13 oktyabr–Dəmir yolu işçilərinin peşə bayramı günüdür

 

Dövlət qayğısı dəmir yolunun ahəngdar işini təmin edir

 

130 illik tarixə malik olan Azərbaycan Dövlət Dəmir Yolu çox səmərəli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dövlət Dəmir Yolu daim inkişafda olmuş və ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır.

 

O illərdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin ölkənin inkişafına verdiyi önəmli diqqətdən Azərbaycan Dövlət Dəmir Yolu da kənarda qalmamışdır. Dahi şəxsiyyət keçən əsrin 80-ci illərinin əvvəllərində istər Azərbaycan Respublikasına rəhbərlik etdiyi, istərsə də Sovetlər İttifaqı hökumətində yüksək vəzifə tutduğu dövrdə Azərbaycan Dövlət Dəmir Yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi diqqət yetirmişdir.

Keçən əsrin həmin dövrlərində məhz ümummilli liderimizin rəhbərliyi altında o zamankı Sovetlər İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyəti olan digər dəmir yolu stansiyaları inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi o vaxtlar 80-90 milyon tona çatdırılmışdı.

Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan Dövlət Dəmir Yolu da tənəzzülə uğramış, qonşu ölkələrlə iqtisadi əlaqələr kəsilmiş, istər yük, istərsə də sərnişin daşınması minimum həddə enmiş, bəzi istiqamətlərdə daşımalar tamamilə dayandırılmış və bunun nəticəsində dəmir yolu infrastrukturu, demək olar ki, tamamilə dağıdılmış, ixtisaslı kadrlar dəmir yolundan uzaqlaşdırılmış, polad magistral tamamilə iflic vəziyyətinə düşmüşdü.

Ulu öndərimizin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra iqtisadiyyatın bir çox sahələrində, o cümlədən Dövlət Dəmir Yolunda da dönüş nöqtəsinin əsası qoyulmuş və ölkənin polad magistralı dirçəliş dövrünə başlamışdır. Belə ki, ümummilli lider Heydər Əliyevin tövsiyə və göstərişlərini əldə rəhbər tutan nəqliyyat naziri, o vaxtkı Dəmir Yolu rəisi Ziya Məmmədovun rəhbərliyi ilə bir sıra iqtisadi islahatlar aparıldı. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilərək xidmət və şöbələrin bazasında müstəqil idarə edilən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradıldı.

Bu dövrdə, istər ölkədaxili, istərsə də qonşu dövlətlərlə sərnişin daşınmasının yüksək səviyyədə təşkil olunması üçün xüsusi tədbirlər görülmüş, dəmir yolu öz daxili imkanları hesabına sərnişin vaqonlarının təmirinə başlamış və qısa vaxt ərzində yüksək standartlara cavab verə bilən sərnişin vaqonları hazırlanaraq istismara verilmişdir.

Azərbaycan Dövlət Dəmir Yolunun tarixində ilk dəfə olaraq “Ekspress” tipli yumşaq oturacaqlı sərnişin vaqonlarının hazırlanması və əhalinin xidmətinə verilməsi ölkə ictimaiyyəti tərəfindən böyük razılıq, yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.

Həmin dövrdə Azərbaycan Dövlət Dəmir Yolunun rəhbərliyi tərəfindən qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edilmiş və bunun nəticəsində Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Rostov, Mahaçqala, Ukraynanın Kiyev, Xarkov, qonşu Gürcüstanın Tbilisi şəhərlərinə sərnişin qatarları, eləcə də yük daşımaları bərpa edilmişdir. Hazırda ölkəmizdən uzaq Sibirin yurddaşlarımızın sıx məskunlaşdığı Tümen şəhərinə sərnişin qatarının hərəkət etməsi də bunun bariz nümunəsidir.

Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyini əldə rəhbər tutan dəmir yolu rəhbərliyi Dövlət Dəmir Yolu vasitəsilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət vermişdir. Məhz görülən tədbirlər nəticəsində 1996-cı ildən hazırkı dövrədək Azərbaycan ərazisində Dövlət Dəmir Yolu vasitəsilə daşınan tranzit yük dövriyyəsi ilbəil aprtmaqda davam etmişdir.

Bir faktı da xüsusi olaraq nəzərə çarpdırmaq istəyirəm. Azərbaycan coğrafi mövqeyinə görə bütün tranzit daşımaların mərkəzində yerləşir. Buna görə də nəqliyyat dəhlizlərinin reallaşması prosesində də yaxından iştirak edir. Məlumdur ki, Azərbaycan Respublikasının Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmasına ümummilli lider Heydər Əliyev tərəfindən razılıq verildikdən sonra, həmin istiqamətdə bir sıra vacib addımlar atılmışdır.

Görülən işlərin məntiqi nəticəsi kimi Milli Məclis “Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulması barədə” qanun layihəsini təsdiq etmiş, ölkə başçısı İlham Əliyev 10 sentyabr 2005-ci ildə həmin qanunu imzalamışdır. Həmin dövrdən başlayan işlər indi də davam etdirilməkdədir.

Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyini rəhbər tutan dəmir yolu rəhbərliyi Azərbaycan Dövlət Dəmir Yolu vasitəsilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət vermişdir. Məhz görülən tədbirlər nəticəsində 1996-cı ildən indiyədək Azərbaycan Respublikasının ərazisində Azərbaycan Dövlət Dəmir Yolu vasitəsilə daşınan tranzit yük dövriyyəsi ilbəil artmaqda davam etmişdir.

Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Bakı—Tbilisi—Qars dəmir yolu layihəsinin reallaşması üzərində müvafiq işlərin görülməsi də tarixi hadisə kimi qiymətləndirilməlidir. Belə ki, 7 fevral 2007-ci ildə Tbilisi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Regional əməkdaşlığa ümumi baxış haqqında Tbilisi Bəyannaməsi”ni imzalamışlar. Prezident İlham Əliyev Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin zəruriliyindən danışaraq demişdir ki, bu, bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm də regiona sabitlik, sülh gətirəcək və ümumiyyətlə, ölkələrimizin, xalqlarımızın iqtisadi maraqlarına cavab verir.

Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlar respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Bu amillər müasir ölkə iqtisadiyyatının vacib sahələrindən biri olan Azərbaycan Dövlət Dəmir Yolunun tərəqqisinə də öz müsbət təsirini göstərmişdir.

Biz dəmiryolçular bundan sonra da bütün qüvvələrimizi səfərbər edərək, dövlətimizin qarşımıza qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, bizə göstərilən etimadı əməli işlərlə doğruldacağıq.

Onu da qeyd edim ki, təcrübəli dəmiryolçular Azərbaycan Dövlət Dəmir Yolunun şanlı dövrləri ilə yanaşı, həm də çətin illərini yaşayıblar. Lakin işlədiyimiz müddət ərzində ölkə iqtisadiyyatının inkişafı üçün öz əməyimizi, bilik və bacarığımızı heç vaxt əsirgəməmişik. İndi çox şadıq ki, dövlət müstəqilliyimizin ilk illərində düçar olduğu çətinliklərdən azad olan dəmir yolumuz hazırda sürətlə inkişaf edir. Bu tərəqqi ümummilli lider Heydər Əliyevin xidmətlərindən və böyük quruculuq fəaliyyəti sayəsində dəmir yolunun bütün sahələrində yaradılmış dərin təməllərdən bəhrələnir.

Respublikamızda, eləcə də keçmiş Sovetlər Birliyində dəmir yolu nəqliyyatının müasirləşdirilməsində, yeni dəmir yolu xətlərinin və obyektlərinin istismara verilməsində böyük əməyi və xüsusi xidmətləri olmuş ulu öndərimiz dəmiryolçularla keçirdiyi çoxsaylı görüşlərdə özünün dəmiryolçu ailəsində böyüdüyünü fəxrlə qeyd edər, dəmir yolu nəqliyyatının iqtisadiyyatımız üçün xüsusi önəm daşıdığını, bu sahədə çalışanlardan böyük məsuliyyət tələb olunduğunu daim diqqətə çatdırar, dəmir yoluna xüsusi qayğı ilə yanaşardı.

Ölkə Prezidenti İlham Əliyevin iqtisadi məsələlərə dair keçirdiyi müşavirələrdə, nəqliyyat sektorunda əlamətdar hadisələrlə bağlı keçirilən təntənəli tədbirlərdəki çıxışlarında dəmir yolunun işini daim yüksək qiymətləndirir və təsərrüfatın gələcək inkişaf istiqamətlərini müəyyən edən tövsiyələr verir. Biz dəmiryolçular həmin tapşırıqları əməli fəaliyyət proqramının mühüm istiqamətləri kimi qəbul edir və onların həyata keçirilməsi üçün daha səmərəli işlər görməyə çalışırıq. Dəmir yolunun əvvəlki illərdən yüksək artım səviyyəsi ilə fərqlənən son illərdəki iqtisadi göstəriciləri dövlət başçısının qayğısı sayəsində dəmir yolunda davamlı inkişafın olduğunu təsdiqləyir.

Bu gün ölkəmiz sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayır. Əldə olunan uğurlar heç də asan başa gəlməyib. Düşünülmüş daxili və xarici siyasət, dəqiqliklə və vaxtında hazırlanmış dövlət proqramları və ən əsası bu işlərin həyata keçirilməsinə cənab Prezidentimizin şəxsən özünün nəzarət etməsi bugünkü inkişaf və tərəqqiyə səbəb olmuşdur.

 

 

Xeyrulla HÜMBƏTOV,

Dövlət Dəmir Yolunun rəis müavini,

YAP Dəmir Yolu təşkilatının sədri

 

Xalq qəzeti.- 2009.- 13 oktyabr.- S. 5.