Xalqa layiqli xidmət məramı

 

Bu, Heydər Əliyev Fondunun son beş illik fəaliyyətinin əsas qayəsini təşkil edir

 

Tarixi təcrübə sübut edir ki, hər bir millət ictimai-iqtisadi formasiya dəyişkənliyində müxtəlif yad təsirlərə, neqativ proseslərin hücumuna məruz qalır. Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər ifrat praqmatikləşmiş kapital münasibətləri fonunda müəyyən aşınmaya səbəb olur, kütləvi mədəniyyət stereotipləri hakim mövqeyə keçir. Belə bir şəraitdə xalqın milli “mən”inin, mənəvi dəyərlərinin, cəmiyyətdə ədalət və insanpərvərlik kimi meyarların qorunub saxlanması məsələsi vacib və aktual problem kimi önə çıxır. Bu aktuallıq ilk növbədə onunla şərtlənir ki, fərqli mədəniyyətlərin dialoqu, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə və mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir.

 

Beş il əvvəl ümummilli liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondu Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına və yüksəlişinə, milli mədəniyyətin yad təsirlərdən qorunmasına hesablanan xoşməramlı missiya həyata keçirmişdir. Fond ötən müddətdə ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği və qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlamaq, xüsusi qayğıya ehtiyac duyan insanlara yaxından kömək göstərmək kimi məqsədləri uğurla həyata keçirmişdir. Fondun fəaliyyəti, eyni zamanda insan və vətəndaş hüquq-azadlıqlarının yüksək səviyyədə təminatına, fərqli sivilaziyaların dialoquna, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir.

Xalqın mənəvi sərvətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondunun beş illik yubileyinin respublika miqyasında əlamətdar hadisələrdən biri kimi qeyd olunması da onun cəmiyyət həyatındakı əlahiddə mövqeyinin və nüfuzunun daha bir əyani göstəricisi kimi vurğulana bilər. 2009-cu il mayın 10-da “Buta” sarayında keçirilən təntənəli mərasimdə çıxış edən fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: ”Fondun fəaliyyəti artıq hər kəsə bəllidir. Beş il ərzində görülən işlər, əldə edilən nailiyyətlər haqqında bu axşam burada danışılacaq. Öz adımdan təkcə onu demək istəyirəm ki, bu beş il ərzində görülən işlər bir çox sahələri — elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin bunları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə inanan hər bir insana dərin minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına — gənc, istedadlı və insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir”.

Fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir və bu qütblərin mərkəzində milli genefondun inkişafı, xalqın minilliklərdən keçirib bugünə çatdırdığı mədəni-estetik dəyərlər sistemi dayanır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva eyni zamanda fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaqla, bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı cəmiyyətdə uzun illərdən bəri yığılıb qalan, insanları narahat edən problemləri dəqiq müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər planı hazırlamağa və qısa müddətdə maksimum nəticələr əldə etməyə çalışır. Qurumun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət daşıyır.

Dövlət başçısı İlham Əliyevin 5 may 2009-cu il tarixdə imzaladığı sərəncamla Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Heydər Əliyev mükafatı”na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir. Heydər Əliyev Fondunun prezidenti son beş illik fəaliyyəti ilə belə bir yüksək mükafata layiq olduğunu sübuta yetirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın insanlığın nicatına xidmət edən nəcib fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da layiqincə qiymətləndirilir. Azərbaycanın birinci xanımının “XXI əsrin böyük qadını” fəxri titulunun nominantı olması bunu bir daha təsdiqləyir. Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının “İpək yolu” Komitəsinin həmsədri Nina Koqan, “İpək yolu” kamera orkestrinin baş dirijoru və “İpək yolu” Komitəsinin sədri, həmvətənimiz İsmayıl Hacıyev və Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət etmişlər. Xatırladaq ki, indiyə qədər bir sıra nüfuzlu qadınlar, o cümlədən İngiltərə Kraliçası II Yelizaveta, Amerika Birləşmiş Ştatlarının indiki dövlət katibi Hillari Klinton, öz xeyirxah əməlləri ilə dünya şöhrəti qazanmış Tereza Ana və başqaları bu mühüm fəxri ada layiq görülmüşlər.

2009-cu il iyul ayının sonunda isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva bu beynəlxalq səviyyəli titula layiq görülmək üçün nominant kimi irəli sürülmüşdür. Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın öz ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini vurğulamışlar.Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalamışdır.

 

Mədəni irsin layiqli keşikçisi

 

Hər bir insanın həyatdakı yerini və rolunu, ictimai statusunu, cəmiyyətdəki missiyasını onun dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti müəyyənləşdirir. Belə fenomen şəxsiyyətlər müasir qloballaşma dövründə intibahı haqlı olaraq elm və təhsildə, mədəni tərəqqidə axtarır, xalqın milli-mənəvi irsinin qorunmasına böyük töhfələr verir, saf idealların cəmiyyətdə hakim olmasına çalışır, bununla özləri də ucalığa yüksəlirlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusən də son beş ildə reallaşdırdığı həyati əhəmiyyətli layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə məhz belə bir ucalığı özü üçün təmin etmiş, xalqın dərin inam və etimadını qazanmışdır.

“İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli ”mən”ini daha parlaq əks etdirən Qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir” - deyən Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin Qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomudur. YUNESKO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir.

Heydər Əliyev Fondunun prezidentinin şəxsi təşəbbüsü ilə 2005, 2007 və 2009-cu illərdə keçirilən və Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabıqələri də ölkənin milli sərvəti olan muğamın təbliği baxımından təqdirəlayiqdir. Muğamın dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində müasir üslubda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi də fondun qlobal layihələri sırasında mühüm yer tutur. 2005-ci il aqvustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə əsası qoyulan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ilin dekabr ayında təntənəli açılış mərasimi olmuşdur. Mərkəzdə gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin gözəl nümunəsi olan muğam sənətinin incəliklərinə yiyələnirlər. Burada həmçinin, dünya ictimaiyyətinin diqqətini Azərbaycan muğam sənətinə cəlb etməyi bacarmış görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Fond regionlarda muğam mərkəzlərinin yaradılmasına da ciddi dəstək verir - 2008-ci ilin sentyabrında fondun təşəbbüsü əsasında Ağcabədidə Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur.

Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətinin tarixi şöhrətinin, zəngin ənənələrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Fondun dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini yaşadan, istehsal etdiyi malları dünyaya çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qayğısı bu nadir sənət incisinə diqqətdən irəli gəlir. ”Azər-İlmə” MMC-nin istehsal sahəsində xalqın tarixini, məişətini, adət-ənənələrini, müxtəlif inanclarını, estetik görüşlərini, fəlsəfi baxışlarını özündə əks etdirən, bu keyfiyyətləri sirli-sehrli ilmələrdə, naxışlarda yaşadan sənət nümunələri bütün dünyada məşhurlaşmışdır. Yüksək bədii və texnoloji səviyyədə toxunan “Şeyx Səfi” xalçasının hanadan kəsilməsi mərasimində YUNESKO-nun Baş direktoru Koişiro Matsuura və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.

Fondun bu sahədə həyata keçirdiyi mühüm layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşasıdır. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun dəstəyi ilə inşa olunur. Sərgi salonu, kitabxana, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, danışıqlar və audiovizual təqdimatlar otağı, böyük tərtibat imkanlarına malik sərgi zonası olacaq binada həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulmuşdur.

2009-cu ilin martında fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Burada həmçinin Azərbaycan xalq rəssamlarının əsərləri, rəngkar və heykəltəraşların işləri də sərgilənir. Qərbi Avropa incəsənəti salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri nümayiş olunur.

Heydər Əliyev Fondu Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atmışdır. YUNESKO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksınin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, Gəncə şəhərindəki Cavadxan türbəsinin, “Comərdi Qəssab” məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahının, Abdulla Şaiqin ev-muzeyinin əsaslı təmiri buna əyani sübutdur. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmiş, Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli musiqi ifaçıları - mərhum Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Eləcə də Mstislav Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin Vyana kamera teatrı ilə birgə səhnələşdirilməsi barədə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.

Fondun milli musiqi sənətinin inkişafı yolunda atdığı mühüm addımlardan biri də “Üzeyir dünyası” və ”Azərbaycan muğamı ensiklopediyası” layihələrinin gerçəkləşdirilməsidir. 2008-ci il sentyabrın 17-də “Gülüstan” sarayında təqdimatı keçirilən ”Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, ”Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərlər” kitabları, “Leyli və Məcnun”, “Koroğlu”, ”O olmasın, bu olsun” operaları və musiqili komediyalarının klavir, libretto və s. daxildir.

Bu ilin avqust ayında Qəbələ şəhərində gənc pianoçuların beynəlxalq festivalının təşkili, habelə bu günlərdə aşıq sənətinin və Novruz bayramının YUNESKO-nun Qeyri-maddi irs siyahısına salınması da Heydər Əliyev Fondunun mühüm uğurları sırasında xüsusi vurğulana bilər.

 

Təhsilə yüksək qayğı örnəyi

 

Müasir dünyada hər bir dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi təhsilin mövcud durumu ilə şərtlənir. Bu baxımdan Azərbaycanda elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində ictımai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da xidmətləri xüsusi vurğulanmalıdır. Təhsil spesifik sahə olduğu üçün buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək düzgün deyil, bu prosesdə ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Fondun xeyriyyəçilik fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması bu mənada təsadüfi deyildir.

Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq da qeyri-mümkündür. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, sonrakı mərhələdə isə 100-dən artıq yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən, “Təhsil hamı üçün” proqramını, “Assosiativ məktəblər”, texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun “Dünyada savadlılığın dəstəklənməsi” üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir. İnformasiya cəmiyyətinin qurulması yolunda son illər uğurlu addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli problemlərin də çevik həllinə nail olmağa çalışır. Məhz bu baxımdan Bakıda belə bir konfransın təşkili böyük əhəmiyyət kəsb etmiş, respublikanın təhsil ictimaiyyətinə Avropa ölkələrinin müsbət təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaratmışdır.

Azərbaycanın birinci xanımı tədbirdə çıxış edərkən demişdir ki, Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfransların davamı, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviqinə yönəlmiş birgə səylərin bir hissəsidir. Hazırda YUNESKO hər bir ölkə üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti xüsusi vurğulamışdır ki, hazırda Azərbaycanda savadlılığın dəstəklənməsinə mane olan yeganə qlobal səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmış, son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşmışdır. Buna baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkün uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmiş, təhsil problemlərini həll etmək məqsədi ilə regionlarda infrastrukturu dəstəkləyən təhsil modeli yaradılmışdır. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblərlə eyni səviyyədə fəaliyyət göstərir.

 

Humanist dəyərlərə həssas münasibət

 

Humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi rolunda çıxış edir. Fond insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır.

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti səhiyyə sahəsində həyata keçirilən layihələrdə bir daha parlaq təcəssümünü tapır. Bu layihələr 2004-2009-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. Bu baxımdan “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

“Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində isə bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və ölkədə yüksək ixtisaslı kadrların hazırlanması tədbirləri həyata keçirilmişdir. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da istifadəyə verilməsi də ulu öndərin xatirəsinə böyük töhfə olmuşdur.

Heydər Əliyev Fondunun xətti ilə Əzizbəyov rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və avadanlıqla təchiz olunmuşdur. Almaniyanın “Fresenius Medical Care” şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və “Storz” şirkətınin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Eləcə də Fransanın “Servye” şirkəti tərəfindən fonda verilmiş “Diabeton MR” preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Fond uşaqların müayinə və müalicəsi üçün geniş mərkəzin zəruriliyini alaraq, 2009-cu ildə Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzinin inşasını da təmin etmişdir. Ümumiyyətlə, Heydər Əliyev Fondu səhiyyə məsələləri ilə bağlı hər bir müraciəti diqqətlə araşdırır, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurur.

Müasir qloballaşma dövründə hər bir sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son beş ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir.

 

Beynəlxalq əhəmiyyətli missiya

 

Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması, bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britanıyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kımi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir.

Son illərdə Leyla Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir. Qısa müddətdə Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində addımlar atmışdır.

Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması da Sankt-Peterburqun və Azərbaycanın mədəni həyatında çox mühüm hadisədir. Leyla Əliyeva fondun adından kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə edərək bildirmişdir ki, fond kitab nəşrinə çox böyük əhəmiyyət verir. Xüsusən internetin və elektron KİV-in inkişaf etdiyi, adamların çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir. Bu cür gözəl kitabxanalar sayəsində gənclər kitab oxumağı davam etdirir və həyatda ən böyük bilikləri kitablardan alırlar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Rusiya ilə əlaqələrin genişləndirilməsi vacibliyini də xüsusi önə çəkir: “Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”.

2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan “Bakı” jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatlar əldə edə bilirlər.

Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Rusiyadakı azərbaycanlı gənclərlə görüşdə ölkənin diaspor təşkilatlarının genişləndirilməsi vacibliyini də xüsusi diqqətə çatdırmışdır. Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri Leyla Əliyeva azərbaycanlı gəncləri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır. O bildirmişdir ki, indi fondun əsas vəzifələrindən biri regionlarda Azərbaycan dilində bazar günü məktəblərinin açılmasıdır. Fond bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompyuterlərlə təchiz olunmasına kömək edir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək etmişdir. Bununla yanaşı, müxtəlif xeyriyyə tədbirləri, o cümlədən əlil uşaqlar üçün “Biz həyatı sevirik” adlı konsert, bir neçə kitabın təqdimat mərasimləri hazırlanır. Bu günlərdə təşkilatın internet saytı açılacaqdır, gənclər bu saytda Azərbaycanın gerçəklikləri barədə məlumat ala biləcəklər.

İslam Konfransı Təşkilatının gənclər forumu ilə “Xocalıya ədalət” Beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordınatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə İSESKO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol “Xocalıya ədalət” Beynəlxalq məlumat-təşviqat kampaniyasına dəstək verilməsini və kampaniya çərçivəsində dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Leyla Əliyeva demişdir ki, bu aksiyanın əsas məqsədi beynəlxalq birliyi bu faciə haqqında ədalətli məlumatlandırmaqdır: “Bu gün dünyanın bir çox ölkələrində ”Xocalıya ədalət” veb-saytının təqdimetmə mərasimi keçirilir, oradan faciə haqqında dolğun məlumat almaq olar”.

“İnsan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən, ümdə anlayışlardır. Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir” — deyən Heydər Əliyev Fondunun prezidenti Mehrıban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir. Ölkə vətəndaşlarının mütləq əksəriyyətinin bu fəaliyyəti rəğbət və məmnunluq hissi ilə izləməsini isə Azərbaycanın birinci xanımının yüksək humanizmində, işgüzarlığında və qayğıkeşliyində axtarmaq lazımdır.

 

 

İradə HÜSEYNOVA,

təhsil nazirinin müavini,

tarix elmləri doktoru, professor 

 

Xalq qəzeti.- 2009.- 14 oktyabr.- S. 3.