Teleşirkətlər tamaşaçılara niyə
hörmət qoymur?
Bakıda ilk televerilişlərin başlandığı
tarixi yaxşı xatırlayıram. 1956-cı il idi.
İmkanlı adamların evlərində qoyulmuş qutuşəkilli
ilk televizorlar qohum-qonşuların böyük marağına
səbəb olmuşdu. Tanış-bilişlər,
qonum-qonşular televizor sahiblərinin razılığı ilə
bir yerə toplaşıb qara-ağ rəngli televerilişlərə
böyük maraqla tamaşa edirdilər. İlk televizorlar
adamları bir-birinə yaxınlaşdıran vasitəyə
çevrilmişdi. Hamı mavi ekranlarda baş verən hadisələri
maraqla izləyir və xüsusi zövq alırdı.
O vaxt bircə kanal – Azərbaycan
Dövlət Televiziyası kanalı fəaliyyət göstərirdi.
Adamlar televerilişləri
çox kiçik ekranlı televizorlarda izləyirdilər.
Ekranları bir qədər böyütmək
üçün içərisinə su doldurulmuş
qurğudan istifadə edirdilər. Son xəbərlər
qurtarandan sonra kinofilmlər göstərilirdi. Verilişlərin
ardıcıllığını diktorlar elan edirdilər. Bir
qədər sonra rəngli plyonkalardan istifadə yolu ilə “rəngli”
verilişlərə baxmaq imkanı yarandı.
Həmin vaxtdan yarım əsrdən
bir qədər artıq vaxt keçib. Cəmiyyətin
bütün sferalarında olduğu kimi, teleməkanda da hər
şey yeniliyə doğru dəyişib. Yöndəmsiz
qutuları müasir dizaynlı televizorlar əvəz edib.
Dövlətli-kasıblığından aslı olmayaraq
hamının evində məxsusi televizorlar var.
Telekanalların sayı da artıb. Bəs yeniliyə,
müasirliyə, bir sözlə, məzmun və məna məsələlərinin
dərindən çözülməsinə diqqət
artırılıbmı? Yerli telekanalların verilişləri
mahiyyəti etibarı ilə tamaşaçıları qane
edirmi?
Akademik Ramiz Mehdiyevin “Efir məkanı:
problemlər və vəzifələr” başlıqlı məqaləsini
oxuduqdan sonra məndə də bu barədə fikirlərimi
bildirmək marağı yarandı. Bəri başdan deyək
ki, özəl telekanal rəhbərlərinin başları SMS
gəlirlərinə qarışdığından verilişlər
“əkiz bacı -qardaşlara” çevrilib. Səhərdən
gecə yarısınadək verilən kommersiya xarakterli
teleşoular və yerli-yersiz keçirilən “ulduz
yarışmaları” intellektual səviyyəsi yüksək
olan tamaşaçıları hövsələdən
çıxarır. Milli-mənəvi tələblərdən
çox uzaq olan belə verilişlər elmilikdən, milli əxlaqdan
xali olduğu üçün tamaşaçılar onları
düşündürən məsələlərin
çözülməsindən məhrum olduqları
üçün kanalları tez-tez dəyişirlər, vəziyyət
isə dəyişmir.
Bəzi telekanallar incəsənət
nümayəndələri arasında dedi-qodu meydanına
çevrilir. Bir-birindən narazı olan “sənətçilər”
özlərini təmizə çıxarmaq üçün,
rəqibinin ünvanına hədyanlar yağdırırlar. Bəzən
də müğənni onun haqqında öz fikrini bildirən
jurnalistə hücum çəkərək yumruğunu işə
salır. Tamaşaçılar qarşısında
olduğuna heç əhəmiyyət də vermir. Məhkəmə
şikayətçi jurnalistin məsələsinə baxandan
sonra cəzasız qalan müğənni növbəti dəfə
də verilişə çıxaraq təhqir olunmuş
jurnalistə rişxənd edir. Bəzən də bir
müğənni sözü çəp gələn digər
müğənninin üstünə
şığıyır.
Demək olar ki, bütün
kanallarda qiymətli efir vaxtı uzun müddət
aşbazların ixtiyarına verilir. Verilişi aparanlar rəngarənglik
xatirinə hansısa bir müğənnini yemək
bişirilməsi olayına qatır. Dadlı yeməklərin
qoxusundan az qala ağzının suyu axan müğənni
özünü saxlaya bilməyib gizlincə bu və ya digər
təamdan dadmalı olur. Türkiyə kanalları ilə də
yemək hazırlanması proqramları yayımlanır. Orada
hansısa tanınmış bir aktrisa iştirak etmir. Usta
aşbaz nə və necə hazırladığını
özü izah edir. Bir də ki, yemək qoxusu ətrafa
yayılan bir şəraitdə müğənninin oxuması
hər bir baxımdan məqbul deyil.
Bizim telekanallarda müxtəlif
mövzularda təşkil olunan verilişlər də öz
orijinallığı ilə seçilmir. Belə verilişlərin
hamısında tamaşaçı aparıcını və
studiyanın bir küncünə toplaşmış
tamaşaçıları görür. Həmin
“iştirakçıların” vəzifəsi söylənilən
fikirlərlə razılaşma əlaməti kimi çəpik
çalmaqdır. Bir qayda olaraq, milli-mənəvi dəyərlərimizdən
söhbət açılan verilişlər ya yoxdur, ya da
çox azdır.
Televerilişlərdə
aparıcılar Azərbaycan ədəbi dilinin tələblərinə
əməl etməkdə zəiflik göstərirlər.
Aparıcı öz doğma dilində heç danışa
bilməyən çıxışçını məzəmmət
etmək əvəzinə, onunla başqa dildə
danışmaqdan çəkinmir və bunu normal bir hal hesab
edir.
Aparıcıların bir
çoxunda professionallıq vərdişləri duyulmur. Belələri
öz funksiyasını müəyyən tonallıqda
qışqırıq qoparmaq və yersiz
hoppanıb-düşməklə bitmiş hesab edir.
Uşaqların və yeniyetmələrin
intellektual inkişafı üzrə keyfiyyətli maarifləndirmə
proqramları nümayiş etdirilmir. Bunun əvəzində
heç kimə fayda gətirməyən
(tamaşaçılar nəzərdə tutulmur) yerli-yersiz
verilişlər təşkil olunur. Kanallar dolaşan şit
şoumenlər reallıqdan uzaq verilişləri ilə
tanınır. Onların təşkil etdiyi “Toy kralı” kimi
verilişlər reallıqdan çox uzaq olması ilə yadda
qalmışdır. Deyilənlərə görə, indi də
“Toy kraliçası” proyekti hazırlamaq həvəsinə
düşüblər. Bilirik ki, Maykl Ceksona haqlı olaraq “pop
musiqisi kralı” deyirdilər. Pop musiqiçisi kimi dünyada məşhur
olan Maykl Cekson, doğrudan da, böyük sənətkar idi. O
ki, qaldı “Kral” adına , bu aydın bir həqiqətdir ki,
kral dövlət başçısına deyilir. Ölkə
başçısı hüququna malik olan kral adını
toylarda ələbaxan adamlara vermək məntiqsizlikdir.
Bir dəfə müğənni
İlhamə Quliyeva həmkarı Səməd Səmədova
zarafatla “Sən əsl toylar kralısan” deyəndən sonra, o
özünü bir neçə il “toylar kralı” kimi təqdim
etmişdi. Kamran Həsənlinin bir proyektindən sonra onun kral
adı alınıb Manaf Ağayev adlı birisinə verildi.
Ortaya belə bir sual çıxır: telekanalın rəhbəri
yoxdur ki, hoqqabazlıqlara son qoyulsun?
Uşaqların və yeniyetmələrin
intellektual baxımdan inkişaf etmələri
üçün telekanallarda, demək olar ki, heç bir tədbir
görülmür. Hamının başı
qarışıb “SMS”dən faydalanmağa.
Televerilişlərdə bir və
ya digər olayın baş verməsi barədə məlumatın
gecikdirilməsi faktları da məlumdur. Bir də
görürsən ki, hansısa dövlətin
başçısı səfərini başa vurub gedib, amma
teleefirdə onun rəsmi səfərə gəlməsi barədə
məlumat verilir. Gizlətmək lazım deyil ki, gənclərin
əksəriyyəti, həm də ahıl yaşlı adamlar
doğma ana dilində danışmaqda çətinlik çəkdiklərindən
yeri gəldi-gəlmədi təhriflə ifadə etdikləri
rus kəlmələri işlədirlər. Belə hallara yol
verilməməsindən ötrü telekanallarda yersiz və
lazımsız şouların əvəzinə, görkəmli
dilçilərin iştirakı ilə verilişlər təşkil
edilməsinə ehtiyac var.
Telekanallarda klassik musiqinin təbliğinə,
demək olar ki, diqqət verilmir. Musiqisevərlər Azərbaycan
musiqisindən əcnəbi bəstəkarların
faydalandığından xəbərdardırlar.
Televerilişlərdə heç
kimə tanış olmayan həkimlər dəstəsinin, demək
olar ki, hər gün çıxışları adi hal
alıb. Geniş tamaşaçı auditoriyası
üçün xeyri olmayan “həkim məsləhətləri”nin
əvəzinə, milli musiqimizin əsaslarından və
dünyəvi şöhrətindən bəhs edən
verilişlər təşkil edilməsinə ehtiyac var. Belə
verilişlərdə Corc Bize, Rixard Ştraus, Qlinka və bu kimi
məşhur bəstəkarların
yaradıcılığında milli musiqimizdən istifadə
halları haqqında danışılmalıdır.
Televerilişlərdə tez-tez və
müxtəlif adlarla keçirilən mahnı müsabiqələrində
iştirakçılar arasında başlanan “SMS müharibəsi”
iştirakçı gənclərin psixikasının
pozulmasına gətirib çıxarır. Qohum-əqrabası,
dost-tanışı çox olan, lakin sənətkarlıq
baxımından axsayan iştirakçılar SMS bolluğu sayəsində
istedadlı ifaçıları üstələyirlər. Bəzən
belə suallar da olur: “Görəsən Azərbaycana nə qədər
oxuyan lazımdır ki, bütün kanallar bir-birinin ardınca
mahnı müsabiqələri keçirirlər?” Bunun bir səbəbi
var: SMS qazancı əldə etmək!
Son vaxtlar çoxseriyalı əcnəbi
filmlərin nümayiş etdirilməsi geniş vüsət
aldığından digər daha vacib proqramların işənib
hazırlanmasına əngəl törənir.Vacib proqramlar
dedikdə ən əvvəl gənclərimizin elmi
potensialına güclü təkan verilməsi
üçün görülən tədbirlər planı nəzərdə
tutulur. Hamı bilir ki, Azərbaycanın bütün bölgələrində
istedadlı gənclər çoxdur. Onlara göstərilən
dövlət qayğısı sayəsində ali məktəblərə
yüksək bal toplamaqla daxil olan gənclərimiz gələcəyimizin
elmi potensialının daha da gücləndirilməsinin
qarantıdır. Ali məktəblərə qəbul
imtahanları zamanı 600 və daha artıq bal toplamış
abituriyentlər Prezident təqaüdünə layiq
görülmüşlər. Bu, çox sevindirici haldır.
Lakin, nədənsə, telekanallar istedadlı gənclərin
xalqa təqdim olunması üçün heç bir tədbir
görmürlər.
Hər səhər tekekanallarda
estradamızın “ulduzları” ilə müsahibələrə
geniş efir vaxtı ayrılır. Həmin “ulduzların”
çox bahalı super avtomobillərin sükanı
arxasında oturmaqla intervü verməsi
tamaşaçılarda bir o qədər də xoş əhval
yaratmır. Fikirləşirsən ki, oxumaq səsindən məhrum
olan, kompyuter texnikasının yardımı ilə
ifaçılıq “nümunəsi” göstərən”
müğənnilərin təbliğindən məqsəd nədir?
Həmin “müğənnilər” müsahibə zamanı
özlərinin superavtomobilləri haqqında fəxrlə
danışır və sanki, sadə əməkçi
kütləyə acıq verirlər. Tamaşaçılar
qarşısında yüksək sənət nümayiş
etdirmək əvəzinə öyünmək kimə
lazımdır?
Deyilənlərə görə,
indiki “ifaçılar” telekanallara özlərinin maddi təşəbbüsləri
ilə daxil ola bilirlər. Təkcə ifaçıların
deyil, aparıcıların da öz maşınları
haqqında guya ki, ötəri məlumat vermələri də
adamı qıcıqlandırır. Düşünürsən
ki, teleşirkətlərin aparıcılarının bir
çoxunun maaş hesabına avtomobil almaq imkanları
haradandır? Bu və ya digər televerilişdə
görünən “ifaçıların”
çıxışdan əvvəl və sonra teleşirkət
rəhbərlərinə minnətdarlıq etmələri də
adi hal almışdır.
Teleekranlarda
tamaşaçıları həyati baxımdan maraqlandıran
məsələlərin açıqlanmasına imkan
yaradılmaması da arzuolunmaz haldır. Tamaşaçı nə
qədər oyunbazlıq səviyyəsinə enmiş
aktyorların şit hərəkətlərinin müşahidəçisi
ola bilər. Dünyanın sivil ölkələrinin, o
cümlədən yaxın qonşumuz Rusiyanın
televerilişlərinə baxmaq imkanı olan azərbaycanlı
tamaşaçıların milli telekanalların verilişlərinə
həvəs göstərməməsi də həqiqətdir.
Görəsən, bizim telekanallarda professionallıq
baxımından heç bir ölçüyə gəlməyən
solğun verilişlərdən yaxa qurtarmaq mümkün
olacaqmı?
Bütün telekanallarda bu və
ya digər məsələnin çözülməsi
üçün təşkil olumuş məclislərdə
yeknəsəklik hökm sürür. Tamaşaçı belə
məclislərin iştirakçılarının divan
üstündə oturaraq aparıcının dediklərini dinləmək
məcburiyyətində qaldığının və yeri gələndə
kəkələyə-kəkələyə danışdıqlarının
şahidi olurlar. Belə teleməclislər çox zaman
heç bir nəticə hasil olmadan qurtarır. Moskva
kanallarını seyr edənlər isə belə məclislərin
çox dinamik qaydada və insan amili önə verilməklə
keçirildiyini görürlər. Hətta “Kənd saatı”
mövzusu təqdim olunarkən tamaşaçılar kənd
mənzərələrini seyr etmək imkanı qazanırlar. Əlbəttə
ki, tamaşaçılarla təbii ünsiyyətdə olmaq
imkanı asanlıqla qazanılmır. Çəkilişi həyata
keçirən kollektivlərin üzvləri verilişlərin
baxımlı olması üçün hazırlıq işləri
həyata keçirdiklərindən
tamaşaçıları özlərinə cəlb edə
bilirlər. Bizim telekanallarda yaradıcı kollektivin əsas
işi nəzərdə tutulan adamları dəvət etməklə
qurtarır. Cərgə ilə oturaraq aparıcının
qarşısında dayanan iştirakçıların hətta
nə deyəcəklərinə də maraq itir.
Telekanallarda
tamaşaçıların dünya mədəniyyəti
nümunələri ilə tanışlığı da təbii
alınmır. Buna görə də onlar bu “quru” verilişlərdən
heç nə əxz edə bilmirlər. Azərbaycan
televiziyasının birinci kanalında həftənin beş
günü yayımlanan “İntellekt” verilişi zamanı
tamaşaçıların telestudiya ilə telefon əlaqəsi
birtəhər baş tutandan sonra oyun variantını seçənlərin
böyük əksəriyyətinin verilən suallara cavab
tapmamaları tamaşaçılarla aparılın
elmi-kütləvi işlərin zəifliyindən xəbər
verir.
Bəzi verilişlərdə
aparıcıların və iştirakçıların Azərbaycan
dilində nöqsanlı danışmaları göstərir
ki, ədəbi redaktor qıtlığı var. Əks təqdirdə
aparıcılar yaxud kadr arxasında mətn oxuyanlar “xırda
buynuzlu” (yəni qoyun-quzu), iri buynuzlu mal-qara” (yəni qaramal)
ifadələrini işlətməzdilər, “öküz
döyüşü” (buğa döyüşü əvəzinə),
“yaxşı çıxış alınıb” ( toxum
yaxşı cücərib) və bu kimi ifadələri dillərinə
gətirməzdilər. Bu qəbildən çox misallar gətirmək
olar.
Azərbaycanın opera səhnəsinin
Qərinə Kərimova (dramatik soprano), Şahlar Quliyev
(bariton), İlahə Əfəndiyeva (geniş diapazonlu
lirik-dramatik soprano), Fərid Əliyev (lirik-dramatik tenor), Əvəz
Abdullayev (xoş tembrli və geniş diapazonlu bariton) kimi
tanıqlı sənətkarların və bir sıra
başqalarının konsert proqramları ilə
çıxışlarının təşkil olunmaması
Azərbaycan operasevərlərinin mənəvi tələbatının
ödənilməməsinə və haqlı
narazılığa səbəb olur.
Dinləyici-tamaşaçıya
klassik musiqi nümunələri təqdim olunmaq əvəzinə
elə hey “süni bəstəkarlıq məhsulları” təklif
olunur. Telekonsertlərdə çıxış edən
müğənnilər daim təzə peyda olmuş “bəstəkarların”
heç bir tənqidə gəlməyən
“mahnılarını” oxuyurlar. Bu kimi arzuolunmaz halların
qarşısı nə vaxtsa alınmalıdır.
Muğam müsabiqəsinin qaliblərinin
və diplomantlarının çıxışlarına
geniş yer verilməsi müsbət hal kimi dəyərləndirilməlidir.
Amma hər bir halda qadın ifaçıların kişilərə
məxsus sözlərdən istifadə etmələrinə
yol verilməməlidir. Məsələn, qadın
ifaçının “Saçlarını yan dara qız, ay
qaşı-gözü qara qız, və gəl eylə dərdə
çarə qız”, yaxud “ay qız ölürəm dərdindən”,
“istəsən özüm allam səni” və sair bu kimi əttökən
ifadələr qadının qadına müraciəti kimi
yaxşı təsir bağışlamır. Bu tənqidi
mülahizələr kimisə yerə vurmaq deyil,
televerilişlərin mənəvi dəyərinin
artırılmasına kömək məqsədi
daşıyır. Yaxşı elə yaxşıdır! Gərək
pis də yaxşı olsun!
Bu baxımdan akademik Ramiz Mehdiyev
yuxarıda adı çəkilən məqalədə
günümüzün həlli vacib daha bir məsələsini
gündəmə gətirir: “Son vaxtlar Azərbaycanın
televiziya və radio kanallarının fəaliyyətində
nöqsanların və çatışmazlıqların
artması bu məsələnin ictimai müzakirəyə
çıxarılmasına, problemlərin aradan
qaldırılması üçün tədbirlərin həyata
keçirilməsinə zəmin yaratmışdır”.
Doğrudan da, teleradio məkan milli-mənəvi
varlığımızla sıx bağlıdır və onun
qorunması hava-su hövzəsinin mühafizəsi qədər
önəmli məsələdir.
Arif HÜSEYNOV,
yazıçı-jurnalist
Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 4.