...Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı
Son illər Abşeron rayonunda təhsilin
inkişafına təkan verən xeyli əhəmiyyətli
addımlar atılmış — yeni məktəblər
tikilmiş, köhnə təhsil ocaqları müasir səviyyədə
təmir edilərək məktəblilərin istifadəsinə
verilmişdir. Bu da sözsüz ki, nizam-intizamın möhkəmləndirilməsinə,
pedaqoji işin keyfiyyətinin yüksəlməsinə əsaslı
şərait yaratmışdır. Rayon təhsil şöbəsinin
müdiri, əməkdar müəllim Nadir Ağayevlə
ötən tədris ilinin yekunları barədə
danışırıq. O yekunlar ki, növbəti ilin necə
keçməsini şərtləndirən əsas amil və
baza rolunu oynayır.
— Nadir müəllim,
yaxşı olar ki, 2008-2009-cu dərs ilinin yekunlarını
bir az ətraflı təhlil edəsiniz.
— Hazırda Azərbaycan
Respublikasında bir çox sahələrdə olduğu kimi,
təhsil sahəsində də köklü islahatlar həyata
keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu
ildə “Azərbaycan Respublikasının təhsil sahəsində
islahatlar proqramı”nı təsdiqləməsi təhsilin gələcək
inkişaf konsepsiyasını və strategiyasını müəyyənləşdirdi.
Qeyd etmək istəyirəm ki, təhsil sahəsində
aparılan islahatların gedişində ölkə pedaqoji
işçiləri ilə yanaşı, Abşeron rayonunun təhsil
işçiləri də möhtərəm Prezidentimiz
İlham Əliyevin təhsil işçiləri
qarşısında qoyduğu tələblərin həyata
keçirilməsi üçün səfərbər
olmuş və islahatdan irəli gələn vəzifələri
layiqincə yerinə yetirməyə səy göstərmişlər.
Yola
saldığımız tədris ilində rayonun təlim-tərbiyə
müəssisələrində bir sıra uğurlu nəticələr
əldə edilmiş, məktəblərdə təlim-tərbiyənin
keyfiyyəti yüksəlmiş, məktəb — ictimaiyyət —
valideyn münasibətləri xeyli
yaxşılaşmış, təlim-tərbiyə işlərində
demokratikləşmə, humanistləşmə və fərdiləşmə
prinsiplərinə geniş yer verilmişdir.
Dövlət
başçısının müvafiq sərəncamına əsasən
ötən dərs ilində keçirilmiş “Ən
yaxşı ümumtəhsil məktəbi” və “Ən
yaxşı müəllim” müsabiqəsinə rayonumuzun
pedaqoji kollektivləri də qoşulmuşdur. Müsabiqənin
yekunlarına görə Xırdalan şəhərindəki 2
saylı orta məktəb təlim-tərbiyə sahəsində
yüksək nəticə əldə etdiyi üçün
“İlin məktəbi” adına layiq görülmüş və
şəhər 1 saylı orta məktəbin biologiya müəllimi
S.Kazımova fənn üzrə yüksək nailiyyətlər
və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi
işində yüksək nəticə əldə etdiyi
üçün “İlin ən yaxşı müəllimi”
müsabiqəsinin qalibi olmuşdur.
Təbii artım, yeni
salınmış yaşayış massivləri və yeni məktəblərin
açılması hesabına 2008-2009-cu dərs ilində əvvəlki
illə müqayisədə 58 sinif komplektində 723 şagird
artımı olmuşdur.
2009-2010-cu dərs ilində
isə 1354 sinif komplektində 28241 şagirdin təhsil
alacağı proqnozlaşdırılmışdır ki, bu da
əvvəlki illə müqayisədə 57 sinif komplektində
1727 şagird artımı deməkdir.
Böyük minnətdarlıq
hissi ilə qeyd etmək istəyirəm ki, rayon rəhbərliyinin,
xüsusən icra hakimiyyətinin başçısı Zakir
Fərəcovun yaxından köməkliyi ilə təlim-tərbiyə
müəssisələrində genişmiqyaslı təmir-tikinti
işləri aparılmış, tədris müəssisələrinin
yeni dərs ilinə hazırlığı diqqət mərkəzində
olmuşdur.
— Məktəblərin dərsliklərlə
təminatı hansı vəziyyətdədir?
— Təhsil müəssisələrinin
müasir avadanlıqlarla təchiz edilməsi işi tam
başa çatdırılmış, 47 min manatlıq
avadanlıq alınaraq məktəblərə
paylanmışdır. Ümumtəhsil məktəb
kitabxanaları ilbəil pulsuz dərsliklərlə zənginləşdirilir.
İndiyədək 79 adda
yetmiş, doqquz min iki yüz yetmiş yeddi ədəd dərslik
və dərs vəsaitləri məktəblərə
paylanılmışdır. İlk dəfə II siniflər
üçün 32 adda 24744 ədəd dərslik
alınmışdır. Bu vacib iş indi də davam etdirilir.
Dərsliklərlə
yanaşı, məktəb kitabxanaları klassik və
müasir bədii ədəbiyyatlarla da təmin edilir. Prezident
fərmanı əsasında çap olunmuş bədii
kitablar məktəb kitabxanalarına
paylanılmışdır. Hazırda məktəb
kitabxanalarında 401 addan artıq 48609 ədəd latın
qrafikalı bədii ədəbiyyat şagirdlərin istifadəsindədir.
— Buraxılış
imtahanları necə keçdi?
— 2008-2009-cu dərs ilində IX
siniflər üzrə buraxılış imtahanları rayon təhsil
şöbəsinin tam nəzarəti altında
keçirilmiş, imtahanlar haqqında “Qaydalar” və Təhsil
Nazirliyinin müvafiq əmrləri pozulmamışdır.
Keçən dərs ilinin sonunda IX sinif şagirdlərinin
sayı 2758 nəfər olmuş, 30 nəfər payız
imtahanlarına saxlanılmış, 9 nəfər yay
tapşırığı almış, 63 nəfər isə
təkrar sinifdə saxlanılmışdır. Nəticədə
2656 şagird IX sinfi müvəffəqiyyətlə bitirərək
əsas təhsil haqqında şəhadətnamə
almışdır. IX sinfi bitirənləndən 4 nəfəri
fərqlənmə şəhadətnaməsi almış,
sağlamlıq vəziyyətinə görə ev şəraitində
təhsil alan şagirdlərdən isə 7 nəfəri əsas
təhsil haqqında şəhadətnamə alaraq təhsillərini
başa çatdırmışlar.
2008-2009-cu dərs ilində
respublikanın ümumtəhsil məktəblərində əsas
və orta təhsil kursu üzrə buraxılış
imtahanlarının səmərəli təşkili məqsədilə
təhsil naziri Misir Mərdanovun 11 fevral 2009-cu il tarixli əmri
ilə bütün ümumtəhsil məktəblərinin və
peşə liseylərinin şagirdləri, o cümlədən
ötən dərs illərində buraxılış
imtahanlarında qeyri-kafi qiymətlər alan, müəyyən
səbəblərdən orta təhsil kursunu bitirməyən və
eksternat qaydasında imtahan vermək üçün müraciət
etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil
kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsi rəsmiləşdirilmişdir.
İmtahanların keçirilməsi
üçün rayon mərkəzində 4 məktəb mərkəz
seçilmiş və XI sinif şagirdləri haqqında
elektron məlumatlar nazirliyə təqdim olunmuşdur.
Mərkəzləşmiş
qaydada və cavab kartı tətbiq edilməklə dərs ili ərzində
1 sınaq imtahanı keçirilmişdir.
Qeyd etmək lazımdır ki,
buraxılış imtahanlarına hazırlıq məqsədilə
keçirilmiş sınaq imtahanları müsbət nəticə
vermişdir.
2008-2009-cu dərs ilinin sonunda
ümumtəhsil məktəblərinin XI siniflərində
1626 məzun olmuşdur. Tədris fənləri üzrə
illik müsbət qiymətlər alan 1550 nəfər
imtahanlara buraxılmış, onlardan 18-i iştirak etməmişdir.
Ötən dərs ilinin məzunlarından 1343-ü orta məktəbi
müsbət yekun qiymətlərlə başa vuraraq orta təhsil
haqqında attestat almışdır.
Məktəblərimizin əksəriyyəti
Təhsil Nazirliyi tərəfindən aparılmış
imtahanlarda müsbət nəticələr göstərmişdir.
Xırdalan şəhər 6,8 N-li, Masazır 2 N-li, Saray 3 N-li,
Ceyranbatan 2 N-li və Perekeşkül orta məktəblərinin
yüksək nailiyyətlərini xüsusi qeyd etmək
lazımdır. Bu məktəblərin imtahan müvəffəqiyyəti
100 faizdir.
Orta təhsil kursu üzrə
buraxılış imtahanlarında rayonun orta müvəffəqiyyət
göstəricisi 87,52 faizlə respublika göstəricisindən
yuxarı olmuşdur. Bu da pedaqoji kollektivimizin 11 il ərzində
şagirdlərə çəkdiyi zəhmətin uğurlu nəticəsidir.
— Bəs ali məktəblərə
qəbul imtahanlarının yekunlarını necə qiymətləndirmək
olar?
— 2008-2009-cu dərs ili məzunlarının
ali məktəblərə qəbulu keçən dərs ilinə
nisbətən yüksək olmuşdur. Onların 31,99 faizi tələbə
adına layiq görülmüşdür. Yeddi nəfər —
Xırdalan şəhər 2N-li orta məktəbin məzunları
Nərmin Nəsirova (665 bal), Murad Həmidov (632 bal) və Ramiz
Kərimov (630 bal), Görədil kənd orta məktəbinin məzunu
Səbuhi Məmmədov (670 bal), Xırdalan şəhər 9
N-li məktəbin məzunu İlahə İsalı (606 bal),
Ceyranbatan 2 N-li orta məktəbin məzunu Pərvanə Həmidova
(601 bal) və Mehdiabad 1 N-li orta məktəbin yetirməsi
Nüranə Kərimova (600 bal) 600-dən çox bal
toplamışlar. Eyni zamanda, qəbul imtahanlarında məzunlarımızdan
37-nin 500-dən artıq bal toplaması da bizi çox sevindirir.
2009-2010-cu ilin fəaliyyət
planına uyğun olaraq bu il ali məktəblərə tələbə
qəbulunun nəticələri hərtərəfli təhlil
edilərək Rayon Təhsil Şurasında geniş
müzakirə edilməsi nəzərdə tutulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin
“Təhsil sahəsi hamınızın ən gərəkli, ən
mühüm sahəsidir. Bu gərəkli sahə zaman
keçdikcə dövrün tələblərinə
uyğun yeniləşməlidir” fikrini əsas tutan təhsil
şöbəsi bir sıra işlər
görmüşdür. Müəllimlər müntəzəm
olaraq ixtisasartırma kurslarına ezam edilmiş, məktəblərdə
tədris fənləri üzrə dayaq məntəqələri
yaradılmış, qabaqcıl müəllimlərdən
“öyrədənlərin öyrədənləri”
proqramı üzrə hazırlıq kursları təşkil
edilmişdir.
Təqdirəlayiq haldir ki, yeni
proqramlarla dərsliklərin və metodiki vəsaitlərin
hazırlanmasında rayonumuzun qabaqcıl müəllimləri
fəallıq göstərərək rəy və təkliflərlə
çıxışlar edirlər. Şəhər 5 N-li orta məktəbin
kimya müəllimi Şiranə Atayeva, şəhər 1 N-li
orta məktəbin fizika müəllimi Flora Tağıyeva,
şəhər 2 N-li orta məktəbin müəllimi
Şahnəzər Dadaşov Təhsil Nazirliyi tərəfindən
bu məsuliyyətli işə cəlb olunmuş, hətta
Şiranə müəllimə VII sinif dərsliyinin
hazırlanmasında yaxından iştirak etmişdir.
— İstedadlı məktəblilərin
olimpiadalarda iştirakı hansı səviyyədədir?
— İstedadlı uşaqları həmişə
diqqət mərkəzində saxlayırıq. Rayonumuzda
“Olimpiadalara hazırlıq mərkəzi”
yaranmışdır. Mərkəzə səriştəli və
peşəkar müəllimlər cəlb edilmişdir. Məqsədyönlü
tədbirlər nəticəsində olimpiada
iştirakçılarının sayı ilbəil
artmaqdadır.
2008-2009-cu dərs ilində fənn
üzrə olimpiadalarda 631 nəfər iştirak etmişdir.
Rayon turunun II mərhələsində iştirak
üçün vəsiqə almış 70 şagirddən
10-u respublika turuna qatılmışdır.
Xırdalan 2 N-li orta məktəbin
XI sinif şagirdi İlahə İsalı, 9 N-li orta məktəbin
X sinif şagirdi Xədicə Dadaşova, 7 N-li orta məktəbin
IX sinif şagirdi Bahadur Hüseynov və Masazır kənd 2
N-li orta məktəbin X sinif şagirdi Nurlan Balakişiyev
olimpiadanın respublika turunda yüksək göstəricilər
qazanmışlar.
Ulu öndər Heydər Əliyevin
anadan olmasının 86 illiyinə həsr olunmuş respublika
inşa müsabiqəsinin qalibi — Xırdalan şəhər
2N-li orta məktəbin şagirdi Günay Güləliyeva qiymətli
hədiyyə və pul mükafatı ilə təltif
edilmiş, habelə “Gənc nəsillərlə üz-üzə”
inşa müsabiqəsinin diplomunu da almışdır.
Yubilyara həsr olunmuş şeir müsabiqəsində fəal
iştirak etmiş 15 şagirdə təhsil şöbəsinin
fəxri fərmanı və qiymətli hədiyyələr
verilmişdir.
Son illər rayonumuzda yeni müəssisələr
yaradılmış, sənaye obyektləri və inzibati binalar
tikilmişdir. Bu isə yeni iş yerlərinin
açılmasına səbəb olmuş, nəticədə
əhalinin sosial rifahı və maddi vəziyyəti yüksəlmişdir.
Bu illər ərzində 12 məktəb binası, iki məktəbdə
əlavə korpusların tikilməsi, təhsil müəssisələrində
təmir işlərinin aparılması və müasir
avadanlıqlarla təchizatı, maddi-texniki bazanın möhkəmləndirilməsi
təhsil islahatlarının uğurla başa
çatdırılması istiqamətində atılan zəruri
addımlardır.
Əlbəttə, biz
bütün bunları rayon icra hakimiyyətinin
başçısı Zakir Fərəcovun təhsilə, məktəbə
gündəlik qayğısının təzahürü kimi
qiymətləndiririk. Rayonda 4 məktəbdənkənar tərbiyə
müəssisəsi — Ekoloji tərbiyə mərkəzi, Gənc
texniklər stansiyası, Uşaq-Gənclər İdman Məktəbi
və Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət
göstərir. İdman və bədən tərbiyəsi sahəsində
qazanılan uğurlar rayonun idman məktəbinin məşqçilərinin
əməyi nəticəsində əldə edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov
beynəlxalq yarışlarda yüksək nəticələr
göstərən idman məktəbinin güləşçisi
Roman Bəkirova mənzil vermişdir. İdman məktəbinin
direktoru Qiyas Məsimov isə Respublika Güləş
Federasiyasının prezidenti tərəfindən
mükafatlandırılmışdır.
Rayonda mövcud 22 uşaq
bağçası — körpələr evində 78 qrupda 1553 nəfər
uşağın təlim-tərbiyəsi ilə 203 nəfər
pedaqoji işçi məşğul olur. Onlarla mütəmadi
olaraq metodiki işlər aparılmış və əməli
kömək edilmişdir. Yeni dərs ilinə hazırlıq məqsədilə
uşaq bağçalarında əsaslı və cari təmir
işləri aparılmışdır. Qobu kəndində bu
il yeni 4 qruplu uşaq bağçasının tikilib istifadəyə
verilməsi gözlənilir. Uşaq bağçaları
üçün hər cür şərait yaradılır.
Bütün məktəbəqədər
müəssisələrdə “Payız”, “Yeni il şənliyi”,
“Novruz bayramı”, “Əlvida, bağça!” və s. tədbirlər
keçirilmişdir.
Uşaqları Beynəlxalq
Müdafiə Günü münasibətilə rayon mədəniyyət
evində keçirilən geniş tədbirdə rayon rəhbərliyi
iştirak etmiş və uşaqları təbrik etmişdir.
Məktəblərə göstərdiyi
xüsusi diqqət və qayğıya görə YUNESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlığımızı
bildiririk.
Bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyevin
siyasətini uğurla həyata keçirir, ideyalarını
gerçəkləşdirir, yolunu davam etdirir. Bütün
rayon müəllimləri və ziyalıları adından
hörmətli dövlət başçımıza gələcək
fəaliyyətində uğurlar arzulayır, əmin etmək
istəyirəm ki, onun yaratdığı ideal şəraitə
cavab olaraq abşeronlu gənclər də Azərbaycan
Respublikasının layiqli vətəndaşı olmaq
üçün daha da səylə çalışacaq, Vətənə,
xalqa xidməti müqəddəs vəzifə kimi həmişə
uca tutacaqlar. Ölməz şairimiz Məmməd Arazın
dediyi kimi, vətəndaş ola bilmək üçün “vətən
daşı” da olmağı bacaracaqlar. Bütün bunlara
aparan yol isə, sözsüz ki, elmdən, bilikdən,
yaxşı təhsil almaqdan keçir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 5.