AMEA Geologiya İnstitutunda
gənc alim və tələbələrin
III Beynəlxalq elmi konfransı keçirildi
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya
İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid
Hüseynovun verdiyi məlumata görə, oktyabrın 5 və
6-da Azərbaycan Milli Elmlər Akademiyası Geologiya
İnstitutunda gənc alim və tələbələrin “Yer
elmləri sahəsində tədqiqatların yeni istiqamətləri”
adlı III Beynəlxalq elmi konfransı keçirildi.
Tədbirdə Azərbaycan,
ABŞ, Almaniya, Belarus, Polşa, Qazaxıstan, İran və
Gürcüstandan olan 90 gənc alim və tələbə
iştirak edirdi. Konfransın təşkilatçıları
Geologiya İnstitutu, Azərbaycan Geoloqlarının Milli Komitəsi
və Geologiya İnstitutunun Gənc Alimlər Şurası
idi. “bp”-nin dəstəyi ilə keçirilən konfransdan məqsəd
Yer elmlərinin müxtəlif istiqamətləri üzrə gənc
alim və tələbələrin təcrübə
mübadiləsini genişləndirmək, bilgilərini
artırmaq, həmçinin, yeni tədqiqat mövzuları,
obyektləri seçməkdir.
Konfransda “Yanar şistlərin
elastiklik əmsalının təyini üsulu”, “Bakı şəhərinin
seysmik təhlükəsi, dayanıqlığı və
riskinin ədədi qiymətləndirilməsi”, “Azərbaycan zəlzələlərinin
fraktal statistikası”, “Qobustanın palçıq
vulkanlarının xəritəsinin “ArcCİS” mühitində
tərtib olunması”, “Təbrizin ərazisinin kembriyə qədərki
metallogeniyası, Şimali-Qərbi İran”, “Gürcüstan ərazisində
seysmohidrodinamiki müşahidələr” və s. mövzularda
məruzələr dinlənildi.
Beynəlxalq elmi
konfransda AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi,
Azərbaycan Dövlət Neft Akademiyası və Bakı
Dövlət Universitetindən nümayəndələr də
iştirak edirdilər. Proqram çərçivəsində
xarici qonaqlar Gənc Alimlər Şurasının işi ilə
də tanış oldular. Həmçinin, oktyabrın 6-da
konfransdan dərhal sonra Pirəkəşkül palçıq
vulkanına ekskursiya təşkil edildi.
A.ÜLVİ
Xalq qəzeti.- 2009.- 7 oktyabr.- S. 5.