Efir məsuliyyəti
Bu, teleradio fəaliyyətilə məşğul olan hər
kəsə aiddir
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr” məqaləsi
ətrafında düşüncələr
Balanslaşdırılmış
proqram siyasəti, yüksək efir mədəniyyəti,
ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli
məlumatlandırma teleradio yayımı həyata keçirən
qurumun müvəffəqiyyətinin əsas şərtləridir.
Ramiz MEHDİYEV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik
Teleradio fəaliyyəti əhalinin
bütün təbəqələrinin daimi olaraq birbaşa təmasda
olduğu xüsusi bir sahədir. İnsanlar radionu dinləməklə
və ya televiziya ekranı qarşısında əyləşməklə
həm informasiya alır, həm maariflənir, həm də əylənirlər. Bir çoxları onları
düşündürən, narahat edən problemlərlə
bağlı radio və televiziyadan məsləhət və
tövsiyə umur. Əhalinin ən müxtəlif
kateqoriyaları özlərinin arzu, istək və
planlarının reallığa çevrilməsi, yaxud da
onları narahat edən problemlərin aidiyyatı dövlət
orqanlarının diqqətinə
çatdırılması məqsədilə radio və
televiziyadan tribuna kimi istifadə edirlər.
Ölkəmizdə
teleradio yayımı sahəsində yeniliklər və
müsbət dəyişikliklər çox olsa da, nöqsan və
problemlər də az deyildir. Elə bu səbəbdəndir ki,
az qala, hər gün və hər yerdə Azərbaycan cəmiyyətinin
ən müxtəlif təbəqələri arasında
elektron medianın durumu ilə bağlı müzakirə və
diskussiyaların şahidi oluruq. Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan”
qəzetinin 2 oktyabr 2009-cu il tarixli sayında dərc olunmuş
“Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”
adlı məqaləsi bu cəhətdən xüsusi
aktuallığı ilə diqqəti cəlb edir. Təkcə
ona görə yox ki, məqalə Azərbaycanda dövlət
idarəçiliyinin anatomiyasını mükəmməl bilən
və Azərbaycan cəmiyyətinin ən müxtəlif dairələrinin
arzu, istək və maraqlarının
formalaşdığı sosial mühitin fəlsəfi aspektdən
tədqiqi sahəsində sanballı araşdırmalar müəllifi
olan filosof-siyasətçi tərəfindən qələmə
alınıb. Əsas odur ki, bu məqalədə teleradio
yayımı sahəsindəki mövcud reallıqlar, son illər
bu sahədə əldə olunan uğurlar, cəmiyyəti
düşündürən, narahat edən nöqsan və
problemlər, ayrı-ayrı proqram və verilişlərin
keyfiyyəti və tematikası ilə bağlı son dərəcə
obyektiv, prinsipial və həm də ünvanlı təhlil, tənqid
və tövsiyələr var.
Akademik Ramiz Mehdiyevin
toxunduğu məsələlər, qaldırdığı
problemlər, necə deyərlər, birbaşa hədəfə
dəydiyindən, orada irəli sürülən mülahizə
və tövsiyələr tamaşaçı və dinləyici
auditoriyasının ürəyincə olduğundan məqalə
Azərbaycan cəmiyyətində geniş əks-sədaya səbəb
olmuşdur. Artıq bir neçə gündür ki, bu
mövzu ölkə mətbuatında geniş müzakirə və
təhlil olunmaqdadır. Əfsuslar olsun ki, bəzi mətbuat
orqanları öz xəstə ənənələrinə
sadiq qalaraq, bu məqalə ilə bağlı da əsassız
şərhlər verməkdədirlər. Onlar məqalənin
mahiyyətini və əhəmiyyətini bir kənara qoyaraq,
yenə də öz çirkin oyunlarını
oynamaqdadırlar. Bəzi mətbuat orqanlarının və
ayrı-ayrı maraqlı dairələrin bu məqaləni
hakimiyyətin televiziyalara hücumu kimi qələmə verməsi
ilə əsla razılaşmaq olmaz.
Bütün bunları nəzərə
alaraq məqalədə Azərbaycan efirinin taleyüklü
problemləri və onların aradan qaldırılması sahəsində
qarşıda duran vəzifələrlə bağlı
toxunulan bəzi məsələlərə mən də
münasibət bildirməyi özümə borc bildim. İstərdim
ki, tələbkar oxucu bu qeydləri təkcə ölkədə
teleradio yayımını tənzimləyən dövlət
qurumu rəsmisinin mövqeyi kimi deyil, həm də televiziya və
radiolarımızın daimi izləyicisi olan sadə Azərbaycan
ziyalısının düşüncələri kimi qəbul
etsin.
Demokratik inkişaf
yolunda inamla irəliləyən Azərbaycan dövlətinin
bütün sahələrdəki uğurları ildən-ilə,
həm də böyük sürətlə artmaqdadır. Dünyada
iqtisadi böhran tüğyan etdiyi bir vaxtda xalq təsərrüfatının
bütün sahələrinin dinamik inkişafı, bir
çox qlobal və regional layihələrdə fəal
iştirakı, ölkə daxilində siyasi sabitliyin və əmin-amanlığın
getdikcə daha artıq möhkəmlənərək,
sözün əsl mənasında, gündəlik həyat
normasına çevrilməsi — bütün bunlar, əlbəttə
ki, Azərbaycan dövlətinin indiki mürəkkəb beynəlxalq
münasibətlər şəraitində uğurla həyata
keçirdiyi müstəqil və
balanslaşdırılmış siyasi xəttin real bəhrəsi
kimi dəyərləndirilməlidir. Hansı ki, bu siyasi xətt
dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyev
tərəfindən müəyyən edilib və ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
davam etdirilməkdədir.
Bu gün Azərbaycanın
bütün guşələrində genişmiqyaslı
tikinti, abadlıq və quruculuq işləri həyata
keçirilməkdədir. Az qala, hər gün hansısa
şəhərdə, hansısa rayonda yeni-yeni idman kompleksləri,
təhsil, səhiyyə və mədəniyyət ocaqları,
ən yeni texniki standartlara əsaslanan fabrik və zavodlar, modul
tipli elektrik stansiyaları, magistral yollar və körpülər
istifadəyə verilir. Bir sözlə, hər birimizin gözləri
önündə doğma Azərbaycanımızın ən
yeni tarixi bax, beləcə formalaşmaqdadır. Əlbəttə,
bütün bunlar Azərbaycan dövlətinin iqtisadi qüdrətindən
və Azərbaycan hökumətinin ölkə əhalisinin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
ardıcıl və məqsədyönlü iş
apardığından xəbər verir. Teleradio məkanındakı
yeniliklər də ölkəmizin son illər əldə
etdiyi böyük uğurların daha bir ünvanı kimi dəyərləndirilə
bilər.
Bu sahədəki
uğurların miqyasını təsəvvürə gətirmək
üçün təkcə onu yada salmaq kifayətdir ki, lap
yaxın keçmişə qədər cəmisi bir televiziya
və bir radiosu olan Azərbaycanda bu gün 11 radio,
ümumrespublika yayımçısı olan 9 televiziya və
14 regional televiziya kanalı fəaliyyət göstərər. 13 şirkətə
kabel televiziyası şəbəkəsi yaratmaq
üçün xüsusi razılıq (lisenziya) verilib ki,
onların da xeyli hissəsi artıq fəaliyyətdədir.
Hansı ki, bu şirkətlərdən hər biri gün ərzində
orta hesabla 50-60 əcnəbi kanalın verilişlərini
retranslyasiya edərək Azərbaycan
tamaşaçısına təqdim edir.
Göründüyü kimi, Azərbaycanın efir məkanında
kifayət qədər rəngarənglik mövcuddur. Bir
sözlə, efirimizin hüdudları kimi, onun imkanları da
olduqca genişdir. Beləliklə, bu gün asudə
vaxtını televiziya ekranı qarşısında keçirən
hər bir Azərbaycan tamaşaçısının
imkanı var ki, o, dünyanın istənilən ölkəsinin
telekanallarının proqramlarını izləyə bilsin.
Bütün bunlar müstəqillik
illərində ölkəmizdə teleradio yayımı sahəsində
əldə olunmuş çox ciddi uğurların göstəricisidir.
Bunlara nail olmaq üçün isə akademik
Ramiz Mehdiyevin məqaləsində deyildiyi kimi, “ölkəmizdə
teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş,
onun hüquqi normativ bazası qabaqcıl dünya və Avropa
standartlarına uyğunlaşdırılmış, müasir
şəraitə və bazar iqtisadiyyatının tələblərinə
cavab verən qaydalar, fəaliyyət
normaları müəyyənləşdirilmişdir. 2002-ci ildə
”Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanunu qəbul edilmiş, 2003-cü ildə
televiziya və radio yayımı sahəsində dövlət
siyasətinin həyata keçirilməsini təmin etmək və
bu fəaliyyəti tənzimləmək məqsədilə
Milli Televiziya və Radio Şurası
yaradılmışdır. 2004-cü ildə “İctimai
televiziya və radio yayımı haqqında” Qanun qəbul
edilmiş və bir il sonra İctimai Televiziya və Radio
Yayımları Şirkəti fəaliyyətə
başlamışdır”.
Azərbaycan
Dövlət Televiziyası və Radiosu səhmdar cəmiyyətə
çevrilmiş, Teleradio Şurası tərəfindən
elan olunmuş müsabiqələrdə qalib gəlmiş
ayrı-ayrı şirkətlərə televiziya və radio
yayımı ilə məşğul olmaq üçün
xüsusi razılıq (lisenziya) verilmişdir. Yayımın Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə və
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
görülən ardıcıl tədbirlərin nəticəsi
olaraq xarici ölkələrə məxsus televiziya və radio
kanallarının milli tezliklərdə yayımı
dayandırılmış, boşalan tezliklər isə
müsabiqəyə çıxarılmışdır. 1
yanvar 2009-cu il tarixdən etibarən teleradio
yayımının bütünlüklə dövlət dilində
(bəzi istisnalar olmaqla) aparılması təmin olunmuşdur.
Dövlət büdcəsindən maliyyələşdirilən
AzTV və İTV ilə yanaşı, özəl
telekanalların da maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılmışdır. Sumqayıt, Lənkəran,
Şəki, Xaçmaz və Yevlax şəhərlərində
fəaliyyət göstərən regional televiziyalar yeni
binalara köçmüş və tam şəkildə
müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. Beləliklə də akademik Ramiz Mehdiyevin təbirincə
desək “özəl televiziya kanalları ölkənin
teleradio məkanını daha da zənginləşdirmiş,
müasir informasiya-kommunikasiya texnologiyalarının, son texniki
nailiyyətlərin tətbiqi proqram siyasətinin müasir tələblər
səviyyəsində həyata keçirilməsinə, keyfiyyətli
verilişlər hazırlanmasına kömək göstərmişdir”.
Ölkədə
azad və demokratik mühitin olması, keyfiyyətli yayım həyata
keçirmək üçün müvafiq maddi-texniki və
qanunvericilik bazasının, nəhayət kifayət qədər
peşəkar kadr potensialının mövcudluğu Azərbaycanda
fəaliyyət göstərən bütün teleradio
yayımçılarının ən azı tamaşaçı və dinləyici
auditoriyasını qane edəcək dərəcədə
keyfiyyətli veriliş və proqramlar ortaya qoymaları
üçün tam yetərlidir. Müsbət haldır ki,
olan imkanlardan səmərə ilə bəhrələnənlərin
sayı getdikcə artmaqdadır.
Bu gün radio və televiziya
kanallarımızın hər birinin neçə-neçə
özünəməxsus maraqlı və gərəkli
proqramları vardır ki, onlar dinləyici və
tamaşaçı auditoriyası tərəfindən həvəslə
izlənilir. Məsələn, Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Az TV-nin nümayiş etdirdiyi muğam festivalı kiminsə
ürəyincə olmaya bilərdi?! İstirahət günləri
səhər tezdən İTV-nin efirində gedən “Ovqat”
proqramından adam necə doysun?! Həkim-loğman
Əlfəddin Abdullayevin, tarixçi-alim, millət vəkili
Yaqub Mahmudovun, ilahiyyatçı alim Hacı Sabirin, ədəbiyyatşünas
alim Xalid Əlmirzəyevin, yazıçı Əlibala
Hacızadənin və neçə-neçə
başqalarının “Ovqat”dakı ibrətamiz
çıxışları, dəyərli tövsiyə və
məsləhətləri sözün əsl mənasında,
milyonların ovqatını xoş edib. Bu sırada “Lider”
televiziyasının Azərbaycan qalaları barədə
hazırladığı və nümayiş etdirdiyi silsilə
verilişlərin də əhəmiyyətini xüsusi olaraq
qeyd etmək istərdim.
Mütəxəssislər
yaxşı bilirlər ki, ulu keçmişimizin yadigarları
olan memarlıq abidələri, xüsusən arxeoloji abidələr
təbiət təsirləri (mən hələ insan amilini
demirəm) nəticəsində zaman-zaman aşınaraq,
dağılaraq tədricən ilkin görkəmini itirir. Bu abidələri konservasiya və
ya bərpa etmək, əlbəttə, gələcəyin
işidir. Təbiət isə bunu gözləmir. Bu şəraitdə
optimal çıxış yollarından biri həmin abidələrin
elektron kataloqunun hazırlanması ola bilər.
Düşünürəm ki, televiziyalar həmin abidələr
barədə silsilə verilişlər hazırlamaqla bu
işi görə bilərlər. Elə bu məqsədlə
də iki il öncə telekanallardan bəzilərinin rəhbərliyi
ilə görüşdüm, mülahizələrimi bildirdim,
hətta onları zəruri elmi ədəbiyyatla təmin etməyi,
aidiyyatı mütəxəssisləri, xüsusən də
ayrı-ayrı abidələrin tədqiqatçılarını
da bu işə qoşmağı onlara vəd etdim. Amma
qarşı tərəfdən cavab gəlmədi.
Keçmiş mədəni irsin
təbliği baxımından İTV-nin efirində
özünə yer alan “Danışan tarix” və “Bir kəndin
nağılı” layihələrinin də əhəmiyyətini
qeyd etmək yerinə düşərdi. Fikrimizcə,
bu cür layihələr ölkə ictimaiyyətinin və
xaricdə yaşayan soydaşlarımızın yurdumuzun
ayrı-ayrı guşələrinin təbii-tarixi zənginlikləri
və rəngarəngliklərinə dair bilgilərlə
maarifləndirilməsi baxımından hər zaman aktual və
əhəmiyyətlidir. Sözsüz ki, digər
telekanalların da nümunə göstərilməyə layiq
veriliş və layihələri az deyildir. Bütün
bunlar isə onu göstərir ki, Azərbaycanda fəaliyyət
göstərən radio və televiziya kanallarının əksəriyyəti
həm texniki baxımdan, həm də əməkdaşlarının
peşəkarlıq səviyyəsi baxımından
tamaşaçı və dinləyici auditoriyasını tam mənada
qane edən keyfiyyətli məhsul istehsal etməyə qadirdir.
Amma Teleradio Şurası tərəfindən
aparılan monitorinqlər, habelə tamaşaçı və
dinləyici müraciətləri, ən başlıcası isə
cəmiyyətdə formalaşmış ictimai rəy ölkənin
teleradio “mətbəxində” işlərin heç də tam
qaydasında olmadığından xəbər verir. Elə akademik Ramiz Mehdiyevin məqaləsində də
daha çox Azərbaycanın teleradio məkanındakı
boşluqlar, kəm-kəsirlər, uyğunsuzluq halları və
nöqsanlar (hansı ki, elə tamaşaçı və dinləyici
auditoriyasını narahat edən də məhz budur) dərindən
araşdırılaraq, təhlil olunaraq bir növ geniş
ictimai müzakirəyə çıxarılır:
“Hal-hazırda bu məsələ cəmiyyətimizdə
müzakirə mövzusudur, həm mətbuat, həm də
ictimaiyyət nümayəndələri mövcud problemlərlə
bağlı müəyyən fikir səsləndirmişlər...
Son dövrlər Azərbaycan televiziya və
radio kanallarının fəaliyyətində nöqsan və
çatışmazlıqların artması bu məsələnin
ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən
çıxış yollarının axtarılmasına,
problemlərin aradan qaldırılması üçün əməli
tədbirlərin həyata keçirilməsinə zəmin
yaratmışdır”.
Müşahidə
və təhlillər göstərir ki, teleradio
yayımçılarının fəaliyyətindəki
nöqsan və çatışmazlıqların böyük
bir qismi “Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikası Qanununun 32-ci maddəsində proqrama verilən tələblərin
pozulması ilə əlaqədardır. Qanunun həmin maddəsində deyilir: “Proqramlar yayım üçün hazırlanarkən
aşağıdakı tələblərə əməl
olunmalıdır: maarifçilik və mədəniyyət məsələlərinə
üstünlük verilməli, proqramların
tarazlaşdırılması yolu ilə efirin kommersiya,
informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin
qarşısı alınmalıdır...” Etiraf edək
ki, qanunun bu tələbi əksər yayımçılar tərəfindən,
xüsusən də özəl yayımçılar tərəfindən
tez-tez pozulur.
Akademik Ramiz
Mehdiyevin məqaləsində qeyd olunduğu kimi, “ictimaiyyəti
narahat edən və ən çox müzakirə olunan məsələlərdən
biri televiziya kanallarında aşağı səviyyəli,
keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli
verilişlərin xüsusi çəkisinin artmasıdır”. Məqalədə
göstərildiyi kimi, ATV telekanalında gündəlik efirin təqribən
32,3 faizi, “Lider” telekanalında 16,4 faizi, “Xəzər”
telekanalında 12 faizi, ANS telekanalında 11,3 faizi, “Space”
telekanalında isə 8 faizi şou-biznes xarakterli verilişlərdən
ibarətdir. Əslində, daha çox əyləncə
kanalı kimi tanınan özəl telekanallar
üçün bu faizlər o qədər də yüksək
deyil. İnsanları daha çox narahat edən həmin
verilişlərin qənaətbəxş səviyyədə
olmamasıdır. Məqalə müəllifinin
fikrincə, şou xarakterli verilişlərin əksəriyyəti
ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr
olunur, beləliklə də cəmiyyətdə neqativ meyllərin
yayılmasına təkan verir, xüsusən də gənclərin
və yeniyetmələrin zövqünü korlayır,
onların dünyagörüşünə və əxlaqına
mənfi təsir göstərir.
Təbiidir ki,
tamaşaçı əksər hallarda şoulara əylənmək
və sinirlərini sakitləşdirmək məqsədilə
baxır. Lakin aparıcıların şitliyi,
iştirakçıların özündən müştəbehliyi,
qoyulan mövzuların bəsitliyi və primitivliyi
ucbatından tamaşaçı efirdən nəinki istədiyi
zövqü ala bilmir, üstəlik ya əsəbiləşir,
yaxud da yad və bayağı təsirlərə məruz
qalır.
Müğənnilərin,
həm də bir çox hallarda heç kəsin
tanımadığı müğənniciklərin və
müğənniyəbənzərlərin bir-biri ilə olan
çəkişmələrini, didişmələrini
gündəmə gətirmək, yaxud da gündəmdə
qalmaq üçün düşündükləri hər
cür cəfəng ssenariləri efirə çıxarmağın mənası
varmı?! Çox vacibdirmi ki, hansısa müğənninin
hamiləliyi, yaxud da hansısa müğənninin nikahı
olmadan dünyaya övlad gətirməsi televiziya
ekranlarında uzun-uzun müzakirə mövzusuna
çevrilsin?!
Bəzi radio aparıcıları
bu cəhətdən, necə deyərlər, lap əndazəni
aşırlar. Məsələn, bu yaxınlarda radiolardan
birinin aparıcısı belə bir mövzu ilə canlı
efirə çıxmışdı. “Bakirəliyini itirib,
sonradan onu bərpa edərək ərə gedənlərə
münasibətiniz?”. Təsəvvür edin, təqribən
iki saat ərzində canlı efirdə
tamaşaçılarla bu mövzuda dialoq getmişdir.
İnanın, həmin dialoqun monitorinq qrupundan daxil olan
stenoqramı ilə tanış olarkən məni tər yuyub
apardı. İndi görün, həmin verilişi izləyən
qadınlar, qızlar hansı vəziyyətə
düşüblər. Yəni, evdə, ailədə, məktəbdə,
yaxud hansısa əmək kollektivində bu xarakterli
verilişlərin dinlənilməsi mümkündürmü?!
Məgər mövzu qəhətdir?! Namusla, qeyrətlə
bağlı son dərəcə həssas olan bu cür
çox ciddi məsələləri, özü də
uşaq-muşaq səviyyəsində açıq müzakirəyə
çıxarmaqmı olar?! Əfsuslar olsun ki, efirdə bu
cür üzdəniraq verilişlərə tez-tez rast gəlinir.
Son vaxtlar şou-biznes əhlinə
məxsus dəbdəbəli evlərin, villaların və
maşınların reklamı maqazin proqramlarının
başlıca mövzusuna çevrilib. Açıq demək
lazımdır ki, bu cür sifarişli verilişlər əksər
hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə
qarşılanır. Yəni, insanlar çox
yaxşı bilirlər ki, alın təri ilə
qazanılmış pullarla bu cür ifrat dəbdəbə
sahibi olmaq qeyri-mümkündür. İşi, vəzifəsi,
qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə
bəlli olan bəzi üzdəniraq “sənətçilərin”
mənbəyi bəlli olmayan pullar
hesabına əldə etdiyi hər cür dəbdəbəli
həyat şəraiti başqaları üçün örnək
kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə
olunmuş bahalı maşınları, oğurluq pullarla
ucaldılmış dəbdəbəli villa və imarətləri
təbliğ etməyin özü halal zəhmətilə
dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir. Bu
cür üzdəniraq təbliğat nəticə etibarı
ilə gənclərin əxlaqını pozur, xüsusən də
onların peşə seçimində səhvlərə yol
vermələrinə gətirib çıxarır. Bununla da
ölkənin və millətin gələcəyi
üçün əlavə problemlər yaratmış
oluruq.
Doğrudur, AzTV və İTV-dən
fərqli olaraq, özəl kanallar yaşamaq üçün
özləri qazanmalıdırlar. Azərbaycanda
reklam və teleticarətin həcmi və onun bazar qiyməti
Avropa ölkələri, lap elə qonşu Türkiyə və
Rusiya ilə müqayisədə hələlik hissolunacaq dərəcədə
aşağı olduğundan telekanalların bu yolla qazanc əldə
etməsi o qədər də asan başa gəlmir. Elə
efirdəki problemlərin bir qismi də birbaşa bu amillərlə
bağlıdır. Amma bu halda belə, telekanallar nəyi itirib
nəyi qazandıqlarının fərqinə
varmalıdırlar. Yəni, beş-üç manat artıq
qazanmaq xatirinə tamaşaçı maraqlarını, deməli,
həm də ümummilli maraqları yaddan çıxarmaq
olarmı?!
Hələlik “İdman Azərbaycan”
kanalı istisna olmaqla, ölkəmizdə tematik kanal yoxdur. Belə
olan halda mövcud telekanallar tematika məsələlərində
xüsusilə çevik, həssas və peşəkar
olmalıdırlar. Əfsuslar olsun ki, bu sahədə də həddən
çox təkrar və uyğunsuzluqlar var. Mövzu
qıtlığı və yanaşma yeknəsəkliyi
çox qabarıq şəkildə hiss olunmaqdadır.
Ayrı-ayrı kanallarda gedən bir sıra verilişlər
mahiyyət etibarı ilə, demək olar ki, bir-birindən fərqlənmir.
Mətbəx verilişləri, SMS-lə olan müsabiqələr
və maqazin proqramları buna bariz misal ola bilər. Bu cür
oxşarlıq və təkrarçılığı hətta
gündəlik olaraq efirə gedən xəbər
proqramlarında da çox aydın şəkildə
müşahidə etmək olar.
Xəbərlərin
tamaşaçı və dinləyiciyə operativ şəkildə
çatdırılması ilə bağlı da problemlər
yaşanmaqdadır. İnformasiya bloklarında Azərbaycanın
gündəlik ictimai-siyasi və mədəni həyatına
dair xəbərlər azlıq təşkil edir. Fikrimizcə,
efirin cəmiyyət üçün o qədər də
önəmli olmayan kriminogen xəbərlərlə yüklənməsi
də arzuolunmaz hal kimi dəyərləndirilməlidir.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə görə (maddə 32.0.2.1)
teleradio kanallarında, “informasiyaların tərəfsizliyi, qərəzsizliyi,
əhatəliliyi, tam və doğru-dürüstlüyü
prinsiplərinə əməl olunmalıdır”.
Əfsuslar olsun ki, teleradio
yayımçılarının bu sahədəki fəaliyyətində
də nöqsanlar mövcuddur. Məsələn,
Teleradio Şurasının monitorinqləri nəticəsində
müəyyən olunmuşdur ki, bəzi
yayımçılar onlar üçün “doğma” hesab
olunanları az qala hər gün yerli-yersiz ekrana
çıxarır, “ögey”ləri isə əksinə, nə
kimi fəaliyyəti və xidmətləri olsa belə, ekrana
yaxın buraxmırlar. Sanki, bu və ya digər televiziya
kimlərinsə şəxsi “votçina”sıdır. Bu səbəbdən də bəzi telekanallar
hansısa nazirliyi və ya rayonu mütəmadi olaraq ya tənqid
edir, ya da yerli-yersiz tərif edir. Əlbəttə, televiziya və
onun başında duran insanlar bu cür cılız hisslərdən
uzaq olmalıdırlar.
Ayrı-ayrı televiziyaların səviyyəsi
və reytinqi xeyli dərəcədə onların
aparıcılarının şəxsiyyəti və peşəkarlığı
ilə müəyyən olunur. Akademik Ramiz Mehdiyevin məqaləsində
qeyd olunduğu kimi, bu gün Azərbaycan
telekanallarındakı aparıcı problemi, demək olar ki, hər
kəsi narahat etməkdədir. Doğrusu, Rafiq Hüseynov, Xəyal
Tağıyev, Qənirə Paşayeva, Səadət Məmmədova,
Mehriban Ələkbərzadə kimi peşəkarlar gedəndən
sonra efirimiz çox miskin görünür.
Aparıcılardan kimisə başqalarına nümunə
göstərməkdə çətinlik çəkirsən.
Teleradio sahəsində işlərin
qaydasında getməsi üçün təkcə
aparıcıların deyil, digər kateqoriyadan olan əməkdaşların
da öz yerində olması çox vacibdir. Təəssüflər
olsun ki, hələlik bu sahədə də boşluqlar və
problemlər qalmaqdadır. Teleradio kanallarında müşahidə
olunan kadr axıcılığı da bu sahədə problemlər
olduğundan xəbər verir. Televiziya və radio kanalları
üçün yüksək hazırlıqlı kadrlar
hazırlanması da qənaətləndirici vəziyyətdə
deyil. Nəzərə almalıyıq ki, bu gün ölkənin
teleradio kanallarında minlərlə telejurnalist, operator,
montajçı və rejissor çalışır.
Onların sıraları daimi olaraq təzələnir. Buna
müvafiq kadr ehtiyatı mövcuddurmu?! Ali məktəblərdə
jurnalist ixtisasına yiyələnmiş gənclərin
hazırlıq səviyyəsi onların televiziya və ya
radioda çalışmalarına imkan verirmi?! Təəssüflər
olsun ki, çox zaman bu suallara da müsbət cavab tapa bilmirik.
Efir məkanı coğrafi
baxımdan hüdudları intəhasız dərəcədə
geniş olan bir anlayışdır. Ancaq bu, o demək deyildir
ki, efirdə kim nə istəsə edə bilər. Əksinə,
efir insan fəaliyyətinin, bəlkə də, ən çox
ölçü-biçi və məsuliyyət tələb
olunan fəaliyyət sahəsidir. Zarafat deyil, səni milyonlar
seyr edir. Odur ki, efiri özünə fəaliyyət sahəsi
seçənlərin nitqi də, məntiqi də, geyim və
davranışı da hər cəhətdən nümunəvi
olmalıdır. Təbiidir ki, ixtisas təhsili, nəzəri və
praktiki hazırlığı olmayanlar bu tələblərə
çox gec, həm də çətin
uyğunlaşırlar. Toydan, mağardan çıxaraq efirə
gələnlərin timsalında bunu aydın
görürük.
Televiziya da, radio da
sovet dönəmində olduğu kimi, bu gün də çox
güclü təbliğat maşını olaraq qalır. 70
il ərzində sovet ideologiyasının insanların
şüuruna hakim kəsilməsində radio və televiziya ilə
aparılan təbliğatın çox böyük rolu və
əhəmiyyəti olub. Müstəqillik şəraitində radio və
televiziyanın statusu və funksiyasında çox ciddi dəyişiklik
baş verdi. Bu gün elektron KİV artıq
dövlətin təbliğat maşını deyil, daha
çox cəmiyyət həyatının güzgüsü
olmaq funksiyasını daşıyır. Əfsuslar olsun ki,
ölkə həyatının reallıqları hələlik
bu güzgüdə yetərincə öz əksini tapmır.
İstər tarixi və mədəni dəyərləri,
istərsə də bu gün ölkə və cəmiyyət
həyatının, demək olar ki, bütün sahələrində
müşahidə olunan tərəqqi və inkişaf meylləri
televiziya və radio kanalları tərəfindən arzu olunan səviyyədə
təbliğ olunmur. Bu gün Naxçıvanda, Lənkəranda,
Qəbələdə, Xaçmaz, Zaqatala və Yevlaxda, lap elə
digər rayon və şəhərlərimizdə gedən
genişmiqyaslı abadlıq və quruculuq işlərindən
bir çoxumuzun xəbəri belə yoxdur. Bu, o deməkdir ki,
televiziyaların kameraları yaxşı işləmir,
bölgələrlə əlaqə istənilən səviyyədə
deyildir və s. Efir fəaliyyətində çox qabarıq
şəkildə hiss olunan mövzu qıtlığı və
təkrarçılığın bir səbəbi də elə
budur.
Bir sözlə, son illər Azərbaycanın
teleradio məkanında çox ciddi kəmiyyət və
keyfiyyət dəyişiklikləri baş versə də, bu
sahədə nöqsanlar və problemlər də çoxdur.
Akademik Ramiz Mehdiyevin təbirincə desək, “bu gün
televiziya və radio kanallarının hazırladıqları
verilişlər Azərbaycan tamaşaçısını
qane etmir, onun istək və arzuları ilə
uyğunlaşmır. Nəticə etibarı ilə
tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə
daha keyfiyyətli proqram siyasəti həyata keçirən,
maraqlı verilişlər təqdim edən xarici televiziya
kanallarına baxmağa üstünlük verir”.
Etiraf edim ki,
teleradio yayımçılarının fəaliyyətindəki
bu və ya digər nöqsanlarla bağlı, xüsusən də
ayrı-ayrı verilişlərin “keyfiyyəti” və
aparıcıların “səviyyəsi” ilə bağlı
tamaşaçı və dinləyicilər
vaxtaşırı olaraq Teleradio Şurasına da müraciət edirlər. Qaldırılan
məsələlərin əksəriyyəti
yayımçıların bilavasitə yaradıcılıq fəaliyyəti
ilə bağlı olduğundan, təbiidir ki, Şura həmin
müraciətləri aidiyyəti üzrə kanallara göndərməli
olur. Çünki akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi,
qüvvədə olan qanunvericiliyə görə,
Teleradio Şurası yayımçıların
“yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə
müdaxilə etmək səlahiyyətinə malik deyil və
deməli, bu sahələrdə müşahidə olunan
çatışmazlıqlara görə məsuliyyət
teleradio qurumlarının rəhbərlərinin üzərinə
düşür”.
Bununla belə, Teleradio
Şurası efirimizdə baş verənlərə heç
bir halda biganə qala bilməz. Yəni, efirimizin bütün kəm-kəsirləri
üçün birbaşa olmasa da, ən azı
dolayısı yolla Teleradio Şurası da məsuliyyət
daşıyır. Elə bu səbəbdəndir
ki, son vaxtlar telekanalların milli-mənəvi dəyərlərlə
bağlı işi dəfələrlə şura
iclaslarının müzakirəsinə
çıxarılmış, müvafiq tövsiyələr
verilmiş, nöqsanlara yol vermiş bəzi
yayımçılar isə, hətta, inzibati cəza və cərimə
sanksiyalarına məruz qalmışdır. Heç
şübhəsiz, Teleradio Şurası bundan sonra da monitorinqlərin
nəticələrinə, mütəxəssis və ekspert rəylərinə,
alimlərin, ziyalıların, digər kateqoriyadan olan ictimaiyyət
nümayəndələrinin müraciət və təkliflərinə
uyğun olaraq efirimizin sağlamlaşdırılması
istiqamətində zəruri tədbirlər görməkdə
davam edəcəkdir.
Göründüyü
kimi, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin məqaləsində Azərbaycan efirinin bir çox
ciddi problemləri dərindən və hərtərəfli
şəkildə təhlil olunaraq, onların həlli
yolları göstərilmişdir. Əmin olmaq istərdik ki,
teleradio yayımçıları məqalədə qaldırılan məsələləri
geniş və işgüzar şəraitdə müzakirə
etməklə Azərbaycan ictimaiyyətini
düşündürən, narahat edən problemlərin aradan
qaldırılması, beləliklə də ölkəmizin
efir məkanının, sözün tam mənasında,
sağlam olmasını təmin edəcəklər. Və
yəqin ki, o zaman Azərbaycan tamaşaçısı daha
kanalı dəyişərək xarici ölkə
telekanallarına baxmaq barədə düşünməyəcək.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikası Milli
Televiziya
və Radio Şurasının
üzvü, tarix elmləri doktoru
Xalq qəzeti.- 2009.- 7 oktyabr.- S. 4.