Boylanaq ömür yoluna illərin arxasından
…Belə baxanda, 18 illik müstəqillik tarixi
mövcudluğu minilliklərlə ölçülən bir
məmləkət üçün o qədər də
böyük zaman deyil. Di gəl, 90-cı illərin əvvəllərində
müstəqil həyata böyük ümidlərlə qədəm
qoyan bizim nəslin nümayəndələri bu zaman kəsiyində
nələri öz taleyində yaşamadı, hansı
böyük olayların, faciələrin, çətinliklərin,
uğurların canlı şahidinə çevrilmədi?! Hərdən
ötən dövrün uçurumdan zirvəyə doğru
istiqamətlənən kəşməkəşli yolunun
acılı-şirinli məqamlarını kino lenti tək
gözlərim önündə canlandıraraq,
düşünürəm ki, az məsafə qət etməmişik.
Bu gün, bəlkə də, tam mahiyyəti ilə dəyərləndirmək
iqtidarında olmadığımız, adi həyat norması,
qanunauyğunluq kimi qəbul etdiyimiz uğurlar müstəqillik
mücadiləsi yolunda cəmiyyətimizə dəymiş
ağır fiziki-mənəvi yaraları unutdurub.
Görünür, əbəs
yerə demirlər ki, zaman bütün dərdlərin məlhəmidir.
Şükürlər olsun ki, illər, aylar bir-birini əvəzlədikcə,
yaxın keçmişimizdə mənəvi dünyamıza,
rahatlığımıza hakim kəsilən, qəlbimizdə
az qala qubara çevrilən qayğılardan, çətinliklərdən
azad olaraq ruhi rahatlıq tapmağa başlamışıq. Güvənc
və iftixar yerimiz olan Azərbaycan adlı Vətənin
davamlı uğurlarını, insanlarımızın
çöhrəsindəki bugünə şükranlıq, gələcəyə
ümid və nikbinlik ovqatını görəndə ürəyimiz
sevinir, həyat eşqimiz yüksəlir. Geriyə boylananda bir
həqiqəti də aydın dərk edirik ki, həllini tapan təkcə
maddi-sosial zəmindəki problemlər, güzəran-dolanışıq
məsələsi deyil. Cəmiyyətin ümumi
harmoniyasında, mənəvi ovqatında da müəyyən
durulma, saflaşma duyulur. Əlbəttə, bütün bunlar
nə qədər sevindirici, ürəkaçan olsa da, bizim
günlər üçün aktuallıq kəsb edən,
müxtəlif səviyyələrdə müzakirə
predmetinə çevrilən bir məsələnin də
üzərindən sükutla keçə bilmirik: ziyalı
problemi...
“Ziyalı kimdir”
sualı, əslində, konkret zaman və məkanla məhdudlaşmayaraq
bütün dövrlərin postulatı kimi
aktuallığını qoruyur. Bu aktuallıq onunla şərtlənir
ki, hər bir xalq cəmiyyətin seçilmiş təbəqəsi,
elitası saydığı ziyalılarının parlaq təfəkkürünü,
zəkasını, mütərəqqi düşüncə tərzini
qaranlığa boylanan işıq, nur kimi qəbul edir. Ziyalılıq,
həqiqətən, elə bir zirvədir ki, bu yüksəkliyə
qovuşanlar başqalarından fərqli olaraq dövrü əhatə
etmiş qaranlıqları daha tez duyub, nəticə
çıxarmağı bacarır. Bu nəcib şəxsiyyətlər
ruhlarına, zəkalarına, həqiqət
axtarışlarına hakim kəsilən bütün
buxovları qırıb atır, mövcud problemlər,
onların həlli yolları və gələcək barədə
mücərrəd qaydada deyil, konkret əmələ yönəlmiş
formada düşünürlər. Ziyalı xalqın
içindən çıxaraq onun mövcudluğu,
özünəməxsusluğunu yaşadan bütün mənəvi-əxlaqi
dəyərləri, müsbət keyfiyyətləri qoruyub
saxlayan və gələcəyə doğru aparan şəxsiyyətdir.
Keçid dövrünün
psevdopatriotları az olmadığı kimi, ziyalı adına
iddialı diplomluları da çoxdur. Nə gizlədək, Azərbaycanda
alimlik diplomunu əlində gəzdirib haqqı oldu-olmadı,
özünü ziyalı adlandıranlarla tez-tez
qarşılaşırıq. Xalqın gözü isə tərəzidir
– kimin necə görünmək istəməsindən
asılı olmayaraq cəmiyyət hamını olduğu kimi
qəbul edir. Bu həqiqəti də
açıq söyləmək zorundayıq: bu gün cəmiyyətdə
tanınan, üzdə olan bir çox diplomlu alimlərin,
az-çox nüfuz yiyəsi olan qələm sahiblərinin,
yazıçı və şairlərin heç də
hamısı ziyalılıq, aydınlıq keyfiyyətləri
ilə öyünə bilməz. Nəinki qeyri-təvazökarlıqla,
hətta həqiqətdən uzaq şəkildə
“ziyalıyam” deyənlərə ağı-qaradan,
yaxşını-pisdən seçməyi bacaran Azərbaycan
cəmiyyətinin hər zaman ironik, kinayəli münasibətinin
şahidi olmuşuq.
Fəqət əsl ziyalı, vətəndaş
və şəxsiyyət obrazı barədə
düşüncələrimiz heç də
bütünlüklə pessimist notlar üzərində
köklənməyib. Halal zəhməti, parlaq şəxsiyyəti,
aydın mövqeyi, saf düşüncəsi, dürüst
amalı ilə çağdaş tariximizdə ad qoymuş
şəxsiyyətlərin yolunu inamla davam etdirən, həqiqi
mənada ziyalılıq ucalığına qovuşan nurlu
insanlarımız da çoxdur. Təqdimatın xüsusi
ehtiyac duymadığım tanınmış akademik,
nüfuzlu elm xadimi, yorulmaz tədqiqatçı İsa Həbibbəylini
əsl ziyalılardan sayıram. Yetişdiyi bu
yüksək mərtəbədə sadəliyi, mənəviyyatı,
xalqa bağlılığı, vətənpərvərliyi,
alicənablığı ilə onu yaxından
tanıyanların gözündə daha da ucalan hörmətli
akademik nəzərimdə Azərbaycan
ziyalılığının tacı olan Mirzə Cəlilin mənəvi
övladı, əbədiyaşar şəxsiyyət
Üzeyir bəy Hacıbəylinin mütərəqqi ənənələrinin
varisidir.
Hərdən
ziyalı adlandırdığımız kimlərinsə
gözlənilməz hərəkətlərindən rəncidə
olub pessimizm ruhunda köklənəndə İsa Həbibbəyli
kimi nəcib şəxslərlə təsəlli tapır, bu
ürfan sahiblərinin cəmiyyət və millət
üçün misilsiz xidmətlərini mahiyyəti üzrə dərk
etmək fürsəti qazanırıq. İsa müəllim bu
gün həm də Azərbaycan ziyalısı adının
şərəf və məsuliyyət yükünü
çiyinlərində ləyaqətlə dayışan, sahib
olduğu mövqeyə uzun illərin gərgin zəhməti,
yuxusuz gecələri, elmə səmimi xidməti ilə
yetişən kişilərdəndir.
Akademik keşməkeşli
olduğu qədər mənalı, zəngin və şərəfli
həyat yolu keçib, məqsədlərinə pillə-pillə
irəliləyib, xalqına fayda vermək əzmi və qətiyyəti
ilə ömrünü elmi axtarışlara həsr edib.
İsa Həbibbəylinin elmi məktəbə çevrilən yaradıcılığı,
bugünün özündə də qaynar bulaq kimi
çağlayan elmi axtarışları, tədqiqatları ilə
tanış olan hər kəs görkəmli ziyalının
elmə, maarifə daxilən nə qədər bağlı
şəxsiyyət olduğunu aydın görə bilər.
Cəmiyyətdə yüksək tədqiqatçı əzmi,
səmərəli axtarışları ilə tanınan
İsa müəllimin qədim tarixə malik
Naxçıvanda yaşayıb-işləyən ilk akademik
olması faktını da xüsusi qeyd etməyə bilmərik.
İsa müəllim bütün
varlığı - canı, qanı, ruhu ilə elmə
bağlı ziyalı, xalqına bağlı vətəndaşdır.
Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti
onun fitrətindən, məqsədə doğru inamla irəliləmək,
hədəfə yetişmək əzmindən mayalanır.
Görkəmli akademik üçün elmdə zirvə
anlayışı nisbidir - o daim öyrənmək,
axtarşda olmaq, cəmiyyətə fayda vermək amalı ilə
yaşayır. Yaradıcı enerjisinin saf
çeşmə kimi qaynadığı bir vaxta akademiklik zirvəsini
fəth edərək, adı ilə yeni elmi məktəbin əsasını
qoyan İsa müəllimin gənc tədqiqatçı
şövqü ilə yazıb-yaratmaq, arxivlərdə
çalışmaq, yeni nəsə axtarıb tapmaq fədakarlığı
insanı riqqətə gətirir. Səmimi
sözümdür, dostumuz İsa Həbibbəylinin vətəndaş
məsuliyyəti, cəmiyyət qarşısında mənəvi
cavabdehlik hissi, milli təəssübkeşliyi bütün elm
xadimlərimizdə olsaydı, yəqin ki, Azərbaycan elmi və
təhsili, ümumilikdə, cəmiyyət bundan çox
qazanardı.
Həyat kamil şəxsiyyətlərin
ömür tablosunu, sanki, mübarizə boyaları ilə
işləyib. Yaradıcı şəxsiyyətlər isə
həyatın bütün sevincini istedadın onları məhkum
etdiyi gərgin və halal zəhmətdən alırlar.
Akademik İsa Həbibbəyli əsla qəyyum himayəsinə
sığınan ziyalılardan deyil - həyatda
qazandıqlarına halal zəhmətlə,
işgüzarlıqla, inadcıllıqla nail olub. Akademik İsa Həbibbəylinin əsl elm adamı,
yaradıcı şəxsiyyət və dəyərli
ziyalı kimi yetişməsində onun doğulub boya-başa
çatdığı halal ocağın təsiri
böyük olub. 1949-cu il oktyabrın 16-da Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunun Danzik – Dan yeri kəndində
dünyaya göz açan İsa müəllimin
atası Əkbər müəllim el-obasının nüfuzlu
müəllimlərindən, ziyalılarından olub. Erkən
yaşlarından övladında təhsilə, elmə
böyük maraq yaradıb. Orta məktəbi yüksək nəticələrlə
başa vuran İsa Həbibbəyli bənzərsiz
pedaqoji aləmə qovuşmaq, atasının şərəfli
peşə yolunu davam etdirmək əzmi ilə 1967-ci ildə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
Naxçıvan filialına daxil olub, Azərbaycan dili və ədəbiyyatı
ixtisası üzrə ali təhsil alıb. Tələbəlik illərində elmi tədqiqata böyük
maraq göstərən gənc İsa 1973-cü ildə Azərbaycan
EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi
aspiranturasına daxil olur. 1980-cı ildə “XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikasında sənətkarlıq
xüsusiyyətləri” mövzusunda dissertasiya işi
müdafiə edib.
Elmdə təsadüfi
adam olmadığını hər addımda fitri istedadı,
yaradıcı axtarışları ilə sübuta yetirən
İsa Həbibbəyli 1982-ci ildən “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” mövzusunda doktorluq
dissertasiyasının üzərində inadcıl elmi
axtarışlara başlayıb. Elə bu mərhələdən
Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Odessa, Yasnaya Polyana, Qori, Ankara,
Ərzurum, Təbriz və s. şəhərlərin arxivlərində,
muzey və kitabxanalarında elmi axtarışlarını
davam etdirib. 1996-cı ildə doktorluq dissertasiyasını
uğurla müdafiə edən İsa müəllim
Naxçıvan torpağının böyük dühalarından
biri – Cəlil Məmmədquluzadənin zəngin ədəbi
irsinin xalqa dolğun, hərtərəfli və elmi səviyyədə
çatdırılması üçün bu gün də əzmlə
fəaliyyət göstərir. Qiymətli elmi yeniliklərlə,
çoxsaylı nadir arxiv sənədləri ilə zəngin
olan bu tədqiqatlar əhəmiyyətli elmi qənaətləri
ilə də seçilir.
Böyük mütəfəkkir
və ziyalı Cəlil Məmmədquluzadənin felyeton və
hekayələrindən ibarət 4 cildliyin çapa
hazırlanmasını İsa Həbibbəyliyi
yaradıcılığında mühüm uğurlardan biri
kimi vurğulamağı özümə borc bilirəm. Azərbaycan ədəbiyyatşünaslığı
böyük Mirzə Cəlil və onun tanınmış məslək
dostları ilə bağlı ən mühüm tarixi
faktların, nadir arxiv materiallarının, əlyazmalarının
üzə çıxarılmasında məhz İsa Həbibbəyliyə
borcludur.
Ümumən isə,
“Kitabi-Dədə Qorqud” dastanları, Nizami Gəncəvi, Mirzə
Ələkbər Sabir, Məhəmməd Tağı Sidqi, Eynəli
bəy Sultanov, Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Səməd
Vurğun, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Məmməd
Araz və digər görkəmli yazıçı, şair və ədiblərin əbədi-bədii
görüşləri ilə bağlı sanballı tədqiqatları
İsa Həbibbəylinin zaman, məkan və mövzu
çevrəsinə sığmadığını göstərir.
İsa Həbibbəylinin
AMEA-nın akademiki, Naxçıvan Dövlət Universitetinin
rektoru, Milli Məclisin deputatı kimi nə qədər gərgin
iş qrafiki olsa da, yüksək mənəvi-əxlaqi dəyərlərə
sadiq insan kimi dostlarına, özünə həmdəm
saydığı insanlara hər zaman diqqət göstərir, onlarla tez-tez hal-əhval tutur,
fikir mübadiləsi aparır. Elmdəki uğur və yeniliklərini,
tapıntılarını da ilk dəfə böyük sevinc
və məmnunluq hissi ilə məhz dostları ilə
bölüşür. Hörmətli akademikin bu sevincli
anlarını görmək, onu təbrik etmək kimi təsirli
anlar bizim də qismətimizə düşüb.
...2008-ci ilin gərgin
prezident seçkilərindən sonra – qış aylarında
İsa müəllimdən xeyli müddət xəbər-ətər
olmadı. Amma hörmətli dostumuzun qışa təsadüf
edən məzuniyyətini ölkə hüdudlarından kənarda
keçirdiyindən məlumatlı idim. Qeyri-ixtiyari
düşünürdüm ki, yəqin, İsa Həbibbəyli
illərin üzücü yorğunluğunu çıxarmaq
üçün xarici ölkə kurortlarının birində
dincəlir. Yanvarın soyuq qış günlərinin birində
– axşamın gecəyə adladığı məqamda dəyərli
dostumuzdan telefon zəngi aldım. Hal-əhval tutub, “İsa
müəllim, istirahətiniz neçə keçir?” deyə
verdiyim suala özünəməxsus şaqraq
gülüşü ilə reaksiya verdi: “Azərbaycanda
heç kəs mənim kimi mənalı, səfalı istirahət
etmir”...
– Hansı kurortdasınız? –
sualıma cavab əsl İsa Həbibbəyli üslubunda idi:
– Dünyanın ən gözəl
kurortunda – Sankt-Peterburq arxivindəyəm. Məhəmməd
Şahtaxtlının fəaliyyəti ilə bağlı o qədər
dəyərli sənədlər tapmışam ki... Amma bu
harasıdır, Naxçıvanın XIX əsr tarixinə
dair çar Rusiyası arxivlərindən yeni faktlar əldə
etmişəm. İrəvan xanlığının tarixi ilə
bağlı da dəyərli sənədlər
tapmışam...
Akademik İsa Həbibbəylinin
səsindəki kövrək, sevincli notları duymamaq
mümkün deyildi. Belə sevincli hisslərini yalnız Azərbaycan
elminə töhfə vermək istəyən, elmi tədqiqatlara
böyük qəlb yanğısı ilə yanaşan
ziyalı keçirə bilərdi. Bu hadisədən
sonra bir daha əmin oldum ki, görkəmli akademikimiz paytaxt
kitabxanalarının hücrələrində var-gəl edən,
ömrü boyu “Biləcəridən uzağa
çıxmayan” tədqiqatçılardan deyil. İsa müəllimin
elmi tədqiqat və axtarışları respublikamızın
hüdudlarını çox-çox aşaraq, Azərbaycan
elmini dünyada tanıdır, onun zəngin ənənələrini
dünya miqyasında təbliğ edir. Bəli,
İsa müəllim üçün ən gözəl kurort
xarici ölkələrin Azərbaycan tarixinin izlərini
özündə yaşadan adlı-sanlı arxivləri, ən
mənalı istirahət isə bu arxivlərin toz
basmış rəflərində işləmək, onları ələk-vələk
edib yeni nəsə ortaya qoymaqdır. Ömrünü
elmə həsr etmiş əsl alim üçün,
doğrudan da, bundan fərəhli anlar ola bilməz.
Tanınmış elm xadiminin son
illərdəki bu cür maraqlı tapıntılarını
bir araya gətirən “Ədəbi tarixi yaddaş və
müasirlik” kitabını tez-tez mutaliə edirəm.
Ensiklopedik səciyyə daşıyan, fakt zənginliyi,
orijinal yanaşma tərzi ilə diqqəti çəkən
bu əsəri Cəlil Məmmədquluzadə irsinə daha
bir sanballı töhfə saymaq olar. Kitabda
görkəmli ədibin həyatının bəzi qaranlıq
cizgiləri, yeni nəsr əsərləri, dramaturgiyası,
publisistikası, ədəbiyyat və sənət
haqqındakı görüşləri, əsərlərinin
nəşri, tədqiqi haqqında geniş və hərtərəfli
fikirlər özünə yer tapıb. Tədqiqatçının
bütün araşdırmaları dövri mətbuat və
arxiv materiallarına, əlyazma mənbələrinə, bir
sözlə, ilkin mənbələrə əsaslandığına
görə orijinal təsir bağışlayır. Kitabda XX əsr
Azərbaycan ədəbiyyatının M.Ə.Sabir,
M.T.Sidqi, M.Şahtaxtlı, Ə.Hüseynzadə, H.Cavid, A.Səhhət
kimi korifey sənətkarlarının həyat və
yaradıcılıqları mövzu, ideya, janr, vəzn, metod,
dil-üslub və s. baxımdan tədqiq olunur, hər bir sənətkarın
ədəbiyyat tariximizdə yeri və mövqeyi özünəməxsus
formada dəyərləndirilir. Kitabda çoxcəhətli
yaradıcılıq fəaliyyətinə görə
tanınan Mir Cəlal Paşayev görkəmli
yazıçı, ədəbiyyat tarixçisi, ədəbiyyat
nəzəriyyəçisi, ədəbiyyat tənqidçisi
amplualarında təqdim olunur, yaradıcı şəxsiyyətin
fəaliyyət müxtəlifliyi professional təhlil
materiallarında obyektiv qiymətini alır. İsa müəllim
bu fikri də qətiyyətlə önə çəkir ki, ədəbiyyat
məhz xalqa xidmət etməli, onun ideallarını, həyatını,
problemlərini, yaşam tərzini özündə təcəssüm
etdirməlidir.
Qəzetçi təcrübəmdən
yaxşı bilirəm ki, nüfuzlu alim olmaq hələ rəvan
yazmaq, fikir və düşüncələri aydın
aydın ifadə etmək bacarığı demək deyil. Nə
gizlədək, rəsmi dövlət qəzetində
çıxış etmək istəyən bəzi
tanınmış alimlərin yazılarını qaydaya
salmaq, redaktə etmək bəzən saatlarla
vaxtımızı alır. Səlist cümlə qura bilməyən
alimlərlə vaxtaşırı
qarşılaşırıq. Görkəmli
akademikin bu cəhətdən də fərqləndiyini,
publisistika zirvəsini fəth etdiyini isə əminliklə
deyirik. İsa Həbibbbəyli zəkasının nurundan qələmə
süzülən fikir və düşüncələr
sxematiklik, quru, təsirsiz və pafoslu söz
yığnağı deyil. Daha çox elm
xadimi kimi tanınsa da, həssas qəlb,
çılğın ürək sahibi olan dəyərli
dostumuzun müəllifi olduğu hər bir publisistik məqaləni
dönə-dönə oxuyub onun necə böyük söz sərrafı
olmasına heyrət etmiyə bilmirsən. İstər-istəməz
düşünürsən ki, yalnız böyük
ürəyi, həssas qəlbi olan insan düşüncələrinin
saflığını və dərinliyini sözün
qüdrəti ilə canlandıra bilər.
“Söz baqajı”
son dərəcə zəngin olan, dilimizin gözəlliyini qələmində
canlandıran İsa müəllimin aydın, axıcı, səlist
yazı üslubu, yanaşdığı mövzunun alt
qatına enmək bacarığı, aydın vətəndaş
mövqeyi, yaradıcı təxəyyülü onun
publisistika sahəsində də ustad olduğunu göstərir. Amma onun bu məharəti
uzun illərin təcrübəsindən qaynaqlanır – İsa
müəllim bir vaxtlar jurnalistika ilə sıx şəkildə
bağlı olub. Elmlə jurnalistikanın uğurlu vəhdəti
isə onun zəmanəmizin fenomen söz sənətkarlarından
birinə çevirib. Onun kimi gözəl qələm sahibi
olmağı, yəqin, hər bir jurnalist arzulayar, amma bu,
çoxları üçün əlçatmaz arzudur.
Əsl ziyalını həm də
mühitin ona doğru müdaxiləsinə cavab reaksiyası fərqləndirir.
O, bütünlükdə mühitdən asılı olan
adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə
və proseslərə münasibətdə passiv
müşahidəçi mövqeyindən
çıxış edərək biganəlik, laqeydlik
göstərmir. Bu mənada, İsa müəllimin
əsl vətəndaş, ziyalı, alim, publisist
üçün zəruri olan bir mühüm keyfiyyətindən
bütövlükdə Azərbaycan cəmiyyəti xəbərdardır:
İsa Həbibbəyli əqidə, məslək
adamıdır – siyasi baxışları hər zaman aydın
və sabitdir. Süstlük, “apatiya”, “məndən
ötdü qardaşıma dəydi” prinsipi onun xarakterindən
çox-çox uzaqdır. Əslində, bu məqam İsa Həbibbəyli
portretindəki yüksək ziyalı çalarlarını,
şəxsiyyət kimi qətiyyətli, prinsipial mövqeyini
ifadə edir. Görkəmli ziyalı ulu öndər Heydər
Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi
dövrdən onun siyasi xəttinin sadiq keşikçisi, alovlu
təbliğatçısı olub. Bu siyasi xəttin, eləcə
də Heydər Əliyev idarəçilik fəlsəfəsinin
milli intibah və tərəqqi prosesindəki müstəsna
rolunu zamanında düzgün dəyərləndirə bilib.
Vətənin taleyinə biganə olmayan ziyalı kimi bu
gün ulu öndər Heydər Əliyev kursunun layiqli
davamçısı İlham Əliyevin yeritdiyi siyasi kursa
yaxından dəstək verir. YAP-ın nüfuzlu təmsilçilərindən
biri, Milli Məclisin deputatı kimi ictimai-siyasi proseslərdə
də kəsərli sözünü deyir və dövlət
quruculuğu prosesinə layiqli töhfəsini verir. Eyni zamanda,
seçicilərini – ona etimad göstərmiş insanların
problemlərini, qayğılarını, dərd-sərini də
bir an unutmur.
İsa müəllim
nüfuzlu elm xadimi olmaqla yanaşı, qurucu, yaradıcı, təşəbbüskar
və fəal ictimai insandır. 1996-cı ildən rektoru
olduğu Naxçıvan Dövlət Universiteti məhz onun rəhbərliyi
illərində özünün yüksəliş mərhələsinə
qədəm qoyub, abadlaşıb, Azərbaycanın digər nüfuzlu
ali təhsil ocaqları ilə rəqabətə girmək
imkanı qazanıb. İsa müəllim vaxtilə tələbəsi,
daha sonra sıravi müəllimi olduğu bu elm məbədinə
özünün mənəvi övladı kimi qayğı
göstərir. Ən müasir tələblərə cavab verən
tikinti-quruculuq mərhələsini başa vuran
Naxçıvan Dövlət Universiteti təhsilin, elmin səviyyəsinə
görə də son illərdə çox irəli gedib.
Avropanın təhsil sisteminin mütərəqqi prinsipləri
bu ali təhsil ocağında da uğurla tətbiq olunur. Azərbaycan
Prezidenti İlham Əliyevin 31 mart 2007-ci il tarixli sərəncamı
ilə Naxçıvan Dövlət Universitetininin 40 illik
yubileyinin keçirilməsi də bu nüfuzlu elm məbədinin
milli təhsil sistemindəki yerinə verilən adekvat qiymətdir.
Əsl
ziyalının bu fani dünyadan yeganə umacağı məhz
millət, dövlət yolunda çalışmaq,
yaxşı iş görmək, tarixdə əbədi
qalmaqdır. İsa Həbibbəyli də bu amalla
çoxşaxəli fəaliyyətini davam etdirməklə,
milli-ictimai fikir tariximizdə sanballı izini qoyub. Bu mənada İsa Həbibbəyli
özünü xoşbəxt saya bilər. Həm
də ona görə ki, cəmiyyətdə
qazandığı şərəfi və şöhrəti
möhtərəm Prezidentimiz öz imzası ilə rəsmiləşdirib.
İsa Həbibbəyli hələ 1999-cu ildə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülüb. 2007-ci ildə
“Şöhrət”, 2009-cu ildə isə “Şərəf”
ordenləri ilə təltif olunub. Müəllim
kimi yetişdirdirdiyi minlərlə gəncin bu gün Azərbaycanın
intibahına böyük töhfə verməsini qürurla izləyən
İsa müəllim həm də ona görə xoşbəxt
insandır ki, Həbibbəyli şəcərəsinin digər
təmsilçiləri də dövlətə və
xalqa layiqli xidmət məramına sadiqdirlər, hər biri
öz işində peşəkar və vətənpərvər
fəaliyyət nümayiş etdirir.
Məmləkətimizin
qədim və dilbər guşəsi olan Naxçıvan Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev kimi
böyük dühanın, Cəmşid və Hüseyn xan
Naxçıvanskilər kimi görkəmli tarixi şəxsiyyətlərin,
Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi ədəbi
simaların, Yusif Məmmədəliyev, Əziz Şərif, Məmməd
Cəfər, Abbas Zamanov, Məhəmməd Taği Sidqi kimi
elm və maarif xadimlərinin vətənidir. Bu şərəf
silsiləsinin layiqli halqası olaraq, milli tariximizə öz
möhürünü vuran İsa Həbibbəyli indi bu
şanlı diyarın müasir iftixar mənbələrindəndir.
Əsil ziyalı və şəxsiyyət
üçün xalqın sevgi və rəğbətindən
uca heç bir mükafat ola bilməz. İsa müəllim,
siz bu mükafatı çoxdan qazanmısınız,
özü də halallıqla, zəhmətinizlə, şərəfinizlə!
Xalqa xidmət yolunda əsl
missiyanız isə hələ bundan sonra başlayır!
Azərbaycanın yoluna nur, ziya səpən
yolunuz daim açıq olsun!..
İxtiyar HÜSEYNLİ
Xalq qəzeti.- 2009.- 7 oktyabr.- S. 5.