Efir məkanı şou-biznesin yaratdığı mənəvi böhrandan qurtulmalıdır

 

Bəşər cəmiyyəti inkişafının elə yüksək sosiomədəni mərhələsinə adlayıb ki, bu gün müasir dövlətin və ya xalqın inkişafını informasiyasız təsəvvür etmək çətindir. Tarixən çox dəyərli əmtəə, qiymətli sərvət sayılan informasiya müasir qloballaşma dövründə sivil toplumun mütərəqqi inkişafının ən vacib ünsürlərindən birinə çevrilir. İctimai həyatın bütün sahələri üzrə operativ məlumatların “qəbulu” müasir insan cəmiyyətinin zəruri mənəvi-fizioloji və sosial tələbatlarından biri kimi özünü göstərir. Bütün dünyada elektron kütləvi informasiya vasitələrinin – internet şəbəkəsinin, ənənəvi və rəqəmsal radio-televiziya sistemlərinin, eləcə də digər interaktiv audiovizual vasitələrin sürətli inkişafı “informasiya seli”nin insanın taleyində, onun yaşam tərzində mühüm rol oynadığını bir daha qabarıq göstərir.

 

Dövrünün görkəmli diplomatı olmuş Taleyranın söylədiyi bir fikir bu məqamda yerinə düşür: “Kimin informasiyası çoxdursa, onun döyüş meydanında üstünlüyü labüddür”. Məlumatlılıq, daha çox bilgiyə, informasiya resurslarına malik olmaq bütün dövrlərdə nəinki intellektual müstəvidə, hətta döyüş meydanında da uğurlu mübarizənin əsas şərti sayılır. Bu gün informasiya qiymətli əmtəə kimi Azərbaycan xalqının da bəşəriyyətin tarixən can atdığı demokratiya və vətəndaş cəmiyyəti kimi ideallarının inkişafına zəmin yaradır, hər bir cəmiyyətdə sərbəst düşüncə tərzinin, şəffaflığın, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının, tolerantlığın mühüm amili kimi çıxış edir. Demokratik, şəffaf və sivil idarəetmə sisteminin yaradılması da, ilk növbədə cəmiyyətin azad, obyektiv, qərəzsiz informasiya almaq tələbatının ödənilməsindən, insanların söz, fikir, düşüncə və vicdan azadlıqlarının maksimum səviyyədə təminatından keçir.

Hər bir ölkədə, ümumilikdə, dünyada baş verən mühüm ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi, ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi, əsasən, kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur. Müasir cəmiyyətdə önəmli rol oynayan elektron kütləvi informasiya vasitələrinin ictimai münasibətlər sisteminə, proseslərə, insanların düşüncə tərzinə nüfuz imkanları onların cəmiyyətdəki rolunun və məsuliyyətinin kifayət qədər böyük olduğunu göstərir. İctimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən daha yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olub, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bəs bu gün ictimai rəyə daha geniş təsir imkanlarına malik teleradio şirkətləri cəmiyyət qarşısındakı sosial öhdəliklərinin, peşə davranışı xüsusiyyətlərindən doğan vəzifələrin, nəhayət, milli qanunvericilikdən irəli gələn tələblərin öhdəsindən hansı səviyyədə gəlirlər?

Azərbaycanın efir məkanının ürəkaçan olmayan müasir reallıqları fonunda bu ritorik sualları da birmənalı cavablandırmaq çətindir. Ölkədəki demokratik və liberal şəraitin nəticəsi kimi son 10 ildə yaranmış özəl televiziya və radio kanalları bu gün proqram siyasəti ilə bağlı dərin böhran keçirir, üstəlik bu böhranın özünü qabarıq göstərən mənəvi təzahürlərini cəmiyyətə ötürür, özləri də fərqinə varmadan mənəvi aşınma, milli-mənəvi, dini, mental dəyərlərdən uzaqlaşma kimi neqativ prosesin vaçitəçilərinə çevriliblər. Cəmiyyətin yüksək milli ideallar uğrunda səfərbər edilməsində, xalqın özünəməxsusluğunu şərtləndirən dəyərlərin gənc nəslə aşılanmasında, yüksək bədii-estetik zövqün, musiqi duyumunun formalaşmasında, insanların maariflənməsində, obyektiv informasiya təminatında həlledici rol oynamalı olan televiziyaların əksəriyyətində bu gün tamam fərqli mənzərə hökm sürür. Bir vaxtlar jurnalist tədqiqatları, sənədli filmləri, müəllif proqramları, analitik, maarifləndirici verilişləri ilə böyük nüfuz qazanmış Azərbaycanın televiziyalarının bu gün bütün mahiyyəti ilə primitiv tamaşaçı zövqünə (əslində zövqsüzlüyünə) hesablanan “şou-qalmaqallar”ının, ikrah hissi doğuran səviyyəsiz “maqazin” proqramlarının ümidinə qalması, ciddi maarifləndirici mövzulardan uzaqlaşması doğrudan da acınacaqlı mənzərədir. Əlbəttə, bazar münasibətləri şəraitində müəyyən telekanalların sırf kommersiya maraqları baxımından çox sayda şou-proqramlara yer verməsi ilk baxışda bəlkə də təbii görünə bilər. Əslində, telekanalların fəaliyyəti ilə bağlı hər zaman aktual olan ictimai müzakirələrdə “şoularsız televiziya” tezisinə heç vaxt rast gəlinmir. Müasir televiziyada şou verilişlərinin olması tamamilə təbiidir. Narahatlığın kökündə, əslində, bu verilişlərin efir vaxtının böyük bir qismini zəbt etməsi, ümumi səviyyə baxımından aşağı olması, qalmaqal yaratmaq məramı ruhunda köklənməsi, kütləvi tamaşaçı zövqünü korlaması, ən başlıcası, milli-mənəvi, əxlaqi-etik dəyərlərlə bir araya sığmamasıdır. Kommersiya maraqlarına hesablanan bu bayağı və primitiv verilişlərin sayının getdikcə artması cəmiyyətin mütərəqqi inkişaf harmoniyasına zərbə vurur, mənəvi-əxlaqi dəyərlərin deqredasiyası prosesini sürətləndirir, gənc nəsildə yüngül həyat tərzinə marağı artırır.

Acınacaqlı hal burasındadır ki, bir vaxtlar cəmiyyətin qətiyyən qəbul etmədiyi yabançı davranış, düşüncə, geyim tərzi, bir sözlə, xalqın tarixən formalaşmış mental dəyərləri ilə bir araya sığmayan kosmopolit dəyərlər tədricən cəmiyyət üçün adiləşdirilir. Konservativ ruhlu orta və yaşlı nəsildə neqativ təzahürlərə qarşı müqavimət gücü nisbətən möhkəm olsa da, uşaq və yeniyetmələr, eləcə də gənclər zaman keçdikcə telekanalların ictimai şüura sırıdığı bu “yeniliklər”ə tədricən uyğunlaşmağa başlayırlar. Bu gün Azərbaycan telekanallarının gənc və yeniyetmə tamaşaçılarının timsalında milli kökdən, düşüncə tərzindən və psixologiyadan, adət-ənənələrdən uzaqlaşan bir nəsil yetişdirilməsi istiqamətindəki “fəaliyyətləri” böyük təhlükədən xəbər verir. Çoxlarının o qədər də ciddiliklə fərqinə varmadığı bu proses, əslində, xalqın genefonduna, milli “Mən”inə, özünəməxsusluğuna tuşlanan silaha bənzəyir.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində işıq üzü görmüş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi respublikamızın efir məkanın müasir problemlərini, üstün və qüsurlu cəhətlərini açıb göstərməklə yanaşı, aktuallığı, peşəkar və obyektiv yanaşma tərzi, analitik təhlili ilə cəmiyyətdə müsbət rezonans, əks-səda doğurub. Telekanallardan cəmiyyətə sırınan mənəvi ucuzlaşmaya, yeknəsəkliyə, milli olmayan düşüncə və həyat tərzinə əsl vətəndaş, ziyalı və peşəkar filosof kimi münasibətini ifadə edən akademik Ramiz Mehdiyev dərin araşdırma və təhlilə əsaslanan bu məqaləsində həm də yaranmış vəziyyətdən çıxış yollarını göstərmişdir.

Azərbaycan telekanallarının müasir acınacaqlı durumunu kifayət qədər dolğun, obyektiv və peşəkarlıqla canlandıran görkəmli akademik ümumən cəmiyyəti narahat edən neqativ təzahürlərə də kəskin iradını ifadə edib. Məqalədə kifayət qədər peşəkarlıqla diqqətə çəkilən məsələləri televiziya kanallarının problemlərinə elmi-konseptual baxış kimi də dəyərləndirmək olar. Akademik “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində ölkə televiziyalarının milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı ilə bağlı verilişləri təqdir etməklə yanaşı, efir məkanında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes verilişlərinin çəkisinin artmasını haqlı olaraq ictimai narahatlıq doğuran məsələ kimi səciyyələndirir. Məqalədə bu neqativ prosesi doğuran obyektiv və subyektiv səbəblər də təhlil süzgəcindən keçirilmiş, yaranmış vəziyyətin dolğun mənzərəsi verilmişdir: “Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır”.

Jurnalistika nəzəriyyələrində də təsbit olunduğu kimi, informasiya vermək, maarifləndirmək və əyləndirmək missiyası televiziyaların efir siyasətinin əsas mahiyyətini təşkil edir. Azərbaycan telekanallarında isə tamam başqa mənzərənin şahidi oluruq - bu gün kommersiya, biznes maraqları baxımından şou xarakterli və əyləndirici verilişlər az qala informasiya vermək məqsədini belə, üstələyir. Üstəlik şou-biznes xarakterli bu verilişlərin əksəriyyəti qeyri-peşəkar səviyyədə hazırlanır, əcnəbi telekanalların analoji proqramları ilə müqayisədə son dərəcə bayağı təsir bağışlayır. Tamaşaçı zövqünun müxtəlifliyi, televiziyalarda şou xarakterli proqramların müəyyən auditoriyasının mövcudluğu başadüşülən olsa da, bu proqramların sayının həddən çoxluğu, əksərən bir-birini təkrarlaması, mövzularının primitivliyi, bayağılığı ciddi narahatlıq doğurur. Qeyri-peşəkar, bəsit formada hazırlanan, efir mədəniyyətinə sığmayan aparıcı jestləri, davranışı, geyimi, danışıq tərzi ilə insanlarda ikrah hissi doğuran bu verilişlərin bir məqsədi var: qalmaqal yaratmaq, milli-mənəvi, əxlaqi dəyərlərlə bir araya sığmayan mövzuların “sarı mətbuat”a xas tərzdə müzakirəsini təşkil etməklə, ictimai rəyə meydan oxumaqla diqqət mərkəzində olmaq.

Akademik Ramiz Mehdiyev Milli Televiziya və Radio Şurasının apardığı həftəlik monitorinqin nəticələrinə istinadən telekanallarda şou-xarakterli verilişlərin faiz nisbəti ilə artdığını da narazılıqla qeyd edir: “Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni (“Xeyir ola”, “Çal-çağır şou”, “Yağ kimi”, “10-lar”, “Performans”, “106 House”, “Tam sərbəst-solo”, “ATV maqazin”, “Kim kimdir”, “Yeni ulduz” verilişləri), “Lider” telekanalı 16,4%-ni (“Maşın şou”, “Qızıl pillə”, “Kim, harada, necə”, “Cavaba sual var”, “Solo”, “Dostum”, “Ən” verilişləri), “Xəzər” telekanalı 12%-ni (“Nar star”, “Ulduzlu xəzər”, “Mix şou”, “Ay Zaur” verilişləri), “ANS” telekanalı 11,3%-ni (“Günəbaxan”, “Çərşənbə axşamları Tural ilə”, “El bilir ki”, “Toylar kraliçası” verilişləri), “Space” telekanalı isə 8%-ni (“Bazar”, “Bazar+”, “Komedi-şou”, “Azəri star” verilişləri) şou-biznes verilişlərinə həsr edir. Göründüyü kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha çoxdur”.

Ailə-məişət mövzularından uzağa getməyən, dedi-qodulara, vulqar söhbətlərə geniş yer verən bəzi şou proqramların qonaqlarının əksəriyyətinin şou-biznes nümayəndələri olması da tamamilə başadüşüləndir. Doğrudur, həmin verilişlərə qonaqların hansı prinsiplərlə dəvət olunmasının görünməyən tərəfləri də var. Ümumən isə, istedadı, səsi, ifa tərzi, yüksək daxili mədəniyyəti ilə deyil, milli-mənəvi və əxlaqi dəyərlərlə uzlaşmayan bayağı, şit hərəkətləri, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzi, vulqar leksikonu, intellektual kasadlığı, qalmaqal yaratmaq “məharəti” ilə seçilən şou-biznes nümayəndələrinin efirdə hökmranlıq etməsi bəzi əyləncəli verilişlərin mahiyyətindən irəli gəlir. Tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərin böyük əksəriyyətində nə üçün müğənnilərin, şou-biznes nümayəndələrinin aparıcılıq etməsinin səbəblərini başa düşmək də çətin deyil: belələri əxlaqi davranış və düşüncə komplekslərindən tamamilə uzaq olmaqla, tamaşaçı rəyini nəzərə almır, ictimai qınaq və narazılıqlardan çəkinmir. Üstəlik, istədikləri cür danışmaqla və yüngül hərəkətlər etməklə, aparıcılıq etdikləri verilişi guya populyarlaşdırmaq istəyirlər. Həmin verilişlərin əksəriyyətində “ssenari” və məqsəd isə, adətən, bir olur: şou-biznes nümayəndələrini bir-birinə qarşı ittihamlara, təhqirlərə sövq etmək, hədyanlarını efirdə nümayiş etdirmək və bu cür cılız üsulla auditoriya toplamaq... Ümumiyyətlə, televiziya işi ilə birbaşa əlaqəsi olmayan təsadüfi şəxslərin aparıcılıq etməsinə yasaq qoyulmasının, deyəsən, vaxtı çatıb. Ən azından, bir həqiqəti dərk etmək lazımdır ki, aparıcılıq edən müğənni heç zaman obyektiv, vicdanlı, tərəfsiz ola bilməz. Onlar bu və digər formada sponsorlardan, sponsor qismində çıxış edən şirkətlərdən asılı vəziyyətdədirlər. Üstəlik, əksər müğənnilərin dünyagörüşü, savadı, nitqi, səviyyəsi onlara aparıcılıq etməyə imkan vermir.

Bu gün Azərbaycanda telekanalların sayı o qədər çox olmasa da, onların nümayiş etdirdiyi maqazin və şou verilişlərinin əksəriyyəti bir-birini təkrarlayır. Bəzi telekanallar tamaşaçı marağını cəlb etmək üçün yeni mövzular axtarıb tapmaq əvəzinə plagiatlığa yol verir, hətta müəllif proqramlarının oxşarını yaratmaqdan belə çəkinmirlər. Tanınmış şou-biznes nümayəndələrinin yüngül, dəbdəbəli həyat tərzinə - bahalı mənzillərinə, evlərinə, geyimlərinə həsr olunmuş eyni ssenarili verilişləri bu baxımdan xüsusi qeyd etmək olar. Mənzillərində, bağ evlərində çəkilən, istedadın, yaradıcılığın deyil, dəb-dəbəli və harın həyat tərzinin təbliğinə yönələn bu verilişlərdə müğənnilərin qarderobundan tutmuş hamam əşyalarına qədər - nə varsa, ikrahdoğurucu bir şəkildə efirdə nümayiş olunur. Belə bir şəraitdə efir məkanında əxlaqla əxlaqsızlıq arasında sərhədlərin götürülməsi, televiziya və radioların “ailə televiziyası”, “ailə radiosu” statusunu itirməsi, bir sözlə, mənəviyyatsızlığın baş alıb getməsi olduqca üzücü və təəssüf doğuran haldır.

Telekanalların mətbəx mövzusunda - müxtəlif yeməklərin hazırlanması qaydalarından bəhs edən, əksərən canlı yayımlanan verilişləri də özünün yeknəsək məzmunu ilə tamaşaçını sıxır. Bu verilişlərin aparıcıları kimi, əksərən qonaqları da kulinariya kimi məsuliyyətli bir peşənin incəliklərindən xəbərsiz olurlar. Canlı efirdə qayğanaqdan başqa heç bir yeməyi hazırlaya bilmədiyini etiraf edən şou-biznes nümayəndəsinin evdar qadınlara bu sahədə dərs keçmək istəyi isə kifayət qədər gülünc mənzərə yaradır. Sanki bu gün bəzi telekanallarımız maarifçilik missiyalarını yemək reseptlərinin təqdimatı ilə bitmiş hesab edirlər.

Müasir qloballaşma dövründə hər bir xalqın milli-mənəvi dəyərlərini, mədəniyyətini, əxlaqını, dünyagörüşünü qoruyub saxlaması son dərəcə vacib və aktualdır. Xoş örnək, nümunə kimi xüsusi vurğulamaq olar ki, Heydər Əliyev Fondu son beş ildə bu istiqamətdə çox mühüm layihələri uğurla həyata keçirir, milli mədəniyyətimizi, adət-ənənələrimizi, düşüncə tərzimizi mənfi təsirlərdən hifz etməyə çalışır. Fondun təşəbbüsü ilə 2005, 2007 və 2009-cu illərdə kökü qədimlərə gedən muğam sənətinin təbliğinə xidmət edən musiqi müsabiqələrinin keçirilməsi, habelə bu günlərdə milli folklorumuzun ayrılmaz hissəsi olan aşıq musiqisinin və Novruz bayramının YUNESKO-nun “qeyri-maddi irs” siyahısına salınması da deyilənləri bir daha təsdiqləyir.

Televiziyalarda özünü qabarıq göstərən əsas problemlərdən biri də bayağı, yeknəsək, yalnız çəkildiyi ölkənin milli mentalitetinə uyğun olan, Azərbaycan xalqının dünyagörüşü, mentaliteti, əxlaqı, adət-ənənələri, dini inancları ilə bir araya sığmayan, açıq-saçıq səhnələrlə zəngin teleserialların nümayiş etdirilməsidir. Təəssüf ki, bəzən şou-biznesdən nisbətən uzaq olan, ciddi verilişləri ilə tanınan, cəmiyyətdə müəyyən rəğbət qazanan telekanallar da bu mərəzdən qurtula bilməyiblər. Səhər və axşam saatlarında efiri Cənubi Amerika xalqlarının mentalitetini nümayiş etdirən bu seriallarla doldurmaq həmin kanallara əsla başucalığı gətirmir. Əminliklə demək olar ki, bu teleserialların heç biri Azərbaycan gəncinin mənəvi cəhətdən zənginləşməsinə, kamil şəxsiyyət kimi formalaşmasına xidmət etmir. Belə olduğu halda, yüngül dünyagörüşü əks etdirən həmin filmləri xüsusi təbliğatla cəmiyyətə nümayiş etdirməyin nə mənası var? Problem əgər “efir setkası”nı doldurmaqdırsa, daha intellektual, elmi, tarixi sənədli filmlər nümayiş etdirmək, Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri, tarixi, ədəbiyyatı, elmi və s. haqqında maarifləndirici filmlər hazırlamaq doğrudanmı çətindir?

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının ən mühüm mənəvi dəyərlərindən hesab etdiyi İslam dini, habelə, İslam əxlaqı üçün təhqirlərlə dolu olan “Klon” serialının son dövrdə telekanallar tərəfindən dəfələrlə nümayiş etdirilməsi isə dözülməz haldır. Əhalisinin 95 faizinin İslam dininə sitayiş etdiyi və İslamın simvolik rənginin dövlət bayrağında yer aldığı bir ölkədə telekanalın bu seriala “rəğbət”ini anlamaq çətindir. Bu hal Azərbaycan dindarlarının haqlı qəzəbinə səbəb olur.

Ümumiyyətlə, son illərdə telekanallarda fundamental jurnalist araşdırması əsasında hazırlanan, aktual problemlərə həsr olunan filmlər və ya verilişlər son dərəcə azdır. Azərbaycan telekanallarının əksəriyyətində savadlı, yüksək intellektli, peşəkar kadrlar çalışdığı halda, bu sahədə yaranmış boşluğun səbəblərini izah etmək çətindir. Əlbəttə, bu bir həqiqətdir ki, bazar iqtisadiyyatı şəraitində belə ciddi verilişlərə sponsorluq etmək istəyən şirkətlər son dərəcə azlıq təşkil edir. Lakin müasir televiziyanı bütün mahiyyəti ilə gəlir əldə etməyə meyilli biznes strukturuna çevirmək də olmaz. Cəmiyyətin maariflənməsinə, intellektual-mənəvi yüksəlişinə xidmət edən proqramların, sənədli filmlərin daxili imkanlar hesabına maliyyələşdirilməsi daha məqsədəuyğun olar. Açıq demək lazımdır ki, Azərbaycanın son illər əldə etdiyi böyük iqtisadi uğurların, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolunda atılan addımların, qlobal enerji-kommunikasiya layihələrinin təbliğinə, ictimaiyyətə tam dolğunluğu ilə çatdırılmasına yönəlmiş verilişlərin, sənədli filmlərin hazırlanmasına da ciddi maraq duyulmur.

Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan, təxminən 1 milyon vətəndaşı qaçqın və məcburi köçkün kimi yaşayan Azərbaycanda hərbi-vətənpərvərlik verilişlərinin də azlığı kifayət qədər narahatlıq doğuran məqamdır. Doğrudur, indi telekanalların əksəriyyətində hərbi xarakterli proqramlar var. Bununla belə, gənclərin hərbi-vətənpərvərlik ruhunda köklənməsinə, müxtəlif silahlar, döyüş sursatı, hərbi texnika haqqında dolğun təsəvvürünün, bilgilərinin formalaşmasına xidmət edən verilişlərin hazırlanması da ümumi işin xeyrinə olardı. Bundan başqa, telekanallarda uşaq verilişlərinin sayının çoxaldılması, dini maarifləndirmə işinin aparılmasına xidimət edən, habelə, yüksək peşəkarlıq tələb edən analitik-siyasi verilişlərin hazırlanması da günün aktual tələbləri kimi meydana çıxıb. Fikrimizcə, bu baxımdan İctimai Televiziyanın hazırladığı proqramların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Ümumiyyətlə, bu televiziyanın bir çox verilişləri səviyyəsinə, ictimai əhəmiyyətinə, milli-mənəvi dəyərlərə bağlı olmasına görə fərqlənir.

Televiziya və radiolarda Azərbaycan dilinin normalarının pozulması ilə bağlı nümunələrlə hər dəqiqə rastlaşmaq mümkündür. Açığı, bu gün efir məkanında özünü qabarıq göstərən ciddi problemlərdən biri də elə məhz budur. Bu gün televiziyalarda aparıcılıq edən gənclərin böyük əksəriyyəti ana dilini o qədər də səlis bilmir, tələffüz zamanı tez-tez kobud səhvlərə yol verirlər. Bəzi kanallarda xəbərlər proqramlarının aparıcı-diktorlarının intonasiyasının Azərbaycan dili üçün səciyyəvi olmadığını da dərhal sezmək olur. Sanki başqa bir xalqın nümayəndəsi Azərbaycan dilində danışır və tez-tez əcnəbi sözlərdən istifadə edir. Televiziya verilişlərinin müğənni, aktrisa, aktyor və digər qeyri-peşəkar aparıcılarının da nitqlərində tez-tez jarqonlara, ara sözlərinə, əcnəbi sözlərə təsadüf olunur. Radiolarda bu baxımdan vəziyyət lap acınacaqlıdır. Özlərini diqqət mərkəzindən, ictimai qınaqdan kənarda qalmış kimi hiss edən radio aparıcıları, sözün həqiqi mənasında, hədlərini aşırlar. Onlar efirdə istədikləri kimi danışır, ikrah doğuran səslər çıxarır, zarafatlaşır, üstəlik efirə qoşulan dinləyiciləri ələ salmaqdan belə çəkinmirlər. Onların müzakirə mövzusu kimi dinləyicilərə təklif etdiyi mövzuların böyük əksəriyyəti əxlaqi dəyərlərlə, milli mentalitetlə bir araya sığmır. Radionun canlı efirinə buraxılan təsadüfi insanların söylədikləri sərsəm fikirlər, küçə ifadələri insanı dəhşətə gətirir.

Telekanallarda yayımlanan xəbərlərin ümumi məzmumunu əks etdirən titrlərdə də Azərbaycan dilinin normaları kobud surətdə pozulur. Bu titrlərdə sözlərin yazılışında kobud səhvlərə, qrammatik yanlışlıqlara yol verilir. Qaçan sətirlərlə canlı efirə verilən xəbərlərdə də bu cür səhvlərə tez-tez rast gəlmək mümkündür. Fikrimizcə, telekanalların xəbər verilişlərinə rəhbərlik edən peşəkar jurnalistlərin bu vəziyyəti aradan qaldırmaq üçün bir qədər diqqətli olması yetərlidir.

Son illər bəzi telekanalların milli mentalitetə və əxlaqa vurduğu ən böyük zərbələrdən biri də qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Bəri başdan bildirək ki, əsasən elan və reklam xarakteri daşıyan, gəlir əldə etməyə hesablanan bu SMS-lərin bir saatda 12 dəqiqədən artıq yayımlanması “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu məsələyə də xüsusi toxunaraq yazır: “Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir”.

Günün istənilən vaxtında canlı olaraq yayımlanan, məzmunu ciddi yoxlanılmadan efirə buraxılan bu SMS elan və yazışmaların məzmunu tamaşaçını hiddətləndirməyə bilməz. Azərbaycan tamaşaçısı bu üzdəniraq elanlarda bir-birilə tanış olmaq üçün yer təyin edənlərdən tutmuş, müxtəlif ev əşyalarını, hətta böyrəyini satmaq istəyənlərə qədər müxtəlif adamlara rast gəlir. Nə yaxşı ki, artıq ATV kanalının rəhbərliyi akademik Ramiz Mehdiyevin son məqaləsindən sonra efirdə onlayn SMS-ləri və daha bir neçə şou xarakterli verilişi dayandırmaq barədə qərar qəbul edib.

Bunlar reklamla bağlı problemlərin heç də hamısı deyil. Telekanallar gəlir əldə etmək naminə bəzən “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarına da məhəl qoymur, müxtəlif dərman preparatlarının reklamı ilə məşğul olurlar. Bu azmış kimi, qadağan olunmuş saatlarda tütün məmulatlarının, spirtli içkilərin də reklamına rast gəlinir. Belə halların qarşısının alınması üçün Milli Televiziya və Radio Şurası da öz imkanlarından istifadə etməlidir. Ümumiyyətlə, Milli Məclisin deputatı kimi bu fikirdəyəm ki, Şuraya efir məkanındakı problemlərə qarşı daha kəsərli mübarizə aparmaq üçün əlavə imkanlar yaradılmalıdır. Bir çox dövlətlərdə - uzağa getməyək, kifayət qədər demokratik dövlət kimi tanınan Türkiyədə telekanalların qanunla müəyyən edilmiş yayım tələblərini pozması ciddi sanksiyalarla qarşılanır. Televiziya və radio yayımını tənzimləyən xüsusi dövlət qurumu bəzən hansısa televiziyanın, radionun müəyyən müddətə bağlanması ilə bağlı qərar qəbul edir. Fikrimcə, Azərbaycan Milli Televiziya və Radio Şurasına da qanunvericiliklə belə bir imkan yaradılmalıdır.

Təqdirəlayiq hal kimi vurğulamaq olar ki, Azərbaycanın əksər kanalları hazırda bütün respublika ərazisində yayımlanırlar. Lakin bəzən Azərbaycanın sərhədyanı bölgələrində qonşu dövlətlərin telekanallarının efir məkanımıza ideoloji təcavüzü hallarına geniş rast gəlirik. Xüsusən də Cənub və Qərb bölgələrində qonşu ölkələrin televiziyalarının milli efir məkanına qanunsuz yayımı və mənfi təsiri daha qabarıq duyulur. Doğrudur, bu texniki problemin həlli üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi son illərdə bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Fikrimizcə, mühüm ideoloji-siyasi mahiyyət kəsb edən bu problemin tamamilə aradan qaldırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Respublikamızın efir məkanında fəaliyyət göstərən teleradio kanallarına xatırlatmaq istərdim ki, “Televiziya və radio yayımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi” teleradio fəaliyyətinin əsas prinsiplərindəndir.

Şübhəsiz, televiziya və radio kanalları ilə bağlı problemlərə bütün aparıcı dövlətlərdə rast gəlinir. Azərbaycanda mövcud olan problemlərin böyük bir qismi isə sırf keçid dövrünün səciyyəvi xüsusiyyətləri ilə bağlıdır. Reklam bazarının lazımi səviyyədə inkişaf etməməsi, televiziyalar arasında ixtisaslaşma prosesinin başa çatmaması, peşəkarlıq problemləri və digər məsələlər telekanalların üzərinə düşən missiyanı tam mənada həyata keçirməsinə mane olur. Mövcud problemlərdən biri də telekanalların fəaliyyətinə ictimai nəzarət mexanizmlərinin mövcud olmamasıdır. Əminik ki, zaman keçdikcə telekanallarımız onların ictimai nüfuzuna, peşəkarlıq səviyyəsinə xələl gətirən cılız kommersiya layihələrindən uzaq qaçacaq, yaradıcı axtarışları, mövzu rəngarəngliyi, informasiya və maafriləndirmə keyfiyyətləri ilə tamaşaçıların görüşünə gələcəklər.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2009.- 14 oktyabr.- S. 5.