Bir ürəkdə min can kimi...

 

İki əsrdən bəri Cəlilabadda yaşayan ruslar buranı doğma vətənləri sayırlar

 

Azərbaycan hər zaman çətinə düşənlərə arxa olub, pənah gətirənlərə qoynunda yer ayırıb. Çoxlarına analıq eləyib, doğma balası kimi hər kəsə isti qucaq açıb. Haqqını itirənlər də çox olub, qədrini bilənlər də var.

 

İki əsr öncə qismətlərinə köçkünlük taleyi düşmüş, dini etiqadlarına görə təqib və sürgün edilərək Azərbaycana gəlmiş ruslar, ukraynalılar üçün də bu torpaq vətənə çevrildi. Taleyin sərt hökmündən rəncidə qalanlar çox keçmədən bu torpaqlarda məskunlaşdıqlarına görə razılıq etməyə başladılar. Zaman ötdü, nəsillər dəyişdi. İndiki nəsil bir vaxt babalarının Azərbaycana sürgün edilməsini qəzavi-qədər saysa da, bu günəşli diyarda doğulmasını, böyüyüb boya-başa çatmasını tale töhfəsi kimi dəyərləndirir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən ictimai-siyasi təbəddülatlar səbəbindən bir çoxları Azərbaycanı tərk etsə də, əsas özək, necə deyərlər, dözüb-durdu, yenidən cəlayi-vətən olmadı.

Rus imperiyasında rəsmi kilsənin pravoslav dinini təqdim etdiyi şəkildə qəbul etməyənlərin böyük bir dəstəsi 200 il əvvəl Cəlilabada köçəsi olub. Rayon mərkəzindən 21 kilometr cənubda, dağ ətəyində, kiçik bir çayın sahilində yerləşən ruslar özlərinin əzəli vətənlərindən çox-çox uzaq müsəlman əyalətində məhz istədikləri kimi yaşamaq, tanrıya könüllərinin diqtə elədiyi kimi etiqad göstərmək imkanı qazanıblar. Burda kimsə onların necə ibadət etməsinə qarışmayıb. Gəlmələrlə köklü əhali arasında mehriban münasibətlər yaranıb, köçkünlər sığındıqları adamlardan xoş üz görüb ürəkləniblər, yerlilərlə qaynayıb-qarışıblar. Onlar hətta yaşadıqları obaya, kəndə uyğun rus adı da qoyublar — Privolnoye. Bu ad tərcümədə geniş, açıq, sərbəst, firavan yer anlamına gəlir. Kənd zaman-zaman həm təbii artımla, həm də rusların, azərbaycanlıların və yəhudilərin çəpər-çəpərə, çiyin-çiyinə yaşamaları sayəsində böyüyüb, camaatın üzü-gözü bir-birinə öyrəşib. Od qonşuları olub, zərrəcə ayrıseçkilik hiss eləməyiblər.

Cəlilabad rayonu üzrə rus icmasının sədri Lyubov İvanovna Danilovanın dedikləri:

— Güzəranımızdan razıyıq. Pasxa bayramında kuliç (yağlı kökə), Maslenitsa (Pəhriz) bayramında isə blin (fəsəli) bişirir, toplaşıb nəğmə oxuyuruq. Bu təntənələri Novruz bayramı kimi azərbaycanlılarla birlikdə keçirir, sevincimizi bölüşürük. Xatırlamaq istəməzdim, amma deyim ki, 90-cı illərin əvvəllərinda araqarışdıranlar, xüsusən də burada qulluq edən rus ordusunun zabitləri bizdə qorxu, xof yaradıb, bu yerlərdən köçməyə təhrik edir, itaətsizliyə çağırırdılar. Elə onda köçüb-gedənlər də oldu. Müharibə, işsizlik təsirsiz qalmadı. Ümummilli liderimiz, unudulmaz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra hər şey yenidən qaydaya düşdü. O vaxtdan qayğısız, qorxusuz yaşayırıq.

Lyubov Danilova Privolnoye kəndində anadan olub, ali təhsilli müəllimdir. 1980-ci ildən kənddəki “Günəş” uşaq bağçasının müdiridir. O, həmçinin kənddə yaradılmış “Ruçeyek” rus folklor ansamblının rəhbəridir. Bu kollektiv vaxtilə Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub. Onun yetirmələri bir çox konsert, bayram, festival və baxış-müsabiqələrdə də iştirak edib. “Ruçeyek”in səhnədə hər çıxışı, doğrudan da, əsl bayrama, musiqinin, rənglərin, şadlığın təntənəsinə çevrilərdi. Bu sahədəki xidmətlərinə görə L.Danilova Azərbaycanın əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Priyolnoye kəndinin çal-çağırlı vaxtlarını mən də görmüşəm. Adamları kimi adi evlərin çəpərlərindən aşıb-daşan qızılgül kolları, qaqqıldaşan çoxsaylı ev qazları, bol məhsullu üzüm plantasiyaları, küçəboyu sıra ilə düzülmüş küknar, şam, çiçəkli akasiya ağacları xatirimdədir. Axşamlar qonşu kəndlərdən, Göytəpə şəhərindən gənclər böyük həvəslə buradakı rəqs meydançasına şənlənməyə gələr, rus qonşuları ilə birlikdə diskotekalarda iştirak edər, fərəhli, unudulmaz anlar yaşayardılar...

Lyubov İvanovnagilin həyətində — 68 yaşlı ömür-gün dostu Yakov Daniloviç, qonşuları Analoji Borisoviç və kəndin icra nümayəndəsi Ələsgər müəllimlə çay süfrəsi arxasında söhbətimizdə 25-30 il əvvəlki həmin günləri xatırladıq. Müsahiblərimin hər biri Privolnoye kəndinin qəlhagəl dövrlərindən şövqlə bəhs etdi. Anatoli bir qədər kövrək halda: “Onda bu kəndi zarafatla “Paris” adlandırardıq” — dedi.

— “Kuşa” bayramları xüsusilə təmtəraqlı keçirdi, — deyə Yakov Daniloviç əlavə etdi. — Bu, bir növ məhsul bayramı sayılır. Yeri gəlmişkən, sabah — oktyabrın 2-də bu bayramı qeyd edəcəyik. Siz də dəvət olunursunuz. Bax, gəlin, ha!...

Privolnoyenin bir çox ailələri kimi, Danilovların da övladları hazırda Rusiya Federasiyasında yaşayırlar. Oleq Moskvadadır, mühəndis peşəsində çalışır. Olqa Stavropolda müəllim, Natalya isə Krasnodarda texnoloqdur. Vaxtaşırı doğma Azərbaycana gəlir, valideynlərinə baş çəkirlər. Lyubov İvanovnanın dediyinə görə, hətta vaxtilə ata-analarını da götürüb buradan köçmüş bir çox həmkəndliləri də arabir Privolnoyeyə istirahətə gəlirlər. Əlbəttə, doğma kəndin unudulmaması müsbət haldır.

Cəlilabadda rus icmasının yüzdən artıq üzvü var. Kəndin ən qocaman sakini 99 yaşlı Xana Çervyakovadır. O da bir gün belə diqqətdən, qayğıdan kənarda qalmır, azərbaycanlılardan gördüyü yaxşılıqları unutmur.

Privolnoyedə olarkən mənim yadıma ötən il sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Cəlilabada səfəri düşdü. Şəhərin mərkəzindəki Heydər Əliyev seyrəngahında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Lyubov Danilova da iştirak edirdi. O, dövlətimizin başçısına üz tutaraq dedi: “Çox hörmətli cənab Prezident! Axır ki, mən vaxtilə Sizin atanıza dediyim kimi, ən səmimi, xoş sözlərimi indi də Sizə ünvanlamaq imkanı əldə etdim. Bu gün biz Sizi bərəkətli Cəlilabad torpağında salamlamağımıza çox şadıq. Axı, Siz ümummilli liderin davamçısısınız, elə böyük insanın, əsrin insanının işlərini davam etdirirsiniz”. Sonra o, ulu öndərlə bağlı xatirələrini dilə gətirdi, Cəlilabadın inkişafında vaxtilə ulu öndərin, indi isə Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirərək minnətdarlığını çatdırdı. 200 ildən artıq bu gözəl, xeyirxah diyarda yaşadıqlarını söyləyən L.Danilova heç vaxt din, dil, təhsil və mədəniyyətlə bağlı problemlərlə üzləşmədiklərini vurğuladı. Bütün bunlara görə hədsiz razılığını bildirdi. Onun ürəkdən gələn, səmimiyyətlə dolu sözləri ən yüksək səviyyədə alqışlarla qarşılandı...

Bu gün Privolnoye kəndi də, onun sakinləri də hərtərəfli qayğı ilə əhatə olunublar. Həmsöhbətlərim rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun onlara xüsusi diqqət göstərdiyinə dönə-dönə diqqəti cəlb etdilər. Dedilər ki, rayon rəhbərliyinin tapşırığı ilə Livit su mənbəyinin 3 kilometrlik boru xətti təzələnib, nasoslar dəyişdirilib. 1 saylı məktəbin dam örtüyü yenisi ilə əvəzlənib, 2 saylı məktəb təmir edilib. Kənd bütünlüklə sayğaclaşdırılıb, işıq daimi verilir. Hamı kimi, rus ailələrinin üzvləri də daimi işlə təmin olunublar.

Privolnoyenin rus əhalisi ibadəti qədim slavyan dilində edir. Düalarının başlıca qayəsi Allaha sitayiş, zəhmətsevərlik, saflıq, düzgünlük notları üstündə qurulub. İcma milli-mənəvi dəyərlərini yaşatmaqla bərabər, beynəlmiləlçilik ruhuna da sadiqdir. Ruslar özlərini azərbaycanlılardan ayrı təsəvvür etmirlər. Qarabağ müharibəsinin ağrı-acıları onlardan da yan keçməyib. Kənddə hər kəs bu müharibənin tezliklə sülh yolu ilə başa çatmasını arzulayır. Sakinlər hələ 20 il bundan öncə icmanın rəhbəri, “Sodrujestvo” cəmiyyətinin üzvü olan Lyubov Danilovanın da nümayəndə heyəti tərkibində Moskvaya — Rusiya xalq deputatlarının 1-ci qurultayına getməsini iftixarla xatırlayırlar. Həmin missiya Dağlıq Qarabağ hadisələri haqqında əsl həqiqəti Moskvada qurultay nümayəndələrinə çatdırmaq məqsədi güdürdü...

Privolnoyedəki görüşümüzdə hər birimizin bu qənaəti bir daha möhkəmləndi ki, Azərbaycan Konstitusiyası ilə müəyyənləşmiş milli azlıqların hüquqlarının əsasları möhkəmdir və bu hüquqlar hərtərəfli təmin olunur. Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu proseslərinin ölkəmizdə böyük uğurla getməsinin səbəblərindən biri də budur.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 10 oktyabr.- S. 5.