Azərbaycan mədəniyyəti və incəsənətinin
dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun müstəsna
rolu var
Yüksək mədəniyyətə
malik olan xalq həmişə irəli gedəcək, həmişə
yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət
bəşəriyyətin topladığı ən
yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Xalqların və millətlərin
formalaşmasında, dünya miqyasına
çıxmasında mühüm rol oynayan amillərdən
biri də mədəniyyətdir. Mədəniyyət
insanın öz fəaliyyəti prosesində nail olduğu
predmetlər və dəyərlər toplusudur ki, bütün
bunlar da nəsildən-nəsilə ötürülərək
daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə
malik xalq müasir aləmin yeni
çağırışlarına uyğun hərəkət
etməyə və tərəqqi, inkişaf yolunda inamla
addımlamağa qadirdir. Ona görə də mədəniyyətin
təbliği, inkişaf etdirilməsi, qorunub
saxlanılması və gələcək nəsillərə
ötürülməsi çox vacibdir.
Ümummilli lider Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
daim mədəniyyət və incəsənətin
inkişafına böyük qayğı göstərmiş,
bu sahənin nümayəndələrinə fəxri adlar, qiymətli
hədiyyələr vermiş, mədəniyyət müəssisələrinin
bərpasını və yenidən qurulmasını prioritet vəzifə
kimi qarşıya qoymuşdur. Bu gün Azərbaycanın
bütün bölgələrində ulu öndərin
saysız-hesabsız yadigarları var. Bunlar qüdrətli şəxsiyyətin
xalqına, millətinə sonsuz məhəbbətinin təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin
siyasi kursu bu gün uğurla həyata keçir. Dahi şəxsiyyətin
ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev
və Heydər Əliyev Fondu, fondun prezidenti Mehriban xanım Əliyeva
tərəfindən böyük müvəffəqiyyətlə
davam etdirilir. Mən bu yazımda Heydər Əliyev Fondunun mədəniyyət
və incəsənət sahəsindəki fəaliyyətindən
söhbət açmaq istəyirəm. Sözsüz
ki, fondun beş il ərzində yalnız mədəniyyət
və incəsənət sahəsində gördüyü
işlərdən, beynəlxalq aləmin diqqətinin ölkəmizə
cəlb olunmasından, Azərbaycan mədəniyyəti və
incəsənətinin dünyaya inteqrasiyasındakı yorulmaz
fəaliyyətindən cild-cild əsərlər
yazılsa yenə də azdır. Hər halda, bəzi məqamları
diqqətə çatdırmağı özümə borc
bilirəm.
Beş illik fəaliyyəti
dövründə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
inkişafı istiqamətində həyata keçirdiyi iri
miqyaslı tədbirlər həm ölkəmizdə, həm də
beynəlxalq aləmdə böyük rezonans doğurub. Azərbaycanın birinci xanımının rəhbərlik
etdiyi fond son beş il ərzində xalqımızın taleyi
üçün misilsiz əhəmiyyət kəsb edən mədəniyyət
və incəsənətin bütün sahələrinin
inkişafını diqqətdə saxlayıb. Onun təşəbbüsü
ilə Azərbaycan mədəniyyəti və incəsənəti
ilə bağlı irimiqyaslı layihələr uğurla
reallaşdırılıb. Bu layihələr mədəniyyətimizi
dünya miqyasında təbliğ edib və tanıdıb. Onu
da qeyd edim ki, fondun Azərbaycan mədəniyyətinin
inkişafı istiqamətində həyata keçirdiyi layihələrin,
fəaliyyətin kökündə xalqa bağlılıq,
milli-mənəvi dəyərələrə sadiqlik
dayanır. Ulu öndərin dövlətçilik
irsini öyrənən və təbliğ edən,
irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək
verən Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti
dövründə mədəniyyətin inkişafının
xüsusi yer tutması təsadüfi deyil. Artıq Azərbaycan
mədəniyyəti, incəsənəti, muğamı beynəlxalq
aləmdə özünəməxsus yer tutub. Mən
Pakistanın aparıcı kütləvi informasiya vasitəsi
olan “Pakistan Observer” qəzetində dərc olunmuş məqalədən
bir məqamı oxucuların diqqətinə çatdırmaq
istərdim. Həmin məqalədə deyilir: “Mehriban
xanım mədəniyyət, təhsil və idman sahələrində
həyata keçirilən böyük layihələrin təşəbbüskarıdır.
1995-ci ildən bəri ” Azərbaycan Mədəniyyətinin
Dostları" Fondu vasitəsilə Mehriban xanım ölkəsinin
mədəni zənginliyi haqqında dünya miqyasında təbliğatın daha da genişləndirilməsi,
eləcə də festivallar, sərgilər, konsert və digər
mədəniyyət tədbirlərinin həyata keçirilməsi
təşəbbüsü ilə çıxış etməklə
bu zənginliyin milli və regional səviyyələrdə
qorunması istiqamətində mühüm işlər
görmüşdür. Mehriban xanımın təşəbbüsü
ilə Azərbaycan muğamının inkişaf etdirilməsi
məqsədilə Bakıda Muğam Mərkəzi də
yaradılıb". Qəzet həmçinin
yazır ki, Mehriban xanımın təşəbbüsü ilə
Niaqarada beynəlxalq səviyyədə genişmiqyaslı mədəni
tədbir – “Azərbaycan Muğam günləri”nin keçirilməsi
Şimali Amerikanın mədəni həyatının
mühüm hadisələrindən birinə
çevrilmişdir.
Heydər Əliyev Fondu Azərbaycanı
mədəniyyətlərarası dialoq-barış məkanına
çevirib. Mədəniyyətin inkişafı, dünyaya
inteqarsiya etməsi, mədəniyyətə qayğı Heydər
Əliyev Fondunun milli-mənəvi irsə necə böyük
həssaslıqla yanaşdığını göstərir. Xüsusilə Azərbaycan muğamının
dünyada tanınmasında fondun fəaliyyəti yüksək
dəyərlərə layiqdir. 2005-ci ildən başlayaraq
xalqımızın musiqi incilərindən olan muğamın
inkişafı və təbliği ilə bağlı
mühüm əhəmiyyət kəsb edən tədbirlər
həyata keçirildi. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə görkəmli muğam ustaları dəvət olunmaqla
“dəyirmi masa” keçirildi və burada qərara
alındı ki, Bakı şəhərində Beynəlxalq
Muğam Mərkəzi yaradılsın. Bir müddət sonra
Beynəlxalq Muğam Mərkəzinin təntənəli
açılışı oldu. Muğam sənətinin
inkişafı və qorunması istiqamətində atılan
növbəti addım “Qarabağ xanəndələri” musiqi
albomunun nəfis şəkildə buraxılması oldu. Fondun
təşəbbüsü ilə keçirilən “Muğam
dünyası” Beynəlxalq Festivalda isə dünyanın
muğam biliciləri Azərbaycana toplaşaraq muğamın
qorunub saxlanılması və inkişaf etdirilməsi barədə
fikir mübadiləsi apardılar. Milli sərvətimiz,
mənəvi dəyərlərimizin
daşıyıcısı olan muğamın təbliğində
Heydər Əliyev Fondunun başladığı işlərin
bəhrəsi olaraq mədəniyyətlərarası dialoq
start götürdü. Beynəlxalq elmi simpoziumda və Beynəlxalq
Muğam müsabiqəsində İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan,
Qazaxıstan, Misir, Türkiyə, Almaniya və başqa ölkələrin
muğam ustaları bir araya gələrək doğma
respublikamızın paytaxtı Bakını muğam sənətinin
tarixində yeni bir mərhələnin
başlanğıcının yazıldığı məkana
çevirdilər. Analoqu olmayan bu mədəniyyət
proqramı dünyanın tanınmış muğam biliciləri
tərəfindən çox yüksək qiymətləndirildi.
Bütün bunlar Azərbaycan xalqının mədəni
irsinin qorunmasında və beynəlxalq aləmin diqqətinə
çatdırılmasında, həmçinin təbliğində
böyük əhəmiyyət kəsb edir. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev də “Muğam dünyası”
Beynəlxalq Festivalın açılış mərasimində
qeyd etdi ki, muğam Azərbaycanın milli sərvətidir.
Milli mədəniyyətimizin
və xalq sənətinin, o cümlədən Şərqin ən
qiymətli incisi sayılan muğamın qorunub
saxlanılmasında və inkişaf etdirilməsində
müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
dünyanın ən tanınmış muğam alimlərinin
də iştirak etdikləri həmin tədbirdəki
çıxışında demişdir: “Muğam hər bir azərbaycanlının
həyatına az qala doğulduğu andan daxil olur. Bu heyrətamiz
musiqi bütün hallarda bizim daxili ovqatımıza uyğun gəlir.
O, həmişə yerinə düşür – kədərli və
qüssəli anlarımızda da, sevinc və sevgi
duyğuları aşıb-daşanda da. Bəli, muğam bizi
həyatımızın əvvəlindən sonuna qədər
daim müşayiət edir. Muğam fenomeni də məhz ondan
ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət
etmiş, ona ən qədim dövrlərdən bu günə
və gələcəyə körpü olmuşdur. Həqiqətən
də ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız
təsəvvür etmək çətindir”.
Muğamın
dünya səviyyəsində tanınmasında, eyni zamanda,
milli-mədəni incilərimizin daha geniş təbliğ
olunmasında böyük əhəmiyyət kəsb edən
belə beynəlxalq səviyyəli tədbirlər
yaddaşlarda uzun müddət qalacaq. Çünki məhz bu
tədbirlər sayəsində muğamımız, ümumiyyətlə,
Azərbaycan mədəniyyəti və incəsənəti
çox böyük uğurla dünyaya inteqrasiya
olunmuşdur. Azərbaycan muğamı dünyanın musiqi
inciləri sırasında özünəməxsus yer
tutmuşdur. Onu da qeyd edim ki, Azərbaycan mədəniyyətinin
dünyaya uğurlu inteqrasiya olunmasında fondun böyük əhəmiyyət
kəsb edən tədbirləri bir-birini əvəz
etmişdir. Fondun dəstəyi ilə dünya mədəniyyəti
yenidən Azərbaycanda bir araya gəldi. Mən bu
yaxınlarda Qəbələ rayonunda keçirilən Beynəlxalq
Musiqi Festivalı və pianoçuların beynəlxalq
müsabiqəsini nəzərdə tuturam. Dünyanın
16 ölkəsindən – ABŞ, Fransa, İsrail, Meksika,
Polşa, Rusiya, İtaliya, İspaniya və digər inkişaf
etmiş dövlətlərdən gəlmiş məşhur
musiqiçilərin iştirak etdiyi bu yüksək səviyyəli
tədbir müxtəlif mədəniyyət sahibləri olan
çoxsaylı musiqi ustadlarını yenə də Azərbaycanda
bir araya gətirdi. Azərbaycan mədəniyyətinin təbliğində
müstəsna rol oynayan bu festival həm də ölkəmizin
musiqi ənənələrinin dünyada
tanıdılmasında böyük əhəmiyyət kəsb
edirdi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva festival
iştirakçılarına göndərdiyi təbrik məktubunda
yazırdı: “Dünyanın
tanınmış musiqi xadimlərinin iştirakı ilə
keçirilən Qəbələ Beynəlxalq Musiqi
Festivalı və pianoçuların beynəlxalq müsabiqəsi
yeni istedadların aşkara çıxarılmasına, gənclərin
peşəkarlarla görüşünə və onların sənətin
incəliklərini öyrənməsinə imkan verəcəkdir.
Festival çərçivəsində məşhur
pianoçuların təşkil edəcəyi ustad dərsləri
gənc musiqiçilər üçün böyük
töhfə olacaqdır”.
Bu tədbiri Beynəlxalq Muğam
Festivalının davamı kimi dəyərləndirən
tanınmış ekspertlərin fikrincə, belə müsabiqələrin
keçirilməsi Azərbaycanı mədəniyyətlərarası
dialoq-barış məkanına çevirir. Bununla
yanaşı, dahi bəstəkarlarımızın,
tanınmış mədəniyyət və incəsənət
xadimlərimizin yubiley tədbirlərinin təntənəli
keçirilməsi mədəniyyətimizə, klassik musiqi mədəniyyətimizə
hörmət və ehtiramın nəticəsidir.
Dünya şöhrətli D.Şostakoviçin yubiley gecəsi,
artıq ənənə halını almış beynəlxalq
Rostropoviç musiqi festivalları Heydər Əliyev Fondunun
adı ilə bağlıdır. Belə tədbirlərdə
Azərbaycanla yanaşı Amerika, İtaliya, Fransa kimi ölkələrin
tanınmış musiqiçiləri və
dirijorlarının da çıxış etməsi ölkəmizin
yüksək musiqi mədəniyyətinə malik olmasından
xəbər verir.
Heydər Əliyev Fondu Azərbaycanın
mədəniyyət tarixində silinməz iz buraxacaq layihələrin
həyata keçirilməsində fəaliyyətini davam
etdirir. Belə layihələr Azərbaycan mədəniyyətinə
öz töhfəsini verən sənətkarlara, mədəniyyət
nümayəndələrinə səmərəli fəaliyyət
göstərmək üçün geniş imkanlar, əlverişli
şərait yaradır. Azərbaycan mədəniyyətinin
beynəlxalq aləmdə tanınması ilə yanaşı,
xalqımızın dünya musiqi mədəniyyətinə
yaxından bələd olması istiqamətində davamlı
iş gedir. Heydər Əliyev Fondu, şəxsən
fondun prezidenti Mehriban xanım Əliyeva təkcə Azərbaycanda
deyil, eləcə də beynəlxalq mədəni proseslərdə
yaxından iştirak edir, xüsusilə mədəniyyətlərarası
dialoqla bağlı təşəbbüslərə xüsusi
diqqət göstərir. Onun qayğısı və təşəbbüsü
ilə mədəni müxtəlifliyə, mədəniyyətlər
və dinlərarası dialoqa həsr edilmiş nüfuzlu beynəlxalq
konfranslar təşkil olunub. Bakıda keçirilən
qadınların mədəniyyətlər və dinlərarası
dialoqda rolunun artırılmasına dair beynəlxalq konfrans
xüsusilə qeyd olunmalıdır. Onu da qeyd edək ki, bu
konfrans beynəlxalq aləmdə də yüksək qiymətləndirilib.
Tarixi-dini, mədəni abidələrin qorunması və bərpası
həmişə fondun prezidentinin diqqət mərkəzində
olub. Fond, həmçinin digər dinlərə və mədəniyyətlərə
məxsus abidələrin də bərpasına böyük
qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun
Fransanın Versal sarayında iki abidənin də bərpasına
maliyyə dəstəyi verməsi mədəniyyətə
olan qayğının bariz nümunəsidir. Beynəlxalq
miqyasda böyük layihələrin həyata keçirilməsi
təkcə bununla kifayətlənmir. Strasburq şəhərinin
meri Rolan Risin dedikləri də bunu təsdiqləyir. O deyib:
“Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin təmirinə
ayırdığı maliyyə yardımı səxavətli
bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə
verdiyi töhfə kimi qiymətləndirilir. Azərbaycan Avropa
Şurasının üzvüdür. Azərbaycan öz mədəni
irsinə diqqət göstərməklə yanaşı,
Avropa mədəni irsinə də diqqət və qayğı
göstərir. Orta əsrlərdə xristianlığın ən
yüksək kilsəsi olan Strasburq Kafedral kilsəsi də
Avropa mədəni irsinin bir parçasıdır. Mədəniyyət
sahəsində fəal iştirak edən Heydər Əliyev
Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin
formalaşması və təşviqinə böyük diqqət
göstərir. Bu təqdirəlayiqdir”.
Heydər Əliyev
Fondunun Azərbaycan mədəniyyətinin və incəsənətinin
daha da inkişaf etdirilməsi və dünyaya inteqrasiya etməsi
istiqamətindəki yorulmaz fəaliyyətindən yazmaqla
qurtaran deyil. İnanırıq ki, Azərbaycan yaxın gələcəkdə
bu sahədə dünyanın inkişaf etmiş dövlətləri ilə bir cərgədə
olacaq.
Ziyafət HƏBİBOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyası elmi kitabxanasının müdiri,
Azərbaycan Milli Elmlər
Akademiyası Folklor İnstitutunun dissertantı
Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 3.