3 oktyabr 1993-cü il: Xalq seçim zamanı müdriklik
göstərdi
Ulu öndər Heydər Əliyev xalqın
etimadını şərəflə doğrultdu
And içirəm ki, Azərbaycan
Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət
edəcəyəm, müstəqil dövlətimizin
sivilizasiyalı dünya dövlətləri arasında,
dünya birliyində ləyaqətli yer tutmasına
çalışacağam.
Ümummilli lider Heydər ƏLİYEVİN 1993-cü
il oktyabrın 10-da ilk dəfə prezident kimi andiçmə mərasimində
nitqindən
O, əlini Azərbaycan
Respublikasının Konstitusiyasına və müqəddəs
kitabımız Qurani-Şərifə basaraq and içdi ki,
müstəqil dövlətimizin sivilizasiyalı dünya
dövlətləri arasında yer tutmasına nail olacaq. Nail
oldu. Bu gün məhz onun qurub-yaratdığı müstəqil
Azərbaycan dövləti dünyanın ən qüdrətli
dövlətləri, ən aparıcı beynəlxalq təşkilatları
arasında mühüm söz sahibinə çevrilmişdir.
O, and içdi ki, Azərbaycan Respubilkasının demokratik,
hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı
olacaq. Oldu. Bu gün Azərbaycan dövləti dünyanın
200-dən artıq dövləti arasında “Ən
islahatçı ölkə” adına layiq görülüb.
İnsan hüquq və azadlıqlarının qorunmasına
görə Azərbaycan bütün Avrasiyada nümunə
göstərilir. Seçki qanunvericiliyinə və seçki
təcrübəsinə görə Avropanın bütün
ekspertləri Azərbaycan təcrübəsinin daha geniş
yayılması barədə təkliflə
çıxış edirlər. ... Bu gün Heydər Əliyevin
məhv olmaqdan, parçalanmaqdan xilas etdiyi Azərbaycan
dövləti Avropa üçün ən mühüm, ən
gərəkli ölkələrdən birinə
çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin
müstəqil Azərbaycanda ilk dəfə dövlət
başçısı seçilməsinin növbəti
ildönümü münasibətiylə qələmə
aldığımız bu yazıda əsasən üç
mühüm məqama diqqət yetirmək zərurəti
yaranır. 1. Milli tariximizin həmin dövrünün
reallıqları. 2. Xalqın bəla və məhrumiyyətlərdən
qurtulmaq üçün çıxış yolu
axtarması. 3. Azərbaycan əhalisinin 3 oktyabr 1993-cü il
tarixli seçiminin nəticələri. Əslində, bu
üç amilin hər biri digəri ilə sıx şəkildə
bağlıdır ki, biri haqqında söz açarkən deyəcəyin
fikirlər başa çatan kimi istər-istəməz ikinci məsələnin
üstünə gəlməli olursan.
Müstəqil Azərbaycanın
1993-cü ilin yayında yaşadığı günləri
tam təfsilatı ilə yada salmağa qətiyyən ehtiyac
yoxdur. Çünki həmin günlər hər bir azərbaycanlının
beyninə elə yazılıb ki, bu yazının silinməsi,
unudulması qətiyyən mümkün deyil. Ancaq Heydər Əliyev
kimi siyasət dahisinin, idarəçilik ustasının
hakimiyyətə gəlməsini zəruri edən daha bir
mühüm amil də var idi. O amil mütləq qeyd edilməlidir.
Belə ki, Azərbaycan həmin əsrdə bir dəfə
öz dövlət müstəqilliyinə qovuşmuş,
ancaq müstəqilliyin qorunub saxlanılması mümkün
olmamışdı. Ona görə də xalqın
önündə gedən ziyalılar ikinci müstəqil
dövlətimizin taleyindən çox nigaran idilər.
İnsanlar 1991-ci ildə qazanılmış müstəqilliyin
də əldən getməsindən qorxurdular. Üstəlik,
Dövlət müstəqilliyi haqqında Konstitusiya
aktının qəbul edilməsindən 15 iyun 1993-cü ilə
– Qurtuluş Gününə qədər ölkədə gedən
ictmai-siyasi proseslər ikinci müstəqilliyin də məhvinə
zəmin yaradırdı.
Xalq ölkədə
amansızcasına davam edən hakimiyyət davasından
bezmişdi. İmperiyapərəst qüvvələrlə
xalq azadlıq hərəkatının dalğası üzərində
hakimiyyətə gəlmiş AXC – Müsavat iqtidarı
arasında gedən hakimiyyət savaşı ölkəni xaos
və anarxiya girdabına yuvarlamış, dövlətçiliyin
məhv olmasına real zəmin yaranmışdı. Türkiyəli
ekspert Əli Bulacın söylədiyi kimi, həmin günlərdə
mütəllibovçu qüvvələr də, Xalq Cəbhəsi
də tamamilə hakimiyyətdən
uzaqlaşdırılsaydı və hakimiyyətə Əliyev
deyil (söhbət Heydər Əliyevdən gedir – red.)
başqa bir azərbaycanlı siyasətçi gəlsəydi,
bu ölkə yenə də öz bəlaları içərisində
bulunacaqdı. Ona görə də hakimiyyət
kürsüsünə, idarəetmə sükanı
arxasına Heydər Əliyevin gəlməsi zərurətini
tarix, zaman yaratmışdı. Xalq bunu yaxşı dərk
edirdi. Ona görə də mitinqlərdə, etiraz
aksiyalarında belə bir ifadəyə tez-tez rast gəlinirdi:
Oyanmış xalqa yatmış rəhbər gərək
deyil.
Yeri gəlmişkən, burada bir
məqamı da qeyd etmək zərurəti yaranır. Xalq ona
görə Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsini
istəyirdi ki, 1988-ci ilin payızından 1993-cü ilin
yayına qədər Azərbaycana rəhbərlik edən
siyasətçilər sözün həqiqi mənasında,
yarıyuxulu adamlar idi. Məhz onların oyana bilməməsinin
nəticəsi idi ki, Azərbaycan postsovet məkanında
rüsvay olacaq bir tendensiyanın ünvanına
çevrilmişdi. Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov
və Əbülfəz Elçibəy Azərbaycanda dövlət
başçısının öz vəzifə kreslosunu qoyub
qaçmasının ənənəsini
yaratmışdılar. Əli Bulacın dediyi kimi, mütəllibovçular
və cəbhəçilər hakimiyyətdən kənarlaşdırılandan
sonra həmin postu ələ keçirmiş növbəti
şəxsin də nə zamansa qaçmayacağına zəmanət
yox idi. İdrakın səsinə qulaq asanlar, tarixi
reallığı və şəxsiyyətin təcrübəsini
qiymətləndirməyi bacaranlar yaxşı bilirdilər ki,
həmin illərdə dövlət başçısı
kimi, həm dövləti, həm də öz vəzifəsini
qoruyub saxlaya biləcək yeganə siyasətçi Heydər
Əliyev idi. Məhz bu amilləri əsas götürən Azərbaycan
xalqı ulu öndəri Naxçıvandan Bakıya dəvət
etdi və qısa müddətdən sonra onu prezident
seçdi.
Burada bir məqamı da yada salaq. Belə ki, 1993-cü il oktyabrın 3-də keçirilən seçkidən bir ay beş gün əvvəl – avqustun 29-da ölkədə vəzifə kürsüsünü qoyub qaçmış Əbülfəz Elçibəyə etimad göstərilməsi barədə ümumxalq səsverməsi – referendum keçirilmişdi. Referendumda ölkənin səsvermə hüquqlu vətəndaşlarının 92,02 faizi iştirak etmiş, onların 97,5 faizi səsvermədə “yox” cavabı vermişdi. Yəni xalq artıq növbəti dəfə demişdi ki, oyanmış xalqa yuxulu rəhbər lazım deyil. Oktyabrın 3-də keçirilən prezident seçkisində isə (bu seçkidə çoxsaylı əcnəbi müşahidəçi və KİV təmsilçisi iştirak edirdi) xalq öz müqəddəratını birdəfəlik həll etmək üçün seçim etdi. Ayrı variant mümkün deyildi. Çünki ölkə əldən gedir, milli dövlətçilik məhv olurdu.
Oktyabrın 3-də prezident seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasına başladı. Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ümumi səfərbərliklər, eləcə də ordunun vahid komanda altında birləşdirilməsi nəticəsində düşmənə layiqli cavab verildi, ərazilərimizin işğalının qarşısı alındı. Nəticədə düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu. Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.
... Biz bir neçə ay əvvələ qədər yazırdıq ki, bu gün Ermənistan istisna olmaqla dünyanın bütün ölkələri Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövləti ilə razılaşır, Bakının mövqelərinə hörmətlə yanaşır. Bu gün isə yazırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti və diplomatik çevikliyi nəticəsində müstəqil Azərbaycan dövlətinin qərarları ilə razılaşmayan ölkə yoxdur. Ermənistan artıq bu addımı atmağa məcburdur. Bütün bunların təməli isə 1993-cü il oktyabrın 3-də qoyulmuşdur.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 3 oktyabr.- S. 5.