Azərbaycan Yazıçılar Birliyi
- 75
Şeirin səsi
Azərbaycan Yazıçılar Birliyində
ilk və yaddaqalan maraqlı layihə cərcivəsində
müxtəlif nəsilləri
təmsil edən 8 istedadlı Azərbaycan şairinin müəllif ifası ilə audiodiskinin təqdimatı
keçirildi.
Tədbirin təşkilatçısı
və aparıcısı şair Səlim Babullaoğlu bildirdi
ki, təqdim olunan diskin arxa üzündə
yazıldığı kimi bu layihə şair və
yazıçı Əjdər Olla poeziyamızın yeni və
istedadlı simalarından olan Rəbiqə
Nazimqızının işgüzar təşəbbüsü
nəticəsində meydana gəlib.
Qrupun müzakirəsindən
sonra diskin bütün tərtibatı, təşkilatçılığı
və digər texniki məsələlər “Sel” Modern
Teatrına həvalə olunmuşdu. Əjdər Ol, Elxan Zal, Fərhad
Mete, Rəbiqə Nazimqızı, Qismət, Əli Əlioğlu,
Feyziyyə və Səlim Babullaoğlunun şeirlərindən
(hər bir şairdən iki-üç şeir olmaqla) ibarət
olan bu disk “Nur” Prodakşının bazasında
buraxılmışdır. Şeirlər tematik olaraq fərqlidir,
eyni zamanda müəlliflər öz ifalarında qiraət
bacarıqlarını ortaya qoyublar. Müəllif qiraətləri
gənc gitaraçı Leyla Quliyevanın ifa etdiyi maraqlı
musiqi parçalarının müşayiəti ilə təqdim
olunub. Üst-üstə diskə 18 şeir toplanıb.
Disklərin bir hissəsi
həm də DVD formatında- görüntülər də
olmaqla hazırlanıb. Amma əksər hissə
audioformatdadır. Bu layihənin həm əziz, həm də
üzücü bir tərəfi də var. Studiyada səsləri
yazandan bir həftə sonra istedadlı şair, çox
maraqlı bir insan olan Fərhad Mete avtomobil qəzası nəticəsində
həlak oldu.
Metenin itkisi hamı üçün ağır oldu. Bu hadisədən sonra qərara gəlinib ki, disk Fərhadın xatirəsinə ithaf edilsin - Fərhadın səsini və görüntüsünü yaşadan qiymətli və əziz xatirə kimi.
A.ÜLVİ
Xalq qəzeti.- 2009.- 3 oktyabr.- S. 8.