycan Elmi-Tədqiqat İnstitutu (direktor N.A.Lutsenko) təşkil olundu.

1959-cu ildə akademik Y.H. Məmmədəliyevin təşəbbüsü ilə AzNİİP, Neft İnstitutu və EA-nın o vaxt mövcud olan Kimya İnstitutunun bir sıra laboratoriyaları birləşdirilərək Azərbaycan Elmlər Akademiyasının tərkibində Neft-Kimya Prosesləri İnstitutu yaradıldı (direktorlar M.F. Nagıyev (1959-1962), V.S. Əliyev (1962-1987), (M.İ. Rüstəmov 1988-ci ildən indiyə kimi).

1962-ci ildə instituta akademik Y.H. Məmmədəliyevin adı verilmişdir. 1965-1969-cu illərdə NKPİ-nin bazasında indi AMEA -nın və Dövlət Neft Şirkətinin tərkibinə daxil olan digər 5 institut yaradıldı.

Neft Kimya Prosesləri İnstitutu və onun sələfləri yarandıqları ilk gündən Azərbaycan neftinin tədqiqi, səmərəli emal üsullarının işlənib hazırlanması, neft kimyası sahəsində fundamental və tətbiqi xarakterli, xalq təsərrüfatı üçün çox böyük əhəmiyyət kəsb edən, qiymətli elmi-tədqiqat işləri aparmışdır. Bu tədqiqatlar nəticəsində hələ İkinci Dünya müharibəsindən əvvəl institutun alimləri tərəfindən nadir Bakı nefti tədqiq olunmuş və onun səmərəli emalı üçün tövsiyələr verilmişdir. Bakı neftayırma zavodlarında termiki krekinq qurğuları və neftin ilkin emalı üçün sobalı qurğular institutun işləmələri əsasında tikilmişdir. Yüksək keyfiyyətli, donma temperaturu aşağı olan aviasiya və avtotraktor yağlarının, aromatik karbohidrogenlərin və etil spirtinin alınması üçün orijinal texnologiyalar burada işlənib hazırlanmış və sənayedə geniş tətbiq olunmuşdur.

Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan bəşəriyyət tarixində neft sivilizasiyasının beşiyi olduğu kimi, həm də neft kimyası elminin beşiyidir. Məhz Azərbaycanda indiki NKPİ-də çalışmış görkəmli kimyaçı alimlərin səyi və tükənməz əməyi nəticəsində kimyanın bu sahəsi fundamental və praktiki əhəmiyyətli sərbəst elmi istiqamət kimi yaranmış və inkişaf etmişdir.

Neft Kimya Prosesləri İnstitutunun yaranması və inkişafında onun yaradıcıları və direktorları Azərbaycanın məşhur kimyaçı alimləri Y.H. Məmmədəliyevin, M.F. Nağıyevin, V.S. Əliyevin, M.İ. Rüstəmovun, NKPİ -nin sələfləri olan institutların direktorları M.A.Kapelyuşnikovun, T.A.Tahirovanın, N.A.Lutsenkonun, H.H. Haşımovun xidmətləri əvəzedilməzdir.

Yusif Məmmədəliyev Azərbaycanda neft kimyası elminin gələcək inkişafını neftin emalı prosesləri istiqaməti ilə yanaşı, monomerlərin və onların əsasında prolimerlərin istehsal texnologiyalarının yaradılması və tətbiqində görürdü. Elə ona görə də 1959-cu ildə Elmlər Akademiyasının tərkibində hazırda onun adını daşıyan Neft- Kimya Prosesləri İnstitutunu yaratdı.

İndi MDB ölkəri məkanında və müstəqil Azərbaycanda neft emalı və neft kimyası sənayesinin əsasını təşkil edən bir çox sənaye prosesləri üzrə texnoloqiyalar məhz Y.H.Məmmədəliyevin təşkil etdiyi Neft-Kimya Prosesləri İnstitutunda calışmış və indi də calışan alimlərin zəkasının və əməyinin məhsullarıdır.

Böyük Vətən müharibəsi illərində Azərbaycan alimlərinin bu institutda işləyib hazırladıqları sürtgü yağları, aviasiya yanacağı, partlayıcı qarışıqlar, yanğınsöndürücü maddələr və s. cəbhənin bu məhsullarla və hərbi sursatla təmin edilməsində, ümumiyyətlə sovetlər ölkəsinin bu müharibədəki qələbəsində çox mühüm və danılmaz bir amil idi.

Sonrakı illərdə heterogen-katalitik prosesləri aparmaq üçün lift reaktorlarının hidrodinamikasını, kiçik ölçülü mikrosferik katalizatorların iştirakı ilə qaynar lay və lift reaktorlar sistemlərində kimyəvi proseslərin aparılmasının nəzəri əsasları tədqiq edilmiş, mikrosferik katalizatorların axıcılıq indeksinin proseslərin səmərəliyinə təsiri öyrənilmiş və termokatalitik proseslərin həyata keçirilməsi üçün yeni reaktor sistemləri təklif olunmuşdur. Nəticə etibarilə bu reaktorların yaradılması, onların ölkənin bir çox neftayırma müəssisələrində tətbiqi keçmiş SSRİ-də avtomobil benzinlərinin geniş istehsalının təşkil olunmasına yol açdı. İndi təkcə Azərbaycanda deyil, xaricdə, bir çox MDB ölkələrində də geniş istifadə olunan Q-43-107 tipli yeni katalitik krekinq kompleksinin yaradılmasında institutun alimlərinin rolu çox yüksəkdir. 2 milyon ton gücü olan bu katalitik krekinq kompleksi “Azərneftyanacaq” İstehsalat Birliyində (ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan indiki NEZ – də) tikilib istismara verildiyi zamandan indiyə qədər ölkəmizin iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

İnstitutun bir çox işləmələri indi də müstəqil Azərbaycanın neftçıxarma, neftayırma və neft-kimya sənayesində tətbiq olunur və ya tətbiq olunmaq üçün təklif edilmişdir. Onların içərisindən son dövrlərdə institutda işlənib hazırlanmış müasir tələblərə cavab verən, ekoloji cəhətdən əlverişli neft məhsullarının (yanacaqların, yağların) istehsal texnologiyalarını, öz keyfiyyət göstəricilərinə görə xarici analoqlardan geri qalmayan, neft çıxarma və emalında müvəffəqiyyətlə tətbiq olunan kimyəvi preparatları, pirolizin maye məhsullarının yeni kompleks emal sxemlərini və s. göstərmək olar. Bu texnologiyaların sənayedə geniş tətbiqi, şübhəsiz, respublika iqtisadiyyatının dirçəlməsinə əhəmiyyətli təsir göstərə bilər.

Yeni yataqlardan çıxarılan neftin tədqiqi, səmərəli neft-emalı və neft-kimya proseslərinin yaradılması əsasında neft emalının ən azı 80 - 85 faizə qədər dərinləşdirilməsi, alınan neft məhsullarının - yanacaqların, yağların və s. keyfiyyətinin dünya standartları səviyyəsinə qaldırılması, o cümlədən, ekoloji cəhətdən əlverişli olan yüksək oktanlı avtomobil benzinlərinin, unifikasiya edilmiş (yəni vahid şəklə gətirilmiş) reaktiv yanacaqların alınması, bütün fəsillərdə işlənilə bilən sürtgü yağlarının alınması proseslərinin işlənib hazırlanması institutun son nailiyyətləri sırasındadır.

İnstitutda aparılan tədqiqatlar nəticəsində Azərbaycan nefti əsasında beynəlxalq standartlara cavab verən termostabil RT və Cet-8 tipli aviasiya yanacağının alınma texnologiyası işlənib hazırlanmışdır.

Neft emalının dərinləşdirilməsini təmin edən istiqamətlərdən biri alınan qalıq neft məhsullarının səmərəli istifadəsini təşkil etməkdir. Bu baxımdan, institutda işlənib hazırlanan vakuum qazoylu krekinqi prosesindən qalıq şəklində alınan ağır fleqmanın əsasında lüminoforların alınması prosesi maraq doğurur. Bu istiqamətdə institutda neftin ağır fraksiyalarından, tullantılarından lüminoforların alınması və onların tətbiqi sahələrinin müəyyənləşdirilməsi məqsədilə geniş elmi-tədqiqat işləri aparılmışdır.

Dünya təcrübəsində ilk dəfə olaraq institutumuzda polimerləşmə proseslərini aparmaq üçün yüksək fəallığa malik yeni tip bifunksional katalizator-stabilləşdiricilər yaradılmışdır.

Son illərdə institutda aparılan fundamental tədqiqatlar nəticəsində bir sıra yeni katalizatorlar, monomerlər (makromonomerlər), bioloji aktiv maddələr, müxtəlif təyinatlı reagentlər, səthi aktiv maddələr və s. də alınmışdır.

İnstitutda son 5-6 il ərzində respublikada neft-kimya sahələrinin dirçəlməsini təmin edə bilən istiqamətlərdə də səmərəli elmi axtarışlar aparılmışdır. Bunlardan ən mühümü kimi yerli xammal əsasında alınmış və Sumqayıt “SK” zavodunda istehsalı təşkil olunmuş metal-kompleks katalizatorunu göstərmək olar.

Yeni texnologiya əsasında etilbenzolun istehsalının təşkili “Azərikimya” Dövlət Şirkətində hazırda boş dayanan bir çox qurğuların işə düşməsi, yeni iş yerlərinin açilması ilə yanaşı, çox qiymətli olan divinilstirol kauçukunun istehsalını bərpa etməyə və müvafiq olaraq, Bakı “Şin” zavodunun işə düşməsinə imkan yaradır.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 21 oktyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbəlirindən istifadə olunması üzrə Dövlət Proqramı”nda alternativ enerji mənbələrinin istifadəsinin genişləndirilməsi ilə yanaşı, təbii karbohidrogen ehtiyatlarının ətraf mühiti çirkləndirməmək şərtilə səmərəli istifadəsi məsələsi də ön plana çəkilmişdir.

Bu baxımdan Azərbaycanda biomənşəli alternativ yanacaq növlərinin istehsal texnologiyalarının yaradılması və belə yanacaqların ayrı-ayrılıqda və onların neftdən alınan yanacaq növləri ilə qarışıqlarının istismar xassələrinin tədqiqi aktual problem kimi öz həllini tələb edir. İnstitutda bu istiqamətdə son illərdə Dövlət Proqrama uyğun olaraq aparılan tədqiqatlar Azərbaycanda biokütlələr əsasında perspektiv mühərrik yanacaqlarının alınmasının elmi əsaslarının və müasir istehsal texnologiyalarının işlənib hazırlanmasına yönəlmişdir.

Digər tərəfdən AMEA - da son illərdə aparılan islahat və yenidənqurma planlarının tələbatlarına uyğun olaraq institutun tədqiqatları bir sıra yeni elmi istiqamətlərə yönəldilmişdir. Bu istiqamətlər üzrə son illərdə aparılmış tədqiqatlardan alınmış nəticələr sevindiricidir.

Təkcə son 20 il ərzində institutda 60-dan artıq elmlər doktoru və 500-dən artıq elmlər namizədi hazırlanmışdır. İnstitutun alimləri ABŞ, Türkiyə, İran İslam Respublikasının universitetlərində müvəffəqiyyətlə çalışırlar. Bu günə kimi institut 1000-dən artıq müəlliflik şəhadətnaməsinin, patent və lisenziyanın sahibidir. Uzun illər ərzində institutun alimləri keçmiş SSRİ, Bolqarıstan, Çexoslovakiya və başqa ölkələrin akademik və elmi-tədqiqat institutları ilə sıx elmi əlaqələri həyata keçirmişdir. Son illərdə institut “Elm sülh naminə” NATO proqramı çərçivəsində elmi tədqiqatların aparılmasında iştirak edir, Türkiyənin “Tubitak” firması və Egey Universiteti, Səudiyyə Ərəbistanın “Sabik” firması, Almaniyanın Azad Berlin Universiteti, ABŞ-ın “Fenomeneks”, “Çempion” firmaları ilə birgə əməkdaşlıq edir. İnstitutun əməkdaşları müntəzəm olaraq ABŞ, İngiltərə, Fransa, Danimarka, Rusiya, Türkiyə, İran İslam Respublikasında və s. ölkələrdə işgüzar və elmi ezamiyyətlərdə olurlar.

İndiyə qədər institut alimlərinin 8 işi Dövlət mükafatına layiq görülmüşdür. Neft-kimya və neft emalı sahəsində aparılan tədqiqatlardan alınmış uğurlu nəticələri və elmi kadrların hazırlanmasına görə 1967-ci ildə institut Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Ayrı-ayrı vaxtlarda institutun alimləri müxtəlif fəxri adlarla, orden və medallarla, dövlət mükafatları ilə təltif olunmuşlar. O cümlədən, 12 nəfər SSRİ Dövlət mükafatı laureatı, 13 nəfər Azərbaycan Dövlət mükafatı laureatı, 13 nəfər Azərbaycanın əməkdar elm xadimi , 3 nəfər Azərbaycan əməkdar elm və texnika xadimi, 8 nəfər Y.H.Məmmədəliyev mükafatı laureatıdır. 5 nəfər Azərbaycanın “Şöhrət” ordeni və 1 nəfər “Tərəqqi” medalı ilə təltif edilmişdir.

İnstitutun elm və texnologiya sahəsində işləmələri İqtisadi Əməkdaşlıq Təşkilatının (2002) və İslam İnkişaf Bankının (2005) diplom və mükafatlarına layiq görülmüşdür.

Cənab Prezidentimizin 30 sentyabr 2009-cu il tarixli sərəncamı ilə institutumuzun 3 nəfər əməkdaşı “Əməkdar elm xadimi”, 3 nəfəri “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmüş, 8 nəfəri isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Beləliklə, Azərbaycan neft kimyaçılarının bu elm məbədgahı həm öz fundamental xarakterli elmi ixtira və kəşfləri, həm də praktiki nailiyyətləri ilə Azərbaycanin neft-kimya elminə və sənayesinə dəyərli töhfələr vermişdir. Şübhə yoxdur ki institutumuzun alimləri Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli sərancami ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2009-2015 - ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın həyata keçirilməsində fəal iştirakı ilə bu töhfələrin sayını daha da artıracaqlar.

 

 

Akif ƏZİZOV,

AMEA-nın Neft-Kimya Prosesləri

İnstitutunun direktor müavini,

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi

 

Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 6.