Türkün hikmət xəzinəsi türkün düşüncə tərzidir

 

Söz insan qəlbinə yol tapırsa, onda müqəddəsləşir, hikmət xəzinəsi kimi ürəkləri fəth edir, diri və canlı olur. Hər zamanın, dövrün ən tutarlı silahı rolunu oynayır. Belə hikmət xəzinəsi sırasında türkün yazılı abidələri mühüm rol oynayır. Həmin yazılı abidələr türkün həyatını, məişətini, dünyagörüşünü, psixologiyasını, düşüncə tərzini yaşatmaqla yanaşı, yarandığı tarixi dövrün özünəməxsusluqlarını da yaşadır. Türkün belə yazılı abidələri sırasında “Oğuznamə”lərin, “Qutadqu bilik”in, “Divani lüğət-it-türk” ün və digərlərinin rolu böyükdür. Bu qəbildən olan kitablarda sözlərin mənaları çox mətləblərdən xəbər verir.

 

Qeyd olunan yazılı abidələr konkret bir tarixi dövrə aid mənbələr olsa da, əslində bir neçə əsr özündən əvvəlki düşüncə tərzini də əks etdirir. Məsələn, “Oğuznamə”nin XVI əsrin sonunda, yaxud XVII əsrin əvvəllərində qələmə alındığı güman olunsa da, əslində buradakı atalar sözü və məsəllərin böyük əksəriyyəti IX-XI əsrlərə aiddir. Deməli, buradakı atalar sözü və məsəllərin unudulmamasının səbəbi onunla bağlıdır ki, türkün yaratdıqları elə türkün özünün də hafizəsində, yaddaşında, şüurunda həmişə yaşayıb və indi də yaşamaqdadır.

Bu atalar sözünün və məsəllərin potensialı, imkanı, daxili enerjisi türk düşüncə tərzinin imkanları çərçivəsindədir. Eyni zamanda, onların genetik yaddaşı türkün ruhuna, etnik təfəkkür tərzinə həmahəngdir. Türkün yazılı abidələrinin hər birinin məzmunu mütləq mənada yekcins deyildir, ona görə ki, türkün özünün həyat tərzi yekcins olmamışdır. Vuruşmalar, çarpışmalar, təbiətin özü ilə üz-üzə dayanmaq, ağlı-qaralı həyat tərzi, uğurlar və uğursuzluqlar, həyatın müxtəlif anları ilə təkrar-təkrar qarşılaşmalar, qələbəni alın təri ilə qazanmaq və sair, və ilaxır – bütün bunların hamısı türkün hafizəsindən, yaddaşından təcrübə sınağının nümunəsi olan atalar sözlərinin, məsəllərin süzülüb gəlməsinə imkan yaratmışdır. Nəticədə həyat sınağından çıxmış atalar sözləri və məsəllər, həm unudulmamış, həm də əsas məzmunu saxlamaqla bəziləri müasirləşmiş, yeni forma və üslubda günümüzün gerçəkliklərinin hər anında istinad yerimiz kimi köməyimizə çatmışdır.

Türk kimi poetik şəkildə fikir söyləmək təkcə bədii təfəkkür tərzinə malik olmaqla kifayətlənmir, həm də ən azı təbiətin özü qədər qədim olmağı, hissiyyatlı və emosional olmağı, qavrayış və düşüncə dərinliyinə malik olmağı, həyatı həyat kimi yaşamağı, həyatın və təbiətin dilini bilmək bacarığını, ruhlu olmağı, obrazlı danışmaq qabiliyyətini, ən başlıcası dil və təfəkkür qədimliyini tələb edir. Elə bunun nəticəsidir ki, türkün folkloru da, dili də, məişəti də, mədəniyyəti də, etnoqrafiyası da günəş kimi hərarətli, su kimi dupdurudur. Türkün folklorunun gücünü, təsir qüvvəsini həyatın, zamanın konkret məqamında, çətin və asan şəraitdə hiss etməli olursan. Türkün bədii düşüncə tərzi o qədər dərin və rəngarəng olmuşdur ki, onun dilindəki sözlər ən azı dualist, sonralar çoxmənalılıq məzmunu kəsb etmişdir. “Türkün sözü”, “türkün məsəli” ifadəsi də buradan yaranmış, dualist xarakterli atalar sözləri və məsəllər də buradan köklənmişdir.

Türkün bədii düşüncə tərzi ilə yanaşı, onu bütün həyatı boyu siyasi düşüncə tərzi də müşahidə etmiş, izləmişdir. Bədii və siyasi düşüncə tərzinin sintezi dövlətçilik maraqlarının ortalığa çıxmasına mütləq şəkildə şərait yaratmışdır. Bunu “Orxon-Yenisey” yazılı abidələrinin və “Qutadqu bilik” əsərinin məzmunu mütləq mənada təsdiq edir. Ümumiyyətlə, türk yazılı abidələrindəki hərbi terminologiya, dövlət və dövlət rütbələrinin tərənnümü dediklərimizi təsdiq edir. Onu da qeyd edək ki, dildə varlığı olmayan anlayışları ifadə edən sözlər də yoxdur. Əgər varlıq vardırsa, onda həmin varlığın adını bildirən söz də vardır. Bu mənada türk yazılı abidələrində hərb sahəsi ilə bağlı, eləcə də dövlətçiliklə əlaqəli olan külli miqdarda sözlər vardır. Həmin sözlər türkün həyatında, məişətində varlığı olan anlayışların adı kimi yazılı abidələrimizdə də dərin iz salmışdır. Özü də eyni anlayışları bildirən sözlər müxtəlif yazılı abidələrdə işlənmişdir. Məsələn, orta türk dövrünün yazılı abidələrində eyni anlayışı bildirən sözlərin hər biri dərin kök salmışdır. Misala diqqət yetirək:

 

Qorxaq əsgərin cəsarət alması üçün

Sübaşı qəhrəman və cəsur olmalıdır.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 164).

 

Yaxud:

 

Özün sübaşı və ya elbaşı olsan,

Doğru ol, qulağını, gözünü iti tut.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 309).

 

Sübaşı ilə irişən yurtdan çıqar.

 

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 117).

 

Başqa bir misal:

Burada sübaşı sərkərdə deməkdir. Əski türkcədə sü qoşun, sübaşı sərkərdə mənasında olmuşdur.

Türkün hikmət xəzinəsində ən dəyərli cəhətlərdən biri böyüyə, kiçiyə doğma münasibət, onların əzizlənməsi və hörmətli tutulmasıdır. Məs.:

Dinlə atalar sözü nə deyir, Atalar sözünə əməl edənin gözü açılar:

 

Böyüklər möhtərəmdir, bu, dünyanın qanunudur,

Böyük adam gəlsə ayağa qalx.

Kiçiklər böyüyə hörmət etməlidirlər,

Böyük də kiçiyə eyni münasibət bəsləməlidir.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 309).

 

Türkün düşüncəsində böyüyə hörmət, hətta xidmət səadətə yetməyin yollarından biri hesab olunmuşdur. Böyüklərin sözünü böyük tutmaq kiçiyə böyüklük gətirən işlərdən biri sayılmışdır. Türkün düşüncəsində böyüklüyün özünə dualist mövqedən yanaşılmışdır. Böyüyə xidmət göstərmək dedikdə həm vəzifəcə böyük, həm də yaşca böyük nəzərdə tutulmuşdur. Məs.:

 

Nə gözəl söyləmiş bilikli hakim,

Hakimlər sözünü ucuz tutma:

Kiçiyə böyüklük böyükdən gələr,

Böyüyə xidmət etsə, kiçik səadətə çatar.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 311).

 

Türkə görə, yol da, ədəb-ərkan da, söz də böyüyün ixtiyarındadır. Böyüyün əlində olan bu yola qoşulan xeyir tapar, onun sözünə qulaq asanlar xoşbəxt olar. Odur ki, türkə görə, kiçik həmişə böyüyün yanında özünü suçlu hesab etməlidir. Məs.:

 

Söz ulunun, suç kiçinin. (Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 115).

 

Kiçilər suç işlər, ulular bağışlar.

 

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 168).

 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, dilimizdəki “Yol böyüyün, su kiçiyindir” atalar sözündə “su kiçiyindir” ifadəsi təhrif olunmuşdur. Əslində bu ifadə, göründüyü kimi, tarixən “suç kiçiyindir” şəklində olmuşdur. Yəni böyüyün yanında kiçik həmişə suçludur, günahkardır.

Suçu, günahı olmayan yoxdur. İnsan olan kəs yaşayırsa, fəaliyyət göstərirsə, mövqe sahibi olursa, onun suçu, günahı, səhvi də olur. Odur ki, suçu, günahı, səhvi olanları bağışlamağın özü də bir müdriklik tələb edir. Müdrik olan kəslər suçu, gunahı, səhvi olanları bağışlamağı bacarırlar. Adamlar səhv, günah etdikdə onlara töhmət verilməsi barədə “Siyasətnamə”də yazılır: “Bir adamı irəli çəkib böyütmək üçün çox vaxt və zəhmət tələb olnur. Onlardan bir xəta baş verdikdə açıq töhmət edilsə, rüsvay olarlar, sonra nə qədər əzizləyib tərifləsən də əvvəlki yerini tuta bilməzlər. Ona görə daha yaxşısı budur: belə bir adam səhv etdikdə dərhal onu çağırtdırıb sözarası deməlidirlər ki, nə üçün belə edirsən, biz öz irəli çəkdiyimizi yerə vurmur, öz qaldırdığımızı yıxmırıq. Bu səfər səni bağışlayırıq, bundan sonra özünə fikir ver, bir daha səhv buraxma, yoxsa, mövqeyini itirər hörmətdən düşərsən. Onda təqsir özündədir, bizdə yox”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 112).

Kiməsə qarşı əsəbi, hirsli olmaq tarix boyu heç bir fayda verməmiş, nəticəsi peşmançılıq yaratmış, insanı hörmətdən salmışdır. Ona görə də hirsli adamın özünü ələ alması, təmkinli, səbirli olması təsdiq edilmiş bir həyat təcrübəsidir, ən böyük igidlikdir. Ən igid adam barəsində Həzrəti Əlidən soruşanda o demişdir: “Ən igid adam odur ki, hirslənəndə özün ələ ala bilə, elə bir iş tutmaya ki, hirsi soyuyandan sonra peşman ola, o da fayda verməyə”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 112). Nizamülmülk yazır: “Adamın ağlının kamilliyi hirslənməməkdə, hirsləndikdə isə hirsin ağıla deyil, ağlın hirsə üstün gəlməsindədir. Kimin hissi ağlına üstün gəlsə, hirslənəndə qəzəb ağlının gözünü tutar, onun bütün varlığına hakim olar, nə əmr etsə, adam da dəlivarı onu yerinə yetirər. Əksinə, kimin ağlı hissinə qalib gəlsə, hirsləndikdə ağıl hissi boğar hamı onun hirsləndiyini görsə də, o, ağılların bəyəndiyi işləri görər və əmrləri verər”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 112). Hirsin, qəzəbin, hikkənin - hər şeyin başında səbr dayanır. Səbirli olmaq insanı bütün çətinliklərdən qoruyur, alnıaçılıq, üzüağ edir, peşmançılıqdan uzaq edir. Nizamülmülk müdrik adamların səbr barəsində dediklərini belə söyləyir: “Səbr yaxşıdır, lakin məqsədə nail olan vaxt daha yaxşıdır; nemət yaxşıdır, lakin naşükürlük olmasa daha yaxşıdır; taət yaxşıdır, lakin şüurla və Allah qorxusu ilə olsa, daha yaxşıdır”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 113).

Türk kiçik, böyük münasibətlərinin qoruna bilməməsini də nəzərdən qaçırmamış, bunu daha çox zamanın günahı kimi atalar sözündə gələcək nəslə çatdırmışdır. Məs.:

 

Şimdi bir zamandır, küçük böyügə ögrədür.

 

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 121).

 

Ancaq ulularımızın hər şeyi zamanın üstünə yıxması da türkün bədii düşüncəsinin bir priyomu kimi qəbul olunmalıdır. Görünür ki, türk burada böyük-kiçik münasibətlərindəki münasibətlər sisteminin pozulmasını daha çox zamanın, dövrün, mühitin dəyişməsində axtarmışdır. Bununla belə, onu da yaxşı bilmişdir ki, zamanın da, dövrün də, mühitin də övladı insandır. O insan ki, həmin insan valideynindən daha çox zamanına, dövrünə, mühitinə bənzəyir. Ancaq buna baxmayaraq, türk babalarımız hər bir kəsin - böyüyün də, kiçiyin də boynuna yük qoymuşdur. Hər bir kəsi məsuliyyətini dərk etməyə çağırmışdır və böyüklərə üzünü tutaraq belə söyləmişdir:

 

Çalış ki, kiçiklər səni saysınlar,

Onlarla zarafatlaşma, dilini saxla

İşdə bir səhvləri olsa, cəzalandır,

Başlı-başına qoyma, nəzarət et.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtiliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 311).

 

Türk dilinə və sözünə qiymət verməyi bacarmışdır. Faydalı danışmağı, yaxşı söz söyləməyi nəsillərə nəsihət etmişdir. Türkə görə, insanı hörmətli edən də, ucuz edən də dildir. Əlbəttə, türk babalarımız dilə, sözə qiymət verməklə ünsiyyət mədəniyyətinin vacibliyini diqqət mərkəzində saxlamış, bilikli mədəni olan hər bir kəsin yaxşı əməl və yaxşı söz sahibi olduğunu söyləmişlər. Bilikli, müdrik adamların sözü yaxşılığa xərclədiklərini gələcək nəsillərə çatdırmışdır. Məs.:

 

Bu sözü unutma, yadında saxla:

“Dilim mənə çox əzab verir,

Kaş başımı kəsməsinlər, mən dilimi kəsərəm”.

Sözünə diqqət elə, başın getməsin,

Dilini saxla, dişin sınmasın.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 27-28).

 

İnsan bilməlidir ki, “Başa dil gətirəni el yığışsa, gətirə bilməz”. Ona görə də insan dilini saxlamağı bacarmalı, harada nəyi necə danışmağı yaxşı bilməlidir.

Bilikli, savadlı adamların simasında dilə, sözə həmişə yüksək qiymət verilib, sözlə yüksəlişin faydası öyülüb və təriflənibdir. Təsadüfi deyildir ki, atalar yaxşı demişdir: “Başa dil gətirəni, el yığışsa gətirə bilməz”. “Qılınc yarası sağalar, dil yarası sağalmaz” atalar sözü və onun “Oğuznamə”də işlənmiş “Qılıç yarası önəlür, dil yarası önəlməz” paraleli türkün yenidən yaddaşından qaynaqlanır. Türk babalarımızın dilə verdiyi dəyərin nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Dilin altında insanın kimliyi gizlənir. Dilin altında insanın dünyagörüşü, ətrafdakılara münasibəti gizlənir. Dilin altında dilin öz imkanları gizlənir. Ən nəhayət, dilin altında dünyada dərk olunan və dərk olunmayan nə varsa, onların hamısı gizlənir. Və ən nəhayət, bu barədə türkün yaratdıqları daha tutarlı söz deyir:

 

Əgər salamat olmaq istəyirsənsə,

Dilindən pis söz çıxarma.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 28-29).

 

Türk biliyi, idrakı və ağılı vəhdətdə götürməklə kamilliyin nə olduğunu anlatmağa çalışmışdır. Yəni həmişə bilik, idrak və ağıl kamilliyə xidmət etmişdir. Nəticədə isə kamil olan hər bir kəs insan olaraq əbədi olmasa da, adı əbədi olmuşdur. İnsan dünyaya bilik, idrak və ağılla hakim olmuşdur. Türk babalarımız biliyin, idrakın və ağılın kara gəlmədiyi vaxt qılıncın oynadığı rolu da gizlətməmişdir. Məs.:

Bu ikisi kar etməsə, (bilik və idrak - B.X.) biliyi qırağa qoy, Qılıncı al əlinə.

 

Hakimlər, alimlər, xalqın başçıları,

Biliksizin işini qılıncla həll etmişlər.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 31-32).

 

Bilik, elm, idrak, ağıl sahibi olmaq dünyada hər şeydən üstündür. Bunların hər biri insanın dostu, köməyi və arxasıdır, eyni zamanda dövlətdən, vardan qat-qat qiymətlidir. Odur ki, bilikli, elmli, idraklı, ağıllı adamlara həmişə ehtiyac olmuşdur. Təsadüfi deyildir ki, Nizamülmülkün “Siyasətnamə” əsərdə filosof Loğmanın dili ilə deyilmiş fikir istinad kimi götürülür: “Dünyada insan üçün elmdən daha yaxşı dost yoxdur. Elm dövlətdən də yaxşıdır, çünki dövləti sən saxlamalısan, elm isə səni saxlayır”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 69). Bundan başqa, VII-VIII əsrin görkəmli üləmalarından biri olan Həsən Bəsrinin fikrinə istinad olunur: “Alim o deyildir ki, ərəbcə çox bilib, qəliz ərəb ifadələrini və sözlərini çox əzbərləmiş olsun, alim odur ki, bütün elmlərdən başı çıxsın, hansı dili bilsə, məqbul sayılar”. (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 69).

Türkün hikmət xəzinəsində əsl insana yüksək qiymət verilmiş, onların zəmanəyə, dünyaya hakim olmaları söylənilmiş, belələrinə bənzəmək təbliğ olunmuşdur. Əsl insan ağlı sayəsində əsl insan adlandırılmışdır. Əsl insanın ağıllı, əsilli və nəcib olduğu söylənilmişdir. “Qutadqu bilik”də yazılır:

Bax, iki cür əsl insan var:

Biri bəy, biri alim; onlar insanların başıdır,

Biri əlinə qılınc alıb xalqı idarə edər,

Biri əlinə qələm alıb düz yol göstərər.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 34-35).

Türk öz hikmət xəzinəsində biliyin, idrakın, ağılın vəhdətində kamilliyi görür və bu kamillikdə isə əsl insanın kimliyini ortalığa qoyur. Əsl insanın - kamallı insanın bəzəyinin dil olması söylənilir. Yəni əsl insanın kimliyi yenə də onun dilindədir. Burada yenə də bir çox mətləblər dilin altında gizlənir. Bu barədə “Qutadqu bilik”də yazılır:

Kamalın bəzəyi dil, dilin bəzəyi sözdür,

İnsanın bəzəyi üz, üzün bəzəyi isə gözdür.

İnsan sözünü dili ilə söylər,

Sözü yaxşı olsa, üzü parlar.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 35).

Türkün hikmət xəzinəsində özünəməxsusluğun biri də elat mədəniyyətini yaratması və yaşatması ilə bağlıdır. Elat mədəniyyətinin yaranması səbəbi onunla bağlı olmuşdur ki, türk dünyaya gəlişindən sonra dünyanın təbii və zəngin olan ərazilərində məskunlaşmışdır. Bu ərazilər o qədər ucsuz-bucaqsız olmuşdur ki, onun bir tərəfindən o biri tərəfinə getmək uzun vaxt tələb etmişdir. İstər-istəməz ərazilər get-gedə türkün özü tərəfindən ayrılmağa, belə demək olarsa, sərhəd çərçivəsinə düşməyə başlamışdır. Nəticədə türkün məskunlaşdığı ərazilərin bir-birindən fərqləndirilməsi başlanmışdır. El-oba camaatı, el-oba ifadəsi də buradan yaranmış və elat düşüncə tərzinin bir komponenti kimi türkü həmişə izləmişdir. “Adam adama qovuşar, dağ dağa qovuşmaz” atalar sözü və onun “Oğuznamə”də olan paralel variantı “Qavışar adam adama, amma qavışmaz tağ tağa” elin bir ucu ilə o biri ucu arasında məsafənin böyüklüyünə işarədir. Yəni el-obanın adamları bu ucsuz-bucaqsız məsafəni gəzərkən bir-biri ilə rastlaşa bilər, görüşə bilərlər. Məncə, ellə bağlı atalar sözlərinin yaranması səbəbi də elat düşüncə tərzi ilə bağlı olan bir məsələ olmuşdur. Məsələn, “Oğuznamə”də qarşılaşdığımız həmin atalar sözləri də bunu təsdiq edir.

 

El ilə gələn qərə gün dügündür.

El ilə gələn bəla bayramdır.

El atdığı daş uzaq gedər.

El dəlüsin aldatmaz.

El içində qatı söyləmə, divar ardında qulaq olur.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 25, 54, 58).

 

Elat mədəniyyətinin tərkib hissəsində münasibətlər sistemi həmişə önəmli yerlərdən birini tutmuşdur. Münasibətlər sisteminin əsas komponentlərindən biri də qonşuluq münasibəti olmuşdur. Qonşuluq münasibəti olmadan türkün məişətini təsəvvür etmək mümkün deyildir. Türk qonşuluq münasibətini dar və geniş mənada başa düşmüşdür. Dar mənada qonşuluq münasibəti elat düşüncəsində qonşunun qonşuya olan münasibəti kimi (bir türkün qonşusunda olan başqa bir türkə münasibəti) başa düşülmüşdür. Və bu barədə Oğuz balalarımızın söylədiyi atalar sözləri elat düşüncəsindən qaynaqlanıb gələrək indi də öz təsir gücünü saxlamaqdadır. Məs.:

 

Qonşunun eşəgin iki istə, sənin üç olsun.

Qonşıyı qonşıdan sorarlar.

Qonşu haqqı, tanrı haqqı.

Qonşun kim isə, qardaşın oldur.

Qurd qonşusun yeməz.

(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 141, 143, 144, 145, 146).

 

Türk geniş mənada qonşuluq münasibətini millətlər, xalqlar, dövlətlər arasında olan münasibət kimi anlamış və bu zaman məsələyə elat düşüncə tərzi ilə deyil, milli-siyasi və dövlətçilik düşüncə tərzi ilə yanaşmışdır. Hələ ən qədim, qədim və orta əsrlər mərhələsində türk başqa xalqlarla milli-siyasi, dövlətçilik düşüncə tərzi ilə qonşuluq münasibətində olmuşdur.

İdrak sahibləri dövlətçilik düşüncəsinə sadiq qalmaqla dövləti idarə edən hər bir kəsin faydalanacağı öyüd və nəsihətlərlə türkün dövlətçilik tarixinin qədimliyini təsdiq etmişlər. Hələ orta əsrlərdə dövlətin (məhz türk dövlətinin) müasir anlamda desək, konstitusiyasını yazmaq, hökmdarın, vəzirin, bəyin, sərkərdənin, katibin, xəzinədarın, aşpazın, xidmətçinin necə olmasını ölçüyə, meyara çevirmək, eyni zamanda alimlərə, təbiblərə, əfsunçulara, yuxu yozanlara, münəccimlərə, şairlərə, əkinçilərə, satıcılara, heyvandarlara, sənətkarlara, yoxsullara münasibəti ədalətli, cəmiyyətin hər bir təbəqəsinin marağı təmin olunmuş şəkildə bəyan etmək dövlətçilik təcrübəsinin məhsulu kimi başa düşülməlidir.

 

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru,

professor 

 

Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 7.