Mehdi Hüseynzadə—90

 

Mixaylonun bacıları ilə görüş

 

(əvvəli qəzetimizin 13 sentyabr 2009-cu il tarixli sayında)

 

Mən onu təhlükədən, əməliyyatlara təkbaşına getməkdən çəkindirəndə o deyərdi ki, bu fantaziyalara son qoysan pis olmaz. Dünən qərargahda dedilər ki, Qızıl Ordu artıq Ukraynanı, Belorusiyanı faşistlərdən təmizləyib. Müharibə də yavaş-yavaş sona yetir...

 

— Cavad, (çox az hallarda məni öz adımla çağırardı, həmişə Qarasaqqal əmioğlu deyərdi) mən Çərkəz oğlu Hənifənin övladıyam, atam eldə-obada tanınan adam olub. Ona görə də onun adını ləkələməyə haqqım yoxdur. Unutma ki, biz əsir olmuşuq, hər halda günahımız var.

— O günahı biz bu əlimizdəki silahla vuruşa-vuruşa yuyuruq...

— Azdı, qardaş, az, onların yüzünü birdən qırmalıyıq. Onlara daha böyük zərbə vurmalıyıq ki, səsi-sorağı hər yanda eşidilsin... Bir də qoy bu vicdansız frislər bilsinlər ki, özgə torpağına göz dikmək, evlərini uçurub, günahsız körpələri yetim qoymaq nə deməkdir. Bu füsunkar dağlara, bu od-alov içində yanan çiçəkli ormanlara gərək onların bir də ayağı dəyməsin...

Görürdüm məni eşitmir. Onda bir qərargah rəisi kimi IX Korpusun komandanlığına məlumat verirdim ki, Mixaylo əməliyyatlara təkbaşına gedir, bu çox təhlükəlidir. Ona qrup təşkil etmək lazımdır.

1944-cü ildə Triyest yaxınlığında yüksək gərginlikli elektrik transformatorunu partlatdıqdan sonra Mehdinin şöhrəti daha da artdı. Onda IX Korpusun komandanlığı onu qərargaha çağırdı. Dedilər ki, tək riskə getmək lazım deyil, gəl nə qədər qüvvə istəyirsən sənə verək. Bizimlə əlaqə saxla, məlum deyil ki, bu gözəgörünməz əməliyyatları kim aparır. Demək, bunların hamısını eləyən tək sən imişsən. Biz isə elə bilirik bu əməliyyatları aparan yerli əhalidən ibarət böyük bir dəstədir. Mehdi gülümsünüb:

- Sizə nə xəbər verim — dedi, —biz hamımız düşmənə qarşı vuruşuruq, kim necə bacarırsa elə də fəaliyyət göstərir. Mən də...

Onda IX Korpus qərargahındakı sovet hərbi nümayəndəliyinin rəhbəri, podpolkovnik Rıbaçenko dedi ki, Mixaylo, sizin partizanlıqdakı bir gününüz Qızıl Ordunun cəbhədəki on gününə bərabərdir.

- Bunların hamısını Əliqulu Əlizadəyə danışdım—deyib Cavad Həkimli dərindən nəfəs aldı. Əliqulu xeyli fikrə getdi. — Qardaşım Cavad, - dedi, - indi bizə gedəcəyik, bacılar səni gözləyir, bir az ötəri danış, xüsusilə həlak olmaq hadisəsini, onsuz da olan-olub, mümkünsə ötəri...

Durub ikinci mərtəbəyə çıxdıq. Əliqulu, “bir dəqiqə burda otur”- deyib otaqlardan birinə girdi. Foyedə bir qız, iki oğlan uşağı oynayırdı. Mən onlara diqqətlə baxdım. Gördüm ki, uşaqlar Mehdiyə oxşayır. İstər-istəməz Mehdini xatırlayıb qəmləndim. Bir maxorka büküb yandırdım. Birdən nədənsə geriyə boylandım. Qarşıdakı divardan Mehdinin böyüdülmüş bir fotoşəkli asılmışdı. Ürəyim az qala köksümü yarıb çıxacaqdı, papirosu papirosa caladım. Həyəcandan əlim-ayaqım əsirdi. Elə bil boğulurdum. Bu vaxt başımın üstə dayanan Əliqulunun səsini eşitdim:

- Əlin-ayağın niyə əsir, sənə nə oldu, Cavad?

- Mehdinin şəklini gördüm, mənə bir az su ver, ürəyim yanır...

O məni yoxlamaq üçün:

- Hanı, hardadı?

Sonralar mənə dedilər ki, muştuluq üçün çox adam bu qapıya “şad xəbər”lə gəlibmiş, ona görə də mənə inanmırmışlar.

Əliqulu məni otağa apardı. Burda iyirmiyə yaxın adam əyləşmişdi. Qapının sağ tərəfində bir qadın oturmuşdu. Əliqulu “tanış ol, -dedi, -Mehdinin bacısı Bikəxanımdır”. Mən əl verib görüşdüm. Hiss elədim ki, o hədsiz dərəcə qəmgindir, yaralı quş kimi çırpınır. Vüqarla oturan Bikəxanım çalışırdı ki, daxili çırpıntısını, sonsuz kədərini üzə vurmasın, amma bu mümkun deyildi. Oturduğu yerdə səssizcə göz yaşı axıdırdı...

Mən söhbətimə Mehdi ilə ilk tanışlığımdan başladım. Ukraynanın Nikolayev şəhərindəki əsirlik düşərgəsində keçirdiyimiz ağır günləri ötəri danışdım.

- 1943-cü il sentyabrın 22-də - dedim - eşelonla bizi Almaniyadan Şimali İtaliyaya apardılar. Almaniyada nə qədər cəhd etdiksə qaça bilmədik, bu qətiyyən mümkün deyildi. Buradan qaçmaq ölüm, ya da tutulub asılmaq demək idi. Ona görə də Mehdi camaatı başa saldı ki, qaçmaq fikrinə düşməyin, qaçanda da təkbaşına yox, hamı birdən qaçacaq...

Şimali İtaliyada, Triyestdə Mehdinin təşəbbüsü ilə qaçıb Yuqoslaviyaya keçdik. Düşərgədən qaçanları bir yerə yığıb IX Korpusun, 31-ci diviziyasının, Üçüncü zərbə briqadasının tərkibində “Rus bölüyü” adlı dəstə təşkil etdik. Mehdini rotanın siyasi rəhbəri, məni isə rota komandiri təyin etdilər. Cəmi ay yarım bu vəzifədə çalışan Mehdi bir gün mənə dedi:

- Qarasaqqal əmioğlu, mən fikrimi dəyişmişəm, sən də, mən də sovet zabitləriyik, biz öz vətəndaşlıq və sovet zabiti vəzifəmizi belə yerinə yetirə bilmərik. Bu əclaflardan heyfimizi almağın vaxtı gəlib çatıb. Mən onlardan başqa cür intiqam almaq istəyirəm. Onların formasını geyinib öz güllələrini özlərinə tuşlamasam, öz mərmiləri ilə yeməkxanalarını, kinoteatrlarını başlarına uçurmasam ürəyim sakitləşməz.

Həmin gündən kəşfiyyata başlayan Mehdi qeyri-adi əməliyyatlar aparıb faşistləri lərzəyə saldı. O, Triyest şəhərindəki zabitlər restoranını təkbaşına dağıtdı. Burda onlarla faşist zabiti məhv oldu, qalanı isə yaralandı. Bu əməliyyat faşistləri bərk sarsıtdı. Ona görə də Mixaylonun başı üçün qırx min lirə mükafat təyin olundu.

Bundan sonra Mehdi “Mixaylo” adı ilə Sloveniyada məşhur oldu.

Sonra Mixaylo Opçinadakı 270 nəfərlik faşist kinoteatrını partlatdı. -İki rotanın əsgərini təşkil edən belə bir itkini hərbi hissə böyük vuruşmalarda çox çətin verir, ona görə faşistlər bundan daha da dəhşətə düşdülər. Faşist komandanlığı bu dəfə Mixaylonun başı üçün üç yüz min lirə mükafat təyin etdi, amma bu mükafat da heç kəsə qismət olmadı.

Triyest şəhərində o, faşist qəzeti “İl Pikkolo” redaksiyasını və mətbəəsini partlatdı. Həmin redaksiyanın mətbəəsində Mixaylonun adı iri hərflərlə qəzet və vərəqələrdə çap olunub buraxılmışdı. Yenə Triyestdə, Viafortina küçəsində faşistlər üçün təşkil olunmuş fahişəxana binasını Mixaylo partladıb məhv etdi. Burda səksəndən çox faşist əsgər və zabiti ölmüşdü.

Bütün bu əməliyyatlardan sonra faşistlər bərk qorxurdular. Elə vahiməyə düşmüşdülər ki, hətta mağazalara, barlara, kinoteatrlara da getməyə ürək eləmirdilər. Çox keçmədi, Mehdi faşistlərin iyirmi beş avtomaşın olan hərbi qarajını yandırıb külə döndərdi. Bu dəfə “səxavətli” faşistlər gözəgörünməz Mixlaylonun başı üçün dörd yüz min lirə mükafat təyin etdilər. Həmin mükafatı da heç kəs ala bilmədi. Öz əməliyyatlarını çox böyük məharətlə davam etdirən Mehdi indi də faşistlərin Triyestdəki hərbi xəstəxanasını partlatdı.

Triyest şəhərində nəzarəti, yoxlamanı hədsiz dərəcədə gücləndirdilər. Azacıq şübhələndikləri adamı dərhal həbs edir, ya da güllələyirdilər. Beləliklə, bir neçə “Mixaylo” tutuldu, güllələndi. Onlar Mixaylo adı ilə gizli əməliyyatlar aparan bu qəhrəmanı heç cür təsəvvür edə bilmirdilər: onlara elə gəlirdi ki, “Mixaylo” böyük bir dəstədir, buna da çox məharətli, nəhəng gövdəli bir şəxs başçılıq edir.

Bir dəfə Mehdinin səsi-sorağı Qoritsiya şəhərindən gəldi. O, şəhərin bir binasında məxfi saxlanan hərbi faşist topoqrafiya qrupunun bütün arxivini, xəritə və cihazlarını maşına yükləyib dörd nəfərin köməyi ilə qaçırtmışdı. Həmin sənədləri bir kəndə gətirib orada IX Korpusun qərargahına təhvil vermişdi.

1944-cü ilin bir yaz günündə Mehdi rəssam geyimində Senaja kəndindəki təşkilatdan məlumat almağa gəlir. Faşist kəşfiyyatı “SS” mayoru Şultsa xəbər veribmiş ki, Mixaylo arabir bu kənddə olur. Hədsiz dərəcədə qaniçən və sərt olduğuna görə yerli əhali bu faşist mayoruna “Mareşallo” adı vermişdi.

Mehdi yerli əhalidən olan qrupla söhbət aparanda gözətçi xəbər gətirir ki, kəndə faşistlər doldu. Yoxlama vaxtı Mehdi özünü fransız rəssamı kimi qələmə verir, yazıq, fağıryana bir görkəmə düşür, ondan heç nədə şübhələnməsələr də, baş da açmırlar. Mayor qanlı-qanlı ona baxıb:

- Sən partizansan, -deyir -özün də Mixaylonun dəstəsində vuruşursan.

Mehdi yazıq bir görkəmlə:

- Nə danışırsınız,-deyir,- cənab mayor, mən yetiməm, acı taleyim məni bura gətirib çıxarıb, qəpik-quruş qazanmağa gəlmişəm.

- Bəs partizanlarla necə, tanışsanmı?

- Mən onları tanıyıram, siz də, onlar da yaxşı adamlardır.

- Sən Mixaylonu görmüsənmi, düzünü de?

- Əlbəttə, görmüşəm.

- Necə adamdır?

- Qarayanız, qəşəng oğlandır.

Şultsun sifəti daha da sərtləşir. Mehdinin “Mixaylo”nu tərifləməyi onun xoşuna gəlmir. Bunu duyan Mehdi:

- Hirslənməyin cənab mayor, o hər dəfə mənə rast gələndə pul verir, axı mənim də pula ehtiyacım var, yetiməm... Şəxsən mənə çox yaxşılıq edib. Sizə, yəqin, pislik edib, eləmi?..

- Partizanların yerini bilirsənmi?

- Bilirəm, istəyirsiniz gedək göstərim.

Mehdi onları gətirib bir gün əvvəl faşistlərin yandırdığı Rixenberq (Yuqoslaviyada kənd-Ş. N.) kəndini göstərir. Şults kəndi adamsız və yandırılmış görüb hirslənir. Mehdi isə deyir:

- Mənə acığınız tutmasın, cənab mayor, mən görəndə bu kənddə partizanlar vardı, demək, kəndi onlar yandırıblar. Bax, o Kabılya-Qlava kəndini niyə yandırmayıblar. Çünki orda partizanlar yox idi.

Yarışübhə içində qalan faşist mayoru Mehdini buraxmayıb on beş gün saxlayır. Mayor onu gecə-gündüz gizli nəzarət altında koridor küncündə saxlayırmış. Bir gün mayor onu çağırıb deyir:

- Zep, (mayor Mehdini fransız zənn etdiyinə görə belə çağırırmış-Ş.N.) biz xüsusi tapşırıq almışıq, Mixaylonu axtarmağa gedirik. Sən burda qal, amma cənab yefreytorsuz ixtiyarın yoxdur, bir yana çıxmağa.

Mixaylo burda saxlanan müddətdə onun qrupu faşist mayorunun Mehdidən şübhələnməməsi üçün ayrı-ayrı yerlərdə partlayış aparırmış.

Mixaylonun gözətçisi qoca yefreytor xeyli gəzindikdən sonra tüfəngini dizinin üstünə qoyub oturur. Bir azdan mürgü onu bərk yaxalayır, arabir gözlərini zorla açıb dustağına baxır, yenidən yuxulayır. Mixaylo yefreytorun yatıb-yatmamağını yoxlamaq üçün qəsdən portsiqarını bir-iki dəfə əlindən salır. Yefreytor oyanmır. Mixaylo durub əvvəlcə, on-on iki tüfəngi aparıb qumluqda basdırır. Sonra rəssam çantasının dibində gizlətdiyi minaları çıxarıb barakın künclərinə və mayorun stolunun gözünə qoyur. Mayorun ehtiyat üçün saxladığı on yeddi patronlu Belçika pistoletini götürür, şose yolunun kənarı ilə irəliləyir.

Meşəyə çathaçatda mayorun kəşfiyyatdan qayıdan dəstəsi ilə üzləşir, qaçıb yaxınlıqdakı komaya girir. Faşistlər uzaqdan düşən zəif işıqda kölgə keçdiyini görüb, axtarışa başlayırlar. O, qaranlıqda sürünə-sürünə meşəyə keçir. Məryəm ananın-"Boqavitsa" heykəlinin (Yuqoslaviya meşələrində müəyyən yerlərdə müqəddəs Məryəmə ağac heykəllər qoyulub-Ş.N.) arxasına sığınır. “Mənə kömək elə Məryəm ana” – deyə yalvarır. Sonralar Cavad Həkimliyə danışarmış ki, həyatımda ilk dəfə burada ucuz ölümdən qorxdum. Birdən güclü partlayış eşidilir, çırthaçırtla yanan barak qaranlıq geçəni işıqlandırır. Mayor “şnell, şnell”- deyib dəstəsini baraka tərəf qovur...

Sonra Mixaylo Qoritsiya şəhərindən bir maşın hərbi ləvazimat qaçırtdı. Triyestdə faşistlərin “SS” qərargahı yerləşən binanı partlatdı.

Bir mühüm hərbi əməliyyat üçün bizim qərargaha pul lazım idi. Mehdi, bu küllü məbləğdə pulu tapmağı boynuna götürdü. O, katolik bankının sahibi Valeriano Brumatonu kabinetində əsir edib, dilindən kağız alır ki, bu qədər pul burax, səni öldürmərik, sənə kağız verərik, onsuz da Qızıl Ordu gəlir, söz veririk, sənə toxunmazlar... Onu da bil ki, yerli əhalinin doxsan faizi biz kommunistlərin tərəfindədir...

Cavad Həkimli bu yerdə duruxdu və dedi:

— O vaxt mən söhbətimə beləcə ara verib susdum. Hiss edirdim ki, danışdıqlarıma o qədər də inanmırlar. Bir nəfər pəncərənin yanında oturub, nəsə qeydlər aparır, arabir də mənə suallar verirdi. Sonralar öyrəndim ki, bu adam yazıçı Həsən Seyidbəylidir. Sözümə davam etdim:

- Bu danışdıqlarıma inanıb-inanmamağınız öz işinizdir, özünüz bilərsiniz. Bircə onu bilin ki, mən sizə həqiqəti danışmışam. Hələ Mehdinin gəmiqayırma zavodunu, Postoyna şəhəri yaxınlığındakı yanacaq anbarını partlatmağını və onlarla əməliyyatlarını danışmamışam... İndi isə buyurun bu şəkillərə baxın, - deyib Mehdi ilə birgə və ayrıca çəkilmiş iyirmiyə yaxın şəkli stolun üstünə qoydum. Böyük bacısı Bikəxanıma Mehdinin öz əlilə yazdığı bloknotu verdim. Dəftərçə yarıya qədər şifrəylə yazılmışdı, onu Mehdinin özündən başqa heç kəs oxuya bilmirdi.

Mehdi mənə xatirə üçün üzük bağışlamışdı. Mən də həmin üzüyü sizə yadigar verirəm - deyib uzüyü stolun üstünə qoydum.

Bu vaxt Bikəxanım ayağa durub:

-Xahiş edirəm, - dedi, - düz deyin, bu üzüyə qardaşım Mehdinin heç olmasa əli dəyibmi?

Mən, düzü, özümü bərk itirdim. Necə and içim, nə deyim ki, yeganə qardaşın yolunu gözləyən bacı mənə inansın. Bilmirəm, nə dedim, necə and içdimsə, Bikəxanım üzüyü götürüb öpdü, gözünün üstünə qoydu. O, hönkürməsə də, gözlərindən yaş sel kimi axdı.

- Bilirsiniz, — dedim, — bu üzük hardandı? Katolik bankiri Valeriano Brumatonu yenidən əsir alanda cibindən axtarış vaxtı bir gümüş portsiqar (250 qram), bir də bu üzük çıxdı. Üzüyü Mehdi mənə bağışladı. Həmin portsiqar yadımdan çıxıb vağzaldakı çamadanımda qalıb. Onu da verəcəm sizə. Sonra ikinci dəfə gələndə həmin portsiqarı Bikəxanıma verdim. (İndi həmin üzük və portsiqar Azərbaycan Dövlət Tarix muzeyində saxlanılır—Ş.N).

Məni bir xeyli də sorğu-suala tutdular. Danışıqlarından hiss edirdim ki, yenə mənə inamları yoxdu. Onda bizimlə partizanlıqda birgə olan bir neçə bakılının adını çəkdim. Dedim ki, Basin küçəsindəki çörəkxanada işləyən Əli Şıxəliyevi tapın, ondan soruşun, o, nə desə inanın.

Ayağa durdum getməyə, buraxmırdılar. Dedim ki, yüz on nəfər partizan məni vağzalda gözləyir, onların sənədləri də məndədir. Hamı dörd ildən çox həsrətində olduğu evinə-ailəsinə tələsir, amma bilet tapa bilmirik, bir həftəyə yaxındır ki, vağzalda əsir-yesir olmuşuq. İndi onlar mənim əlimdən bərk əsəbiləşiblər. Bağışlayın, mən getdim.

- Yox, - deyib Əliqulu qabağa yeridi. - Cavad, darıxma, burda oturanların hamısı bu saat sizi yola salmağa gedəcək. Biletə görə də narahat olma, özüm təşkil edəcəm.

- Həmin axşam yola düşdük. Əliqulu və Əliabbas yüz on adama öz xərcləri ilə bilet alıb bizi yola saldılar.

Cavad Həkimlinin Mixaylonun bacıları ilə ilk görüşü barədə söhbəti bu yerdə bitmişdi.

 

 

Şəmistan NƏZİRLİ,

 tədqiqatçı-jurnalist

 

Xalq qəzeti.- 2009.- 11 oktyabr.- S. 6.