“Önündə baş
əydim, əziz müəllim...”
Lənkəranda təntənə ilə qeyd edilən
bayramlardan biri də Beynəlxalq Müəllimlər
Günüdür. Təhsilin cəmiyyət həyatı
üçün necə əhəmiyyətli bir sahə
olduğunun ciddi fərqinə varan lənkəranlılar hər
il oktyabrın 5-də rayonun pedaqoji ictimaiyyətini bu gözəl
bayram münasibətilə təbrik edir və müəllimlərin
zəhmətini layiqincə dəyərləndirirlər.
Budəfəki bayram tədbirləri
də yaddaqalan oldu. Əvvəlcə təhsilə və təhsil
işçilərinə böyük qayğısı ilə
ürəklərdə əbədi məşəl
yandırmış ulu öndər Heydər Əliyevin mərkəzi
meydandakı möhtəşəm abidəsi minnətdarlıq
duyğuları ilə ziyarət edildi, ümummilli liderin
ölməz xatirəsi ehtiramla yad olundu. Sonra Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılov və
aparatın nümayəndələri gənclərin təlim-tərbiyəsində
müstəsna xidmətlər göstərmiş qocaman müəllimlərin
— təqaüddə olan 78 yaşlı Nağı Həsənovun
və 85 yaşlı Firuzə Bəylərovanın evlərinə
gedərək bayramlarını qiymətli hədiyyələrlə
təbrik etdilər. Şərəfli pedaqoji fəaliyyətdə
saç ağardaraq şagirdlərinin həyat yollarına
çıraq tutmuş hər iki veteran müəllimin yetirmələri
arasında hazırda elm və diplomatiya sahəsində,
ölkənin ictimai-siyasi həyatında çalışan
adlı-sanlı ziyalılarımız çoxdur. Görüşlərdə
bütün bunlar iftixarla xatırlandı. Diqqət və
qayğıdan təsirlənən veteran müəllimlər
xoş sözlərə, mənəvi dayağa və
mükafatlara görə rayon rəhbərliyinə
razılıqlarını bildirdilər.
N.B.Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında düzənlənən bayram tədbiri
də iştirakçılara unudulmaz təsir
bağışladı. Bu münasibətlə
hazırlanmış “Təhsilimiz dinamik inkişaf yolunda”
filminin fraqmentləri bu sahədə şanlı ənənələrin
layiqincə davam etdirildiyi Lənkəran təhsilinin
uğurlarına güzgü tutdu. Qeyd olundu ki, Lənkəranda
89 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Dövlət qayğısı sayəsində və Heydər
Əliyev Fondunun təşəbbüsü ilə son 3 ildə
bu məktəblərin 14-ü üçün yeni bina
inşa edilib. Rayon rəhbərliyi təhsilin inkişafına
güclü dəstək verir. Təkcə ötən tədris
ilində rayonun tarixində ilk dəfə olaraq 8 məktəbin
tikilərək istifadəyə verilməsi misilsiz hadisə
kimi yadda qalıb. Cari tədris ilində isə Lənkəranda
daha 2 təhsil ocağının açılışı
olub. Rvo kəndində 360 yerlik müasir orta məktəb
binası dövlət vəsaiti hesabına, ucqar dağ kəndi
olan Tuadoda isə 100 yerlik yeni bina Heydər Əliyev Fondunun
hesabına tikilərək istifadəyə verilib.
Yeni dərs ilində
rayona 32500 ədəd bədii ədəbiyyat, 88 min dərslik
gətirilərək məktəblərə paylanıb. Rayonun
təhsil ocaqlarında kompyuterlərin sayı 817-yə
çatdırılıb ki, bu da hər 29 şagirdə 1 möcüzəli
informatika qurğusu düşməsini təmin edib. Təhsilə
artan diqqətin nəticəsi olaraq bu yay 361 məzun müxtəlif
ali məktəblərə qəbul edilib, onlardan 11-i 600-dən
yuxarı bal toplayıb.
Ötən ilin
sentyabrında Amerika Beynəlxalq Təhsil Şurasının
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
birlikdə FLEX proqramı çərçivəsində cari
tədris ilində ABŞ-ın məktəblərində 1 il
müddətinə oxumaq məqsədilə Lənkəran
şəhərində keçirdiyi müsabiqədə 4
saylı orta məktəbin üç şagirdi qalib gəlib.
Təbii ki, uğurlarda
müəllimlərin rolu xüsusilə böyüklür. Lənkəranda
onların sayı 4210 nəfərdir. Son illərdə müəllim
əməyinə verilən qiymətin nəticəsi olaraq
yeddi pedaqoqa əməkdar müəllim fəxri adı verilib,
üç müəllim “Tərəqqi” medalı ilə təltif
edilib, doqquz müəllim isə qabaqcıl təhsil
işçisi adına layiq görülüb. “Xalq kompyuteri”
layihəsi çərçivəsində 69 müəllim
faizsiz və güzəştli kredit hesabına fərdi
kompyuter alıb ki, bu da pedaqoji kadrların İKT-yə yiyələnməsinə
və tədris prosesində ondan geniş istifadə etməsinə
böyük köməkdir.
Lənkəranda təhsilin
uğurları ölkə rəhbərliyi tərəfindən
daim yüksək qiymətləndirilir. Şəhər 10
saylı orta məktəbi Prezident İlham Əliyevin sərəncamı
ilə keçirilən ölkə üzrə “Ən
yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində
qalib gələrək 10 min manat, şəhər 4 saylı məktəbin
müəllimi Gülzar Əliyeva isə" Ən
yaxşı müəllim" müsabiqəsində fərqlənərək
5 min manat məbləğində birdəfəlik pul
mükafatı alıb.
Son illərdə Lənkəranda
ucqar kəndlərə işləməyə gedən müəllimlərin
sayı artıb. Belə ki, güzəştli şərtlərlə
ucqarlarda dərs deməyə göndərilən müəllimlərin
maddi təminatı məqsədilə “2005-2009-cu illər
üçün Azərbaycan Respublikasının ümumtəhsil
məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı
üzrə inkişaf Proqramı” uğurla tətbiq edilib. Ucqarlara
gedən müəllimlərə maaşlarından əlavə
200 manat verilməklə bərabər, yaşayış
üçün torpaq sahəsi ayrılması və digər
təminatlar dağ kəndlərində təhsilin keyfiyyətinin
artırılmasına xidmət edir. Bu məqsədlə digər
imtiyazlar da nəzərdə tutulub.
Müəllim
gününə həsr olunmuş mərasimdə humanitar
kollecin direktoru Cahangir İbrahimov, təhsil şöbəsinin
müdiri, ölkə başçısının 30 sentyabr
2009-cu il tarixli sərəncamı ilə əməkdar müəllim
adı almış Səmədağa Abdullayev, uşaq evinin
direktoru, “Tərəqqi” medalına layiq görülmüş
Ofeliya Səfərova, əməkdar müəllim Kamil
Hüseynov və başqaları ürək sözlərini
söylədilər.
Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov müəllimləri peşə bayramı
münasibətilə təbrik edərək onlara ən
xoş arzularını çatdırdı,
başlıcası isə layiqli vətəndaş tərbiyəsində
uğurlar dilədi. Bir qrup müəllimə qiymətli hədiyyələr,
fəxri fərmanlar və çiçək dəstələri
təqdim olundu.
Sonra müqəddəs
peşə sahiblərinə konsert proqramı ərməğan
edildi. Lənkəranlıların sevimli müğənniləri
Cavad Rəcəbov, Mətanət Həsənova, Qabil Nəcəfov
və başqaları nəğməli təbrikləri ilə
müəllimləri bir daha sevindirdilər. 15 saylı uşaq
bağçasının balaca fidanlarının
çıxışı da maraq doğurdu. 4 saylı məktəbin
şagirdi Bənizə Canıyeva sevimli müəllimlərinə
həsr etdiyi şeiri söylədi.
Lənkəranda müəllimlərin
peşə bayramı beləcə hamıda xoş ovqat
yaratdı, hər kəsi duyğulandırdı.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 4.