Ürəyimdə sözüm var...
Məndə bir fotoşəkil var. 1991-ci ildə Qazaxın
Aşağı Əskipara kəndində çəkilib. Əlində
silah, ətrafında “Xalq qəzeti”nin bölgə müxbiri
Valeh Şıxlı və torpağımızı
düşməndən qoruyan polis əməkdaşları.
Onda Cavid cəbhə reportajları hazırlamaq
üçün tez-tez Cəbrayılda, Füzulidə,
Qubadlıda, Zəngilanda, Qazaxda, Ağstafada, Tovuzda olur,
düşmənlə üzbəüz mövqelərə qədər
gedib çıxırdı. Qazaxa da təsadüfən getməmişdi.
Dediyinə görə, qəhrəman polislərimizlə
şəkil çəkdirməyi tam təsadüfən olub.
Sonralar həmin foto müxtəlif illərdə, müxtəlif
səbəblərdən elə “Xalq qəzeti”ndə 3 dəfə
dərc edilib. Amma heç indi də bilmir ki, həmin
döyüşçülərdən hansı sağdır,
hansı şəhid olub...
Azərbaycan polisinin
1000-ə yaxın say-seçmə oğlu Qarabağ
uğrunda, təcavüzə məruz qalan Vətən
uğrunda şəhid olub... Qəhrəmanlıq, həmvətəni,
ümumiyyətlə, başqasının təhlükəsizliyi
naminə sinəsini sipər etmək, onu qorumaq
üçün özünü qurban vermək Azərbaycan
polisinin qanında, canındadır...
İlk yazısı mətbuatda
işıq üzü görəndə 1975-ci il idi. Göyçay
şəhərindəki 3 nömrəli orta məktəbin
9-cu sinfində oxuyurdu. Rayon qəzetində çıxan bu
kiçicik xəbəri görəndə, müəllimlərinin
və məktəb yoldaşlarının xoş sözlərini
eşidəndə keçirdiyi qüruru və eyni zamanda
kövrək hissləri indiyədək unutmayıb. Səmimi
etiraf edir ki, hər dəfə imzası ilə
qarşılaşanda bu hissləri təzədən
yaşayır.
Ötən 33 ildə həyatında
çox şey dəyişib: qazandıqları da olub, itirdikləri
də. Azərbaycan Dövlət Universitetini fərqlənmə
diplomu ilə bitirib, aspiranturada qiyabi təhsil almasına,
çox erkən SSRİ Jurnalistlər İttifaqının
üzvü olmasına rəğmən düz 4 il müqavilə
ilə, yəni yalnız qonorar hesabına işləyən və
yaşayan müxbir olub. Bakıda kirayədə yaşayan gənc
ailənin qayğısına qalan Cavid elmi işi
yarımçıq qoyub ömrünün sonrakı hissəsini
məşəqqətli jurnalist fəaliyyətinə sərf
edib. Etiraf edir ki, “Sovet kəndi”ndə işlədiyi illər
ömrünün çox maraqlı və əlvan
dövrüdür. Onda Vətəni kəndbəkənd,
şəhərbəşəhər gəzib, əfsanəvi əmək
qəhrəmanları olan Şamama Həsənova, Şamama Əliyeva,
Qızqayıt Həsənova, Sərdar İmrəliyev,
Şaban Rzayev,Baba Səmədov, Nuruş Əliyev, Fərzalı
Abbasov, Köçəri Babayev, Tərlan Musayeva və
neçə-neçə başqaları ilə ünsiyyətdə
olub, çörək kəsib, barələrində
yazmağı, yaza-yaza yaşamağı öyrənib.
Bir də bəxti onda gətirib ki,
Mir Cəlal Paşayev, Nurəddin Babayev, Nəsir
İmanquliyev, Seyfulla Əliyev, Qulu Xəlilov, Famil Mehdi,
Cahangir Məmmədli, Əliş Nəbili kimi tələbkar
və qayğıkeş müəllimlərdən, Nəriman
Zeynalov, Tofiq Rüstəmov və Şamil Şahməmmədov
kimi təcrübəli redaktorlardan dərs alıb,
istedadlı jurnalist kollektivlərinin ünvanı olan “Xalq qəzeti”ndə,
“Azərbaycan”da, “AzərTAc”da çalışıb.
Partiya-sovet orqanlarında, iqtisadiyyat sahələrində
işləyəndə, parlament müxbiri, xüsusi müxbir
kimi ən yüksək dövlət tədbirlərindən
yazanda bütün bunlar onun əlindən tutub, çətin
peşənin çox ağır yükü altında əyilməyib.
Daxili işlər
orqanlarının həyatı mənim kimi, onun
üçün də açılmamış kitab idi.
Hamının gördüklərindən, bildiklərindən
artıq heç nə bilmirdik. Həm də o vaxtlar —1994-1995-ci
illərdə bu sahədə hər şey yenidən, daha
doğrusu, sıfırdan başlanır, üstəlik, əvvəlki
iqtidarlardan qalan mirasdan, əyninə polis mundiri geyən dələduzlardan,
mənsəb, siyasət alverçilərindən və daha nələrdən
xilas olmaq lazım idi. Azərbaycan polisi çox mürəkkəb,
çətin, hətta dözülməz şəraitdə
özündə güc, təpər tapıb yaşamaq
haqqını, ona olan inama, ümidlərə layiq olduğunu
sübut etməliydi.
Bu gücü ona ulu öndər
Heydər Əliyev verdi, Azərbaycan polisində öz
bacarığına, qabiliyyətinə, qüdrətinə
inamı ümummilli liderimiz bəxş etdi. Ulu öndərimiz
zamanında ən doğru qərar qəbul etdi. Daxili
İşlər Nazirliyinə etibarına inandığı, həm
cəmiyyətdə, həm də həmkarları arasında
peşəkarlığına, yüksək xidməti və
insani keyfiyyətlərinə görə böyük nüfuz
qazanmış cənab Ramil Usubovu rəhbər təyin etməklə
və bütövlükdə Azərbaycana yenilməz arxa
olmaqla, yeni dövrün, yeni bir həyatın doğuluşuna
xeyir-dua verdi.
Azərbaycan polisinin son 15 illik həyatı,
fəaliyyəti hər ikimizin gözləri
qarşısından keçib. Həm də Cavid bu zaman
seyrçi qalmayaraq peşəsinə, tutduğu vəzifəyə,
çiyinlərində daşıdığı məsuliyyətə
görə gördüklərini qələmə alıb,
nazirliyin yazılı yaddaşı olan “Mübariz keşikdə”yə
köçürüb. Əslində, artıq qüdrətli
bir qəhrəmana çevrilən Azərbaycan polisi
özü döyüşə-döyüşə, qurbanlar
verə-verə, insanların təhlükəsiz həyatını,
müstəqilliyimizin əbədiliyini, dahi rəhbərimizin
və sonralar qüdrətli komandanı cənab İlham Əliyevin
hörmət və etimadını, etibarını, xalqın
məhəbbətini qazana-qazana həyat salnaməsini
yazırdı.
Nə xoşbəxtik ki, bu həyatı,
bu taleyi yaşamışıq, bu yolu birgə keçib
qürur duyulası, fəxr ediləsi qismətdən bizə
də pay düşüb. Yarım əsrlik
yaşımızın ən yetkin çağlarında ləyaqətli
insanlarla, tarix yaradan və tarix yazan qəhrəmanlarla bir
sırada durmasaydıq indiki qədər zəngin həyat təcrübəsi,
yaradıcılıq məhsulu olmazdı...
Buna tam əminəm ki, tələbə
və qələm dostum, hər iki şərəfli peşədə
— jurnalistikada və polis sistemində həmkarım Cavid Cavad
oğlu Xaspoladov ömrünün ötən 50 ili
üçün heyfslənmir...
Yubileyin mübarək, cənab polkovnik, əməkdar qələm sahibi!
Sadiq GÖZƏLOV,
DİN mətbuat xidmətinin rəisi,
polis polkovniki
Xalq qəzeti.- 2009.- 3 oktyabr.- S. 7.