Təhsil nazirləri YUNESKO çərçivəsində görüş keçirdilər

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, son illər YUNESKO-nun tədbirlərində Azərbaycan mütəmadi olaraq iştirak edir. Bu günlərdə YUNESKO Baş Konfransının 35-ci sessiyası çərçivəsində təhsil nazirlərinin “dəyirmi masa”sı keçirilmişdir. Təhsillə bağlı “dəyirmi masa”da təhsil naziri Misir Mərdanov iştirak etmişdir.

 

O bildirmişdir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi və sosial-iqtisadi sahələrdə olduğu kimi, təhsil sistemində də köklü islahatlar keçirir, Avropa təhsil məkanına müvəfəqqiyyətlə inteqrasiya edir. Azərbaycan islahatların həyata keçirilməsində müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən YUNESKO ilə sıx əməkdaşlıq edir. Bu qurum əsas tərəfdaşlarımızdan biridir. Son iki ildə dünya təhsil sisteminin prioritet inkişaf istiqamətlərinin, habelə inklüziv təhsil, davamlı inkişaf naminə təhsil, ali təhsilin əsas məqsədləri və “təhsil hamı üçün” kimi məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq forumlar keçirilmişdir. Azərbaycan bu forumlarda daim iştirak etmişdir.

Azərbaycanda “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsilin inkişafı üzrə Dövlət Proqramı” həyata keçirilir. Proqramın əsas məqsədi inteqrasiyalı təlimə keçidin reallaşdırılması, məktəblərdə uşaqlara təhsil üçün bərabər imkanların yaradılması, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsidir. Bundan əlavə, YUNESKO-nun dəstəyi ilə Azərbaycanda inklüziv təhsil sahəsində irimiqyaslı layihə həyata keçirilir.

Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini diqqətə çatdırmış nazir Avropa Şurası, Avropa Komissiyası və YUNESKO-nun dəstəyi ilə Bolonya prosesinin tələblərini nəzərə almaqla, ali təhsil sistemində islahatların davam etdirildiyini, tələbələrin biliklərinin qiymətləndirilməsi üzrə kredit sisteminin tətbiq olunduğunu, ali məktəblərin fəaliyyətinin daxili və xarici qiymətləndirilməsi əsasında onların akkreditasiyası üzrə yeni formanın tətbiq edildiyini bildirmiş, ölkəmizdə beynəlxlaq forumların təşkil olunduğunu, buna misal olaraq, 2008-ci ilin mayında Bakıda təşkil olunmuş Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransını xatırlatmışdır.

Günün ikinci yarısında siyasi debatlardakı çıxışında Misir Mərdanov 2009-cu ilin Dövlət büdcəsində təhsil sektoruna ayrılan vəsaitin ötən ilə nisbətən 21 faiz artdığını, son iki ildə müasir avadanlıqla təchiz olunmuş 500 yeni məktəbin tikilib istifadəyə verildiyini, şagirdlərin pulsuz dərsliklərlə tamamilə təmin olunduğunu, internetə qoşulmuş məktəblərin sayının 20 dəfə artdığını qeyd etmişdir.

Nazir YUNESKO-nun dəstəyi ilə “Hamı üçün təhsil” proqramı çərçivəsində ömürboyu təhsil, yaşlıların təhsili, ixtisasartırma təhsil layihələrinin uğurla həyata keçirildiyini qeyd etmiş, savadsızlığın ləğv edilməsi ilə əlaqədar BMT-nin regional konfranslarından birinin 2008-ci ildə Bakıda baş tutduğunu bildirmişdir.

Mədəniyyət məsələlərinə toxunmuş M.Mərdanov Azərbaycanın aşıq sənəti və Novruz bayramının bu yaxınlarda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən qürur hissi keçirdiyini vurğulamış, ölkəmizin Afrika regionunda Benin Mədəni İrs Məktəbinin layihəsinə maliyyə yardımı göstərdiyini açıqlamışdır.

Nazir YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamış, fondun ölkə daxilində və xaricdə təhsil, mədəniyyət, elm, İKT, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi layihələr nəticəsində yeni məktəblər, uşaq evləri, idman kompleksləri, tibb ocaqları inşa edildiyini, fondun dəstəyi ilə 2009-cu ildə Bakıda inşa edilmiş yeni Muğam Mərkəzində YUNESKO- nun qeyri-maddi mədəni irs siyahısına salınmış qədim muğama həsr olunmuş Birinci Beynəlxalq Festivalı, Fransanın Versal qəsrində iki abidənin və Strasburqdakı kilsənin bərpa işlərində fondun yaxından iştirakını diqqətə çatdırmışdır.

Misir Mərdanov Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın zəngin musiqi mədəniyyətini və tarixi şəxsiyyətlərini tanıtmaq məqsədilə YUNESKO-nun mənzil-iqamətgahında keçirilmiş çoxsaylı tədbirləri qeyd etmişdir.

Ölkəmizin 20 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşməsindən bəhs etmiş nazir bunun xalqımız üçün ağrılı problem olmasından, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, 20 mindən artıq azərbaycanlının həlak olmasından və bir milyon soydaşımızın isə qaçqın və məcburi köçkün düşməsindən, ölkəmizə 60 milyard dollardan çox ziyan dəyməsindən söhbət açmışdır.

Misir Mərdanov erməni işğalçıları tərəfindən 900-dən artıq kitabxananın, 700 təhsil ocağının, 600-dən çox səhiyyə müəssisəsinin, 26 muzey və 9 məscidin dağıdıldığını qeyd etmişdir.

Nazir sonda bildirmişdir ki, YUNESKO-nun ideallarına sadiq olan Azərbaycan ümidvardır ki, təşkilat yeni humanizm konsepsiyasını rəhbər tutaraq, dünyada sülh və sabitlik, ümumbəşəri dəyərlərin bərqərar edilməsinə öz layiqli töhfəsini verəcəkdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 14 oktyabr.- S. 7.