İgid əsgər, möhkəm dayan...
Veteranlar şəhidləri yad etdilər
1991-ci il oktyabrın 9-da N saylı ilk hərbi briqadanın
yaradılması ilə yenicə müstəqilliyini qazanan Azərbaycan
Respublikası ordu quruculuğunun rəsmən əsasını
qoydu. Müharibə vaxtı bir çox ağır
döyüşlərin iştirakçısı olmuş bu
briqadanın yaradılmasının 18-ci ildönümü
münasibətilə onun veteranları Şəhidlər
Xiyabanında döyüş yoldaşlarını ziyarət
etdilər. Xiyabandakı abidənin önünə əklil
qoydular.
Tədbirdə
çıxış edən Respublika Müharibə Veteranları
və Beynəlmiləl Hərbçilər Birliyinin sədri,
həm də N saylı briqadanın veteranlar
şurasının sədri, “Qırmızı ulduz” ordenli,
ehtiyatda olan polkovnik Əzizağa Qənizadə qeyd etdi ki,
briqada Kəlbəcərdə, Laçında, Ağdərədə,
Tərtərdə ağır, eyni zamanda şərəfli
döyüş yolu keçmiş, briqadanın komandir və
şəxsi heyəti torpaqlarımızın qorunması
üçün canlarını belə əsirgəməmişlər.
Çıxışlarda xüsusi olaraq qeyd olundu ki,
1993-cü ildə ümummilli liderin yenidən hakimiyyətə
gəlişi ilə briqadanın bütün heyətinin
döyüş əhval-ruhiyyəsi daha da artdı. Azərbaycan
Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin hakimiyyəti
dövründə isə bu iş daha uğurla həyata
keçirilir. Veteranlar qeyd etdilər ki, məhz İlham Əliyevin
apardığı qətiyyətli iş sayəsində
ordumuz bu gün böyük inkişaf yolu keçir,
bütün cəbhə boyu düşmənə layiqli cavab
verə biləcək səviyyədədir. Ordumuz Ali Baş
Komandan İlham Əliyevin əmri ilə yenidən
döyüşə atılmağa hazırdırlar.
Tədbir
iştirakçıları Vətənimizin
azadlığı uğrunda canlarından keçmiş şəhidlərin
məzarıları üstünə tər qərənfillər
düzdülər. Bu şəhidlərin
sırasında N saylı briqadanın tərkibində
döyüşmüş, ölümlərindən sonra Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş dörd nəfər
— Adil Quliyev, Hikmət Nəzərli, Yusif Nəcəfov, Rafiq Nəsrəddinov
da var. Bundan əlavə, briqadanın şəhid və
veteranları arasında şəxsi igidliyə və
şücaətinə görə 9 nəfər dövlətimizin
müxtəlif orden və medallarına layiq
görülmüşdür.
Veteranlar keçdikləri
döyüş yolundan söz açdılar,
qanlı-qadalı o illəri xatırladılar və vətən
torpağının hər şeydən uca tutulmalı
olduğunu xüsusi vurğuladılar.
Tədbir axşam təntənəli
məclis ilə davam etdi. Məclisi briqada komandiri polkovnik Əzizağa
Qənizadə açdı və veteranlar şəhid
olmuş döyüş yoldaşlarının ruhunu bir dəqiqəlik
sükutla yad etdilər. N saylı briqadanın keçdiyi
döyüş yolunu əks etdirən, arxiv materialları əsasında
hazırlanmış sənədli film nümayiş etdirildi.
Veteranlar xəyalən ötən
günlərə—hərbi hissənin Laçın rayonuna
göndərilməsi, I Ordu Korpusunun “Laçın”
qruplaşmasına daxil olduğu anlara qayıtdılar. Laçın dəhlizi uğrunda gedən
döyüşlərdə N saylı hərbi hissənin I
Ordu Korpusunun “Laçın” qruplaşmasının tərkibində
vuruşaraq “Qoçaz” yüksəkliyinin erməni
işğalçılarından təmizlənməsi
gününü yada saldılar... 1992-ci ilin fevralında
Ağdərənin zəbt edilməsi ilə
Kəlbəcər rayonu blokadaya, Laçında N saylı hərbi
hissə isə mühasirəyə
düşmüşdü. Polkovnik Əzizağa Qənizadənin
əmri ilə 130 nəfərlik motoatıcı tabur ilə
müdafiəsiz qalan Kəlbəcər rayonunun Çariktar kəndinin
ətrafında təcili müdafiə qurulmuş və Kəlbəcərə gedən yol
bağlanmışdı. Ekstremal şərait, dağlarda
döyüş əməliyyatları, bölmələri dəyişib
əvəz etmək üçün ehtiyatın olmaması,
döyüş və nəqliyyat texnikasının
çatışmaması, mühüm Ağdərə
yolunun kəsilməsi, Laçının uzun müddətli
mühasirəsinə real təhlükə yaradır,
düşmənin üstünlük təşkil edən
qüvvələri ilə döyüş əməliyyatları
aparmağı mənasız edirdi. Lakin bu
ağır və mürəkkəb şəraitdə zabit,
gizir və əsgərlərin şüurlu hissəsinin
böyük səyləri, mərdliyi, qəhrəmanlığı
sayəsində briqadanın döyüş ruhu
saxlanılır, döyüşçülər inadla
basqına qarşı müqavimət göstərməkdə
davam edirdilər...
Veteran Məlik Məlikov 1992-ci
ildə Xətai rayonundan könüllü olaraq hərbi
komissarlığa müraciət edib. Ailənin tək
övladı olduğundan onu cəbhəyə aparmayıblar.
Məlik isə inadından dönmədi. Türkiyəyə
hərbi təlim keçməyə göndərilənlərin
sırasında 2 ay ərzində döyüşə
hazırlıq təlimlərini, hücum, müdafiə,
mövqe tutmaq, qəflətən hücum etmək
qaydalarını öyrənib birbaşa Laçına gəldi.
167 nəfər təlim görmüş gənclə
birgə o da döyüşə hazır idi. Şəhid
Mahir Quliyevin batalyonunda bir sıra kəndlərin müdafiəsində
iştirak etdi. “Martın sonunda Kəlbəcərə girmək
əmri aldıq. Laçınla Kəlbəcərin
arasında tuneldə mövqe tutduq. Döngəni atəş
altında saxladıqlarından hücuma keçə bilmirdik.
Hər tərəfdən mühasirəyə
alınmışdıq. Çox az adam qalmışdıq. Əzizağa
Qənizadə, mən, Qalib, kəşfiyatçı və
daha 2 nəfər ilə çayı keçməli idik. Əl-ələ
tutub zəncir şəklində suya girdik. Güllələr
dolu kimi başımıza tökülürdü.
Uşaqlardan birini vurdular, zəncir qırıldı. Qalibi su
aparırdı, zorla çıxara bildim. Dağ tərəfdən
sıldırım idi, oradan düşə bilmirdilər deyə
atəşə tutmuşdular, arxadan tunel onların əlində
idi. Qənizadə çayın daşmasına baxmayaraq onu
keçmək əmrini vermişdi. Əks-halda diri-diri ələ
keçirdik. Qalibin avtomatı suda getdi. Əlində heç
nə yox idi. Qumbaranı verdim ki, nəsə olsa ələ
keçməyək, maqazinləri verdim ki, sən doldur, mən
atacam. Ata-ata qışqırırdım ki, qaç, mən
özümü qoruya-qoruya sənə çataram. Getmirdi.
Dedim, getməsən öldürəcəm səni, qaç
dağın ətəyinə. Qalib qaçdı, mən də
ata-ata güllə yağışı altında bunun
dalınca... Gəldik Qamışlıya. Kənd boş idi,
hamı dağılışmışdı, yolda qərargah
rəisi Şiriyev Aydınla rastlaşdıq. Onlarla getmək
istədim, qoymadılar. Yolda onları da vurdular...
Gözümüz nələr görmədi...”
Məclisə
toplanan veteranlar müharibə zamanı şərəfli
döyüş yolu keçməsində xüsusi xidmətləri
olan keçmiş briqada komandirləri, general-mayor Zaur Rzayevi,
general-mayor Yaşar Aydəmirovu, polkovnik-leytenant İlqar Əliyevi,
polkovnik-leytenant Valeh Rəfiyevi, polkovnik Əzizağa Qənizadəni
bir daha yada salıb onlara təşəkkür etdilər. Bildirdilər ki,
keçmiş döyüşçülərdə əzmkarlıq,
qətiyyət, torpağa bağlılıq hisslərinin
güclü olması onu deməyə əsas verir ki, istənilən
anda torpaqlarımızın erməni
işğalçılarından azad olunması yolunda həmin
veteranlar yenidən silaha sarılaraq döyüş
meydanına atılmağa hazırdırlar.
N saylı
briqadanın yaradılmasının 18-ci ildönümü
münasibətilə keçirilən anım tədbirində
veteranlar xüsusi olaraq qeyd etdilər ki, onlar tərkibcə
ordumuzun ayrılmaz hissəsidirlər, ona görə də
Milli Ordumuzun komandanlığına, bütün şəxsi
heyətinə, torpaqlarımızın azad olunmasında yüksək döyüş
hazırlığı və ən başlıcası qələbə
sevinci arzuladılar. Veteranlardan ehtiyatda olan
polkovnik-leytenant Elmir Şaripov (özbək), II qrup əlil,
ehtiyatda olan kapitan Sahib Məmmədov, mayor Füzuli Rzaquliyev
çıxış edərək doğma
torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin səyi
ilə işğaldan azad olacağı günün lap
yaxında olacağına inamlarını bildirdilər. Onlar indi orta məktəblərdə olur, şagirdlər
qarşısında vətənpərvərlik mövzusunda
çıxışlar edir, hərbi komissarlıqlardan dəvət
alır, hərbi xidmətə çağrılan gənclərə
vətəni sevməyin və qorumağın çox ali hiss
olduğunu aşılamağa çalışır,
onları Ali Baş Komandanın əmrinə hazır
olmağa çağırırlar. Ehtiyatda olan
polkovnik Əzizağa Qənizadə Bakı şəhər
Müharibə, Əmək, Silahlı qüvvələr və
Hüquq-Mühafizə Orqanları Veteranlar
Şurasının sədri polkovnik Zilli Rzayevdən
razılıq edir, onun köməyindən, verdiyi tövsiyələrdən
minnətdarlıqla söz açır.
...Azadlığın şərbətin
iç, şərbətin iç
İgid əsgər, möhkəm
dayan!...
Şəmistan Əlizamanlının
ifasında səslənən və dillər əzbəri
olaraq ruhumuzu sarsıdan bu mahnı tədbirin leytmotivinə
çevrildi.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 15 oktyabr.- S. 7.