Prezidentlə xalqın birliyi dövlətçiliyimizin
qorunub saxlanmasını və möhkəmləndirilməsini
təmin etdi
1994-cü il oktyabrın 4-də Azərbaycan dövlətçiliyi
daha bir sınaqdan şərəflə çıxdı
İndi, ön beş il ötəndən sonra
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında baş
vermiş hadisələrin xatırlanması ola bilsin ki, kiməsə
lüzumsuz göründü. Amma müstəqil Azərbaycan
dövlətinin qorunub saxlanması və möhkəmləndirilməsi
yolunda atılmış hər bir addım, başqa sözlə
desək, uğurlarımızla yanaşı, irəliləyişimizə
mane olmaq cəhdlərinin həmişə yadda
saxlanılması böyük əhəmiyyətə malikdir.
1993-cü ilin iyununda
görkəmli siyasətçi, sözün həqiqi mənasında
böyük insan Heydər Əliyev xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıtdı. Bu
qayıdış dəryada dalğalarla ölüm-dirim
mübarizəsi aparan gəmiyə bənzəyən müstəqil
Azərbaycanın xilası idi. Cəmi bir il hakimiyyətdə
olan AXC-Müsavat iqtidarının səbatsızlığından
və səriştəsizliyindən respublikanın taleyi
Tanrının ümidinə qalmışdı. Hakimiyyətsizlik,
qarmaqarışıqlıq və hərc-mərclik baş
alıb gedirdi, manatın məzənnəsi sürətlə
aşağı düşür, bir sıra bölgələrdə
separatçılıq əhval-ruhiyyəsi güclənir,
cinayətkar ünsürlər meydan sulayır, insanlar etnik zəmində
təqiblərə məruz qalır, hakimiyyət iddiasında
olan qruplaşmalar arasında silahlı toqquşmalar baş
verirdi. Bütün bunların nəticəsi olaraq Azərbaycanın
yaşayış məntəqələri və rayon mərkəzləri
bir-birinin ardınca düşmənə verilirdi. Ermənistan
silahlı qüvvələri Dağlıq Qarabağı və
ona bitişik rayonları işğal edirdilər. Bir çox
müəssisələr fəaliyyətini
dayandırmışdı, adamların əli işdən
soyumuşdu. Adama elə gəlirdi ki, hakimiyyəti çox
asanlıqla ələ keçirən, lakin bu yükün
ağırlığını və məsuliyyətini dərk
etməyən insanların cinayətkar hərəkətləri
nəticəsində ölkənin düşdüyü bu
ağır vəziyyətdən çıxış yolu
yoxdur.
Belə çətin
vaxtda Vətənin xilası işini üzərinə
götürən xalqımızın böyük oğlu Heydər
Əliyev az bir müddətdə siyasi cəhətdən
çox hazırlıqlı, məntiqli, zəkalı,
bütün məqamlarda düzgün yol seçmək
qabiliyyətinə və möhkəm iradəyə malik
olduğunu göstərdi. İnsanlarda ruh yüksəkliyi
yaratdı, onlar ümidsiz olan bir vəziyyətdə sanki
perspektivi gördülər. Cələcəyə inamları
artdı, ölkədə sabitliyin təmin olunması
üçün əməli işlər görüldü, cəbhədə
atəşkəs əldə edildi, ölkənin iqtisadi
qüdrətinin artırılması, yeraltı sərvətlərimizin
istismarı sahəsində bütün dünyanın diqqətini
cəlb elən addımlar atıldı. 1994-cü il
sentyabrın 20-də ölkənin həyatında çox əhəmiyyətli
olan “Əsrin müqaviləsi” imzalandı. Bu müqaviləyə
əsasən Qərb neft şirkətlərinin Azərbaycan
Respublikasına gəlməsi, Azərbaycan Dövlət Neft
Şirkəti ilə müştərək iş aparması
iqtisadiyyatımızda böyük dəyişikliklər əmələ
gətirəcəkdi. İlk növbədə xarici ölkələrin
Azərbaycana investisiya qoymasına böyük yol
açılırdı. Azərbaycanın azad iqtisadiyyat, bazar
iqtisadiyyatı yolu ilə getməsi üçün, dünya
iqtisadiyyatına sıx bağlanması üçün
geniş imkanlar yaranırdı. Bunu insanlar başa
düşürdülər. Onların qurub-yaratmaq həvəsi
xeyli artmışdı. Ölkədə yeridilən
düzgün siyasətlə inkişafımızın və
gələcək uğurlarımızın möhkəm və
davamlı əsası qoyulurdu. Təəssüf ki, bu, kimlərinsə
xoşuna gəlmirdi. Kimlər idi onlar? Müxalifətin
kiçik bir dəstəsindən qorxub Moskvaya qaçan Ayaz
Mütəllibov, tabeçiliyində hələ də hərbi
qüvvələr olan, Baş nazir postunda oturub, amma bu postun
ona daimi qalmayacağını düşünən yun
polkovniki Surət Hüseynov, burnunun ucundan qabağı
görməyən sabiq müdafiə naziri Rəhim Qazıyev,
Talış muğan respublikası yaratmaq istəyən Əlikram
Hümbətov və Xüsusi Təyinatlı Polis Dəstəsinə
arxalanan Mahir və Rövşən Cavadov qardaşları. Onlar
düşünürdülər ki, öz dövlətçiliyini
hələ bir o qədər də möhkəm əsaslar
üzərində qura bilməyən Azərbaycanda hakimiyyəti
ələ almaq olar. Amma
yanılrdılar.
Hakimiyyətə gəlmək
iştəhasında olanlar öz çirkin istəklərini
çox tez büruzə verdilər. “Əsrin müqaviləsi”
imzalanandan cəmi iki gün sonra — sentyabrın 22-də Azərbaycan
dövlətinə qarşı cinayət törətmiş
dörd nəfər respublika Milli Təhlükəsizlik
Nazirliyinin təcridxanasından qaçırıldı. Sentyabrın 29-da Ali
Soveti sədrinin müavini Afiyəddin Cəlilov və
Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov
yaşadıqları binanın qarşısında qəddarcasına
qətlə yetirildilər. Oktyabdrın 2-də
axşam Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı
Polis Dəstəsinin bir qrup üzvü qanunsuz olaraq silahlı
halda Azərbaycan Respublikası Prokurorluğunun binasına
daxil olub atəş açaraq orada bir çox yerləri
dağıtdılar, baş prokurorun iş otağına girib
ona ağır fiziki xəsarət yetirdilər.
Silahlı dəstənin bir hissəsi prokurorluğun
binasını ələ keçirdi, bir hissəsi binanı
bayırdan mühasirə etdi, hətta damda, ətraf
binaların damlarında iriçaplı silahlar qoyaraq əməliyyat
keçirməyə hazırlaşdılar.
Bir neçə
gün əvvəl — sentyabrın 25-dən 30-dək Amerika Birləşmiş
Ştatlarında işgüzar səfərdə olan, BMT
Baş Məclisinin 49-cu sessiyasında ölkəmizin daxili və
xarici siyasəti, beynəlxalq aləmdə tutduğu mövqe
barədə məlumat verən Azərbaycan Prezidenti Heydər
Əliyev oktyabrın 3-də respublika milli televiziyası və radiosu ilə
çıxış edərək okeanın o tayında
keçirdiyi görüşlərdən danışdı və
ölkəmizdə yaranmış vəziyyəti təhlil
etdi. Respublika Prokurorluğundakı cinayət hadisəsini Xətai
rayon prokuroru Mahir Cavadov və onun qardaşı, daxili işlər
nazirinin müavini Rövşən Cavadov törətmişdilər.
Bu cinayəti ölkəmizdə daxili sabitliyi
pozmaq, dövlət çevrilişi etmək cəhdi kimi qiymətləndirən
dövlət başçımız tutduqları yolun
düzgün olmadığını Cavadov qardaşlarına
başa salmağa çalışdı. Lakin onlar bundan nəticə
çıxarmadılar. Oktyabrın 3-də XTPD-nin
üzvləri atəş açıb ordunun dörd əsgərini
yaraladılar. Azərbaycan Prezidenti xalqa, hakimiyyət
orqanlarına, siyasi partiyalara və orduya müraciət edərək
dövlətçiliyimizi və müstəqilliyimizi
müdafiə etməyə çağırdı.
Cavadov qardaşları onlara olan
müraciətlərə baxmayaraq, Xüsusi Təyinatlı
Polis Dəstəsinin 8-ci Kilometrdəki bazasına çəkilərək
öz pozuculuq hərəkətlərini davam etdirirdilər.
Onların yanına çoxlu kənar adamlar gəlir, birlikdə
qızışdırıcı danışıqlar
aparırdılar. Bakı şəhərində və
respublikanın bir neçə yerində ayrı-ayrı
qüvvələr baş qaldıraraq sabitliyi pozmaq istəyirdilər.
Oktyabrın 4-də Gəncədə hərbi geyimli bir dəstə
adam şəhər icra hakimiyyətini, oradakı bəzi
dövlət orqanlarını, hava limanını zəbt edib
öz hakimiyyətlərini qurmaq istədilər. Həmin
olayı törədənlər də Xüsusi Təyinatlı
Polis Dəstəsinə mənsub adamlar və onlara
qoşulmuş Baş nazir Surət Hüseynova mənsub olan hərbi
qüvvələr idi.
Dövlət
hakimiyyətini ələ keçirmək istəyən Surət
Hüseynovun tapşırığı ilə Gəncəyə
giriş və çıxış yolları tutulmuş,
Daşkəsən və Yevlax rayonlarında dövlət idarəetmə
və hakimiyyət orqanlarının yerləşdiyi inzibati
binaların zəbt olunmasına cəhd göstərilmiş, Mingəçevir
şəhərində yerli dövlət idarəetmə
orqanlarının yerləşdiyi inzibati binanın
zorakılıqla tutulmasına hazırlıq işi
aparılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin
artilleriya komandiri general-mayor Hacırəhim Məmmədov
Bakıda iki hərbi hissənin komandirinə əmr
vermişdi ki, hərbi hissələrin
ağır döyüş texnikası, o cümlədən
topları döyüşə tam hazır vəziyyətə
gətirilməklə Azərbaycan Respublikası Prezidenti
Aparatının, Ali Sovetin və Müdafiə Nazirliyinin
binalarına tuşlansın və atəş
açılması barədə onun əmrini gözləsinlər.
Azərbaycan Prezidenti Heydər Əliyev
oktyabrın 4-də axşam milli televiziya və radio ilə
xalqa müraciət etdi, yaranmış təhlükəli vəziyyət
barədə məlumat verdi, dövlətçiliyimizi və
müstəqilliyimizi qorumağa çağırdı.
Ülu öndər çıxışını bu sözlərlə
bitirdi: “...Bu ağır gündə hamıdan mətanət,
dəyanət, cəsarət, qəhrəmanlıq, namus, qeyrət
gözləyirəm. Azərbaycan xalqı qeyrətli
xalqdır, mətin xalqdır. Əminəm ki, bu ağır sınaqlardan
çıxacağıq. Mən sizə inanıram və siz də
əmin ola bilərsiniz ki, Azərbaycan dövlətçiliyinin
keşiyində daim dayanmışam və dayanacağam”.
Az bir vaxtda Prezident
Aparatının qarşısına yüz minlərlə adam
yığışdı. Həmin gecə bölgələri
paytaxtla birləşdirən yollarda nəqliyyatın istiqaməti
yalnız Bakıya tərəf idi. Minik avtomobilləri ilə,
avtobuslarla insanlar Prezidentlə bir yerdə olmağa tələsirdilər.
Prezident sarayı qarşısında isə Bakı zəhmətkeşlərinin
mitinqi gedirdi, hərbçilər, ziyalılar, əmək
adamları bir-birinin ardınca tribunaya qalxıb olayı
törədənlərə nifrət yağdırır,
Prezidenti müdafiə etdiklərini bildirirdilər. Bu mitinqdə
də, oktyabrın 5-də Azadlıq meydanında olmuş
ümumrespublika mitinqində də hamı bir fikri söyləmək
istəyirdi: “Azərbaycanı indiki bəladan yalnız
dünya miqyaslı siyasətçi Heydər Əliyev
çıxarmağa qadirdir və biz hamımız bu işdə
ona kömək göstərməliyik”.
Dövlət çevrilişinə
cəhd edənlər Prezidentlə xalqın birliyindən
qorxuya düşüb geri çəkildilər. 1995-ci ilin
martında onların beyninin qurdu yenidən tərpəndi,
yenidən hakimiyyətə gəlmək fikrinə
düşdülər. Bu dəfə də Azərbaycan
Prezidenti Heydər Əliyevin çox dəqiq gedişləri
ilə öz yerlərində oturdular. Və
bununla ölkədə sabitlik bərpa edildi. Ötən illər
ərzində ümummilli lider Heydər Əliyevin
başladığı və onun layiqli davamçısı
Prezident İlham Əliyevin ləyaqətlə həyata
keçirdiyi düzgün daxili və xarici siyasət sayəsində
Azərbaycanda müstəqilliyimiz dönməz olmuş,
ölkənin müdafiə qüdrəti xeyli möhkəmlənmiş,
iqtisadiyyatı inanılmaz dərəcədə inkişaf
etmişdir.
Ötən müddətdə
xarici ölkələrin neft şirkətləri ilə
çoxsaylı neft sazişləri imzalanmışdır.
Dünyanın 14 ölkəsinin 30 neft şirkəti həmin
sazişlərin həyata keçirilməsində iştirak
edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesi
üçün təxminən 60 milyard ABŞ dolları həcmində
sərmayə nəzərdə tutulmuşdur. Artıq həmin
sərmayənin əksər hissəsi ölkəmizə
investisiya şəklində qoyulmuşdur.
Ölkənin maliyyə
potensialının artması nəticəsində qeyri-neft
sektorunun inkişaf etdirilməsi istiqamətində də məqsədyönlü
tədbirlər həyata keçirilir. Azərbaycanın
bütün bölgələrində yeni, müasir tələblərə
cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları
tikilir, körpülər salınır, yeni yollar, qaz və su
kəmərləri çəkilir. Şəhər və kəndlərin
siması dəyişir, əhalinin güzəranı getdikcə
yaxşılaşır.
Telman HEYDƏROV
Xalq qəzeti.- 2009.- 4 oktyabr.- S. 4.