HƏMİŞƏ BİZİMLƏ QALAN ŞƏFQƏTİN

 

O, qısa və parlaq ömür yaşadı.

İnsafsızca gödək olan bu ömür payı ərzində həmin illərə sığmayacaq qədər çoxlu və gərəkli işlər gördü.

Öz həyat yolu qısa olsa da, elmdə özündən sonra bitmədən davam edəcək bir yol yaratmağa nail oldu.

 

Yaxşı alim adlanmaq haqqını qazanmaq həmişə çətindir.

Amma yaxşı alim olaraq adını elm tarixinə həkk edə bilmək ikiqat çətindir.

Aida İmanquliyeva yaxşı alim idi.

Böyük bilici İ.Kraçkovskiyə “şərqşünasların şeyxi” deyirdilər.

O qüdrətli alimin başladığı hansısa işi ondan da uğurlu davam etdirərək yeni səhifələr yaza bilmək şərəfdir.

Aida xanım İ.Kraçkovskinin ərəb məhcər ədəbiyyatı ilə əlaqədar təməlini qoyduğu tədqiqatların üfüqlərini genişləndirərək səthi araşdırılmış bu sahənin dərinliklərinə endi, çox qaranlıq mətləbləri aydınlatdı.

Aida xanım Azərbaycanda ərəb ədəbiyyatının tədrisini bir sistem halına gətirən ilklərdən oldu və ərəbşünaslığımızda müasir ərəb ədəbiyyatının tədqiqini bir müstəqil istiqamətə çevirməyin icraçısı, rəhbəri və təşkilçisi kimi etiraf edildi.

Bununla da adı Azərbaycan şərqşünaslığının iftixarlı tarixinə əbədilik yazıldı.

Möhlətsə qısa idi – vur-tut 52 il.

 

* * *

 

Azərbaycan şərqşünaslığının tarixini tarix içərisində seyr edəcək olsaq, min ildən uzun bir yol təsəvvür edilməlidir. Lakin müasir mənada şərqşünaslıq elminin də, şərqşünaslıq təhsilinin də yaşı xeyli azdır, bu, iyirminci əsrin ortalarında formalaşıb inkişaf edən bir istiqamətdir.

Şərqşünaslığa İkinci dünya müharibəsindən sonrakı onillərdə Sovet İttifaqında xüsusi diqqət göstərilməyə başlanmışdı və bu da siyasi səbəblərsiz deyildi.

Sovetlərin xarici siyasətində Yaxın və Orta Şərqin məxsusi yeri vardı və ona görə də həm Moskva, Leninqrad, Kiyev kimi böyük şəhərlərdə, həm də respublikalarda strateji siqlətli şərqşünaslıq elminin və təhsilinin irəliləyişinə qayğı il-ildən artırılırdı.

Əslində, ondoqquzuncu əsrdə Avropada şərqşünaslığın diqqət mərkəzinə çıxması, qiymətli araşdırma və tərcümələrin yaranması, bəsirətli alimlərin yetişməsi də mahiyyəti, kökü ilə siyasətə bağlıydı.

Şərq İngiltərənin, Fransanın siyasətində xüsusi maraq dairəsinə girirdi və dövlətin gərək olan anda söz soruşmaqçün mütəxəssislərə, alimlərə ehtiyacı vardı.

Tələbə ikən müəllimlərimizdən birinin görkəmli şərqşünas Edvard Braunu hər dəfə “ingilis casusu” deyə təqdim etməsi, üzə vurmağa üzüm gəlməsə də, içəridən məni incidirdi.

Çünki E.Braunun “Persiyanın ədəbi tarixi” üçcildliyi mütəmadi müraciət etdiyimiz misilsiz, köhnəlməyən elmi abidə idi.

Lakin neyləməli ki, o müəllimin eyhamlarında da həqiqət vardı.

 

***

 

...Aida İmanquliyevanın şərqşünas taleyi bu təhsil və elm sahəsinin Azərbaycandakı inkişaf cığırları və mərhələləriylə bilavasitə bağlıdır.

1957-ci ildə universitetin getdikcə daha artıq güc yığan, sanballılaşan şərqşünaslıq fakültəsində ərəb filologiyası bölməsi yaranır.

Fars və türk dilləri ilə bağlı problem yoxdu, yaxşı dil daşıyıcıları keçmişdən də vardı, qırxıncı illərin sonlarında Cənubi Azərbaycandan gələn siyasi mühacirlərin də arasında farscanı ana dili qədər təmiz bilən və elm, təhsil şəbəkəsində çalışmağa qərar verənlər az deyildi.

Tərcümələr də edirdilər, dərsliklər də yazırdılar, tədqiqat da aparırdılar.

Ərəb filologiyası sahəsində isə bir boşluq, qıtlıq vardı.

Fədakar müəllim və alim Ələsgər Məmmədovun memarı olduğu ərəb şöbəsinin ilk buraxılışlarının tələbələri elm və təhsilimizdəki bu “ağ ləkə”ni yox etmək, bu “xam torpağı” münbitləşdirmək, bol və sevimli məhsullar verən sahəyə çevirməkçün pionerlərə döndülər.

Azərbaycan ərəbşünaslığının sonrakı onilləri onların alim və müəllim əməkləriylə, tədqiqatları və tərcümələriylə bəzəndi.

İlk buraxılışların məzunlarından olan Malik Mahmudov ərəbdilli Azərbaycan ədəbiyyatını, Zakir Məmmədov ərəbdilli Azərbaycan fəlsəfəsi tarixini öyrənməyə başladı, Vasim Məmmədəliyev ərəb dilçiliyi səmtini tutdu, Aida İmanquliyeva isə müasir ərəb ədəbiyyatının araşdırıcısına çevrildi.

İllər sonra bu cavanların hər biri elə cavan yaşlarında ağır alim və müəllim çəkisi qazandılar, yol açan, istiqamət yaradan oldular, hərəsinin öz məktəbi formalaşdı.

 

***

 

Mən 1970-ci illərin sonlarında o vaxt yeganə olan Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirərək Elmlər Akademiyasına təyinat alanda, az sonra aspiranturaya qəbul edilərək Yaxın və Orta Şərq Xalqları İnstitutunda işə başlayanda orada mükəmməl bir elmi heyət vardı. Görkəmli ədəbiyyatşünas, akademik Həmid Araslı, tarixçi akademiklər Əbdülkərim Əlizadə və Ziya Bünyadov, filosoflar Əbdülhüseyn Agəhi və Əhməd Əminzadə, əruzçu Əkrəm Cəfər, mətnşünas Məmmədağa Sultanov, iqtisadçı Əli Kəlavej, həyatları müasir İran və Azərbaycan tarixinin ayrılmaz parçası olan və elmdə də mötəbər sözlərini demiş Mirqasım Çeşmazər, Tağı Şahin...

İnstitutdakı şöbələrin ən sütülü ərəb filologiyası idi.

1976-cı ildə yaradılmışdı və ilk müdiri də Aida İmanquliyeva seçilmişdi.

Vur-tut 27 yaşında.

Həm şöbə gənc idi, həm şöbənin müdiri və tərkib də digər bütün şöbələrlə müqayisədə cavan idi.

Və əslində, məhz həmin şöbənin iş ritmi, yaş həddi, elmi yanaşma üsullarının müasirliyi sonralar həm bu institutda, həm də bütövlükdə Azərbaycanda şərqşünaslığın inkişafına yeni bir impuls verdi.

Və bu sağlam, gərəkli, çağdaş impulsun müəllifi, təkanvericisi gənc alim Aida İmanquliyeva idi.

O həm institutda işləyirdi, həm də fakültədə dərs deyirdi.

Bir dəfə özü etiraf etdi ki, vaxtımı alsa da, məni yorsa da, dərs deməyi iki əsas səbəbə görə davam etdirirəm. Birincisi, müəllimliyi sevirəm, tələbələrlə işləməkdən zövq alıram, ikincisi də yaxından müşahidə edərək bura üçün – Şərqşünaslıq İnstitutundan ötrü gələcək əməkdaşları gözaltı edirəm.

 

* * *

 

Dissertasiya yazıb ortaya çıxarmağın çətinliyi bir yana, müdafiə prosesinin özünün yüz cür narahatlıqlar, süni maneələrlə bağlı olduğu illərdə Aida İmanquliyevanın başçılıq etdiyi ərəb filologiyası şöbəsi müdafiə edən işçilərinin sayına görə yalnız həmin institutda deyil, ümumən Akademiya şəbəkəsində seçilirdi.

Onun şöbəyə başçılığı müddətində 10 nəfər müdafiə etmişdisə, həmin əsnada əksər şöbələrdə bu rəqəm 1, 2, uzaqbaşı 3-dü.

Səbəb o idi ki, həm Aida xanım işçilərinə, yeni başlayan araşdırıcılara elmi köməklərini əsirgəmirdi, həm də onlara arxa dururdu, süründürməçiliklərdən, mərdümazar münasibətlərdən qoruyurdu.

Bu qayğının elə təfərrüatları da vardı ki, bəzən müdafiə edənlər bundan xəbərsiz qalırdılar.

Aida xanım yaxşılığını səsə salmadan edirdi və heç vaxt da bunun üstünü vurmurdu.

Bunun örnəkləri çoxdur, ən azı birini mən bilirəm.

O vaxtlar dissertasiya müdafiə etməyə hazırlaşanlara qarşı çox tələblər irəli sürülürdü ki, bunun ən mühümlərindən biri ictimai vəzifə daşımaq idi.

Mən institut qəzetinin redaktoru və komsomol təşkilat katibi idim. Müdafiəmi uğurla başa vurub təsdiqimi yenicə almışdım ki, bir gün Aida xanım məni çağırdı.

Müdafiə ərəfəsində olan, universitetdə mənimlə paralel oxumuş və indi ərəb filologiyası şöbəsində işləyən bir qızdan ötrü xahiş etdi: “Sən müdafiə etdin, indi gərək ona kömək edək. Bəlkə komsomol təşkilat katibliyinə onun namizədliyini irəli sürəsən? Səni də seçərik gənc alimlər şurasına”.

...Xeyirxahlığı, nəcibliyi insana öyrətmək olmur.

Bu elə hissdir ki, gərək daxildən gələ, ürəyin hökmü ilə ortaya çıxa.

Bu duyğu həmişə Aida xanımla idi.

 

* * *

 

Aida xanım vətənpərvər, millətsevər bir insan idi və zahirən elə belə də olmalı idi.

Əsilli-köklü nəsildən idi, atası qiymətli azərbaycanlı, mətbuatımızın canlı patriarxı Nəsir İmanquliyev idi, qovuşduğu ailə Mir Cəlalın ruhu ilə dolu idi. Lakin bu qaçılmazdır ki, hətta səni dörd bir tərəfdən bürüyən mühit də yaxşı vətənçi, xalqçı olmağına bəs etmir.

Gərək öz canında ola, bu hiss könlündə, varlığında həmişə qaynaya.

...Bir axşam televiziyada növbəti verilişim göstərilmişdi.

Ertəsi gün işdə rastlaşanda Aida xanım məni təbrik etdi, “Nitqini çox xoşlayıram, hər dəfə məmnuniyyətlə dinləyirəm”, – dedi.

Və əlavə etdi: “Axı niyə bizdə Azərbaycan dilini gözəl, cazibəli danışanlar azdır? Moskva televiziyasında alimlər, yazıçılar bir yana, aktyorların, musiqiçilərin, idmançıların necə maraqlı, insanı istər-istəməz həvəslə dinləməyə vadar edən söhbətlərini eşidəndə, açığı, qibtə edirəm, arzulayıram ki, bizdə də belə ola.

Fakültədə çox vaxt qəsdən mühazirənin ortasında keçirəm Azərbaycan dilinə”.

Aida xanım şərqşünaslıq fakültəsində rus bölməsində dərs deyirdi.

Sovet dövrü idi, rus dilinin hörmət-izzəti çox idi, bir para Azərbaycan ailələri elə evdə-eşikdə, məişət səviyyəsində də ana dilində deyil, rusca danışırdı.

Şərqşünaslıq fakültəsində rus bölməsindəki tələbələr əsasən azərbaycanlılar olsa da, onların bir qismi nəinki dilimizin qol-qabırğasını sındıra-sındıra danışırdı, bəziləri ana dilində heç yerli-dibli kəlmə kəsə bilmirdi.

Ona görə də Aida xanımın sırf rus dilində aparmalı olduğu dərsdə hərdən azərbaycancaya keçməsi bəlkə də mühafizəkar təhsil inzibatçısının nöqteyi-nəzərindən qüsur sayılardı.

Amma bu, bir ibrət, dərs içində dərs idi.

Aida xanım rus dilini gözəl, lətif bir şəkildə danışdığı kimi, Azərbaycan dilini də səlis bilirdi, əla danışırdı.

Ən azı nümunə göstərirdi ki, başqa dilləri də yaxşı bilin və bu, heç vəchlə öz dilinizi kamil bilmənizə mane olmasın.

Digər tərəfdən, öz dilinə əcnəbi dil kimi laqeyd münasibət bəsləyən, doğma dilinə səthi bələd olan tələbələrinə xəbərdarlıq etmiş olurdu ki, özünüzü səfərbər edin, dilinizi öyrənin, çünki bu sizə, heç olmazsa, söylədiklərimin hamısını anlamağınız, sabah soruşacaqlarıma “o hissəsini azərbaycanca demişdiniz, başa düşməmişdim” cavabı verməməkçün lazımdır.

 

* * *

 

Qəribə bir qanunauyğunluq var.

Hər alimin araşdırma mövzusu və sahəsi bir az onun özünə bənzəyir.

Hikməti nədir görəsən?

Təbiətinə, məzacına uyğun olaraq mövzu onu cəzb edir, ya mövzu araşdırıcını yavaş-yavaş özünə uyğunlaşdırır?

Elə insanın adı da belədir.

Hər birimiz illər ötdükcə adımıza uyğun olmağa başlayırıq.

Yenə sualdır – hansısa anlaşılmaz bir qüvvənin diktəsiylə dünyaya göz açdığımız andan irəlicədən bəlli olan taleyimizə uyğun gələn ad bizə nəsib olur, yaxud tam təsadüfən bizə verilmiş adın təlqini ilə illərcə ona müvafiqləşirik?

Aida xanımın adı da, məşğul olduğu elm sahəsi də, mövzusu da ona çox bənzər idi.

Bir ərəb sözü olan “Aida”nın mənası “fayda”dır.

Ömrü uzunu harada oldusa, faydalar verməyə çalışdı.

Və Aida İmanquliyeva alimlik həyatı boyunca ərəb məhcər ədəbiyyatı ilə məşğul oldu.

Bu da tam özünə oxşar idi.

Məhcər ədəbiyyatı əslən Suriyadan, Livandan olan yazıçıların büsbütün ayrı bir mühitdə, başqa həyat şərtləri axarında, Amerikada yaratdıqları ədəbiyyatdır.

Bu, eyni zamanda həm Şərq, həm Qərb ədəbiyyatıdır.

Özündə həm o psixologiyanı, həm bu düşüncə tərzinin xüsusiyyətlərini birləşdirən söz sərvətidir.

Aida xanım füsunkar, məlahətli bir Şərq qadını idi.

Ailəsinə, evinə-eşiyinə bağlı, milli-mənəvi dəyərlərinə, adət-ənənələrə sadiq bir azərbaycanlı xanımı idi.

Amma elə həmin andaca o, çağdaş mədəniyyəti, zövqü, səviyyəni, intellekti zahirində, davranışlarında, ədalarında əks etdirən bir müasir avropalı ziyalı xanım idi.

Qərb və Şərq Aida xanımda vəhdətdə idi.

Rüstəm Əliyev böyük və tələbkar alim idi və ona nə hər adamı, nə hər əsəri, nə hər əməli sadəliklə bəyəndirmək mümkün idi.

Aida xanımı isə o, çox dəyərləndirir, xətrini əziz tuturdu.

Rüstəm Əliyev 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində SSRİ şərqşünaslığının bərq vuran ulduzlarından idi və şöhrəti dünya boyunca idi.

Və Aida İmanquliyeva 1962-ci ildə Bakı universitetini fərqlənmə diplomu ilə bitirəndən sonra aspiranturaya girmiş, SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna ezam edilmişdi. Elmi rəhbəri də Rüstəm Əliyev olmuşdu.

O, Aida xanımı beləcə elmi yolunun lap başlanğıcından tanıyırdı və tale elə gətirmişdi ki, sonralar Rüstəm müəllim ən yüksələn çağlarında Moskvadan Vətənə dönəsi olmuşdu və neçə illər Şərqşünaslıq İnstitutunda birgə işlədik.

Bir dəfə Rüstəm müəllim ona xas obrazlı dillə: “Aida xanım sadəcə şərqşünas deyil, şərqnümadır”, – söylədi.

“Şərqnüma” – yəni, Şərqi ləyaqətlə təmsil və nümayiş etdirməyi bacaran. Mən buna Moskvada şahid olmuşam. Gənc qız idi. Dərrakəsi ilə, mühakimələriylə, mədəni səviyyəsi ilə hamını heyran qoyurdu. Fəxr edirdim onunla”.

Rüstəm müəllimə bu qüruru yaşadan gözlərinin önündən keçən olmuşlar idi.

Sovetlərin baş Şərqşünaslıq İnstitutunda mənim də aspirantlıq illərim keçib. Görmüşəm ki, əyalətdən gələnlərə – orta asiyalılara, qafqazlılara qaba şəkildə nəzərə çarpdırılmamağa səy edilsə də, hər halda yuxarıdan aşağı baxma təmayülü var.

Rüstəm müəllimin söylədiyi öz yerində, amma göz şahidiyəm.

Aida xanımı Moskvada həm Şərqşünaslıq, həm məşhur Asiya və Afrika ölkələri institutlarında konfranslarda çıxış edən, alimlərlə ünsiyyətdə, polemikada görmüşəm. Cavanlı-qocalı ona bəslənən ehtiramı, ətrafdakılarla müqayisədə seçilən üstünlüyünü seyr etmişəm.

Aida xanım mətni şərqli kimi duyma, avropalı kimi araşdırmaq vərdişini də müasir Azərbaycan ərəbşünaslığında bərqərar edən, Avropa oriyentalistikası modellərini şərqşünaslıq araşdırmalarımızda işlək ünsürə çevirən başlıca simalardandır.

Elə həmin səbəbdəndir ki, onun yetişdirdiyi cavan alimlər də məhz bu düzgün elmi məktəbin sayəsində ölkədən kənarlardakı elmi yığıncaqlarda həmişə təriflərlə qarşılanırdılar.

Və o təriflərin hamısında müəllimin, yolgöstərənin – Aida xanımın danılmaz payı vardı.

 

* * *

 

Aida xanımın ilk gənclik illərindən saf dost və həmkar ünsiyyətlərilə bağlandığı bir moskvalı da vardı. Baş Şərqşünaslıq Mərkəzində fəaliyyət göstərən unudulmaz Qəzənfər Əliyev. Qəzənfər müəllim Bakıya, Azərbaycana çox bağlı idi, buralarsız darıxırdı, hər il azı bir dəfə 2-3 həftəliyə Vətənə ezamiyyət götürürdü. Hər gəlişində bütün səfəri boyu elmi rəhbərimi müşayiət etdiyimdən onu axtaranlardan savayı özünün də mütləq kimlərləsə görüşmək, hal-əhval tutmaq istədiyini bilirdim.

Bu mütləqlərdən biri Aida xanımdı.Qəzənfər müəllimin Moskvada alim çəkisi yetərincə ağırdı, o, SSRİ Ali Attestasiya Komissiyasının üzvlərindəndi.

O zamanlar “məxfi opponent” deyilən bir anlayış vardı. Moskvaya təsdiqə yollanmış dissertasiyaların bir çoxu əlavə gizli rəydən ötrü belə adı qapalı saxlanan, mövqelərinə, obyektivliklərinə inam bəslənən alimlərə göndərilərdi. Qəzənfər müəllim söyləyirdi ki, Ali Attestasiya Komissiyasında bir neçə dəfə “məxfi opponent”lərin sırasına çox vasvasılıqla, yüz ölçüb bir biçmək şərti ilə respublikalardan da mütəxəssislərin vaxtaşırı cəlb edilməsi zəruriyyəti səsləndirilmişdi.

Qəzənfər müəllim bu müzakirələr zamanı yeni və müasir ərəb ədəbiyyatı üzrə inanımlı ekspertlər cərgəsində Azərbaycandan Aida İmanquliyevanın da nəzərdə tutulmasının təklif edilməsini eşidəndə riqqətə gəldiyini gizlətmirdi. Həm də bu namizədliyi yalnız kollegiyadakı tanınmış ərəbçilər deyil, görkəmli iranşünas İosif Braginski də irəli sürübmüş, “Mən Aidanı hələ Moskvada, şöbəmdə aspirantura təcrübəsi keçdiyi vaxtlardan hər cəhətdən dürüst tədqiqatçı kimi yaxşı tanıyıram”, – deyibmiş. Bu sizə adi hadisə kimi gəlməsin. SSRİ Ali Attestasiya Komissiyası “qorxunc” bir təşkilat idi. Özlərindən başqasına da, adətən, bel bağlamırdılar. Ucqardan olmaqla onların belə inamını qazanmaq yalnız tərtəmiz və ötkəm alim reputasiyası bahasına mümkün idi. Nəticə etibarilə bu, Aida xanımın Azərbaycanın elmi nüfuzuna qazandırdığı sayğı demək idi.

 

* * *

 

Suriyaya “Əş-Şam” da deyilir.

“Şamaxı” sözünün yozumlarından biri isə guya “Şam əxi” – “Şamın qardaşı” deməkdir.

Aida xanımın ana tərəfi şamaxılı idi.

1980-ci illərdə mən “Tarix boyu Şirvan şairləri” adlı toplunu hazırlamağa başlamışdım. Ən qədim zamanlardan zəmanəmizədək söz-sənət meydanında lap bircə şeirlik belə izi olan adları mənbələrdə soraqlayır, materiallar cəmləyir, ara-sıra tapıntılarımla bağlı məqalələr yazırdım.

İnstitutda hamı bilirdi ki, qocaman alim Cəfər Rəmzi Abşeron, mən Şirvan şairlərini yığmaqla məşğuluq.

Bir dəfə Aida xanım mənə ərəb əlifbasıyla yazılmış saralmış vərəqləri təqdim etdi: “Bax, bəlkə sənin məcmuən üçün yaradı. Bir şamaxılı qadının şeirləridir”.

Qadın şairlər sarıdan hazırladığım toplu kasad olduğundan hələ məzmununun nədən ibarətliyini bilmədiyim bu vərəqlər məni irəlicədən bərk sevindirdi.

“Kimdir bu qadın, olan elə budur, ya başqa əsərləri də var?” – soruşdum.

Aida xanım: “Təəssüf ki, qalan elə bu bir neçə vərəqdir, amma naməlum şəxs deyil, mənim nənəmdir, şamaxılı Fatma xanım”.

 

* * *

 

Bu beytlər həmin yadigar vərəqlərdəndir:

Aşiq oldum bir gözəlcik şahə mən,

Bu, Xudadandır mənə,

bəs neyləyim Allahə mən?

Neyləyim, kimə gedim bu hal ilə,

Firqətindən yanə qaldı can ü tən.

Getdi əldən ixtiyarim,

qayib etdim kəndimi,

Eylə insaf ü mürüvvət,

düçar oldum sənə mən.

Bəlkə də ünvanına yetişməmiş bir məktubun parçası olan bu şeir də:

Yeri, naməm, yeri dildarə saru,

Qızılgül açılıb gülzarə saru.

Bahar oldu, könüllər etdi cünbiş,

Tərənnüm eyləyib sərdarə saru.

Keçib aşiq dəmadəm can ü dildən,

Olub mədhuş, gedər bazarə saru.

Olub adət gözəllər sərvərinə,

Təkəllüm eyləyir əğyarə saru.

Əgər əhvalpürsan olsa səndən,

Elə fəryad ol xunxarə saru.

 

Həyatda heç nə boşuna olmur.

Hər kəsin gələcək həyatının bir çox cizgilərini Tanrı, Tale o insan dünyaya gəlməmişdən tədarük edir.

Nəslin yığdığı təcrübə qanla, qanın hafizəsiylə zəncir təki sonra gələnlərə ötürülür.

Ürəyini qələmlə boşaldan nənə nə bilərdi ki, onun sözə sevgisi damla-damla nəvə-nəticəyə də qismət olacaq?!

 

* * *

 

Gəzəri tarix olan insanlarla Şərqşünaslıq İnstitutunda bir yerdə işləyirdim, onların nadirliyini, təmas anlarımızın müstəsnalığını dəyərləndirməyə, bu fürsətin qədrini bilməyə bilməzdim.

İmkan düşdükcə səslərini lentə alardım, söylədikləri xatirələri, ayrı-ayrı fikirləri, onlarla ötən anlarımın çeşidli məqamlarını, sistemli gündəlik aparmasam da, yaddaş dəftərlərimdə qeyd edərdim.

İndi həmin pərakəndə yazıların hamısı əvəzolunmaz tarix qəlpələridir.

Nə yaxşı ki, hafizəmə ümid bağlayaraq onları qeyd etməkdən vaz keçməmişəm. Çoxu indi qayıdışsız itirilmiş olardı.

1979-cu ilin martı.

İnstitut divar qəzetinin qadınlara həsr olunan buraxılışı üçün Əkrəm Cəfərdən bir neçə söz yazmasını, yaxud özümün yazılaşdırmağımçün eləcə şifahi deməsini rica etmişəm.

Hər sözü kimi, bu cavabı da orijinaldır.

Deyib ki, əruz mənim həyatımın mənasıdır. Əruzun əsası isə təfilələrdir. Bəhrləri, bütövlükdə vəzni, əruzun varlığını təfilələr yaradır. Təfilə əruz üçün nədirsə, qadınlarımız da institut üçün o deməkdir.

Dübarə soruşuram ki, hansınınkı hansı təfilədir?

Sualıma təəccüblənir: “Necə yəni hansı? Kimin adı hansı vəzndədirsə, elə həmin təfilədir”.

Bir-bir sadalayır və bədahətən hərəsi haqqında 2 beyt deyir. Hərəsinin də adına uyğun təfilə şeirin sərlövhəsindədir.

Şeirlərdən biri Əkrəm müəllimin yaxın dost olduğu Nəsir İmanquliyevin qızı Aida xanım haqqındadır.

Beytlərdə Nəsir müəllimin də adı keçir. Şeirin ünvanısa “Aida – fəUlün”dür.

Dəftərlərimdən Əkrəm müəllimin həmin gün Aida xanım haqda dediyi misraları köçürürəm bura.

 

O sözə vurğun olmuş,

özü də bir şeirkən

Elmi kimi gözəldir,

Nəsir qızı Aida!

Təvazökar, zəhmətkeş,

axtarışdan yorulmaz,

Ərəbşünas qızların dan ulduzu Aida.

Hələ onda Aida İmanquliyevanın əsl böyük elmi uğurları gələcəkdə idi.

Amma təcrübəli ustadın fəhmi onu aldatmırdı.

Elə o dövrdə də Azərbaycan ərəbşünas qadınlarının ən öncüllərindən olan Aida xanım illər sonra ulduzluğunu bir daha sübut etdi, şərqşünaslığımızda “ilk” sözü ilə nişanlanan başqa bir nailiyyətə də imza atdı.

1989-cu ildə Tbilisidə müdafiə etdiyi, müasir ərəb ədəbiyyatında Qərb-Şərq sintezi mövzusuna həsr edilmiş, bu söz yatırının Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə kimi korifeylərinin sənət sirlərini açan fundamental əsəriylə Azərbaycanda ilk elmlər doktoru ərəbşünas qadın oldu.

1991-ci ildə Moskvadan, Ali Attestasiya Komissiyasından Bakıya Aida xanımın (və şərqşünaslığımızın) tərcümeyi-halında “ilk” sözü ilə göstəriləcək daha bir zirvəni təsdiqləyən professor diplomu göndərildi.

Aida İmanquliyeva xalqımızın yalnız elmlər doktoru deyil, həm də professor olan birinci ərəbşünas qadını oldu.

 

* * *

 

1980-ci illərin ortalarında Türkiyədən bir dəstə ilahiyyatçı, təsəvvüf üzrə alim Bakıya qonaq idi, Şərqşünaslıq İnstitutuna da təşrif gətirdilər.

Onlarla birgə direktor Ziya Bünyadovun kabinetinin qarşısında dayanmışdıq. Aida xanım da gəlməliydi ki, içəri birgə keçək.

Ziya müəllimin kabineti dəhlizin bu başında, Aida xanımın əyləşdiyi ərəb filologiyası şöbəsi isə koridorun o biri ucunda idi.

Birdən Aida xanım o başda dəhlizdə göründü və bizə doğru addımlamağa başladı.

Qeyri-ixtiyari hamı ona sarı qanrıldı.

Qonaqlardan biri yarızarafat-yarıgerçək “Gün doğdu!” dedi.

Doğrudan da Aida xanım olan yerdə, elə bil ki, işıq artırdı, boşluqlar dolurdu.

Adam var ki, oldusuyla olmaması heç hiss edilmir.

Aida xanımsa harada görünsə, ora özü ilə xoş bir aura, canayatan bir mühit gətirirdi.

Gün doğdu...

Heyiflər, doğan günəşin batmağı da var!..

 

* * *

 

51 yaşı vardı, sanki hələ daha ciddi uğurlar onu səsləyirdi və fırtınaları nisbətən toxtamış ağrılı keçid illərinin ardından fərəhlərlə dolu uzun yol gülümsəyirdi.

Və elə bil, zaman qəfilcə dondu, qatmaqarışıq vaxtın daşlarına çırpılıb çilik-çilik oldu.

Ömrün 52-ci payızı gözəl Aida xanımçün ömür qatarının son dayanacağı imiş.

Qarşıda ümidli, arzulu, xoşbəxt illər vardı.

Nə acı ki, onları görmək Aida xanıma qismət deyilmiş.

 

* * *

 

Mən anamı itirəndə onun 42 yaşı vardı.

Artıq o yaşı arxada qoymuşam.

Amma xatirələrimdə həmişə həmin yaşdan kiçiyəm.

Əzizlərimizin bizlərə etdiyi son yaxşılıq, son töhfə bu olur ki, munis xatirələriylə bizi həmişə olduğumuzdan daha gənc, daha məsud, əbədi ayrılıqsız – onlarlı edə bilirlər.

...Aida xanımın 70 yaşının bayramı münasibətilə keçirilən İbn Ərəbi simpoziumuna dünyanın dörd bucağından alimlər gəldi.

Kitabları müxtəlif dillərdə, nəfis tərtiblərdə işıq üzü gördü.

...Sevənləri, dostları onu səmimi hərarətlə, ürək sıyıran xiffətlə anırlar, haqqında ən məhrəm sözlərini dilə gətirirlər.

Danışırlar və sərt həqiqəti görə-görə inanmırlar, inanmaq istəmirlər ki, 20 ilə yaxındır Aida xanım bizsizdir, onsuzuq.

Və bu bayramında Aida xanım 70 yaşında deyil.

Elə həmin 52 yaşındadır.

Bizimlə həmişə o cür də qalacaq.

Şəfqətli, gözəl, nəcib, daha yaxşı sabahlara ümidli...

 

 

Rafael HÜSEYNOV,

 Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 10 oktyabr.- S. 6-7.