Azərbaycan inkişafın yeni mərhələsində
2003-cü il oktyabrın 15-də ilk dəfə prezident
seçilən cənab İlham Əliyev ölkənin modernləşdirilməsi
xəttini böyük uğurla həyata keçirir
İndi Azərbaycanın maddi-mənəvi sərvətlərini
sadalayanda, ilk növbədə, onun təbii ehtiyatları -
neft, qaz, pambıq və sair yada düşür. Ancaq ölkəyə
şöhrət gətirən böyük alim, sərkərdə,
lider, bir sözlə, şəxsiyyətlərin olduğu
inkaredilməz faktdır. Azərbaycan dünyaya parlaq zəkası
və şəxsi rəşadəti ilə doğma
torpağına şöhrət gətirmiş bir çox
böyük mütəfəkkir, filosof, şair, sərkərdə,
dövlət xadimi vermişdir.
Azərbaycan dünyaya Cənubi
Qafqaz regionu, bütövlükdə dünya üçün
əhəmiyyəti bəlkə də hələ hamı tərəfindən
tam mahiyyəti ilə dərk edilməyən Heydər Əliyev
dühasını bəxş etmişdir. XX əsrin əvvəlində
böyük Mustafa Kamal Atatürk Türkiyəni xilas etdiyi
kimi, dahi Heydər Əliyev də Azərbaycanı tamamilə
məhv olmaqdan, iflasdan xilas etdi. Bu xilaskarlıq missiyası ona
Tanrının özünün xeyir-duası ilə
verilmişdir, çünki Yer üzündə göylərdən
xəbərsiz heç nə baş vermir...
Bu gün Azərbaycanın taleyi
estafeti müdrik atasından almış Prezident İlham Əliyevin
etibarlı əllərindədir. Heydər Əliyev
Vətənə sədaqətlə xidmət etməyin şərəf
və ağırlığını oğlunun çiyninə
qoymuş, bütün ümidlərini ona
bağlamışdı. Əbədiyaşar siyasi xadim Azərbaycan
xalqına və dövlətinə İlham Əliyevin şəxsində
misli-bərabəri olmayan qeyri-adi hədiyyə bəxş
etmişdir. İndi Heydər Əliyev siyasi xəttinə,
demokratiya və müstəqillik ideyalarına sadiq qalan
İlham Əliyev milli, azərbaycançılıq
maraqlarını ən yüksək səviyyədə təbliğ
və müdafiə edir.
İlham Əliyev, sözün əsl
mənasında, bütün parametrlərinə görə
bütöv, fenomen şəxsiyyət, xarizmatik liderdir. Qeyri-adi təsir və nüfuz gücünə malik
olmaq, insanlarla izah edilməsi mümkün olmayan səmimiyyət
və anlayışlı münasibətlər yarada bilmək
və digər mühüm cəhətlər Azərbaycanın
dövlət başçısının simasında cəmləşmişdir.
Siyasi lideri səciyyələndirən keyfiyyətlərin zənginliyi
İlham Əliyev şəxsiyyətində ahəngdar şəkildə
bir-birini tamamlayır. Onun liderlik qabiliyyəti ilə həm
ölkədaxili, həm də beynəlxalq nüfuzunun optimal
nisbətinin bir-birini tamamlaması heyrət doğurmaya bilmir.
ABŞ-ın
nüfuzlu Con Hopkins Universiteti nəzdindəki Mərkəzi
Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri
professor Frederik Starrın qeyd etdiyi kimi, “Prezident İlham Əliyevin
ən güclü cəhətlərindən biri odur ki, onun
üçün daim diqqət mərkəzində olmaq əhəmiyyətli
deyildir. O,
bacarıqlı, tarazlı, düşünülməmiş qərarlara
yol verməyən, rəyi ilə
razılaşmadığı insanlara ehtiramla yanaşan bir
şəxsiyyətdir. Mən onun Azərbaycandakı
müxalifət nümayəndələri barədə
hörmətlə danışdığını dəfələrlə
eşitmişəm. O, şəxsi hissləri siyasətdən
ayıra bilən adamdır. Bunların hamısı çox məsuliyyətli
insana xas olan xüsusiyyətlərdir. Məncə, o, indiyə
qədər ölkəsinə çox gözəl xidmət
edib”.
İlham Əliyevin
böyük idarəetmə təcrübəsinə malik
olması, istedadı və hadisələri qabaqcadan görmək
bacarığı, Azərbaycanı modernləşdirməklə
Qərbin inkişaf etmiş dövlətləri
sırasına çıxarmaq istəyi onu ümummilli liderin
- XXI əsr Azərbaycanının qurucusunun parlaq rəmzinə
çevirmişdir. Görkəmli filosof, Milli Elmlər Akademiyasının həqiqi
üzvü, fəlsəfə elmləri doktoru, professor Ramiz
Mehdiyev “Gələcəyin strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti” əsərində çox dəqiq
qeyd edir: “Vaxtilə Heydər Əliyev əsas funksiyanı
yerinə yetirmişdir - dövlətçiliyi yaratmış
və möhkəmləndirmişdir. İlham Əliyev öz
prezidentliyinin birinci müddətində ölkənin
geoiqtisadi amilini irəlilətmək üçün əsas
işi görmüşdür. Tam əminliklə demək olar
ki, gələcəkdə o, ölkənin hərtərəfli
modernləşdirilməsinə yönəlmiş tədbirlər
kompleksini tam həcmdə həyata keçirəcəkdir”.
İlham Əliyevin fikrincə,
siyasət boş sözlərə, şüarlara deyil, məhz
real, əməli işlərə əsaslanmalıdır. Azərbaycan Prezidentinin gördüyü işlərin
çoxu onun bir siyasi xadim kimi yetkinliyinə, vəziyyətin
mümkün inkişafını təkcə ölkə
miqyasında deyil, həm də bütün geosiyasi proses
çərçivəsində qabaqcadan görmək qabiliyyətinə
dəlalət edir. Demək lazımdır
ki, o, seçkiqabağı kampaniyanın gedişində,
hakimiyyətdə olduğu müddətdə xalqa verdiyi
bütün vədlərinə əməl etmişdir.
İlham Əliyevin prezidentliyinin ilk beş ilində ölkə
öz iqtisadi əhəmiyyətini artırmış, siyasi
mühit sağlamlaşdırılmış və müstəqil
dövlətin vətəndaşlarının mənəvi-əxlaqi
simasının formalaşmasında yeni mərhələnin əsası
qoyulmuşdur. Bu illər ərzində Prezident İlham Əliyev
xalqa gələcək inkişafın cəlbedici mənzərəsini
təklif etmiş, iqtisadi və siyasi tərəqqinin
perspektivlərini göstərmişdir. Onun modernləşmə
strategiyası millətin potensialının dərin
qatlarını üzə çıxarmışdır. Uzaqgörən və bəsirətli siyasətçi
olan İlham Əliyev postindustrial informasiya cəmiyyətinə
keçid məsələlərinin həlli üçün
cəmiyyətin yüksək intellektual-mənəvi
ehtiyatlarını səfərbər etməyi
qarşısına məqsəd qoymuşdur. Beynəlxalq
ictimai rəydə Azərbaycanın yeni statusunun möhkəmlənməsinə
kömək edən yüksək inkişaf sürətinə
davamlı təkan verməklə İlham Əliyev innovasiya
texnologiyaları dövrünün siyasi lideri kimi
tanınmışdır.
Bir dövlət
başçısı kimi İlham Əliyevin ən
böyük üstünlüklərindən biri müəyyən
etdiyi inkişaf yolunu düşünülmüş, əvvəlcədən
müəyyənləşdirilmiş hədəflərə
doğru, aydın istiqamətdə aparmasındadır. Konkret
məqamda dövlətin imkanları ilə yanaşı,
dünyada gedən proseslərin təhlil olunaraq nəzərə
alınması, uzlaşdırılması baş verən
inkişafın uzunömürlülüyü ilə
yanaşı, məqsədə daha tez çatmağı da təmin
edir.
İlham Əliyev
hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycana
sədaqətlə xidmət etmiş, dövlət təsisatlarını
möhkəmlətmiş, hakimiyyət strukturlarında islahatlar
aparmış, təbii sərvətlərdən gələn
gəlirlərin idarə olunması üçün səmərəli
vasitələr yaratmışdır. O, gəlirlərin həcminə
görə cəmiyyətin qütbləşməsinin
qarşısını almaq üçün tədbirlər
görmüş, ölkənin mənfəətinin əhali
arasında ədalətli bölüşdürülməsini
təmin etmişdir.
Elitar təfəkkürə malik
bu insan cəmiyyətin bütün təbəqələri ilə
sıx əlaqə yaratmaqla sübuta yetirmişdir ki, onun
hakimiyyəti Azərbaycan xalqının əsl hakimiyyətidir.
Dövlət başçısının
müxtəlif illərdə yerli və ayrı-ayrı
dövlətləri təmsil edən qurumlar tərəfindən
Azərbaycanda ilin adamı elan edilməsi onun dünyada ölkəmizin
mövqelərinin möhkəmləndirilməsi, Azərbaycan
vətəndaşlarının rifahının
yaxşılaşdırılması, döyüş qabiliyyətli
ordu quruculuğu istiqamətində fəaliyyətinə,
mükəmməl və tarazlaşdırılmış
xarici siyasətinə verilən qiymətdir.
Respublikamızın rəhbərinin
regionların inkişafına yönəlmiş fəaliyyəti
çox böyük, bəlkə də, mühüm əhəmiyyət
daşıyır. Prezident daim bölgələrdə olur,
ictimaiyyətlə görüşür, hər kəsi diqqətlə
dinləyir. Qəbul olunmuş Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramlarına uyğun olaraq, bölgələrimiz sürətlə
və intensiv inkişaf edir, yeni iş yerləri ilə
yanaşı, müalicə-sağlamlıq ocaqları, idman və
mədəniyyət kompleksləri açılır, yeni
parklar, meydanlar salınır, məktəblər tikilir.
Qaçqın və məcburi
köçkünlərə daim böyük diqqət və
qayğı göstərilir. Dövlət
Proqramına uyğun olaraq, bütün çadır
düşərgələri ləğv edilmişdir. İndi
qaçqınlar dövlətin onlara verdiyi rahat mənzil və
evlərdə yaşayırlar. İlham Əliyev bu məsələdə
də öz sözünə sadiq qalmışdır.
Prezident İlham Əliyev ölkəmizin
müstəqilliyinin təminatçısıdır. Azərbaycan
cəmiyyəti ardıcıl demokratikləşmə yolu ilə
irəliləyir, ölkədə demokratik təsisatlar
inkişaf etdirilir. Dünya birliyinə inteqrasiya xəttini
seçmiş Azərbaycan hüquqi dövlət quran mütərəqqi
xalqlar ailəsində öz layiqli yerini tutmuşdur.
Azərbaycanın sülhsevər
xarici siyasəti ilk növbədə, onun dövlət
müstəqilliyinin möhkəmləndirilməsi işinə
xidmət edir. Azərbaycan dövlətinin xarici
siyasətinin başlıca prinsipləri beynəlxalq hüquq
normaları ilə tənzimlənən dövlətlərarası
münasibətlərə hörmət etməkdən,
dünya dövlətlərinin suveren hüquqlarına hörmətlə
yanaşmaqdan, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu
ilə həllindən, qarşılıqlı surətdə
faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq
yaratmaqdan, dövlətlərarası əlaqələrə
mane olan hər cür məhdudiyyətləri aradan
qaldırmaqdan ibarətdir. Azərbaycanın xarici siyasəti
dünya təcrübəsinin bütün nailiyyətlərini,
sivil beynəlxalq normaları özündə ehtiva edir.
Türkiyə və
Gürcüstanla sıx əməkdaşlıq şəraitində
Azərbaycan həqiqətən irimiqyaslı, transkontinental
layihələri gerçəkləşdirmişdir. Bu layihələr
ölkənin iqtisadi inkişafının sürətlənməsində,
əhalinin həyat səviyyəsinin yüksəldilməsində
mühüm rol oynamaqla, regionda təhlükəsizliyin və
sabitliyin təminatına çevrilmişdir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac
boru kəmərinin çəkilməsi Azərbaycan neftini
Avropa bazarlarına çıxarmağa imkan vermişdir. Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəmərini
çəkməklə qaz idxal edən ölkədən tədricən
qaz ixrac edən ölkəyə çevrilmişdir. İndi
Azərbaycan enerji təchizatının digər istiqamətləri
üzrə əməkdaşlıq edir. Ölkəmiz və
bütövlükdə regionun Ümumavropa məkanına
inteqrasiyasına xidmət edən üçüncü
uğurlu layihə olan böyük İpək yolunu
canlandırmağa yönəlmiş Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisinə başlanmışdır. Böyük
İpək yolunun bərpası nəinki Azərbaycanı
tranzit ölkəyə çevirir, həm də ixrac
imkanlarını genişləndirərək, milli
iqtisadiyyatın dünyaya inteqrasiyası üçün
geniş imkanlar açır. Eyni zamanda, Azərbaycan
təbii qazının Avropa ölkələrinə nəqlini
nəzərdə tutan Nabukko kimi qlobal layihə də gündəlikdədir.
Çox əhəmiyyətlidir ki, Heydər Əliyev siyasi xəttinə
uyğun olaraq, Azərbaycan həm regional, həm də qlobal
layihələrdə öz milli maraqlarını qoruyur.
Azərbaycanın yeni neft
strategiyasının təntənəsi İlham Əliyevin
Prezident kimi uğurlarından xəbər verir. Bakı-Tbilisi-Ceyhan
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
inşası prosesində Azərbaycan rəhbərliyinin
müdrikliklə nümayiş etdirdiyi qətiyyət və
iradə Azərbaycanın müstəqil dövlət olaraq
qarşısında dayanan strateji hədəflərə
çatmasında mühüm rol oynamışdır. Bu
qətiyyətin nəticəsidir ki, artıq Azərbaycan
dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından
biri olmaqla ABŞ-ın və Avropa İttifaqının
strateji tərəfdaşına çevrilmişdir. Bu da,
öz növbəsində, ölkəmizin beynəlxalq arenada
nüfuzunun daha da yüksəlməsinə güclü təsir
göstərir.
İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan yeni dünya nizamında
aparıcı güc mərkəzləri arasında gedən
mübarizənin mahiyyətinə uyğun
balanslaşdırılmış siyasət yürüdərək,
beynəlxalq aləmdə mövqelərini və milli təhlükəsizliyini
möhkəmlətmişdir. Azərbaycanın geosiyasi rəqabət
meydanına çevrilməsinə yol verilməmişdir. Beynəlxalq təşkilatlarda Azərbaycanın
nüfuzu artmış, ölkəmizin maraqlarını təmin
edən, o cümlədən Ermənistanın təcavüzkar
siyasətini pisləyən bir çox sənədlər qəbul
edilmişdir. Ölkəmizin Avropa İttifaqı və NATO ilə
əlaqələri yeni mərhələyə daxil
olmuş, GUAM, İslam Konfransı Təşkilatı və
İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın
sədrliyi dövründə mühüm işlər
görülmüşdür. Azərbaycanın təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən
irimiqyaslı enerji və nəqliyyat layihələri dünya
dövlətlərinin marağını ölkəmizə
yönəltmişdir.
Azərbaycanın Avropa ilə əlaqələri
artıq xüsusi əhəmiyyət kəsb etməyə
başlamışdır. Azərbaycan strateji tərəfdaşı
olan ABŞ ilə qlobal problemlərə və təhlükələrə
qarşı mübarizə aparmaq məqsədi ilə
uğurlu əməkdaşlığı davam etdirir. Rusiya ilə münasibətlər strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir. Ölkəmiz
İranla mütərəqqi və gələcəyə
istiqamətlənmiş dialoq aparır, habelə Xəzər
dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi
ilə Mərkəzi Asiya dövlətləri ilə
münasibətlərini inkişaf etdirir. Orta Şərq və
Asiya ölkələri ilə əlaqələr yeni siyasi
güc mərkəzlərilə və sürətlə artan
iqtisadiyyatlara malik regionlarla iqtisadi, telekommunikasiya və digər
sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq
üçün perspektivlər açır.
Ölkəmizin Prezidenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
çox işlər görmüşdür. Xarici
müşahidəçilər dəfələrlə qeyd
etmişlər ki, İlham Əliyev danışıqlar
prosesinin təmkinli məcraya düşməsində
mühüm rol oynamışdır. Dağlıq
Qarabağ probleminin dinc yolla həllinin tərəfdarı olan
Prezident, eyni zamanda, açıq-aşkar bəyan edir ki, Azərbaycanın
öz torpaqlarını istənilən şəkildə, o
cümlədən hərbi yolla işğalçılardan təmizləmək,
ərazi bütövlüyünü bərpa etmək
üçün bütün imkanları vardır.
Azərbaycan - dini tolerantlıq
nöqteyi-nəzərindən dünyada ən liberal ölkədir.
Burada müxtəlif millətlərin birgə yaşaması
üçün müasir dövrdə ən optimal model
vardır və həyata keçirilir. Respublikada xalqların
mehriban ailəsində yəhudi, ləzgi, gürcü, tatar və
digərləri ilə yanaşı, slavyan xalqlarının nümayəndələri
- ruslar, ukraynalılar, beloruslar, polyaklar da yaşayırlar.
Qeyd etmək lazımdır ki, millətindən və dinindən
asılı olmayaraq bu insanlar arasında ən mehriban
münasibətlər mövcuddur.
Coğrafi baxımdan Qərb ilə
Şərqin qovşağında yerləşən Azərbaycan
sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edərək
bu məsələyə töhfə verən ilk ölkələr
sırasında olmuşdur. Azərbaycan Türkiyənin və
İspaniyanın təşəbbüsü ilə baş
tutan Sivilizasiyalararası Alyansa qoşulan ilk ölkələrdəndir.
Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, ölkəmizin
bu istiqamətdə fəaliyyəti Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata
keçirilir.
Prezident İlham Əliyev sosial məsələlərin
həllinə, əhalinin gəlirlərinin və
alıcılıq qabiliyyətinin artırılmasına
böyük diqqət göstərir. Xatırlatmaq
yerinə düşər ki, ötən beş ildə Azərbaycanın
dövlət büdcəsinin xərcləri 12 dəfədən
çox artmışdır. Əhalinin minimum əmək
haqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4
dəfə yüksəlmişdir. Ölkəmiz 2003-cü ildən
bəri yoxsulluğun səviyyəsini 49 faizdən 13 faizə
endirməyə nail olmuşdur. Bütün bunlar vətəndaşların
rifah halının yaxşılaşdırılmasına
yönəlmiş kompleks tədbirlərin nəticəsidir.
İndi Azərbaycanın
iqtisadiyyatı dinamik inkişaf dövrünü
yaşayır. Aparılan genişmiqyaslı sosial-iqtisadi
islahatlar, həyata keçirilən möhtəşəm
layihələr Azərbaycanı bölgədə lider
dövlətə, beynəlxalq aləmdə nüfuz sahibinə
çevirmişdir. Son beş ildə Azərbaycan
iqtisadiyyatı 2,6 dəfə, adambaşına düşən
gəlir 5 dəfə artmışdır. Respublikamızda sənaye
istehsalının həcmi 2,5 dəfə yüksəlmiş,
sənayeləşmə prosesi geniş vüsət
almış, 766 min yeni iş yeri
açılmışdır. Azərbaycan öz
iqtisadiyyatında qlobal iqtisadi böhranın təsirini minimuma
endirməyə və hətta iqtisadi artıma nail ola
bilmişdir. 2009-cu ilin ötən dövründə milli
iqtisadiyyat dinamikasını saxlamış və hazırda
ÜDM-in artımı 4 faiz olmuşdur. Azərbaycan hökuməti
xüsusilə qeyri-neft sektorunda özəl sektorun
inkişafına stimul yaradılması və ölkənin
beynəlxalq bazarlarda rəqabət imkanlarının möhkəmləndirilməsi
istiqamətində ticarət və investisiya mühitini
davamlı inkişaf etdirmişdir. Qeyri-neft sektoru son beş ildə
16 faiz artmışdır. Düşünülmüş
iqtisadi siyasət və real nəticələrə yönəlmiş
islahatlar Azərbaycanın dünyanın dinamik inkişaf edən
dövlətlərindən biri kimi qəbul edilməsinə səbəb
olmuşdur.
Son bir ildə Azərbaycanda
baş verən çox böyük dəyişikliklər,
ölkədə yeridilən modernləşmə xətti
uğurlu iqtisadi nailiyyətlərlə sıx şəkildə
bağlıdır. Həmin uğurları beynəlxalq təşkilatlar
birmənalı şəkildə etiraf edirlər. Beynəlxalq
qurumların məruzələrinə görə, Azərbaycan
rəqabətə davamlılıq baxımından nəinki
regionda liderdir, hətta postsovet məkanında əsas dövlətlər
sırasındadır. Beynəlxalq Valyuta Fondunun məlumatına
görə, qarşıdakı 6 ildə Azərbaycanda
adambaşına düşən gəlir dünyada ən
yüksək sürətlə (252,6 faiz) artacaqdır. Belə
ki, Azərbaycanda adambaşına ÜDM-in həcmi 2007-ci ildəki
3.663 ABŞ dollarından 2013-cü ildə 12.915 ABŞ
dollarına çatacaqdır. Beləliklə, əgər
2003-cü ildə Azərbaycanda adambaşına milli gəlirin
həcmi (888 ABŞ dolları) Ermənistandakı müvafiq
göstəriciyə (873 ABŞ dolları) təxminən bərabər
idisə, 2013-cü ildə Azərbaycan həmin göstərici
üzrə qonşu dövləti üç dəfədən
çox qabaqlayacaqdır. 2013-cü ildə Azərbaycan
adambaşına ÜDM üzrə BVF-nin hesabatında təmsil
olunmuş 181 ölkə arasında 56-cı yeri tutacaqdır.
Azərbaycan siyahıda Avropa İttifaqı ölkələri,
Şimali Amerika və Asiyanın inkişaf etmiş, Yaxın
Şərqin neft hasil edən ölkələrindən sonra gələcəkdir.
Dünyanın nüfuzlu maliyyə
və reytinq təşkilatları, ekspertlər Azərbaycanın
sürətli iqtisadi inkişafını, ölkədə
bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olduğunu,
liberal iqtisadiyyat yaradıldığını xüsusi olaraq
qeyd edirlər. Məhz bu göstəricilərin nəticəsidir
ki, Azərbaycan həmin təşkilatların hesabatlarında
öncül yerlərdən birini tutur. Təsadüfi deyildir
ki, Dünya Bankı ilə onun struktur vahidi olan Beynəlxalq
Maliyyə Korporasiyasının dünyada biznes mühitinə
dair “Doing Business - 2009" hesabatında Azərbaycan 181 ölkə
arasında bir nömrəli islahatçı ölkə elan
olunmuşdur. Azərbaycan işgüzar
mühitin əlverişliliyi baxımından dünya ölkələri
arasında və hesabatın tərtibatı tarixində ilk
ölkədir ki, ötənilki göstəricisini (97-ci yer) 64
pillə yaxşılaşdıraraq, MDB ölkələrini və
Avropanın bir neçə inkişaf etmiş ölkəsini
geridə qoymuş və 33-cü yerə yüksəlmişdir.
Bununla da hesabatın hazırlanması tarixində ən
böyük sıçrayış rekordu müəyyən
edilmişdir. Hesabat müəlliflərinin qiymətləndirmə
prinsipinə görə, Azərbaycan əsas parametrlər
üzrə ciddi irəliləyiş nümayiş etdirmişdir.
Belə ki, biznesin açılması sahəsində
ölkəmiz dünyada 13-cü (keçən il 64-cü
yer), işə qəbul etmələr - işdən azadetmələr
üzrə 15-ci (keçən il 80-ci yer), investorların
hüquqlarının mühafizəsi üzrə - 18-ci yeri
(keçən il 107-ci yer) tutur. Eyni zamanda, kredit əldə
etmək üzrə ölkəmiz keçən il 26-cı
yerdə olduğu halda, bu il 12-ci pillədə qərarlaşmışdır.
Ekspertlər hesab edirlər ki, dünya ölkələrindəki
işgüzar mühitin qiymətləndirilməsi
üçün istifadə olunan 10 göstərici arasında
”daşınmaz əmlakın qeydiyyata alınması
sistemi" Azərbaycanda ən mükəmməl vəziyyətə
gətirilmişdir. Bu göstərici üzrə bizim
ölkəmiz keçən il 56-cı yeri tutduğu halda, bu
il 9-cu olmuşdur.
Mütəxəssislərin
qənaətinə görə, işgüzar göstəricilərin
belə əhəmiyyətli dərəcədə
yaxşılaşmasına biznes mühitinin
liberallaşdırılması istiqamətində həyata
keçirilmiş əməli tədbirlər və paralel
olaraq işgüzar və əmək qanunvericiliyinə
edilmiş dəyişikliklər təsir göstərmişdir. Bu uğurlarda Azərbaycan Prezidentinin 2007-ci il 30 aprel
tarixli “Azərbaycan Respublikasında sahibkarlığın
inkişafı ilə bağlı bəzi tədbirlər
haqqında” fərmanının icrası ilə əlaqədar
bəzi sahələrin tənzimlənməsi prosesinin
asanlaşdırılması, o cümlədən biznesin
başlanması və bir pəncərə prinsipinin tətbiqi
kimi əməli tədbirlər xüsusi
vurğulanmalıdır. Dövlət
başçısının qarşıya qoyduğu vəzifələr
uğurla həyata keçirildikcə və iri infrastruktur
layihələri reallaşdıqca ölkəmizin iqtisadi
qüdrəti artır, beynəlxalq aləmdəki reytinqi
getdikcə yüksəlir. Müstəqil dövlətimizin
sürətli iqtisadi inkişafı onun beynəlxalq aləmdəki
mövqelərini daha da möhkəmləndirir.
Akademik Ramiz Mehdiyev
haqlı olaraq yazır ki, Heydər Əliyevin siyasi xəttinin
davamçısı olan Prezident İlham Əliyev hazırda
Azərbaycanı müvəffəqiyyətlə siyasi və
iqtisadi modernləşməyə doğru aparır:
“İqtisadiyyatın liberallaşdırılması, ölkənin
geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş
ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar
olması Azərbaycanı yüksələn xətlə
inkişafa aparır. Prezident İlham Əliyevin apardığı
siyasət nəticəsində Azərbaycan iqtisadi inkişaf
sürətinə görə dünyanın aparıcı
dövlətləri sırasında yer almışdır. Son
illər ərzində Azərbaycan rəqabət indeksi üzrə
dünyanın 60 ölkəsi içərisində,
postsosialist məkanında isə ilk yerlərdə təmsil
olunmuşdur. Adambaşına düşən
birbaşa xarici investisiyanın həcminə görə Azərbaycan
regionda lider, dünyada isə ilk onluqdadır. Şəhər
və kəndlərimiz günbəgün dəyişir,
regionlarımız müasirləşir, informasiya-kommunikasiya
vasitələrinin səmərəli inkişafı sayəsində
ölkəmiz mühüm intellektual mərkəzə
çevrilir. Bunların hamısı bir daha ölkəmizin
sürətli inkişafının və modernləşməsinin
bariz nümunəsidir”.
Akademik Ramiz Mehdiyevin bu fikri ilə
tam razılaşmaq lazımdır ki, sabit iqtisadiyyatı
olmayan məkanda demokratiya da olmaz, bu, aksiomdur. Görkəmli
alim-filosofun yazdığı kimi, hazırda ölkəmiz “Azərbaycan
cəmiyyətinin total transformasiyası” şəraitindədir.
Sabitlik modernləşmənin, dövlətin və cəmiyyətin
transformasiyasının əsas şərtidir. Bu
baxımdan Prezident İlham Əliyevin əsas məqsədi Azərbaycanı
sabit və güclü iqtisadiyyatı olan, demokratik təsisatları
səmərəli şəkildə fəaliyyət göstərən,
hər bir vətəndaşının sabahına inamı
olan bir dövlətə çevirməkdir. Bu, Prezident
İlham Əliyevin ali amalı və məqsədidir. Bu
ideoloji və inkişaf xətti Azərbaycanın bu
gününü və sabahını müəyyənləşdirmiş
dühanın - Heydər Əliyev şəxsiyyətinin bizə
qoyduğu irsdir.
Azərbaycanın
uğurları ölkə ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə
olan inamını, etimadını daha da artırır. Ölkəmizdə
əhalinin böyük əksəriyyəti hakimiyyətin fəaliyyətini
dəstəkləyir. İstər yerli, istərsə də əcnəbi
təhlilçilərin
fikrincə, hələ uzun illər gələcək Prezident
seçkilərinin şəksiz favoriti də məhz İlham
Əliyev olacaq, çünki onun xalqa deməyə sözü
vardır, o, xalqa nə təklif edəcəyini bilir.
Böyük Britaniyada
çıxan nüfuzlu “Financial Times” qəzetində ölkəmiz
haqqında dərc edilən silsilə məqalələrin
müəllifləri də bu fikirdədirlər. Onlar İlham Əliyevin Prezident olduğu 2003-2008-ci
illərdə Azərbaycanın qazandığı
uğurları sadalayıb qiymətləndirmişdilər.
2008-ci ildə keçirilmiş seçkilərdə isə
onun qalib gəldiyi barədə məlumat verən qəzetdə
seçkidən əvvəl yazılmış məqalədən
sitat gətirilmişdir: “Moskvada təhsil
almış, ingilis dilində (biz isə əlavə edək
ki, Azərbaycan və rus dilləri öz yerində,
fransız, türk dillərində də) sərbəst
danışan, qərbyönümlü islahatlara sadiq olan Azərbaycan
Prezidenti İlham Əliyevin qarşıdan gələn
prezident seçkilərində qələbə
qazanacağına şübhə edənlərin
sayı çox azdır. Zəif vəziyyətdə olan
müxalifətin isə onun prezident seçilməsi yolunda hər
hansı problem yaradacağı gözlənilmir. Azərbaycan
cəmiyyətində dəstəyi olmayan müxalifət təcrid
edilmiş vəziyyətdə qalmışdır”.
Bu uğurlar
Prezident seçkilərindən qalib çıxmış
dövlət başçısı İlham Əliyevi
növbəti beş ildə də Azərbaycanın
çiçəklənməsinə, xalqın həyatının
firavanlaşdırılmasına istiqamətlənmiş siyasətini
davam etdirməsinə daha da ruhlandırmışdır.
ABŞ-ın Beynəlxalq
Seçki Sistemləri Fondunun (İFES) Azərbaycan vətəndaşları
arasında keçirdiyi sorğunun nəticələri
göstərmişdir ki, Prezident İlham Əliyevin əhali
arasında nüfuzu ildən-ilə artmaqda, vətəndaşların
dövlətimizin başçısına olan inam və
etimadları yüksəlməkdə davam edir. Təsadüfi deyil ki, sorğuda rəyi
soruşulanların 85 faizi Azərbaycan Prezidentini dəstəklədiyini
bildirmişdir. İFES və sosioloji sorğular
üzrə ixtisaslaşmış digər təşkilatlar əvvəllər
də ölkəmizdə ictimai rəyi öyrənmək
üçün bir neçə dəfə sorğular
keçirmiş və nəticələrə əsasən əhalinin
böyük əksəriyyətinin Prezident İlham Əliyevə
etimad göstərdiyi məlum olmuşdu. İFES təşkilatı,
“Soros” Fondu Azərbaycanda müxtəlif aspektlərdə
sosioloji sorğular keçirmişlər. Həmin
vaxt Azərbaycan Prezidenti İlham Əliyevin reytinqi müvafiq
olaraq 64 və 67 faiz olmuşdu. 2005-ci ilin parlament seçkiləri
ərəfəsində “Rəy” Monitorinq Mərkəzinin
keçirdiyi sorğuda iştirakçıların 73,4 faizi
dövlət başçısı İlham Əliyevi dəstəklədiyini
bildirmişdi. Parlament seçkilərinə az
qalmış “Gallup İnternational” Sosioloji Tədqiqatlar Mərkəzinin
keçirdiyi sorğunun nəticələrinə əsasən
isə ölkə başçısının reytinqinin 77
faiz olduğu müəyyən edilmişdi.
Prezident İlham Əliyev Azərbaycanın
modernləşməsi xəttini yeritməklə ilk növbədə
Heydər Əliyev ideyalarını, xalqın arzu və istəklərini
gerçəkləşdirir. İlham Əliyev
çıxışlarının birində demişdir: “...
İnsan tarixə öz əməlləri ilə
düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir.
Onun əməlləri, bütün təşəbbüsləri
bir məqsəd daşıyırdı - Azərbaycan
xalqına xidmət etmək, ölkəmizi gücləndirmək,
müstəqilliyimizi möhkəmləndirmək, ölkəmizdə
demokratik cəmiyyət qurmaq. Hamımız, Azərbaycan
xalqı bu siyasətə sadiqdir. Biz bu siyasəti davam etdirəcəyik.
Azərbaycanda bu siyasətin alternativi yoxdur. Xalqımız da,
beynəlxalq ictimaiyyət də bunu çox yaxşı
bilir...
...Azərbaycan xalqına vəd
etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm,
çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət
ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik,
vətəndaş müharibəsi vəziyyətindən
quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə
keçdi. Mən ondan çox şeyi öyrənmişəm
və onun təcrübəsini, məsələlərə
baxışını öyrənməklə hələ
çox şeyi əxz edəcəyəm. Hər
hansı bir qərar qəbul etməzdən əvvəl
düşünürəm ki, bu vəziyyətdə Heydər
Əliyev necə hərəkət edərdi.
Çalışıram ki, mənə inanan, mənə səs
verən adamlar məndən razı qalsınlar. Prezident
üçün ən yüksək mükafat onun
ideyalarına inamdır, bunsuz işləmək çox
çətindir. Ona görə də mən
çalışacağam ki, Heydər Əliyevin bütün
prinsipləri həyatda öz təcəssümünü
tapmaqda davam etsin..."
İndi cənab İlham Əliyevin
ikinci dəfə Prezident seçilməsindən bir il
keçir. Hazırda dövlət
başçısı Heydər Əliyev siyasi xəttini
uğurla davam etdirir, millətimizin və dövlətimizin
parlaq gələcəyi naminə mətin və qəti
addımları, düşünülmüş, tarazlı
daxili və xarici siyasət xətti ilə Azərbaycanı
layiqincə təmsil edir. Prezident İlham Əliyevin
çoxşaxəli siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın
siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi
istiqamətində həyata keçirdiyi mühüm tədbirlər,
qəbul etdiyi strateji proqramlar, Heydər Əliyev siyasətinin
və ideyalarının ardıcıl və dönməz
şəkildə gerçəkləşdirilməsi xətti
Azərbaycan xalqının xoşbəxt, firavan sabahına,
müstəqilliyimizin əbədiliyinə inamı qat-qat
artırmışdır. Bu fəaliyyət və siyasət
xalq tərəfindən bəyənilir və dəstəklənir.
Kamal ADIGÖZƏLOV,
Bakı Dövlət Universitetinin
diplomatiya
və müasir inteqrasiya prosesləri
kafedrasının dissertantı
Xalq qəzeti.- 2009.- 15 oktyabr.- S. 3.