Onu xatırlayarkən...
Allah-Təala ona xoşbəxt olmaq üçün hər
cür keyfiyyət vermişdi. Süleyman Peyğəmbər
kimi hamının dilini bilirdi. Uşaqla uşaq idi, böyüklə böyük. Hamıya dost-doğma idi.
Kimi onu el adamı, kimi məclis adamı adlandırırdı. Adam var
ki, gündüz-günorta
vaxtı içəri
girəndə otaq zülmətə batır,
adam da
var ki, gecənin
bir vaxtı səsi eşidiləndə
dünya işıqla
dolur. O, üzü nurlu insanlardan idi. Bir sözlə,
bizim Rəfail xoşbəxtlər xoşbəxti
idi.
Mən Rəfail
Nağıyevin imzasını özündən qabaq
görüb-tanıyıram. O vaxt mən “Kommunist”də,
(indiki “Xalq qəzeti”ndə), Rəfail isə “Bakı”
axşam qəzetində çalışırdıq. O illərdə
bizim qəzet respublikanın ən nüfuzlu, ən yüksək
tirajlı qəzeti idi. Ən gənc mətbu orqanı olan
“Bakı” qəzeti isə tiraj cəhətdən “Kommunist”ə
çata bilməsə də jurnalist sənətkarlığı
baxımından seçilməyə başlamışdı.
Xüsusən Nəsir İmanquliyevin redaktorluğu
dövründə “Bakı” qəzetində hər janrda yazan
jurnalistlər yetişmişdi. Başqa cür ola da bilməzdi,
çünki Nəsir müəllim respublikamızdakı
bütün jurnalistlərə müəllimlik etmişdi. Hətta
başqa mətbu orqanlarında çalışanlar da Nəsir
İmanquliyevin qəzetində sınaqdan keçmək,
sayılıb-seçilmək həvəsinə
düşmüşdü. “Bakı” qəzeti yeni jurnalistika məktəbinə
çevrilmişdi. Elə mən özüm də Moskvada
kino-ssenari kursunda çalışarkən “Bakı” qəzetinə
materiallar göndərmiş, onların Nəsir müəllim
tərəfindən bəyənilməsinə hədsiz
sevinmişəm.
Talehi nahaqdan “ilahi
ömür yolu” adlandırmırlar. Bu ömür yolu bizi
1961-ci ildə “Kommunist” qəzetində
görüşdürdü. Bu doğma binaya müxtəlif
vaxtlarda gəlsək də imza
tanışlığımız Rəfail Nağıyevlə
şəxsi tanışlığa və möhkəm
dostluğa çevrildi. Rəfaili redaksiyaya təzə
redaktorumuz Ağababa Rzayev dəvət etmişdi. Rəfail
Nağıyev çox savadlı tərcüməçi idi. Materialı
bir dəfə oxuduqdan sonra birbaşa makinaya deyirdi. Belə ki,
Azərinformun (indiki AzərTac-ın) ən təcrübəli
tərcüməçiləri də Rəfaillə məsləhətləşir,
ən çətin materialları ona redaktəyə göndərirdilər.
Hər adam Rəfail Nağıyev kimi dost qazanan ola bilməzdi.
Hətta redaksiyaya şikayətə gələnlər də
onunla söhbətləşəndən sonra dərdini
unudardı. Müəyyən bir səbəb üzündən
ümidsizliyə düşənlər də sabaha inanaraq
redaksiyanı “sağ ol-sağ ol”la tərk edərdilər.
Rəfail Nağıyev
barədə hər şəkildə xoş söz demək
olar. İnanmıram ki, Rəfail adı çəkiləndə
üzünü turşudan bir adam tapılmış olsun. Rəfail
olan yerdə həmişə gülər üz olur, məclis
xeyirxah sifətlərin xeyir-duasına çevrilirdi. Rəfailin
dostları da, onun dostu adlanmaq istəyənlərin də
sayı çox-çox olub. Çox şadam ki, onun əsl
dostları cərgəsində mən də varam.
Rəfaillə dostluq mənim
ömür kitabıma həkk olunub. Rəfaillə
bağlı olmazın xatirələr var. Otuz il bir qəzetdə
çalışmaqdan əlavə, əsgərlikdə də
olmuşuq, Tiflis hərbi kazarmasında türkcə bölgə
qəzeti də buraxmışdıq. Rəfail redaktor olub, mən
onun müavini.
Bir maraqlı xatirə:
hər il olduğu kimi yenə də Leninin ad günü şərəfinə
nömrə hazırlayırdıq. Redaktor Ağababa Rzayev
gileyləndi ki, filan şair beş şeir gətirib,
oxumuşuq, beşi birə dəyməz, biri heçə. Redaktor
deyindi ki, “şeirə elmi iş kimi baxmaqdan əl çəkin.
Pis-yaxşı, o şeirləri gətirin mənə.
Görün daha nə tapa bilirsiniz”.
Rəfailin kabinetində
təzəcə götür-qoy edirdik ki, köhnə dostumuz
Aşıq Pənah hay-küylə içəri girdi. Salamdan
da qabaq Rəfailin sözü bu oldu:
— Pənah! Lenin
haqqında şeir axtarıram!
— Şeir məndə!-
deyə Aşıq Pənah qoltuğundakı qovluğu tələsik
açdı və makinadan çıxmış bir
kağızı şəstlə stolun üstünə qoydu.
— Əcəb!.. - deyə
sevincək şeirə baxanda çaşıb qaldı. Şeirin
adı “Kəmalənin gözləri” idi.
Aşıq Pənah
heç özünü sındırmadı:
— Heç narahat
olmayın, mən bu dəqiqə bu şeirin adını dəyişib
yazaram: “Leninin sözləri”...
Aşıq Pənahın
bu duzlu zarafatına redaktor bizdən də çox
güldü. Lenin haqda
şeirə qalanda, redaktor dedi ki:
— Sabah qəzetdə
oxuyarsınız...
Səhəri gün isə ilk
gördüyümüz elə filan şairin şeiri oldu. O
qayda ilə ki, hərəsindən bir-iki bənd götürməklə
beş şeirdən bir şeir düzəldilmişdi.
İndi müəllifə “necə cavab verəcəyik?”
haqqında düşünəndə şair özü zəng
vurub nəzakətlə razılığını bildirdi:
— Çox sağ olun ki,
şeirimin birini dərc etmisiniz, bəs qalan dörd şeiri nə
vaxt dərc edəcəksiniz?
— Yaxşı qurtardıq...- deyə
Rəfail məni təbrik etdi.
O zaman raykom katiblərini
“kiçik padşahlar” adlandırırdılar. Elə bu
“kiçik padşahlar” haqqında da mənim Rəfaillə
bağlı bir sıra xatirələrim var. Pambıq
yığımı vaxtı bir rayonda ezamiyyətdə idik.
Raykom katibi yolun ortasında düşüb təzə
döşənmiş asfaltı bizə göstərirdi. Bir
vaxt ayılıb gördük ardımızda 20-30
maşın düzülüb. Rəfail dözməyib: “Bəlkə
nəqliyyata yol verək?” - dedi. Raykom katibi tam ciddiyyətlə
cavab verdi ki, “nəqliyyatın nə ixtiyarı var raykomdan irəli
keçsin!...”
Daha bir əhvalat.
Tiflisdə ay yarımlıq əsgərlikdə
idik. İkimiz də kapitan rütbəsində. Mən “Jiquli”
maşınımı da götürmüşdüm. Bir
gün Rəfail dedi ki, bazar axşamı gedək Zaqatalaya.
Yaxşı sözə nə deyəsən, bazar günü
səhər tezdən icazə alıb getdik Zaqatalaya. Raykom
katibi köhnə tanışımız idi, amma kabinetdə
tapılmadı. İdarənin həyətindən
çıxanda tərslikdən yola çalınmış
mıx maşının qluşitelini dağıtdı.
Soraqlaşıb maşını ulada-ulada sürdük təmirxanaya.
Bizi zabit geyimində görən müdir çox hörmət
göstərdi. Adam göndərdi ki, qaynaqçını tez
tapıb gətirsin. Hərəmizə də bir stəkan
çay süzdü.
Biz çay içib ordan-burdan
danışana qədər qaynaqçı da gəldi,
maşın da sazlandı. Pul vermək istədikdə
müdir üzrxahlıqla: “Yox,- dedi, - hərbiçilərə
xidmət borcumuzdur”.
Gülə-gülə
maşına minib təzədən raykoma tərəf
yollandıq. Raykom katibi gəlmişdi. Bizi mehriban
qarşıladı. Başımıza gələn qluşitel
qəziyyəsini ona danışdıq. Sözgəlişi Rəfail
dedi ki, “onlar bizə çox hörmət etdilər, hətta
pul da almadılar. Mümkünsə, o təmir sexinin
müdirinə hörmət elə”.
— Baş üstə! - deyərək
raykom katibi tez telefonu götürdü. - Rəisdi? Bu saat o
avtoremont müdirini tap gətir. Tez!
Çox çəkmədi ki,
müdiri tapıb raykoma gətirdilər. Raykom katibi ona bir
xeyli tərs-tərs baxıb, nəhayət qəzəblə
dilləndi:
— Julik!!! Bu da təzə
fırıldağındır?! Elə bilirsən sənin nə
oyunlardan çıxmağından xəbərimiz yoxdu?! Rədd
ol burdan!!!
Təmir müdiri getdikdən
sonra biz bir xeyli özümüzə gələ bilmədik. Nəhayət,
Rəfail sükutu pozdu:
— Bu nə deməkdi?
Katib əvvəlki hava ilə:
— O deməkdir ki, raykomluq qəzetçilik
deyil.
Katib “gecəni qalın” desə də,
qalmadıq.
Katib:
— Niyə qalmadınız?.. - deyə
soruşanda, Rəfail:
—Çünki qəzetçilik
katiblik deyil, - deyə maşının qapısını
hirslə örtdü. Bir az uzaqlaşmışdıq ki,
dönüb məndən üzr istədi. - Bağışla
ki, qapını bərk çırpdım.
Hər ikimiz ürəkdən
güldük. Mövzunu dəyişdik, elə gülə-gülə
də Şəkiyə çatdıq. Şəkidə
maşından çıxıb raykom binasına tərəf
gedəndə o vaxtlar dəbdə olan “Komsomol projektoru”
lövhəsini gördük, ixtiyarsız ayaq saxladıq.
Lövhədə bir pəzəvəng oğlan fotosu diqqətimizi
cəlb etdi. Şəkilin altına cəmisi ikicə kəlmə
söz yazılmışdı: “Ədəbsiz xuliqan”.
Başqa heç nə.
Raykom binasında birinci katib bizi
gülər üzlə qarşıladı. Rəfail
özünü saxlaya bilməyib:
— Raykom katibi də gülərmiş...-
dedi. Bu sözdən sonra raykom katibi daha ucadan güldü. Elə
bu gülüş altında Rəfail də gülə-gülə
soruşdu ki:
— Ay yoldaş raykom katibi,
soruşmaq ayıb olmasın, Şəkidə xuliqanın da ədəblisi
olur?...
Katib biləndə ki, söhbət
“Komsomol projektoru”ndankı fotodan gedir,
gülüşünü kəsdi və:
— Olur... olur... - dedi. - Vallah, o
yoğun peysər xuliqanın əməlini dilə gətirməyə
utandım. İndi başa düşürəm ki, siz
jurnalistlərin peşəsi necə çətindir...
Rəfail Nağıyev
haqqında danışmaq, jurnalistikamız haqqında
danışmaq, əsl jurnalist necə olmalıdır
sualına cavab verməkdir.
Rəfail haqqında çox
söz demək olar, deyiləcək də.
Behişt bəlkə də
xoş xatirələrdə yaşamaqdır.
Allah sənə min rəhmət
eləsin, Rəfail!
Redaksiyadan: 2009-cu il oktyabrın 8-də saat 15:00-da Mətbuat
Şurasında istedadlı jurnalist və mahir tərcüməçi
Rəfail Nağıyevin xatirəsinə həsr olunmuş
anım mərasimi keçiriləcək.
Əfqan, yazıçı,
əməkdar incəsənət xadimi
Xalq qəzeti.- 2009.- 8 oktyabr.- S. 6.