Corat qəsəbəsi: dünən və bu gün
Məlum olduğu kimi, gələn ay Sumqayıt şəhərinin
60 yaşı tamam olacaq. Azərbaycan Prezidenti İlham Əliyev
bu il aprelin 24-də yubileyin ölkəmizdə geniş qeyd
edilməsi barədə sərəncam imzalayıb. Artıq
Sumqayıtda yubileyə həsr olunan bir sıra maraqlı tədbirlər
keçirilib, bizim qəzetimizdə də bu bu barədə
silsilə yazılar dərc edilib. Bu dəfə
Sumqayıtın Corat qəsəbəsindən söhbət
açırıq. Tarixi mənbələr bu qəsəbənin
qədim yaşayış məskənlərindən
olduğunu göstərir. Səsi eramızın IV-VII əsrlərindən
gələn Corat qocaman Xəzərin sahilində narın
qızılqumları, böyük karvansaraları, barlı
bağları, igid oğulları ilə tanınan bir ünvan
olub. Abşeron yarımadasını şimaldan gələn
quldur gəmilərinin basqınlarından qorumaq
üçün XII əsrdə ucaldılmış müdafiə
sədləri, qala və qəsrlər arasında Cürət
qalasının da adı çəkilir. Başqa bir mənbədə
Corat kəndinin monqolların coratlar tayfasının adı ilə
eyni kökdən olduğu ehtimal edilir.
XIII-XIV əsrlərin
görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin
“Camiyyyəti Təvarix” əsərində xatırlanan
türk-monqol etnonimləri sırasında Corat qəbilə
adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki
Corat yer adında öz izini saxlayır. Əlavə edək
ki, hazırda dünyada yüzdən çox “Corat” deyilən
yer, qəsəbə, insan, hərəkat və s. bildirən
ad var. Məsələn,
Tailandda Corat qəsəbəsi mövcuddur. Həmkarım
Qalib Qadir yenicə çapdan çıxmış “Corat:
qloballaşan dünyanın daş yaddaşı” kitabında
bu barədə çox maraqlı məlumatlar toplayıb. Yeri
gəlmişkən, Xanım Əlabbas qızı da Sumqayıtın
60 illiyi ərəfəsində “Corat-tarixin bir
parçası” adlı gözəl kitab çap etdirib.
Bakının tarixinə dair sənəd
toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin
37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər
və əhalinin sayı haqqında siyahıda 10-cu sırada
Coratın adı çəkilir və göstərilir ki, bu kəndin
88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik
vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə
edirmiş.
Hələ XIX əsrdə gəmi
ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında
Coratdan da zirək adamlar olub. “Əkinçi” qəzeti 1877-ci
ildə yazırdı ki, güclü tufan nəticəsində
Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi
Xəzərdə batmışdır.
Coratlılar tarixən
balıqçılıq, bağçılıq və
bostançılıq, həmçinin heyvandarlıqla məşğul
olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda
göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və
Sarayın hərəsində 100 baş iki və bir
hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı
işə düşəndən sonra Abşeronda dəvəçilik
bir təsərrüfat sahəsi kimi sıradan
çıxıb. Keyfiyyətli dəvə yunundan müxtəlif
paltar və döşənəcək hazırlanmasında
istifadə olunurdu. Dəvə ətindən əsasən qutab
bişirilirdi. İndi də Corat mətbəxində dadlı
dəvə qutabının öz yeri var.
Coratın köhnə bağ yerləri
— “Çalour”, “Dəhnə”, “Hacıdərəsi”, “Astanbəy”,
“Möməli yeri”, “Həbib bağı” yaşlı sakinlər
tərəfindən xatırlanmaqdadır. Deyilənə
görə, “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti
dövründə müvəqqəti daldalandığı
yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini
təmin edib. Coratlıların bostan yerləri əsasən
indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz
qırağında olub. “Təsdim”, “Qurd dərəsi”,
“Dovşan yatağı”, “Sarıqaya” adlanan yerlər indi də
el arasında olduğu kimi adlandırılır.
Corat ərazi cəhətdən
Abşeronun ən iri kəndlərindən olub və
Böyük İpək yolunun üzərində yerləşib.
El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi
karvansara fəaliyyət göstərib.
Sovet hakimiyyəti qurulandan sonra
Coratda “Oktyabr” kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt
şəhərinin salınması ilə əlaqədar bu
kolxoz ləğv edilərək əmlak və ərazisi Saray
qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil
verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib.
Deyilənə görə, Eşmədə Coratın
balıqçılıq kolxozu da olub.
Coratda çoxlu qədim abidələr
vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy,
Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar,
XIV əsrə aid hamam, ehsanlıq su quyuları... Təəssüf
ki, əksəriyyəti artıq yoxdur. Saray bağlarında,
“Qurd dərəsi”, “Dovşan yatağı” adlanan yerlərdə,
indiki 17-18-ci mikrorayonların ərazilərində qəsəbənin
taxıl zəmiləri, üzüm və meyvə
bağları olub.
Vaxtilə “Möməli yeri”
adlanan ərazidə salınmış 6-cı mikrorayondakı
dənizə baxan binamızın arxa eyvanından qonşuluqda
qərar tutan Coratı seyr edirəm. Burada dənizdən gələn
rütubəti azaltmaq, havanı bir növ qurutmaq məqsədilə
minlərlə iydə ağacı əkilmişdi (təəssüf
ki, həmin ağaclar kəsilərək yerində göydələnlər
ucaldılmışdır). Yaxınlıqdakı şəhər
Cümə məscidindən azan səsləri gəlir. Xəzərin
şıltaq ləpələri sahilə
çırpılaraq keçmiş vətəgə yerlərinə
sığal çəkir. İndi buralarda çoxsaylı
özəl çimərliklər yaradılıb. Adda-budda
qayıqlar gözə dəyir. Okean səviyyəsindən 28
metr aşağıda yerləşən Coratın evləri
bir vaxtlar dəfələrlə dəniz sularının
altında qalıb. Yalnız Kaynazoy erasının IV
dövründə dəniz sularından azad olub. Coratda ən
qiymətli nemət balıq olub, siyənək balıqları
əsas dolanacan mənbəyi sayılıb. Aclıq dövrlərində
balıqçılıq tələbatı qismən ödəyib.
Müharibə illərində ucqar kəndlərdən olan,
döyüşdə iştirak edə bilməyən kişilər,
eləcə də qadınlar buradakı vətəgələrdə
işləyib, balığın təmizlənməsi,
duzlanması və çəlləklərə
yığılmasında yerlilərə kömək ediblər.
Bir mülahizəyə görə “Corat” sözünün
yaranmasında balıqçılığın müəyyən
təsiri olub: guya “tor at” ifadəsi sonralar “Corat” kimi formalaşıb.
Dənizdəki gəmilər Cürət qalası üzərində
yanan məşəldən mayak kimi istifadə edərək
sahilə yan alırmış.
Corat qəbiristanlığındakı
sərdabələr, daş kitabələr, sənduqələr,
pirlər, qəbirüstü yazılar uzaq keçmişdən
soraq verir. Vaxtilə buradakı daş kitabələrdən
biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb.
Başqa bir kitabə isə Bakıya, Qız qalasının
yanındakı daş “qardaş”larının yanına
aparılaraq əcnəbi türistlərə nümayiş
etdirilir.
Axşamlar uzaqdan baxanda Coratın
sayrışan işıqları göz oxşayır. Coratlılar
Xəzərin sahilində mirvaritək bərq vuran bu qədim
qəsəbənin turizm marşurutuna daxil edilməsini
arzulayır, onun abadlaşdırılaraq daha da gözəl
görünməsinə çalışırlar. Corat sanki
Sumqayıtın İçərişəhəridir.
Corat iki dəfə — 60-cı və
80-ci illərdə sökülmək və ləğv olunmaq
təhlükəsi ilə üzləşib. Qədim qəsəbəni
şəhərə qatmaq istəyən “novator” məmurlar
burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Vətənpərvər
ziyalılar hər dəfəsində etiraz səslərini
ucaldaraq qətiyyət göstərib, buna yol verməyiblər.
O vaxtlar Sumqayıt Şəhər Partiya Komitəsinin birinci
katibi işləmiş Kamran Hüseynov, şəhər
icraiyyə komitəsinin sədri olmuş Kamal Axundov bu qədim
dənizkənarı qəsəbənin xəritədən
silinməsinin qarşısını ala biliblər. Səksəninci
illərdə isə qəsəbə sovetinin sədri İsgəndər
Qasımovun müqaviməti sayəsində memarların
bağışlanmaz səhvi reallaşmayıb...
O vaxt Yeni Corat tikilərək böyüyürdü. 1984-85-ci illərdə bu məsələ ilə əlaqədar köhnə üslubu saxlamaqla qəsəbənin yenidən qurulması üçün ümumittifaq müsabiqəsi elan edilmiş və estonların “Qızıla məhəbbət” layihəsi bəyənilmişdi. Lakin sonrakı hadisələr səbəbindən layihə həyata keçirilməmişdir.
Sumqayıt
Şəhər İcra Hakimiyyəti
başçısının Corat qəsəbəsi üzrə
nümayəndəsi Cəmil Quliyevin dediyinə görə,
bu yaşayış məntəqəsi illərcə diqqətdən
kənarda qalıb. Yalnız indiki şəhər rəhbərliyinin,
icra hakimiyyətinin başçısı Vaqif Əliyevin
qayğısı sayəsində qəsəbədə
geniş abadlıq-quruculuq işləri həyata keçirilməyə
başlayıb. Son illərdə qəsəbənin X.Məhərrəmoğlu,
M.Hüseynzadə, S.Əliyev, H.Salayev küçələri,
1-ci və 2-ci məhəllə, 2, 12, 16 və 18-ci keçid,
90-91-ci məhəllələrinə 30500 kvadratmetr asfalt
örtük döşənib. Qəsəbə daxilində və
yeni məhəllələrdə 88 min manatlıq kanalizasiya xətti
çəkilib. Son iki ildə 7 saylı məktəbə, 2
saylı uşaq bağçasına, mədəniyyət evinə,
kitabxanaya, idarə aparatına, mərkəzləşmiş
mühasibatlığa 40 min manatlıq bərk inventar verilib,
12 min manatlıq əsas vəsait xərclənib. Məktəbin həyətində
otüstü xokkey meydançası tikilərək istifadəyə
verilib.
Yeri gəlmişkən, Corat məktəbinin
hazırda 111 yaşı var. Məktəb kəndin nüfuzlu
ziyalılarından olan Hacı Abdulxalıq tərəfindən
yaradılıb. Bu təhsil ocağı indi müasir binada
yerləşir. Məktəbin məzunları arasında
tanınmış elm, təhsil, incəsənət və
istehsalat adamları az olmayıb. Sosialist Əməyi Qəhrəmanları,
Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova
və Məşədi Əliyev, pedaqoji sahədə
çalışan Hafiz Mahmudov, alimlər Səttar Əliyev,
Polad Seyidəmirov, Əlinəzər Əliyev, Nazim Yarəliyev,
Şamil Həşimov, Tahir Həşimov, Aşura Həşimova,
Dilbər Əliyeva, Rəfi Əliyev, Bikəs Ağayeva,
hüquqşünaslar Tacəddin Gülmalı oğlu,
Mürvət Vəliyev, hərbi həkim Əlislam Əliyev,
təyyarəçi Rafiq Hüseynov və başqaları
doğma qəsəbənin şan-şöhrət
“tac”ına çevriliblər.
Qəsəbənin su, qaz,
işıq təchizatı problemsizdir. Bu il də abadlıq
işləri davam etdirilib. Hava xətləri dəyişdirilib,
yeni dirəklər basdırılıb, köhnə su xətləri
əvəz edilib, 350 metrdən çox kanalizasiya xətti təmizlənib.
Evlərdə 3 minədək elektrik sayğacı
quraşdırılıb, 2 transformator təmir edilib, yeni
kabelləşdirmə işi başa
çatdırılıb. Küçə işıqları
sahəsində X.Məhərrəmoğlu küçəsi
üzrə 31 plafon bağlanıb və 1200 metr yeni naqil
çəkilib. Üç yeni qaztənzimləyici şkaf
qoyulub, evlərdə yüzlərcə metr qaz xətti dəyişdirilib.
Hazırda qəsəbədə 1822 ədəd yeni kart
sistemli qaz sayğacı istismardadır. Qəsəbə bələdiyyəsi
ilə birlikdə icra nümayəndəliyi
vaxtaşırı iməciliklər təşkil edir, təmizlik
işləri həyata keçirilir. İcra nümayəndəliyinin
inzibati binasında və xiyabanda 50 min manatlıq əsaslı
təmir işi yerinə yetirilib. Bayram günlərində
ahıl, əlil və kimsəsizlərə, həmçinin
veteranlara yardımlar göstərilir. Gənclərin
iştirakı ilə keçirilən idman
yarışları, mədəni-kütləvi tədbirlər
daim icra nümayəndəliyinin diqqət mərkəzində
olur.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 14 oktyabr.- S. 7.