Azərbaycanın iqtisadi qüdrəti getdikcə artır

 

Bütün dünyanı bürüyən və artıq mütəxəssislərin fikrincə, səngiməkdə olan qlobal maliyyə böhranı Azərbaycana elə də bir ciddi təsir göstərməmişdir. Bunun səbəbləri barədə Dünya Bankının Bakı bürosunun rəhbəri Q.Yedjeyzak belə demişdir: “Azərbaycan şanslı ölkələrdəndir ki, qlobal maliyyə böhranı ona çox az təsir etmişdir. Bu ölkədə nə alıcılıq qabiliyyətinə, nə də müəssisələrin vəziyyətinə qlobal maliyyə böhranı əhəmiyyətli dərəcədə təsir edə bilməmişdir. Əvvəla, ona görə ki, Azərbaycanın iri maliyyə ehtiyatları var. İkincisi, burada bank və müəssisələrin borclanma səviyyəsi o qədər də yüksək deyildir. Üçüncüsü, Azərbaycanda bank-maliyyə sistemi ilə bağlı çevik siyasət yeridilir. Şübhəsiz ki, bütün bunlar da səmərəsiz qalmır...”.

 

Onu da xatırladaq ki, qlobal maliyyə böhranı yenicə başlayan dövrdə Beynəlxalq Valyuta Fondunun hesabatında bildirilirdi ki, böhran Azərbaycanın güclü iqtisadi vəziyyətdə olması səbəbindən bu ölkəyə elə də ciddi təsir göstərməyəcəkdir. Hesabatda həmçinin Azərbaycan Mərkəzi Bankının maliyyə tənzimlənməsi və likvidlik vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasət təqdir olunurdu. Banklarda faiz dərəcələrinin aşağı salınmasının vaxtında atılmış düzgün addım olduğu da vurğulanırdı.

Ötən müddət göstərdi ki, Azərbaycan dünyanın bir çox ölkələrindən fərqli olaraq qlobal maliyyə böhranının təsirlərindən effektiv müdafiə olunan dövlətlər sırasındadır. Bu fikri 2009-cu ilin yanvar-avqust aylarında sosial-iqtisadi inkişafla bağlı makroiqtisadi göstəricilər də təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz, yaxud müqayisəli qiymətlərlə 1,4 milyard manat çox əlavə dəyər istehsal olunmuş və onun ümumi həcmi 20,6 milyard manata çatmışdır. ÜDM-in 63,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 49,3 faizi sənaye müəssisələrində, 7,9 faizi inşaat kompleksində, 6,3 faizi isə aqrar bölmədə istehsal olunmuşdur.

Orta hesabla adambaşına 2341,3 manatlıq (2912,1 ABŞ dolları) ÜDM istehsal olunmuş və 2008-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artmışdır.

Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla ilin əvvəlindən 13,6 milyard manatlıq, yaxud 2008-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.

Ölkədə inşaat işlərinin həyata keçirilməsi üçün səkkiz ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 4,6 milyard manat məbləğində vəsait yönəldilmiş, onun 3,2 milyard manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə edilmiş kapital qoyuluşunun 82,1 faizini, yaxud 3,7 milyard manatını daxili investisiyalar, 8161 milyon manatını xarici investisiyalar təşkil etmişdir.

2009-cu ilin yanvar-avqust aylarında əhalinin hər bir nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artaraq 1655,3 manata çatmış, onun 66,9 faizi son istehlaka, 10,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 23 faizi əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur.

Əhalinin həyat səviyyəsini xarakterizə edən digər bir göstərici — muzdla işləyənlərin orta aylıq əmək haqqı ilin əvvəlindən ötən səkkiz ay ərzində 16,7 faiz artaraq 298 manata çatmışdır. Eyni zamanda yanvar-iyul aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 446,1 manat, inşaat kompleksində 447,6 manat, nəqliyyatda 360 manat, rabitədə 438,2 manat olmuşdur.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyul aylarında dövlət büdcəsinə 5,7 milyard manat məbləğində vəsait daxil olmuşdur.

Bu vaxt ərzində dövlət büdcəsindən 5,3 milyard manat və ya keçən ilin müvafiq dövründə olduğundan 3,3 faiz çox vəsait xərclənmiş, 432,7 milyon manat məbləğində, yaxud ÜDM-in 2,5 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 2,3 milyard manatı və ya 42,9 faizi iqtisadiyyatın inkişafına, 688,3 milyon manatı (13 faiz) təhsilə və 617,9 milyon manatı (11,7 faiz) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilmişdir. Büdcədən xərclənmiş vəsaitin 31,5 faizi və ya 1,7 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunmuşdur.

İqtisadiyyatın dinamik inkişafı sosial sahəyə də öz müsbət təsirini göstərir. Bu, ölkənin istehlak bazarında da müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,5 faiz artaraq 8559,5 milyon manata çatmışdır. Artımın 69,4 faizi pərakəndə əmtəə dövriyyəsinin, 30,6 faizi əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranmışdır.

İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 76 faiz və 24 faiz təşkil etmişdir. Yanvar-iyul aylarında özəl sektorun ticarət və xidmət fəaliyyəti genişlənərək istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutmuşdur. Hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunmuş, ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 138,5 manatlıq və ya 14,3 manat çox istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir.

Yanvar-iyul aylarında istehlakçılara göndərilmiş (ixrac da daxil olmaqla) 3,5 milyon ton neft məhsullarının 60 faizi daxili bazarın tələbatının ödənilməsinə yönəldilmiş, 40 faizi isə ixrac olunmuşdur.

Hesabat dövründə pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6505,5 milyon manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 8,5 faiz çox istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir.

Bütün bunlar sosial sahədəki irəliləyişi, müsbət dəyişikliyi aydın göstərir. Əhaliyə göstərilən xidmətlərlə yanaşı, təhsil, mədəniyyət, səhiyyə və idmanda, sözün əsl mənasında, böyük dönüş yaranmışdır. Bu dinamika ölkənin sosial-iqtisadi strategiyasının, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin imzaladığı müvafiq proqramların, fərman və sərəncamların uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Son illər müasir dünya standartlarına cavab verən çoxsaylı sosial obyektlərin — səhiyyə, təhsil, idman, nəqliyyat, rabitə infrastrukturlarının, qaçqınlar üçün qəsəbələrin salınması, bir sözlə, ölkəmizin abadlaşdırılması və inkişafı ilə bağlı mühüm obyektlərin tikintisi, bu obyektlərin istismara verilməsi xalqın rifahının daha da yaxşılaşdırılması məqsədi daşıyır. Reallaşdırılan sosialyönümlü layihələr, həyata keçirilən möhtəşəm tədbirlər eyni zamanda əhalinin hakimiyyətə inamını daha da gücləndirir. Son beş il ərzində orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə artaraq 9,4 milyard manata, adambaşına düşən pul gəlirləri isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata çatmışdır. Eyni zamanda, bu illər ərzində ölkədə minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata bərabər olmuş, tələbələrin təqaüdləri 10 dəfə artmış, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan 741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği isə 1,6 dəfə artaraq 76,2 milyon manatdan 128 milyon manata çatdırılmışdır.

Son altı ay ərzində sosial islahatlar da uğurla davam etdirilmiş, insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Artıq ölkədə ünvanlı sosial yardım alanların sayı 800 minə çatmış və orta hesabla hər bir ailəyə 100 manat yardım göstərilmişdir ki, bu da çətin vəziyyətdə yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən sosial tədbirlərin bir hissəsidir. Bu müddətdə əhalinin pul gəlirləri 19 faiz, orta əmək haqqı təxminən 15 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir. Nəticədə ötən altı ay ərzində 35 min yeni iş yeri açılmışdır ki, bunlardan da 25 mini daimidir.

Ötən il başlayan qlobal maliyyə-iqtisadi böhranın nəticəsində neftin qiymətinin büdcədə nəzərdə tutulduğu 70 dollara nisbətən real olaraq 40-50 dollara düşməsinə, ticarət dövriyyəsinin, habelə bank və qeyri-bank kreditləşməsinin kəskin azalmasına baxmayaraq, əvvəlki illərdə yaradılmış zəngin potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, 3,6 faiz artım əldə edilmişdir. Bu ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 milyon manat və ya 1,1 faiz çoxdur. Bu müddətdə vergi daxilolmaları proqnozu 80,8 faiz icra edilmiş və dövlət büdcəsinə 1 milyard 627 milyon manat vəsait daxil olmuşdur. Vergi daxilolmalarının 1 milyard 165 milyon manatı və ya 71,6 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 119 milyon manat və 11,4 faiz çoxdur. Altı ay ərzində büdcəyə gömrük daxilolmaları proqnozuna 100,1 faiz, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 76 milyon manat və yaxud 13,4 faiz çox əməl edilmişdir.Bütün bunların nəticəsində ilin birinci yarısının icmal büdcəsinin gəlirləri 5 milyard 865 milyon manat, xərcləri isə 5 milyard 144 milyon manat olmuşdur. Hesabat dövründə bütün əsas investisiya layihələrinin, proqramların həyata keçirilməsi davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilmişdir. Bundan da 124 milyon manat sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, o cümlədən 29 milyon manat təhsil müəssisələrinə, 32 milyon manat mədəniyyət müəssisələrinə, 24 milyon manat idman müəssisələrinə sərf edilmişdir.

Bu ilin ötən aylarında infrastruktur sahələrin yenidən qurulması istiqamətində də tədbirlər davam etdirilmişdir. Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin, məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin inşası, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz—Qəbələ—Bakı su kəmərinin, Bakı—Tbilisi—Qars dəmir yolunun tikintisi sürətləndirilmişdir. Bu, eyni zamanda Azərbaycan iqtisadiyyatının stabil şəkildə inkişaf etdiyini, mühüm layihələrin icrasında heç bir fasilənin yaranmadığını göstərir.

Bu gün respublikamızda yol şəbəkəsi yenidən qurulur, müasirləşdirilir. Bu barədə Prezident İlham Əliyev demişdir: “...Azərbaycanda, Bakıda tikilən yollar həm rahatlığı ilə fərqlənir, həm də gözəlliyi ilə. Bu iki komponent birləşəndə həm insanların normal yaşaması üçün, hərəkət etməsi üçün yaxşı şərait yaradılır, həm də ki, zövqlə tikilmiş gözəl körpülər, yol qovşaqları göz oxşayır”.

Yolların abadlaşdırılması ilə yanaşı, paytaxtın, rayonların siması da dəyişir, gözəlləşir. Bu işə dövlət başçısı xüsusi diqqətlə yanaşır. Hazırda ölkəmizə gələn qonaqlar da son illər respublikamızın hədsiz dərəcədə müasirləşdiyini, bu baxımdan inkişaf etmiş dövlətlərlə bir sırada dayandığını vurğulayırlar. Bununla əlaqədar Prezident İlham Əliyevin bir fikrinə diqqət yetirək: “Bakının və digər şəhər və rayonların abadlıq işlərinə bundan sonra da diqqət göstəriləcəkdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bu, birmənalı belədir və hər bir Azərbaycan vətəndaşı bunu qürur hissi ilə deyə bilər. Bakının tarixi simasını saxlamaq, bərpa etmək şərtilə yeni müasir infrastrukturun yaradılması, əlbəttə ki, şəhərimizə əlavə gözəllik verir. Bizim tarixi yerlərimiz — İçərişəhər bu gün öz tarixi simasını özünə qaytarır. Görülən tədbirlər nəticəsində İçərişəhər YUNESKO-nun, demək olar ki, qara siyahısından çıxarılıbdır. Eyni zamanda, orada təmir-bərpa işləri ancaq tarixi irsimizi nəzərə almaqla aparılmalıdır. İçərişəhər, eyni zamanda, turistlər üçün də rahat yer olmalıdır və turizmi inkişaf etdirmək üçün orada əlavə infrastrukturun yaradılması da nəzərdə tutulur. Ancaq orada yaradılan, inşa edilən hər bir obyekt ümumi tarixi irsimizə uyğun şəkildə olmalıdır”.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 14 oktyabr.- S. 1.