Milli təhsilimizin
inkişafına layiq uğurlar əldə edilir
Ölkəmizdə son illər bütün istiqamətlərdə
olduğu kimi təhsil sahəsində də böyük
uğurlar əldə edilib. “Təhsil Azərbaycanın
davamlı inkişaf strategiyasının ən öncül
istiqamətlərindən biridir” — ifadəsinin müəllifi
olan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizə
rəhbərlik etdiyi dövrdə bu sistemin
inkişafını təmin edəcək 16 Dövlət
Proqramı imzalamışdır. Təhsilə dövlət
qayğısı sayəsində ölkəmizdə təhsil
müəssisələri şəbəkəsi təkmilləşdirilmiş,
onun maddi-texniki bazası möhkəmləndirilmiş, təhsilin
səviyyəsi müasir standartlara
uyğunlaşdırılmışdır.
Milli təhsilimizin
böyük tərəqqisində millət vəkili, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük fəaliyyəti
olmuşdur. Fondun təşəbbüsü ilə son illər
Azərbaycanda yüzlərlə yeni, müasir tələblərlə
cavab verən məktəblər inşa edilmiş, köhnə
təhsil müəssisələri isə əsaslı təmir
edilərək zəruri maddi-texniki baza ilə təchiz
edilmişdir. Təhsilimizin davamlı inkişafına yönəlmiş
bu irimiqyaslı işlər, təhsil işçilərinin
daim qayğı ilə əhatə olunması və
onların maddi-rifah halının
yaxşılaşdırılması öz növbəsində
təhsilimizin səviyyəsini yüksəldir və bu sahədə
yeni uğurların əldə olunmasına şərait
yaradır.
Möhtərəm
dövlət başçımız İlham Əliyev təhsil
islahatlarının dərinləşdirilməsi və müəllimlərin
fəaliyyətinin stimullaşdırılması məqsədilə
ölkəmizdə “Ən yaxşı müəllim” və “Ən
yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin
keçirilməsi barədə sənədlər
imzalamışdır. Həmin müsabiqələr təhsil
ictimaiyyəti tərəfindən böyük maraqla
qarşılanmış, bu sahədə çalışan
insanlarımızın gələcək fəaliyyəti
üçün mühüm zəmin yaratmışdır.
“İlin ən
yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin
qalibləri arasında Bakının Nəsimi rayonundakı A.
Şaiq adına 54 nömrəli orta məktəb də
vardır.
1976-cı ildən fəaliyyət
göstərən bu təhsil ocağı şəhərimizin
nümunəvi məktəblərindən biridir. Təsadüfi
deyildir ki, 1984-cü ildə məktəbdə olan ümummilli
liderimiz Heydər Əliyev “Bu, yaxşı məktəb
imiş ki, məni buraya dəvət ediblər” – ifadəsini
işlətmişdi.
Məktəbdə təcrübəli
pedaqoji kollektiv fəaliyyət göstərir. Şagirdlərin
bilik səviyyəsi və hazırlığı dəfələrlə
respublika və şəhər səviyyəli müxtəlif
müsabiqə və tədbirlərdə yüksək qiymətləndirilib.
Məktəbli idmançılar da ayrı-ayrı növlər
üzrə keçirilən yarışlarda daim qaliblər
sırasında olurlar.
Bizimlə söhbət
zamanı məktəbin direktoru Sahibə Abbasova bildirdi ki,
burada 1511 şagirdə 113 ixtisaslı müəllim dərs
keçir. Müəllimlərdən üçü vaxtilə
SSRİ-nin qabaqcıl maarif xadimi adına, yeddisi Azərbaycanın
“Qabaqcıl maarif xadimi” döş nişanına, iki nəfər
isə “Əməkdar müəllim” fəxri adına layiq
görülmüşdür. Tanınmış pedaqoq Rimma Hənifəyeva
isə Prezident təqaüdçüsüdür.
Səriştəli
pedaqoqların fəaliyyətinin nəticəsidir ki, məktəbin
məzunları ali məktəblərə qəbul prosesində
yüksək nailiyyətlər nümayiş etdirirlər. Bu
il 54 nömrəli məktəbi bitirmiş məzunlardan 62-si
ali məktəblərə qəbul olunmuşdur. Onlardan 7-si
600-dən çox bal toplamışdır. Vüsal Mehrəliyevin
balı isə 695 olmuşdur.
Sahibə müəllimənin
sözlərinə görə, şagirdlərin faktiki biliklərinin
üzə çıxarılması məqsədilə
mütəmadi olaraq monitorinqlər keçirilir və
onların nəticələri pedaqoji şurada müzakirə
olunur. Təhsilin keyfiyyətinin artırılması, müəllimlərin
peşəkarlığının və şagirdlərin
dünyagörüşünün yüksəldilməsi məqsədilə
fənn gecələri, açıq dərslər, dəyirmi
masalar və s. tədbirlər keçirilir. Məktəbdə
olan 41 kompyuter internet şəbəkəsinə
qoşulmuşdur. Məktəddə fransız dili, idman və
“Təbiət sevənlər” dərnəkləri fəaliyyət
göstərir.
“Xüsusi istedada malik
uşaqların yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu
illər)” çərçivəsində xüsusi
istedadı ilə fərqlənən 30 şagirdin adı
istedad bankına daxil edilmişdir.
Məktəbdə
mütəmadi olaraq hərbi-vətənpərvərlik
mövzusunda tədbirlər, “Şahin cəsurlar”, “Sağ
cinah uğrunda” və digər yarışlar keçirilir. Şagirdlərdən
Həlimə Əliyeva Heydər Əliyevin 85 illiyinə, Nadirə
İsazadə isə Mir Cəlal Paşayevin 100 illiyinə həsr
edilmiş inşa müsabiqələrinin qalibləri olmuşlar.
Məktəbli
idmançılar son illər müxtəlif səviyyəli
spartakiadalarda, mini futbol, boks, güləş, şahmat
yarışlarında qalibiyyət sevinci yaşamışlar.
Ulu öndərimiz Heydər
Əliyevin “Təhsil millətin gələcəyidir” ifadəsini
özünə örnək bilən məktəb kollektivi
bundan sonra da nümunəvi təhsil ocağı adını
özündə saxlamaq niyyətindədir.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2009.-13 oktyabr.- S. 7.