Xatırlama

 

Sənətini həyatı qədər sevirdi

 

Mənə elə gəlir ki, müasir tamaşaçının 50-70-ci illərdə yaradılmış filmlərimizi tərif etmələrinin real səbəbləri var. Bu səbəblər çoxdur, lakin fikrimcə onlardan ən əsası bu idi ki, həmin filmlərdə milli adət-ənələrimiz çox təbii formada canlandırılıb. Yəni, bu filmlərdə xalqımızın təbii durumu, insanların milli kökə bağlılığı çox uğurlu əks etdirilib. Digər səbəb isə bu filmləri yaradan rejissorların əksəriyyətinin dahi rus rejissoru E.Eyzenşteynin bilavasitə rəhbərlik etdiyi Moskva kino məktəbinin yetirmələri olması idi. Azərbaycan milli kino sənətinin korifeylərindən olan kinorejissor Hüseyn Seyidzadə də həmin məktəbin məzunu idi və onu başqalarından fərqləndirən xüsusiyyət isə öz xalqına hədsiz bağlılığı idi.

 

H.Seyidzadənin yaradıcılığını tədqiq etmək istiqamətində elə bir qiymətli monoqrafiya hələ ki, yazılmayıb. Amma Hüseyn müəllimin yaradıcı irsi əsl mənada məktəbdir. Bu sənətkarın hərtərəfli öyrənilməsi bir tərəfdən kino tariximizin araşdırılması, digər tərəfdən isə xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından əhəmiyyətlidir. Əlbəttə, bu kinoşünasların işidir. Biz isə bu yazıda böyük sənətkarı doğum günü ərəfəsində sadəcə xatırlamaq istəyirik.

Hüseyn Seyidzadə 1910-cu il oktyabr ayının 19-da İrəvanda doğulub. Atası tanınmış tacir idi. Tale minlərlə azərbaycanlı kimi bu ailənin də başına min bir müsibət gətirib.

Ermənilərin tənələrindən cana doymuş Seyidzadələr ailəsi əvvəl Tbilisiyə, sonra isə Bakıya köçməli olub. Rejissorun bacısı Zəhra Seyidova söhbətlərdə deyirdi ki, “biz Bakıya köçəndə Hüseyn üçüncü sinifdə oxuyurdu. Dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta, anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb, “Əlsizlər” filminə çəkdirmişdi”. Zəhra xanım deyirdi ki, Hüseynlə bağlı bütün ağrıları mən də yaşamışam. Hüseyn başqaları kimi xoşbəxt yaşamaq istəyirdi. Ancaq haqsızlığı bağışlamazdı. Bütün qəlbi, mənəviyyatı ilə, bir də öz sənəti ilə bu xalqa bağlı idi.

Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdi. Görkəmli sənət korifeylərindən Sergey Eyzenşteyndən, Mixail Rommdan, Lev Kulicanovdan sənətin sirlərini öyrənmişdi. Sonra yenidən Bakı həyatı, yaradıcılıq ziqzaqları başlandı.

Müharibənin qızğın dövrü olsa da, Bakı kinostudiyasında filmlərin çəkilişi davam etdirilirdi. Hüseyn Seyidzadə müharibədən əvvəl rejissor Niyazi Bədəlovla “Ayna” adlı filmin çəkilişlərinə başlamışdı. Müsahibələrindən birində Hüseyn müəllim bu filmlə bağlı suala belə cavab vermişdi: “Yaman yaralı yerimə toxundunuz. Bu filmin başına elə oyun açmadılar ki, o, film olsun. Allah mərdiməzara lənət eləsin. Yaxşı deyiblər ki, qonşu qonşu olsa, bağ çəpəri neyləyər. Bundan sonra Niyazi ilə belə qərara gəldik ki, “Ayna”nın materiallarından istifadə edib müharibə mövzusunda yeni bir film çəkək. Ssenarini İmran Qasımov yazdı. Baş rola Leyla Bədirbəylini dəvət etdik. “Ayna”da əsas rola onu çəkməli idik. Hətta çəkirdik də. Sonradan filmi “Sovqat” adlandırdıq və 1943-cü ildə çəkib qurtardıq”. Bu filmdə müharibəyə sovqat göndərən insanların böyük vətənpərvərlik duyğularından söhbət açılır.

1956 -cı ildə Bakının kinoteatrlarında ekrana “O olmasın, bu olsun” filmi çıxarıldı. Film çox uğurlu alınmışdı. 1970-ci ildə belə bir məlumat verilmişdi ki, film 40 xarici ölkəyə satılmışdır. Onlar arasında İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstan kimi ölkələr var idi.

Hüseyn Seyidzadə filmdə böyük məsuliyyətlə işləmişdi. Çünki o yaxşı bilirdi ki, Üzeyir yaradıcılığına başqa cür münasibət ola bilməz. Amma filmə qarşı çıxanlar da oldu. Qəzetlərdə dərc olunan resenziyalarda ciddi tənqidi fikirlər öz əksini tapırdı. bunlar isə Hüseyn müəllimi narahat etmirdi. O vaxtın çox prestijli kino nəşrlərindən olan “Sovetskiy ekran” jurnalı yazırdı ki, “bu kino əsərində səhnənin dar çərçivəsi cəsarətlə genişləndirilmiş və tamaşaçıların gözü önündə həyatın, məişətin, adətlərin geniş mənzərəsi açılmışdır”.

60-cı illərdə studiyada çox qəribə bir qalmaqal yarandı. Mahiyyət bundan ibarət idi ki, şair Novruz Gəncəli, Alla Axundova və Hüseyn Seyidzadənin birgə yazdıqları “Yaşayın, qızlar” ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildə “Azərbaycan” jurnalında dərc edilmiş “Bizim sahildə” adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin saxlanılmasını tələb edirdi.

Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova ssenarinin müəllifi kimi təsdiq olundu, elə Hüseyn Seyidzadənin iştirakı ilə. Filmi isə rejissor Eldar Quliyev çəkdi. Bu çəkişmələr Hüseyn Seyidzadəni xeyli sarsıtdı. Buna baxmayaraq, o yenə də öz sənəti uğrunda mübarizəsini davam etdirdi. Sonrakı mübarizə isə “Dəli Kür” filmi ilə bağlı oldu.

Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub. 1969 -cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazılmış ssenari ekranlaşdırıldı və 1970 -ci ildə film ekranlara çıxarıldı. “Dəli Kür” Moskvada senzuranın qəzəbinə tuş oldu. Aşağıda filmdən çıxarılan epizodları diqqətə çatdırırıq.Qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki, torpağı nə satarlar, nə də bağışlayarlar. Cavabında qubernator deyir: “Baxarıq!”. Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.

Bundan başqa, digər bir epizod da filmdən kənar edilib. Nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba torpağınızdır? Onlar isə: “Deyəsən, könlündən Sibir keçir” - deyirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarırdı. Finalda “Ana Kür” mahnısı oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı. Rejissor çox səy göstərmişdisə də, filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki imperiya öz qaniçən xislətini göstərməyə imkan verə bilməzdi.

Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi. Lakin xalq yazıçısı İsa Hüseynovün ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.

Gözəl filmdir “Dəli Kür”. Burada xalqımızın adət-ənələri, milli mənəvi dəyərlərimizə çox hörmətlə yanaşma tərzi var. Cəmiyyət dəyişir, insanlar dəyişir, köhnələr öz əməllərindən əl götürməyə məcbur edilir. “Dəli Kür” filmi bizim kino tariximizin çox qiymətli əsərlərindəndir və öz müəllifinə əsl şöhrət qazandırıb.

Ümumiyyətlə, Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər “Qatır Məmməd” filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Sonra isə filmi yarımçıq qoymuşdu. Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin.

“Yenilməz batalyon” filminin ssenarisini Qılman İlkin özünün “Qalada üsyan” romanın motivləri əsasında yazmışdı. Hüseyn Seyidzadə bu filmi ekranlaşdırarkən onun ilkin adını “Qalada üsyan” kimi saxlamışdı. O öz filminə Moskvanın, Leninqradın, Kiyevin görkəmli aktyorlarını dəvət etmişdi. O, operator Xan Babayevlə birgə işləyirdi. Amma filmin çəkilişləri başa çatmamış operator Xan Babayev vəfat etdi. Onun assistenti Rasim İsmayılov çəkilişləri davam etdirdi.

Film xalqlar dostluğu haqqında, inqilabi mübarizə haqqında idi. Çox mürəkkəb çəkilişlər aparmaq lazım gəlirdi. Rejissor bu çətinliklərin öhdəsindən gələ bildi. Filmdə epizodik rol ifaçısı mərhum aktyor Muxtar Avşarov deyirdi: “Seyidzadənin çəkdiyi filmlərin əksəriyyəti Azərbaycan torpağının, Azərbaycan xalqının mənəvi gözəlliyini təmsil edir. O, öz yurdunu, öz xalqını həddindən artıq sevirdi. Elə bu filmdə də bunu aydın hiss etmək olur”.

H.Seyidzadə “Koroğlu”nu da çəkmişdi, “Qayınana”nı da. Göründüyü kimi, Hüseyn müəllim həm qəhrəmanlıq janrında, həm də dramatik janrlarda filmlər çəkirdi.

Bu böyük sənətkar 1979-cu il iyunun 2-də Bakıda vəfat etmişdir.

Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə kino sənətimizin aparıcı rejissorlarından idi. Onun filmləri bu gün də sevilə-sevilə baxılır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 16 oktyabr.- S. 8.