Tərtər kurort şəhərinə çevrilir

 

Dinamik inkişaf, təbiətin gözəlliyi və insan amili

 

Əslində, Tərtərə budəfəki səfərin məqsədi başqa idi. Son günlər havaların birdən-birə kəskin şəkildə dəyişməsi, güclü külək, yağış və sel Murovun ətəklərinə sığınmış, gecə-gündüz Tərtərçayın layla çaldığı bu bölgədə qışın nəfəsini daha tez yada saldı. Ona görə də rayonda payız-qış mövsümünə hazırlıqla bağlı yazı hazırlamaq istəyirdim...

 

Ancaq qısa müddət ərzində rayonda görülüb başa çatdrılmış və hazırda davam edən tikinti-quruculuq və abadlıq işləri, bütün sahələri əhatə edən inkişaf və yüksəlişlə tanış olarkən fikrimi dəyişdim. Daha doğrusu, salınan park və xiyabanlar, çəkilən yollar və səkilər, tikilən müasir binalar ayrıca bir yazının mövzusu idi. Payız-qış mövsümünə hazırlıq tədbirləri öz yerində, əvvəl, cari ilin ötən aylarında iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş yüksək nəticələr barədə yazmağı lazım bildik.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov maraqlı bir statistika apardı: Bu ilin yay aylarında Tərtərə istirahət etmək üçün gələnlərin sayı 5 min nəfərdən çox olmuşdur. Biz hələ 7—8 il bundan əvvəl köçüb başqa yerlərə gedən tərtərlilərin doğma yurd-yuvalarına qayıdışını demirik. Bizcə, bu rəqəmlər öz-özlüyündə çox şey deyir. Bu, Tərtərin coğrafi vəziyyəti, təmiz havası, gözəl təbiəti ilə bağlı deyil. Başlıca səbəb son illər rayonda aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri, tikilən müasir tipli binalar, salınan park və xiyabanlar, yaradılan gözəllikdir. Bu gün Tərtər, sözün əsl mənasında, bulaqlar və güllər diyarına çevrilmişdir. Təkcə bir faktı göstərək ki, son illər rayonda 500 mindən çox ağac və gül kolları əkilmişdir. Demək olar ki, hər küçədə bulaqlar tikilmiş, istirahət guşələri yaradılmışdır.

Əhalinin vacib sosial ehtiyacları da uğurla yerinə yetirilir. İndi Tərtərdə elektrik enerjisi, təbii qaz və içməli su ilə bağlı heç bir problem yoxdur. Daha dəqiq desək, insanların normal yaşaması və işləməsi üçün hər cür şərait yaradılmışdır. Tərtərə qədəm qoyan hər kəs burada yeni, abad, yaraşıqlı bir şəhərin şahidi olur. Tərtərə dönüşün, maraq və həvəsin əsas sirri, səbəbi də məhz budur.

Sözün düzü, elə güman edirdim ki, son günlərdə havaların pisləşməsi, güclü yağış və sel daha çox Tərtər rayonuna ziyan vurub. Ona görə ki, Tərtərçay necə deyərlər, hirsini-hikkəsini ilk olaraq bu bölgəyə göstərir. İkinci bir tərəfdən, rayon ərazilərindən mənbəyini Tərtərçaydan götürən çoxlu arx keçir. Həmin arxların altında isə 12 kənd yerləşir. Çayda suyun həddən artıq artması, təbii ki, arxlarda da suyun səviyyəsinə öz təsirini göstərir. Ancaq xoşbəxtlikdən, güclü yağış və sel rayona heç bir ziyan vurmamışdır. Gözlənilən təhlükələrə qarşı vaxtında ciddi hazırlıq işləri görülmüşdür. Onu da öyrəndik ki, rayonda bu istiqamətdə tədbirlər indi də davam etdirilir, baş verə biləcək təhlükələrə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir.

 

Qışın qorxusu yoxdur

 

Payız-qış mövsümünə hazırlıqla bağlı rayonun enerji sektorunda əsaslı və cari təmir işləri aparılmış, sistem saz vəziyyətə gətirilmişdir. Bu ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində məqsədyönlü tədbirlər davam etdirilmişdir. Kommunal xidmətlərin səviyyəsini yüksəltmək üçün 10/6 kv-lıq elektrik hava xətlərinin 69,4 kilometri əsaslı, 26,6 kilometri cari, 0,4 kv-lıq hava xətlərinin 30,1 kilometri əsaslı və 22,3 kilometri cari təmir edilmişdir. 0,4 kv-lıq hava xətlərinin 2,5 kilometri SİP markalı kabellə əvəz olunmuşdur.

Tərtər şəhərinin elektrik hava xətlərini fasiləsiz enerji ilə təmin etmək məqsədilə 110/35/6 kv-lıq qidalandırıcı yarımstansiyasında 1 ədəd 4 MVA transformator quraşdırılmışdır. Sistemdə 600 metr kabel yenisi ilə əvəz edilmişdir. 10/6/04 kv-lıq transformator yarımstansiyalarının 28-i əsaslı, 68-i cari təmir edilmişdir. 117 istismara yararsız dayaq yenisi ilə əvəz edilmişdir. Qidalandırıcı yarımstansiyalarda 8 transformator təmir edilmiş, texniki normaya çatdırılmış, qışa tam hazır vəziyyətə gətirilmişdir.

Rayonun bütün elektrik enerjisi abonentləri sayğaclaşdırılmışdır. Elektrik avadanlıqlarının güc çatışmazlığı aradan qaldırılmışdır. Goranboy və Bərdə istiqamətlərindən əhalinin elektrik enerjisi ilə təchizatı təmin edilmiş, sutkada rayona 23—24 saat elektrik enerjisi verilir. Doqquz ay ərzində 68,4 milyon kilovat-saat elektrik enerjisi alınmışdır. Bunun 58,3 milyon kilovat-saatı istehlakçılara satılmış , enerjinin dəyəri 103,9 faiz ödənilmişdir.

Əhalinin təbii qazla təminatının yüksəldilməsi məqsədilə cari ilin doqquz ayında Tərtər şəhərinin M.Hüseynzadə küçəsində 40 və 57 millimetrlmik 1 kilometr qaz kəmərləri çəkilmişdir. 2 qaztənzimləyici, 2 siyirtmə quraşdırılmışdır. 3 iki mərtəbəli, 1 beş mərtəbəli yaşayış binasına qaz verilmişdir. 275 mənzilə sayğac quraşdırılmış və qaz verilmişdir. İrəvanlı kəndinə 3,5 kilometr uzunluğunda orta, 4,5 kilometr uzunluğunda alçaqtəzyiqli qaz kəməri çəkilmişdir. Burada 2 qaz tənzimləyici şkaf və 2 siyirtmə quraşdırılmışdır. 135 mənzilə sayğac qoyulmaqla təbii qaz verilmişdir. Ümumiyyətlə, payız-qış mövsümünə hazırlıqla bağlı 20 qaztənzimləyici şkaf, 10 siyirtmə, 5 bağlayıcı açar təmir edilmişdir. Tərtər şəhərinin Vasif Hüseynov, İlham Sarıyev və Mirzə Fətəli Axundov küçələrində, Sarıcalı kəndində qaz kəmərlərinin yararsız hissələri dəyişdirilmişdir. Yoxlamalar zamanı aşkar edilmiş 300-ə qədər qaz sızması ləğv edilmişdir. Abonentlərin qaz avadanlıqlarına, 30 kilometr orta və 45 kilometr alçaqtəzyiqli qaz kəmərlərinə texniki baxış keçirilmişdir. Müəyyən olunmuş nöqsanlar aradan qaldırılmış, 15 qeyri-standart cihaz istismardan çıxarılmışdır.

2005-ci ilin iyul ayından indiyədək rayon mərkəzini təbii qazla təmin etmək üçün 3,5 kilometr uzunluqda ikinci dairəvi magistral kəmər çəkilmişdir. Tərtər şəhəri tam qazlaşdırılmışdır. Zolgörən, Sarıcalı, Buruc, Güləbatlı, Ələsgərli, Yenikənd, Bayandur və İrəvanlı kəndlərinə də təbii qaz verilmişdir. Səhləbad və Əskipara kəndlərinə təbii qaz verilişi üçün magistral və abonent xətləri bərpa edilmişdir. Hazırda rayonda 4578 abonentə, o cümlədən 4493 yaşayış evinə, 20 büdcə təşkilatına, 4 sənaye müəssisəsinə, 61 qeyri-dövlət obyektinə təbii qaz verilir və bütün abonentlər sayğaclaşdırılmışdır. Rayon fasiləsiz olaraq təbii qazla təmin edilir, haqqı tam ödənilir.

Payız-qış mövsümü ilə əlaqədar rayon mərkəzində istismar olunan 23 subartezian quyusunun hamısı işlək vəziyyətə gətirilmişdir. Su boruları izoliyasiya edilmiş, torpaqla örtülmüşdür. 19 subartezian quyusunun dərinlik nasosları və 8 quyunun transformatorları təmir edilmişdir. Səhləbad yolayrıcında, Ə.Paşayev küçəsində, yeni avtovağzalda və Buruc kəndi ərazisində yeni yaşıllıq zolaqlarının suvarılması üçün xətlər çəkilmişdir. Tərtər şəhərinin 23 küçəsində abonentlərin su xətləri təmir edilmişdir. İstehlak edilmiş içməli suyun dəyərinin ödənilməsi şəbəkənin normal istismarına şərait yaratmışdır.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Ağdam, Bərdə və Tərtər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirrilməsinə dair tədbirlər planına uyğun olaraq, Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq. İndiyədək 9 istilik-qazanxana sistemində təmir-bərpa işləri aparılmışdır. Daxili elektrik xətləri və su boruları, kompressorlar və nasoslar bərpa olunmuşdur. Tərtər şəhər 2 və 6 saylı, Sarov kənd orta məktəblərində istilik sistemləri tamamilə yenidən qurulmuşdur. Ələsgərli kənd orta məktəbində müasir qazanxana quraşdırılmışdır. Bütün istilik-qazanxana sistemləri ehtiyat yanacaqla təmin edilmişdir.

 

Yollar təzələnir, genişlənir

 

İlin əvvəlindən Bərdə—İstisu yolunda 2 kilometr, Tərtər—Hindarx yolunda 0,7 kilometr, Goranboy—Tərtər yolunda 0,8 kilometr, Çaylı—Talış kənd yolunda 0,3 kilometr yol genişləndirilərək eni 7 metrdən 15 metrə çatdırılmışdır. Bu yollara asfalt örtüyü qoyulmuş, səki tikilmişdir. Magistral yola müasir tipli işıqlandırma verilmiş, avtobus dayanacaqları qoyulmuş, reklam plakatları quraşdırılmışdır. Burada 86 mindən çox ağac və gül əkilmiş, istirahət guşəsi yaradılmışdır. Yolun kənarında salınmış yaşıllıqların suvarılması üçün yeraltı suvarma şəbəkəsi çəkilmiş, aqrotexniki qaydada xidmət göstərilməsi təmin edilmişdir. Yol və su keçidləri də qaydaya salınmışdır. Qarlı-şaxtalı havalarda hərəkətin təhlükəsizliyi üçün kifayət qədər qum ehtiyatı yaradılmışdır. Yol texnikası təmir edilərək işlək vəziyyətə gətirilmişdir. 1800 litr dizel yanacağı və 830 litr benzin ehtiyatı yaradılmışdır. Yol işçiləri üçün isti geyim və iş alətləri tədarük olunmuşdur. Kənd yollarında hərəkətin rahatlığı üçün 2500 maşından çox qum-çınqıl yayılmış, çalalar düzəldilmişdir.

Tərtər—İstisu magistral yolunun şəhər ərazisində, E.Hüseynov küçəsində 2,2 kilometr səki asfalt-beton örtüyü ilə tikilmişdir. Həmin yolun şəhərdən çıxan qərb hissəsi daha 1 kilometr uzadılacaq. İsmayılbəyli—Evoğlu yolunun 5 kilometri qum-çınqıl örtüyü ilə, Çaylı—Talış yolunun 0,3 kilometri asfalt-beton örtüyü ilə, Kəbirli yolunun 1 kilometri qum-çınqıl örtüyü ilə tikilmişdir. Qaynaq—Qapanlı—Qazyan kəndarası yolunun 4,3 kilometri qum-çınqıl, 0,66 kilometri asfalt-beton qarışığı il əsaslı təmir edilmişdir. Səhləbad—Qarağacı yolunun 2 kilometri Qaradağlı—Seyidsulan avtomobil yolunun 8 kilometrinə qum-çınqıl səpilmişdir.

M.Hüseynzadə küçəsində 600 kvadratmetr, N.Nərimanov küçəsində 350 kvadratmetr asfalt-beton örtüyü salınmışdır. Heydər Əliyev prospektinin davamında, Babək və İ.Sarıyev küçələrində yola 3621 kubmetr qum-çınqıl əsası verilməklə təmir işi görülmüşdür. İlin birinci yarısında magistral yolların abadlaşdırılması nəticəsində Tərtər şəhərinin ərazisi bütün istiqamətlərdə, demək olar ki, iki dəfədən çox genişlənmişdir. Əhalinin istirahəti üçün normal şərait yaradılmışdır.

Prezident İlham Əliyevin tapşırığı əsasında Tərtər—Bərdə, Tərtər—Hindarx və Tərtər—Goranboy magistral yollarının kənarında isti günlərdə əhalinin dincəlməsi üçün yaradılmış guşələr sakinlərə layiqli hədiyyədir.

 

Xidmət sferası

 

Rayon əhalisinə 3008 nömrəlik mərkəzi elektron ATS, 3024 nömrəlik 10 kənd elektron ATS, 950 nömrəlik 6 kənd ATS, 17 kənddə 72 peyk rabitəsi, 1 mərkəzi poçtamt və 26 poçt şöbləri vasitəsi ilə rabitə xidməti göstərilir. Xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 50 nömrəlik koordinat tipli Balakəngərli və Əskipara kənd ATS-lərində sıxlaşdırıcı avadanlıq müasiri ilə əvəz edilmişdir. Söylən kənd elektron ATS-də daxili xətt şəbəkəsi tikilərək abonentlərə telefon çəkilişi aparılmışdır. Boş tutumların istifadə edilməçi üçün Qaraqoyunlu kənd elektron ATS-dən istifadə etməklə Qaradağlı kənd elektron ATS-inə 80, Sarov kənd elektron ATS-nə 64 nömrə əlavə edilmişdir. Polis şöbəsinin və “Kapitalbank”ın rəqəmsal avadanlıqlara qoşulması üçün optik kabel çəkilmişdir. Mərkəzi elektron ATS-də genişzolaqlı ADSL, “Deltatelekom” və “Data puls” avadanlıqları qurulmuşdur. İnformasiya keçməzliyinin və daşımaların qarşısını almaq üçün müxtəlif texniki tədbirlər həyata keçirilmişdir.

2009-cu ilin 9 ayı ərzində 266 telefon, 4212 metr FO-6 və 8375 TPP kabeli çəkilmiş, 129 dirək basdırılmışdır. Görülmüş tədbirlər nəticəsində elektronlaşmanın səviyyəsi 86,4 faizə, internet istifadəçilərinin sayı 129-a çatmışdır. Bunlardan 15-i kənd ATS-lərindən qoşulanlardır. Telekommunikasiya qovşağı danışıq haqları üçün 3 xidmət təklif edir, 11 servis xidməti göstərir. Qış mövsümündə rabitə xidmətinin fasiləsizliyini təmin etmək məqsədi ilə bütün ATS-lərdə təmir-bərpa işləri aparılmışdır. Akkumulyator sistemləri texniki normaya gətirilmişdir.

Poliklinikanın rekonstruksiyası, əsaslı təmiri və müasir tibb avadanlıqları həkim-xəstə münasibətində yeni mühit yaratmış, insanların razılığına səbəb olmuşdur.

Bu il xüsusi mülkiyyətə əsaslanan 2 yeni müəssisə yaradılmışdır. Xan arxının üzərində Cəmilli kəndi ərazisində qum-çınqıl karxanası, Tərtər—Gəncə avtomobil yolu üstündə müasir mebel mağazası, yaşayış məntəqələrində 19 ticarət və xidmət obyekti tikilib istifadəyə verilmişdir. Buruc kəndində gündəlik emal gücü 10 ton olan süd zavodunun tikintisi davam etdirilmişdir. Rayon mərkəzində 500 yerlik şadlıq sarayı, digər xidmət obyektləri və moteli olan kompleksin, Tərtər—Bərdə yolu səmtdə avtovağzalın tikintisinə başlanmışdır.

 

Abadlıq, quruculuq

 

Heydər Əliyev prospektinin davamı olaraq Bərdə—Tərtər yolu və Tərtər—Coranboy yolu səmtdə şəhərin girişində yol kənarlarında uzun illərdən qalmış çökəkliklərə və yarğanlara 6650 maşın ballast, 6522 maşın torpaq daşınıb tökülmüş, 1 hektardan çox bağ yaradılmışdır. Heydər Əliyev prospekti 2,5 kilometr uzadılaraq Tərtərçay üzərində olan təzə körpüyə çatdırılmışdır. Salınmış parkda 82 mindən çox müxtəlif ağac və gül əkilmişdir.Tərtərçay üzərində yeni körpüdən başlayaraq şəhər istiqamətində yolun hər iki kənarına 2 kilometrdən çox beton bardür düzülmüş, asfalt örtüyü qoyularaq eni 7 metrdən 15 metrə çatdırılmışdır.

Şəhərin çıxışındakı Tərtər monumentindən təzə körpüyədək 1 kilometr məsafədə 36 müasir işıqlanma dirəyi quraşdırılmışdır. Yol kənarındakı daş hasarlar və binalar suvanmış və rənglənmişdir. 340 metr məsafədə müasir memarlıq formasında beton şəbəkə quraşdırılmışdır. Buruc yolayrıcı genişləndirilmiş, asfaltlaşdırılmış, yol kənarlarında yaşıllıq sahəsi salınmışdır. Tərtər—Hindarx magistral avtomobil yolunun Səhləbad kəndi ayrıcında abadlıq işləri davam etdirilmiş, ərazidə yaşıllıq zolağı salınmışdır. Hər iki əraziyə su xətləri çəkilərək yaşıllıqların suvarılması üçün şəbəkə yaradılmışdır. M.Hüseynzadə küçəsinə 600 kvadratmetr, N.Nərimanov küçəsinə 35 kvadratmetr, şəhər qabirstanlığı yoluna 300 kvadratmetr asfalt-beton örtüyü salınmışdır.

Tərtər şəhərinin girişində, Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin yaxınlığında dövlət bayrağı ucaldılmışdır. Elman Hüseynov küçəsindəki 3 kommunal yaşayış binasının dam örtükləri tam dəyişdirilmiş, fasad hissələri əsaslı təmir edilmişdir. Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq sahələri yaradılmışdır. Binaların ətrafındakı bardürlər yenidən qurulmuş, piyada yolları yaradılmışdır.

Cari ildə rayonda aparılan abadlıq işləri ilə əlaqədar 6 min kvadratmetr yaşıllıq sahələri yaradılmışdır. 2400 kvadratmetr mişar daşından hörgü, 6370 kvadratmetr suvaq, 11300 kvadratmetr rəngləmə, 11 kubmetr beton işləri görülmüşdür. Bu işlərə 12900 ədəd mişar daşı, 106 maşın qum, 305 maşın çınqıl, 36 ton sement, 6574 maşın torpaq, 10100 metr bardür, 730 metr dəmir boru, 48 işıqlandırma dirəyi və onun ankeri, 1950 kiloqram armatur, 3400 metr kabel, 106 plafon, 340 metr beton şəbəkə, 1100 metr bucaqlıq, 180 metr profil, 4730 m plastmas boru, 7062 maşın ballast işlənmişdir.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübün sosial-iqtisadi inkişafın yekunlarına dair iclasındakı tapşırığı ilə əlaqədar rayonda ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması, ağacların əkilməsi və mövcud ağaclara qulluq edilməsi, onların kəsilməsinin qarşısının alınması ilə bağlı işlər gücləndirilmişdir. Doqquz ayda 104800 ədəd müxtəlif meyvə ağacları, 2380 ədəd sərv, 11150 ədəd yapon əzgili, 980 ədəd Eldar şamı, 4 min ədəd söyüd, 23 min ədəd həmişəyaşıl, 1600 ədəd ionium, 30100 ədəd qızıl gül əkilmiş və onlara aqrotexniki xidmət göstərilmişdir.

Son illərdə Tərtər rayonunda aparılan və miqyasını getdikcə artıran quruculuq, yeniləşmə işləri hər addımda hiss olunur. Abadlıq, gözəllik, rahatlıq ətrafa da, insanlara da yeni bir əhval gətirir. Həyat dəyişir, güzəran yaxşılaşır. Bu gün tamamilə yeniləşmiş Tərtərin yönü yüksəlişə, firavanlığadır. Tərtərin simasında ölkəmizdə daha bir kurort şəhəri, turizm obyekti yaranır. Burada təbiət gözəl olduğu kimi, insanlar da hər şeyə qadirdir.

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 11 oktyabr.- S. 5.