Azərbaycan iqtisadiyyatının inkişafında “Xalq qəzeti”nin
rolu böyükdür
Bu qəzet həmişə
yeni həyat uğrunda çarpışmaların
önündə getmişdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
134 illik tarixə malik milli mətbuatımızda
önəmli yeri olan “Xalq qəzeti” son 90 il ərzində fasiləsiz
çıxmış yeganə gündəlik anadilli nəşrdir.
29 avqust 1919-cu ildə ilk nömrəsi çapdan
çıxmış bu nəşr öz oxucularının
görüşünə “Kommunist” adı ilə gəlmiş
və bu adla 1991-ci ilədək, 1991-ci ildən
etibarən isə “Xalq qəzeti” adı ilə çap
olunmuşdur. Həm də Azərbaycan Respublikasının
dövlət müstəqilliyini düz 56 gün
qabaqlamışdır. Bəli, hər zaman
öz operativ və çevik iş bacarığına malik,
uzun illik təcrübə nəticəsində yüksək
jurnalistlik keyfiyyətlərinə yiyələnmiş
kollektivi ilə seçilmiş “Xaql qəzeti” öz müstəqilliyinə
imza atmaqla dövlət müstəqilliyimizi 56 gün
qabaqlamışdır.
İstər sovet
dövründə, istərsə də müstəqillik illərində
rəsmi dairələrin mətbu orqanı kimi nəşr
edılən “Xalq qəzeti” həmişə cəmiyyətin
maraqlarını əks etdirmiş, xüsusilə savadsızlığın
ləğvinə, cəmiyyətdə bərabərliyin təmin
edilməsinə, mədəni-kütləvi tədbirlərin
geniş işıqlandırılmasına, eləcə də
xalqımızın ədəbi-mədəni irsinin təbliğinə
çalışmışdır. 1991-ci ildən etibarən
isə, sözün əsl mənasında, dövlət
müstəqilliyinin möhkəmlənməsi və Azərbaycan
Respublikasının hərtərəfli inkişaf etmiş bir
ölkəyə çevrilməsi üçün bir mətbu
orqanın görə biləcəyindən dəfələrlə
artıq iş görmüş, bu yolda yorulmadan
çalışmış və genişmiqyaslı
uğurlara imza atmış “Xalq qəzeti” öz
yazıları ilə xalqımızın düşüncəsində
“Əkinçi” ənənələrini davam etdirərək
xalqımızın 90 illik tarixinin silinməz və parlaq
aynasına çevrilmişdir.
Təbii ki, son dövrlər
cəmiyyətin və dövlətin inkişafında mətbuatın
rolu daha da güclənmişdir. Bu da ondan irəli gəlir ki,
yaşadığımız qloballaşma şəraitinin
özünəməxsus xüsusiyyətləri mövcuddur. Xüsusilə
nəzərə alsaq ki, XXI əsr həm də informasiya əsri
adlandırılır, onda müasir dövrümüzdə
informasiyanın əhəmiyyətini daha aydın təsəvvür
etmək olar. İstənilən inkişaf prosesində
vaxtında, dəqiq və tam əldə edilmiş
informasiyanın xüsusi əhəmiyyyəti vardır. Başqa
sözlə desək, lazımi informasıyalara malik olmadan gələcək
perspektivlərə nail olmaq qeyri-mümkündür. Bu mənada,
Azərbaycan Respublikasının, onun ayrı-ayrı
regionlarının sosial-iqtisadi inkişafında cəmiyyəti
vaxtında və dəqiq informasiya ilə təmin edən
“Xalq qəzeti”nin əhəmiyyəti danılmazdır. Ümummilli
liderimiz Heydər Əliyevin sözləri ilə desək “Xalq
qəzeti” mənalı yaradıcılıq yolu
keçmiş, özünəməxsus üslub və sənətkarlıq
xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun
müddət “Kommunist” adı ilə nəşr edılən
bu qəzet bütün Sovet dövrü ərzində Azərbaycanın
ictimai, iqtisadi və mədəni həyatının
güzgüsü olmuşdur...”.
Azərbaycan
xalqının və dövlətinin bir əsrlik tarixini
özündə əks etdirən “Xalq qəzeti” 72 il
“Kommunist” adı altında çıxaraq ötən əsrin
əvvəllərində dünyada baş verən hadisələri
olduğu kımi işıqlandırmış, ölkədə
savadsızlığın aradan qaldırılması, cəmiyyətin dolğun və dəqiq
informasiya ilə təmin edilməsi, eləcə də ana
dilimizin saflığı uğrunda mübarizənin ön
sıralarında olmuşdur. Hələ II
Dünya müharibəsi zamanı faşizmə qarşı
aparılan ölüm-dirim mübarizəsində Azərbaycan
xalqının igid övladlarının həm arxa, həm də
ön cəbhələrdə göstərdikləri misilsiz qəhrəmanlıqları
tam dolğunluğu ilə
işıqlandırmışdır. Qəzet müharibədən
sonrakı illərdə də öz operativliyini qoruyub
saxlamış və daha gücləndirmişdir. Bu səbəbdəndir
ki, istər sovet dövründə, istərsə də
müstəqillik illərində bu qəzet ölkə
iqtisadiyyatının inkişafında mühüm rol
oynamışdır.
Ümummilli lider Heydər Əliyevin
Azərbaycana ilk rəhbərliyi dövründə (1969-1982-ci
illər) qəzet, sözün əsl mənasında ulu
öndərin ideyalarının həyata keçirilməsində
mübariz tribunaya çevrilmişdi. Onun səhifələrində
neqativ hallara qarşı barışmaz mübarizə ciddi
xarakter almış, respublikanın həyatında baş verən
müsbət dəyişikliklər geniş təbliğ
olunmuşdur. Bütün bunları nəzərə
alan dahi Heydər Əliyev hakimiyyətə gəlişinin ilk
dövrlərində qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsində mətbuatın gücünə
inandığını bildirmiş və mətbu
orqanların inkişafı istiqamətində müvafiq qərarlar
qəbul etmişdir. Ulu öndər tərəfindən
qəbul edilən ciddi və düşünülmüş qərarlar
qəzetin nüfuzunun artmasına səbəb olmuş, eləcə
də onun üzərinə daha məsuliyyətli vəzifələr
qoymuşdur. Məhz ümummilli lider Heydər Əliyevin
gündəlik qayğısı sayəsində xalqın qəzeti
statusunu qazanmış bu mətbuat orqanı Azərbaycanda
kütləviliyi ilə seçilmiş, tirajını bir
neçə dəfə artıraraq özünəməxsus
dəsti-xəttini qoruyub saxlamışdır.
Tarixi materiallardan aydın
olur ki, qəzetin səhifələrində
işıqlandırılan hər hansı təşəbbüs
qısa zaman kəsiyində bütün ölkəyə
yayılır və cəmiyyət tərəfindən dəstəklənərək
böyük bir hərəkata çevrilirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, “Xalq qəzeti”nin
ən qaynar, maraqlı və təkmilləşmə
dövrü ümummilli liderimiz Heydər Əliyevin birinci dəfə
Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf
edir. Həmin illərdə ölkə
iqtisadiyyatının bütün sahələrində
geniş quruculuq işləri aparılır, yeni müəssisələr
yaradılır, eləcə də ölkədə cərəyan
edən iqtisadi proseslər dərhal obyektiv
işıqlandırılırdı. Ümumiyyətlə, istər
SSRİ vaxtında, istərsə də müstəqillik
illərində dahi Heydər Əliyevin Azərbaycana rəhbərliyi
elə bir dövrə təsadüf etmişdir ki, sanki
xarabalıqlar üzərində yeni bir məmləkət
qurulur, sözün əsl mənasında, ölkəmiz cənnətə
çevrilirdi. Vaxtilə keçmiş
İttıfaqın ən geridə qalmış
respublikalarından biri olan Azərbaycan məhz ümummilli
lider Heydər Əlıyevin rəhbərliyi dövründə
ildən-ilə öz simasını dəyişir,
iqtisadiyyatını, elmini, mədəniyyətini, incəsənətini
və ədəbiyyatını inkişaf etdirərək,
qabaqcıllar sırasına
çıxırdı. Bütün bu müsbət dəyışikliklərin
baş memarı olan dahi Heydər Əliyev çox
yaxşı bilirdi ki, ölkədə görülən nəhəng
işlərin, həyata keçirilən möhtəşəm
layihələrin müvəffəqiyyətlə
reallaşması üçün xalqı səfərbər
edə biləcək mətbuat orqanının
mövcudluğu zəruridir.
Azərbaycan Respublikasının
iqtisadi inkişafında mətbuatın, xüsusilə “Xalq qəzeti”nin
əhəmiyyətini sübut edən başqa bir fikir isə
qəzetin 50 illik yubileyində, yenə də ümummilli lider
tərəfindən səsləndirilmişdir. Hələ
bütün SSRİ-də dövlət dilinin rus dili olduğu
bir vaxtda ümummilli lider Heydər Əliyev doğma Azərbaycan
dilində çıxış edərək demişdir:
“...Çoxlarının yaxşı yadında olar ki, bir
vaxtlar Bakı fəhlələri vətənpərvərcəsinə
belə bir mübariz şüar irəli
sürmüşdürlər: “Neft beşilliyini iki il
yarıma yerinə yetirək!” Qəzet də o
zaman böyük Sovetlər ölkəsinə son dərəcə
lazım olan neftlə, obrazlı desək, nəfəs
alır, şanlı Bakı neftçiləri ilə birlikdə
əmək növbəsində durur, neft quyuları qazmaqda,
neft fontanlarını ram etməkdə onlara kömək
edirdi...”
Dahi Heydər Əliyevin söylədiyi
bu fikirlər “Xalq qəzeti”nin ölkənin iqtisadi
inkişafındakı rolunu açıq-aydın göstərir.
Ulu öndər Heydər
Əliyev tərəfindən qəzetin fəaliyyətinə
verilən belə yüksək qiymət ölkədə gedən
yenidənqurma proseslərini daha operativ və maraqlı
işıqlandırmaqda qəzetin yaradıcı kollektivinə
əlavə güc verir, onu öz işlərində daha məsuliyyətli,
obyektiv və operativ olmağa sövq edirdi.
Bu günlərdə M.F.Axundov
adına Mərkəzi Kitabxanada “Xalq qəzeti”nin
keçmiş nömrələri ilə tanış olduq. Bu nömrələri vərəqlədikcə,
1970-80-cı illərdə Azərbaycanda tikilib istıfadəyə
verilən yeni sənaye müəssisələrinin, təzə
yaşayış massivlərinin, müxtəlif istiqamətləri
əhatə edən yeni istehsal obyektlərinin geniş
panoramına rast gəlirik. O illərdə
aqrar sektorda əldə olunan nailiyyətlər,
pambıqçılıq, üzümçülük
istehsalında qazanılan uğurlar, sənaye, kənd təsərrüfatı,
tikinti-quruculuq sahələrində irəli sürülən
təşəbbüslər qəzetin baş mövzusuna
çevrilmişdi. Eyni zamanda, müxtəlif
vacib obyektlərdə qəzetin müxbir postları fəaliyyət
göstərmiş, eləcə də ölkə
iqtisadiyyatını möhkəmlətmək
üçün aparılan planlı yenidənqurma işləri
aidiyyatı şöbələr tərəfindən nəzarətə
götürülmüdü. Keçmiş nömrələri
vərəqlədikcə metro tikintisindən verilən
reportajlar, kondisioner zavodunun tikintisi, yeni, daha müasir neft-kimya
sənayesi müəssisələrinin inşası və s.
haqqında dərc olunan materiallar diqqəti cəlb edir.
“Xalq qəzeti”ni fərqləndirən,
onun ölkənin iqtisadi inkişafında əhəmiyyətini
daha artıran xüsusiyyətlərdən biri də o illərin
qabaqcıllarının və yenilikçilərinin təcrübəsinin
ümumiləşdirilərək geniş ictimaiyyətə
çatdırılmasıdır. Eləcə də bir çox vətənpərvərlik
təşəbbüsləri ilk olaraq ünvanını məhz
bu qəzetdə tapırdı. Bütün bunlar da
stimullaşdırıcı amilə çevrilməklə əldə
edilən uğurların artmasına təkan verirdi.
İstər
keçmişdə, istərsə də müasir qəzet
bolluğunda özünəməxsus dəst-xətti,
aydın və prinsipial mövqeyi ilə seçilən,
yarandığı gündən xalqın müstəqillik,
azadlıq ideallarının tərənnümçüsü,
təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanan, ölkədə
həyata keçirilən və ya keçiriləcək bir
çox iqtisadi tədbirlərin təşəbbüskarı
olan “Xalq qəzeti” doğma ana dilimizdə çıxan ən
uzunömürlü mətbuat orqanıdır. Eyni
zamanda, qeyd etmək lazımdır ki, bir əsrə yaxın
müddətdə “Xalq qəzeti” xalqımıza, Vətənimizə
vicdanla xidmət edən azsaylı mətbu orqanlardan biridir və
bu da qəzet kollektivinin həmişə dövlətə,
dövlətçiliyə, xalqımızın tarixinə,
milli-mənəvi dəyərlərinə, dilinə,
dininə, adət və ənənələrinə
sadiqliyinin nəticəsidir. Keçmişdə
olduğu kimi, indi də qəzet istər ayrı-ayrı
bölgələrdə mövcud problemlərin
işıqlandırılmasında, istərsə də
ölkədə və ya regionlarda sosial, iqtisadi, mədəni
və s. sahələrdə əldə edilmiş
uğurların geniş təbliğ olunmasında, eləcə
də qarşıya qoyulmuş vəzifələrin
müvəffəqiyyətlə icrasına ictimai nəzarətin
həyata keçirilməsində öncül mövqedədir.
Bütün bunlar isə mətbuatın dördüncü
hakimiyyət adlandırılmasını şərtləndirən
əsas amillərdir ki, bu yolda da “Xalq” qəzeti üzərinə
düşən vəzifənin öhdəsindən layiqincə
və şərəflə gəlir.
Son dövrlər “Xalq qəzeti”
gündəlik ictimai-siyasi qəzet olsa da, elmi məqalələrin
nəşrinə geniş yer verir. Qəzetin səhifələrində
tez-tez görkəmli elm adamlarının, gənc tədqiqatçıların,
müxtəlif sahələrin mütəxəssislərinin
fikir və mülahizələri çap edilir. Konkret
olaraq iqtisadi sferada cərəyan edən proseslər,
regionların, o cümlədən ayrı-ayrı inzibati
rayonların sosial-iqtisadi inkişafı, qəbul edilən
Dövlət Proqramlarının icra vəziyyəti, milli
iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf səviyyəsini
xarakterizə edən dolğun materialların şərhinə məhz bu qəzetdə rast gəlmək
mümkündür. Əlbəttə, bütün bunların
əsas səbəblərindən biri mətbuata dövlət
qayğısıdırsa, başqa bir səbəbi qəzet
kollektivinin kifayət qədər işgüzar və təcrübəli
olmasıdır. Qəzetin bütün ölkədə
cərəyan edən proseslər, keçirilən tədbirlər,
elmi müşavirə və konfranslar haqqında dərhal və
geniş materiallar əldə etməsi kollektivin
çevikliyinin bəhrəsi olmaqla yanaşı, həm də
ölkənin aparıcı bir mətbu orqanının elmə,
təhsilə, mədəniyyətə,
iqtisadiyyata və s. göstərdiyi qayğının parlaq
nümunəsidir. Ölkə iqtisadiyyatı barədə
obyektiv və genişmiqyaslı təhlillər aparan, milli
iqtisadiyyatın müxtəlif sahələrində həyata
keçirilən tikinti - quruculuq işlərini və
islahatları dolğun işıqlandıran “Xalq qəzeti” həm
də iqtisadçı alimlərin mötəbər
tribunasına çevrilmişdir. Qəzet həm
alimlərin həyat və yaradıcılıq yolunu
işıqlandırmaqla gəncləri elmə-təhsilə həvəsləndirir,
həm onları unudulmağa qoymur, həm də elmi sahələrdə
əldə edilən nailiyyətləri cəmiyyətə
çatdıdırmaq kimi şərəfli bir işi icra edir.
Müxtəlif dövrlərdə qəzetdə gedən
yazılarla tanış olduqda qeyd edilənlər bir daha
öz təsdiqini tapır. Qəzetin 24 may 2008-ci
tarixli nömrəsində hörmətli akademiklərimiz
A.Nadirov və Z.Səmədzadənin iqtisad elminin müdrik
ağsaqqalı, xeyirxah insan və əsl alim olan akademik Ə.Mahmudovun
anadan olmasının 85 illiyinə həsr edilmiş məqalələri
dərc olunmuşdur. Məqalədə alimin elmi
yaradıcılıq yolu, iqtisad elminin inkişafında, eləcə
də iqtisadçı kadrların yetişdirilməsində
göstərdiyi xidmətlər
işıqlandırılmışdır. Məqalə
ilə tanışlıqdan aydın olur ki, görkəmli alim
və yüksək təşkilatçılıq qabiliyyətinə
malik Ə.Mahmudov AMEA İqtisadiyyat İnstitutuna rəhbərlik
etdiyi dövrlərdə iqtisadiyyatın idarə edilməsinin
səmərəli sisteminin yaradılması, Azərbaycanın
xalq təsərrüfatının inkişafı ilə
bağlı elmi araşdırmaların aparılması,
iqtisad elminin Azərbaycan xalqının mənafeyinə
uyğunlaşdırılması istiqamətində cəsarətli
qərarlar qəbul edərək ciddi addımlar
atmışdır. Məhz bunun nəticəsidir ki, 1970-ci illərdə
artıq Azərbaycanda iqtisad elminin bir neçə
mühüm istiqaməti üzrə elmi məktəblər
formalaşmışdır. Eyni zamanda, uzun illər
akademik Əhməd Mahmudov və akademik Əlisöhbət
Sumbatzadənin rəhbərlik etdiyi Müdafiə
Şurasında məhz bu nəcib insanların köməyi ilə
neçə-neçə azərbaycanlı gənc elmi iş
müdafiə edərək alimlik dərəcəsi
almış, iqtisad elminin və iqtisadiyyatın inkışafına
öz töhfələrini vermişlər. “Azərbaycan
iqtisad elminin müdrik ağsaqqalı, böyük alim və
elm təşkilatçısı” adlı məqalədə
də qeyd olunduğu kimi: “Azərbaycan iqtisad
elmi möhkəm sütunlar üzərində qurulmuşdur və
bu sütunların formalaşmasında akademik Əhməd
Mahmudovun müstəsna xidmətləri olmuşdur. Əhməd
Mahmudov və onun silahdaşlarının
formalaşdırdığı, inkışaf etdirdiyi Azərbaycan
iqtisad elmi yaşayır və bundan sonra da yaşayacaq.
Doğma vətənımızin dirçəlişinə
kömək edəcəkdir. Çünki onun əsl vətəndaş,
alim akademik Ə.Mahmudov kimi ağsaqqalı olub”. Bəli,
iqtisad elminin yaşamasında görkəmli alimlərimizin
xidmətləri danılmazdır. Bu mənada hər
zaman iqtisadçılar üçün doğma olan, öz səhifələrində
elm adamlarına daim xüsusi yer ayıran və Azərbaycan
Respublıkasının sosial-iqtisadi inkişafı istiqamətində
elmi ictimaiyyətlə çiyin-çiyinə
çalışan “Xalq qəzeti” kollektivinin xidmətləri
də unudulmamalıdır. 90 illik yubileyi günlərində bu xidmətləri bir daha xatırlamaq
bəlkə də qəzetin yüksək intellektual səviyyəyə
malik vətənpərvər kollektivi üçün
xırda bir təbrik olardı. Müxtəlif dövrlərdə
Azərbaycan hökuməti tərəfindən lazımi qiymət
verilmiş bu xidmətlərin elmi ictimaiyyət tərəfindən
də sadəcə xatırlanması yerinə düşərdi.
“Xalq qəzeti”nin elm adamlarına diqqət və
qayğısının bir nümunəsi də qəzetin 8
yanvar 2006-cı il tarixli sayında işıq üzü
görmüş “Zəhmətkeş alim, böyük
ziyalı”adlı məqalədir. AMEA - nın
müxbir üzvü, iqtisad elmləri doktoru, əməkdar elm
xadimi, professor, həmkarlarının və tələbələrinin
xatırində çox yüksək mədəniyyətə
malik ziyalı və təvazökar insan, həmişə
yenılik axtaran islahatçı alim kimi yaşayan Teymur Vəliyevə
həsr edilmiş bu məqalə qəzetin iqtisad elminin
inkişafında göstərdiyi xidmətlərdən biridir.
Gənc alimlər, xüsusilə
iqtisadçı alimlər üçün həyat və
yaradıcılığı əsl nümunə və
örnək olan gökəmli professor Teymur Vəliyev
haqqında belə bir materialın qəzetdə
işıqlandırılması gənc
iqtisadçıları daha geniş miqyaslı, fundamental elmi
araşdırmalar aparmağa həvəsləndirir, eləcə
də ömrünün müdriklik çağlarını
yaşayan bütün elm adamlarının fəaliyyətini
stimullaşdırır.
“Xalq qəzeti”nin
elm adamlarına, iqtisadçı alimlərə doğma
münasibətinin bir nümunəsi də qəzetin 20 iyul
2008-ci il tarixli nömrəsində işıq üzü
görmüş “İqtisad elmində yeni təfəkkürün
görkəmli təmsilçisi” adlı məqalədir. Məqalə Azərbaycanın
görkəmli iqtisadçı alimi, qısa ömür
yolunda çoxsaylı elmi nailiyyətlərə imza
atmış, sənayenin aparıcı qollarından olan
maşınqayırma sahəsinin inkişaf etdirilməsinə
dair fundamental elmi araşdırmalar aparmış Sofiq Kəlbi
oğlu Hüseynova həsr olunmuşdur. Materialla
tanışlıqdan sonra aydın olur ki, müxtəlif
dövrlərdə ayrı-ayrı vəzifələrdə
çalışan, eyni zamanda paralel olaraq elmi
araşdırmalarını davam etdirən S.Hüseynov həm
də “Azərbaycan Respublikası iqtisadiyyatının stabilləşdirilməsi
və radikal iqtisadi islahatların həyata keçirilməsi
Proqramı”nın müəllifi olmuşdur. Müstəqil
iqtisadiyyatın hələ tam formalaşmadığı
dövrlərə təsadüf edən bu Proqramın
hazırlanması və həyata keçirilməsi sürətli
iqtisadi inkışafın təmin edilməsi baxımından
xüsusi əhəmiyyət kəsb edirdi. S.Hüseynovun hələ 1977-ci ildə çap
etdirdiyi “Azərbaycan SSR-in sənaye qovşaqlarının
formalaşması məsələləri” adlı tədqiqat
işi ölkədəki təbii-iqtisadi resurs və nəqliyyat
potensialından səmərəli istifadə, eləcə də
məşğulluq və idarəetmə kimi problemlərin həlli
baxımından sənaye
qovşaqlarının əlverişli (optimal) yerləşdirilməsi,
nəinki sənaye istehsalının intensivləşdirilməsini
və səmərəliliyinin artırılmasını təmin
etmək, həmçinin məhsuldar qüvvələrin ərazicə
tarazlı inkişafına nail olmaq, sənayenin daha çox
Bakı-Sumqayıt iqtisadi rayonunda təmərküzləşməsi
ilə əmələ gələn makroiqtisadi ərazi
disproporsiyalarını aradan qaldırmaq baxımından
xüsusi əhəmiyyət kəsb edirdi.
S.Hüseynov öz
elmi araşdırmalarında sənaye istehsalının qeyri-bərabər
bölgüsünün yaratdığı neqativ nəticələri
konkret faktlarla əsaslandırır və bu nəticələrin
səmərələşdirilməsi istiqamətlərini, eləcə
də respublikanın iqtisadi rayonlarının hər birində sənaye istehsalının
səmərəli strukturunun
formalaşdırılmasını təklif edirdi. “Xalq qəzeti”ndə dərc edilmiş həmin məqalədən
də göründüyü kimi, görkəmli
iqtisadçının elmi maraq dairəsi yalnız öz tədqiqat
istiqaməti ilə məhdudlaşmırdı. O, regional
iqtisadiyyat problemlərinin nəzəriyyə və
praktikasını dərindən bilməklə bərabər,
yaşadığı dövrün ən aktual
iqtisadi problemləri, onların həlli barədə dərin
və düşündürücü fikirlər irəli
sürmək iqtidarında idi. İstər İqtisadi
İslahatlar Mərkəzinin (indiki İqtisadi İslahatlar Elmi
Tədqiqat İnstitutu) direktoru olan zaman, istərsə də Milli
Məclisin İqtisadi siyasət daimi komitəsinin
sədri olduğu zaman milli iqtisadiyyatın inkişaf perspektivləri,
makroiqtisadi problemlər, o cümlədən inflyasiya,
işsizlik, azad iqtisadi zonalar, qiymətlərin tənzimlənməsi,
özəlləşdirmə, böhrandan
çıxış yolları və s. barədə
çoxsaylı məqalə, müsahibə və
çıxışları əsasən “Xalq qəzeti” səhifələrində
çap edilmişdir.
Bu gün sürətlə
inkişaf edən müstəqil Azərbaycan
Respublikasının davamlı iqtisadi inkişaf modelinin işlənib
hazırlanması, həm də heç bir kənar təsirlər
olmadan, milli-mənəvi dəyərlərə və dövlətçilik
prinsiplərinə əsaslanaraq hazırlanması mühüm
əhəmiyyət
kəsb edir. Məhz bu modelin elmi-nəzəri
prinsiplərinin müəyyənləşdirilməsi, milli
iqtisadiyyatın bütün sahələrinin modeldə dəqiq
nəzərə alınması, regionların tarazlı
inkişafının təmin edilməsi və beləliklə,
Azərbaycan dövlətinin iqtisadi qüdrətinin daha da
artırılması üçün görkəmili
akademiklərimiz Ə.Mahmudovun, Ə.Sumbatzadənin, A.Nadirovun,
Z.Səmədzadənin, professor T.Vəliyevin və adları
çəkilməyən digər iqtisadçı alimlərimizin
elmi əsərləri çox faydalıdır. Bu alimlərin zəngin elmi
yaradıcılığı ilə tanış olarkən bir
həqiqəti daha dərindən dərk edirsən ki, Azərbaycan
iqtisadiyyatının sürətli inkişafı iqtisad elminin
yüksəlişi ilə sıx bağlıdır. Öz
növbəsində elmin inkişafı qazanılmış
naliyyətlərin operativ
işıqlandırılması və təbliğindən
çox asılıdır. Bu mənada daim elmi ictimaiyyətin
köməyinə çatan, elm adamlarına doğma
münasibət bəsləyən, onların tədqiqatçı
kimi daha da fəallaşmasını stimullaşdıran “Xalq qəzeti”nin
xidmətləri danılmazdır. Beləliklə,
hər gün minlərlə oxucusu ilə görüşə
gələn bir mətbuat orqanın 90 illik fəaliyyətinə
qısaca nəzər salmağa, onun ölkənin iqtisadi
inkişafındakı roluna aydınlıq gətirməyə
çalışdıq. Əlbəttə, dördüncü
hakimiyyət olan mətbuatın, o cümlədən,
bir əsrə yaxın yaşı olan “Xalq” qəzetinin sosial,
iqtisadi, mədəni və s. sahələrdə əldə
edilən uğurlardakı payını, iqtisadi tədbir və
proqramların müvəffəqiyyətlə həyata
keçirilməsinə təsirini bir məqalə ilə əhatə
etmək qeyri-mümkündür. Sadəcə,
bu araşdırmaları aparmaqla, keçmişdə və
indi olduğu kimi, gələcəkdə də birinci
olması arzusu ilə “Xalq qəzeti”nin timsalında ölkənin
sosial-iqtisadi inkışafında mətbuatın rolunu bir daha
nəzərdən keçirməyə
çalışdıq.
Xosrov KƏRİMOV,
iqtisad elmləri namizədi,
BDU-nun dosenti,
Aqil ƏSƏDOV,
iqtisad elmləri namizədi,
AMEA İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi
Xalq qəzeti.- 2009.- 6 oktyabr.- S. 5.