Flora Xəlilzadənin yeni kitabı

 

İstedadlı jurnalist Flora Xəlilzadənin oxuculara təqdim etdiyi növbəti - “Yazıçılar təşkilatının rəhbərləri” kitabı Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi münasibətilə çap edilən kitablar silsiləsindəndir.

 

Qeyd edək ki, Flora Xəlilzadə peşəkar qələm əhli kimi mətbuatda çalışdığı 30 il müddətində yüzlərlə elmi, ədəbi, publisist, tənqidi məqalələrin və 12 kitabın müəllifi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatlara layiq görülmüşdür.

“Yazıçılar təşkilatının rəhbərləri” kitabında Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığında özünəməxsus dəst-xətləri olan 10 görkəmli ədib haqqında məqalə yazılmışdır. Kitabın adından da göründüyü kimi, həmin ədəbi şəxsiyyətlər müxtəlif zaman çərçivəsində Azərbaycan Yazıçılar Birliyinə (İttifaqına) rəhbərlik etmişlər.

“Yaşıl qələm”dən başlanan yol” adlı giriş məqaləsində müəllif qeyd edir ki, Azərbaycan yazıçıları 1934-cü ildəki təşkilatlarına qədər də müxtəlif adlar altında birgə idilər, qələmləri milli ruh baxışında, dost-yoldaşlıq münasibətində həmrəy idilər. (“Yaşıl qələm”, “Qırmızı qələm”, “Azərbaycan Yazıçılar Cəmiyyəti” və s.) Lakin məhz sovet ideologiyasının təsiri və təqibi ilə yeni bir ittifaq yaradıldı: “Azərbaycan Yazıçılar İttifaqı” (1934, 13 iyun). Zamanın müxtəlifliyi, dolaşıq düyünlü günlər elə təəssürat yaradırdı ki, qələm adamları pərakəndə mühitdədirlər. Əslində belə deyildi. Şərq dünyasında ilk dəfə müstəqil dövlət quran xalq, o cümlədən, yaradıcı insanlar bu səadəti doyunca yaşaya bilmədilər, bunun ömrü zaman fövqündə sanki bir göz qırpımı oldu. Yerinə bolşeviklər, işğalçılar gələrək başqa bir dövlət qurdular. Sözün gerçək mənasında, isgala məruz qaldılar. Cəmi bir gün, bir ay və ya bir il əvvəl Azərbaycanın üçrəngli bayrağını vəsf edən şair və yazıçılar indi qırmızı imperiyanı vəsf etməli idilər. Acı və dözülməz həyat içindən bağıran, çatlayan qələm əhlinin yaşam tərzi oldu. İmperiya mədhi yazılsa da müstəqil həyat şirinliyi unudulmurdu. Ona görə də öldürüldülər, güllələndilər, sürgün olundular, qələm əhlinə, ziyalı tayfasına soyqırım “uğurla” həyata keçirilirdi.

Flora Xəlilzadənin yaradıcılıqları haqqında yazdığı təşkilat rəhbərləri haqqında indiyəcən kifayət qədər yazılmışdır. Onların ədəbi irsinə və şəxsiyyətinə məqalələr mövzusu, elmi-tədqiqat obyekti kimi dəfələrlə müraciət olunmuşdur. Flora xanımın kitabının əsas məziyyətlərindən biri odur ki, toxunduğu mövzular müstəqillik dövründə qələmə alınmışdır və bununla da yeni baxış, yeni yanaşma tərzi, yeni şərh ortaya qoyulmuşdur. Müəllif qarşısına konkret bir xətt açmışdır: “İlk sədri unudulmaz Məmməd Kazım Ələkbərlidən tutmuş hazırkı rəhbəri, xalq yazıçısı Anar kimi. Calışacağıq ki, “Yaşıl qələm”dən başlanan yolun hansı döngələrdən, tufanlardan, təqiblərdən keçərək müasir ədəbi prosesə çağlayışa necə qovuşduğunu doğru və dürüst əks etdirək...” Ötən 75 ildə Azərbaycan Yazıçılar Birliyinin rəhbərləri kimlər olmuşdur: Məmməd Kazım Ələkbərli, Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı, Anar.

Flora istedadı, Flora qələminin hünəri oxucunu hər yazıçının yaşadığı mühitə, dövrə apara bilib və özünü də, oxucusunu da “qəhrəman”ının yaşadığı ağırlıqlar, təqiblər... içində hiss etdirir. Ağır ovqatdan sıyrılıb çıxanda müəllifin çəkdiyi ağrılara da yanırsan. Dözülməz işgəncələrə, haqsız təqiblərə məruz qalan yazıçı Seyfulla Şamilov 18 illik ağır sürgün həyatından sonra yenidən ədəbi həyata qayıtdı, gözəl əsərlər yazdı, hökumətin orden və medalları ilə təltif olundu. Amma ölümqabağı övladlarına vəsiyyət etdi ki, onu ən adi qəbiristana və dəbdəbəsiz dəfn etsinlər. “Fikirləşirsən ki, Kommunist Partiyasının ilk xadimlərindən olaraq onun ağır zərbəsini alan, ömrünün baharını zindanlarda saraldan, ağrı və acılara tuş olan, bütün arzuları, inamları tarmar edilən Seyfulla Şamilov başqa nə düşünməli idi. Ömrü boyu sakit, daha açıq desək, fağır yazıçı və müəllim həyatı yaşayan bu işıqlı ziyalının həyat eşqini söndürmüşdülər. Heyflər olsun ki, dünyamızdan nisgilli gedən bu unudulmaz yazıçı, pedaqoq, jurnalist Azərbaycanın müstəqilliyindən xəbər tutmadı. Deyirlər ki, bir insanın adını yeddi dəfə çəkəndə ruhu sənin qonağın olur. Bu hesabla, görün, biz bu yazımızda o cəfakeş insanın adını neçə dəfə çəkdik. Üzünü görməsək də, haqqında az oxusaq da, əsərlərini müntəzəm vərəqləməsək də, nəhayət kimliyindən xəbər tutduq...”

Bu sətirləri oxuyandan sonra müəllifin hiss və duyğularının ölçü-biçimsiz hüdudları içində itib-batırsan. Onun keçirdiyi təlatümləri sən də öz içində yaşayırsan, Flora Xəlilzadə publisistikası ilə sevilən qələm əhlidir. İndi təqdim etdiyi bu kitabı əslində tədqiqatçılar üçün də maraqlı bir vəsaitdir. Fakt bolluğu, material zənginliyi buna zəmin yaradır.

“Nurlan” nəşriyyatında çap olunan kitabın redaktoru Arif Əmrahoğludur.

 

 

A.ÜLVİ, “Xalq qəzeti”

 

        Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 8.