Görkəmli nevroloq- alim
XX əsrin ikinci yarısı bəşər tarixinə
bütövlükdə Azərbaycanın yüksəlişi,
eyni zamanda, onun başqa sahələri ilə birlikdə təhsilin,
elmin və səhiyyənin inkişaf mərhələsi kimi də
daxil olmuşdur. Bu yüksəlişin dayaq nöqtəsini ulu
öndər Heydər Əliyevin apardığı məqsədyönlü
siyasətin nəticələri təşkil etmişdir. O,
1969-cu ildə ilk dəfə respublikamızda hakimiyyətə
gəldikdən sonra Azərbaycanda elmin, təhsilin, səhiyyənin
tərəqqisinə xüsusi diqqət yetirirdi və gənc
kadrların SSRİ-nin müxtəlif iri şəhərlərində
yerləşmiş mərkəzi ali təhsil və elm
ocaqlarında təhsil almalarına, nəzəri biliklərə
və praktik vərdişlərə yiyələnmələrinə,
yüksək ixtisaslı mütəxəssis kimi Vətənə
dönərək xalqa xidmət göstərmələrinə
əlverişli şərait yaradırdı.
Belə şəraitdən
bəhrələnərək çətin, eyni zamanda,
maraqlı və zəngin bir yaradıcılıq yolu
keçmiş tibb kadrlarından biri də
dövrümüzün görkəmli alim – pedaqoqu,
bacarıqlı həkim–nevroloqu Azərbaycan Nevroloqlar
Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq
Liqasının Azərbaycan bölməsinin prezidenti,
respublikanın əməkdar elm xadimi, əməkdar həkim,
tibb elmləri doktoru, professor Şərif İslam oğlu
Mahalovdur.
Professor Ş.Mahalov
görkəmli rus nevroloqu, Rusiyada neyrogenetikanın banisi, Azərbaycan
nevroloqlar məktəbinin yaradıcısı akademik
S.N.Davidenkov məktəbinin və N.İ. Piroqov adına II
Moskva Dövlət Tibb İnstitutunun nevrologiya elmi məktəbinin
yetirməsidir.
Ş.Mahalov 1939-cu ildə
Azərbaycanın səfalı guşələrindən olan
Qax rayonunun İlisu kəndində qulluqçu ailəsində
anadan olub. O, 1947-ci ildə
Qax rayonundakı 7 illik beynəlmiləl məktəbin I sinfinə
gedib, 1951-ci ildən təhsilini Zaqatala şəhər 2
nömrəli rus orta məktəbində davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirən
Ş.Mahalov 1958-ci ildə Kuybışev (Samara) Dövlət
Tibb İnstitutunun müalicə fakültəsinə daxil olub,
1960-cı ildə təhsilini N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunda davam etdirib və 1964-cü ildə
institutu bitirib. O, hələ orta məktəb
illərindən həkim- nevropatoloq olmaq arzusunda olub.
1964-cü ildə Zaqatala Mərkəzi Rayon Xəstəxanasında
işə başladıqdan sonra Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda kurs keçərək nevropatoloq ixtisasına
yiyələnib. Dörd il praktik həkim - nevropatoloq vəzifəsində
çalışdıqdan sonra ATİ-nin sinir xəstəlikləri
kafedrasında aspiranturaya qəbul olunub və aspirantura müddəti
başa çatmamış, vaxtından əvvəl namizədlik
dissertasiyası müdafiə edib. Gənc alim 1971-ci ildə həmin
kafedranın assistenti vəzifəsində saxlanılıb. O,
həyatının bütün sonrakı dövrünü bu
kafedraya bağlayıb və burada assistentlikdən professor,
kafedra müdiri vəzifələrinə qədər yüksəlib.
Şərif Mahalov kafedrada
müalicəvi və pedaqoji işlərlə məşğul
olmaqla yanaşı, elmi axtarışlarını davam etdirərək
yeni istiqamətli tədqiqat işləri aparıb.
O, 1987-ci ildə N.İ.Piroqov adına II Moskva Dövlət Tibb
İnstitutunda “Sinir və sinir- əzələ sistemlərinin
irsi xəstəliklərinin fenotipik polimorfizmi və
epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası
müdafiə edib. 1989-cu ildən etibarən kafedranın
professoru, 1991- ci ildə ATİ-nin I nevrologiya və tibbi -
genetika kafedrasının müdiri vəzifəsinə seçilib
və indiyədək bu vəzifədə
çalışır.
Professor Ş.Mahalovun elmi maraq dairəsi
çoxşaxəlidir, lakin onun fəaliyyətinin elmi istiqamətində
aparıcı rol oynayan neyro - genetika, baş beynin damar xəstəlikləri
və epilepsiyadır. Onun elmi- tədqiqat işləri
tibb elminin ən mürəkkəb sahələrindən hesab
edilən və orqanizmdə gedən bütün fizioloji
proseslərin, o cümlədən orqanizmin daxili sabitliyinin və
metabolizminin tənzimində iştirak edən sinir sisteminin
müxtəlif növ patologiyalarına, belə
patologiyaların etio-patogenezinin və
epidemiologiyasının, diaqnostika, müalicə və
profilaktikasının araşdırılmasına, həmçinin
xəstələrin reabilitasiyasına həsr edilmişdir. Bu
növ patologiyalar arasında sinir sisteminin irsi xəstəlikləri
alimin diqqətini daha çox cəlb etmiş və o, bu sahədə
geniş tədqiqat işləri aparmışdır. Qeyd etmək
lazımdır ki, o vaxta qədər Azərbaycanda bu problem
öyrənilməmişdi.
Ş.Mahalovun elmi- tədqiqat
işlərinin bir hissəsinin əsasında sinir və sinir
- əzələ sistemlərinin irsi xəstəliklərinin
ailələrarası və ailədaxili müxtəlifliyinin
xüsusiyyətlərinin öyrənilməsi və xəstəliyin
Azərbaycanda yayılma dərəcəsini əks etdirən
epidemioloji təhlil durur.
Onun tərəfindən ilk dəfə Azərbaycanda kliniki, kliniki-genealoji, populyasion, elektrofizioloji və biokimyəvi tədqiqat üsullarından istifadə edilərək miopatiyalar, amiotrofiyalar, irsi ataksiyalar, Hantinqton xoreyası, Tomsen miotoniyası hərtərəfli öyrənilmişdir. O, ailədaxili və ailələrarası korrelyasiyalar, həmçinin ailəvi və sporadik müşahidələrin tutuşdurulması sayəsində xəstəliyin ilkin təzahürlərinə, kliniki əlamətlərinin meydana çıxmasına, gedişinə, elektrofizioloji və biokimyəvi göstəricilərinə aid böyük variabellik aşkar etmişdir və onların o vaxtadək dərc olunmuş materiallarla müqayisəsini aparmışdır. Alim tipik kliniki formalarla yanaşı, nadir rast gəlinən forma və variantlar da ayırd etmişdir. Öyrənilən xəstəliklərin yayılma dərəcəsi, genlərin, mutasiyaların və heteroziqotların tezliyi, gələcək nəsillərin xəstələnmə risqi müəyyənləşdirilmiş və bununla yanaşı onların patogenezinin bir sıra tərəfləri aşkarlanmışdır.
Professor Ş.Mahalov 297 ailədən olan 578 insanda müşahidələr aparmış və onları daim nəzarətdə saxlamışdır. Ümumilikdə o, 10 mindən çox insan haqqında məlumat toplamışdır. Ş. Mahalov unikal xəstələr üzərində də müşahidələr aparılmasına nail olmuşdur. Belə ki, o, bir ailənin 5 nəslində ailəvi spino- serebellyar ataksiyası olan 37 xəstənin, başqa bir ailənin 5 nəslində isə Hantinqton xoreyası olan 43 xəstənin şəxsən müayinəsini aparmış və təsvirini vermişdir. Əhatə dairəsi və elmi dərinliyinə görə professor Ş.Mahalovun təqdim etdiyi elmi- tədqiqat işinin materiallarının keçmiş SSRİ-də analoqu olmamışdır. İnkişaf etmiş xarici ölkələrdə də belə materiallar məhduddur. Mütəxəssislər etiraf edirlər ki, çox nadir hallarda bir tədqiqatçının əlində bu qədər tutarlı material olur.
Şərif Mahalovun Hantinqton xoreyası, Tomsen miotoniyası və irsi ataksiyaların patogenezinin öyrənilməsi üzrə işləri böyük maraq doğurur. O, ilk dəfə Hantinqton xoreyası zamanı qeyri - iradi hərəki pozğunluqların yüksəkliyi ilə dofaminin ekskresiya səviyyəsi arasında mənfi korrelyasiyanın olmasını aşkar etmişdir. Professor Ş.Mahalov dofamin mübadiləsi pozğunluğunun həlledici rol oynadığı bu ağır xəstəliyin patogenetik mexanizmi haqqında əsaslandırılmış hipotez irəli sürmüşdür. Bu konsepsiya dofaminergik sistemin aktivliyinin aşağı düşməsinə yönəldilmiş terapevtik vasitələrin, məsələn, haloperidolun tətbiqinin müsbət effektlə müşayiət edilməsi ilə tam uzlaşır.
Professor Ş.Mahalov sinir və
sinir -əzələ sistemlərinin irsi xəstəlikləri
zamanı seqmentar və supraseqmentar strukturlarda gedən dəyişikliklərin
xarakterini dərindən təhlil etmişdir. O, elektromioqrafiya
(EMQ) və elektroneyromioqrafiyanın (ENMQ) kompleks tətbiqi əsasında
xəstəliyin mərhələsini obyektiv əks etdirən
kriterilər təklif etmişdir. Ş.Mahalov
dünya praktikasında ilk dəfə olaraq Hantinqton xoreyası
və spino-serebellyar ataksiyalı xəstələrin
qohumlarını müayinədən keçirərək
sübut etmişdir ki, EMQ və ENMQ -də alınan dəyişikliklər
xəstəliyin kliniki təzahürlərinin üzə
çıxmasını qabaqlayır. O, xəstəliyin
başvermə mümkünlüyünün
proqnozlaşdırılmasının və onun erkən
diaqnostikasının kriteriyasını da işləyib
hazırlamışdır.
Şərif müəllim
apardığı epidemioloji tədqiqatlara əsasən hələ
keçən əsrin 80-ci illərinin əvvəllərində
respublikanın Bakı, Gəncə, Şəki və Lənkəran
şəhərlərində 4 zona üzrə tibbi -genetik kabinet
təşkil etməyi tövsiyə etmişdir. Belə kabinetlərdə irsi patologiyalı xəstələrin
aşkar edilməsi üçün dispanser müşahidə
aparılması, mutant genin irsənkeçmə risqinin dərəcəsi
haqqında tibbi - genetik, eləcə də ailə
planlaşdırılması haqqında məsləhətlər
verilməsi nəzərdə tutulur. Təklif olunan tibbi
- genetik xidmət strukturu və Azərbaycanda sinir sisteminin irsi
xəstəliklərinin azalması üzrə konkret model
keçmiş SSRİ- nin başqa regionlarında analoji tədbirlər
üçün tövsiyə edilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan
aliminin haqqında danışdığımız işləri
postsovet məkanındakı MDB ölkələrində
analoqu olmayan tədqiqatlardır.
Professor Ş. Mahalov Azərbaycanda angionevrologiyanın da inkişafına xüsusi diqqət yetirir. Baş beynin damar xəstəliklərinə aid olan bu problem dünya miqyasında xəstəliklərin, ölümün, əlilliyin əsas səbəblərindən birini təşkil edir. Damar xəstəliklərindən davamlı əlilliyə ən çox səbəb olan xəstəlik işemik insultdur. Professor Ş. Mahalovun rəhbərliyi altında beyin insultunun yayılması, onun əsas risq faktorları, kliniki təzahürləri və strukturu, biokimyəvi dəyişikliklər, hemorragik transformasiya, insultdansonrakı əlilliklər, həmçinin Bakıda işemik insultun kəskin mərhələsində tibbi yardımın və müalicənin təşkilinin vəziyyəti öyrənilmişdir.
O, ATU-nun nevrologiya klinikasının çoxillik təcrübəsinə əsaslanaraq, Bakıda 30 çarpayılıq neyro-damar şöbəsinin təşkilinin vacibliyini tövsiyə etmiş və bu şöbənin funksional strukturunu vermişdir.
Keçən əsrin 90-cı illərində Azərbaycanda müharibə nəticəsində Qarabağ regionunda çoxlu sayda uzun müddət müalicə tələb olunan yaralılar və kontuziya almış əsgərlər var idi. Bu problem də professor Ş.Mahalovun diqqətindən kənarda qalmadı. Onun rəhbərliyi altında Qarabağ müharibəsini keçmiş şəxslərdə dəyişiklik -“posttravmatik stres sindromu” aşkar edildi. Bu sindirom “Qarabağ sindromu” kimi səciyyələndirilmişdir. Ş.Mahalov və kafedranın əməkdaşları Qarabağ müharibəsi veteranlarında “Qarabağ sindromu”nun olmasının etiraf edilməsinin vacibliyini əsaslandırmış və onların psixososial reabilitasiyası proqramı kompleksini işləyib hazırlamışlar.
Bununla yanaşı, Ş.Mahalovun rəhbərliyi altında həm də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünya miqyasında geniş yayılmış ağır xəstəliklərdən olan müxtəlif növ hepatitlər zamanı sinir sistemində gedən dəyişikliklər haqqında elmi - tədqiqat işləri aparılıb. Ş. Mahalovun hazırkı elmi istiqaməti müasir nevrologiyanın ən aktual problemi olan epilepsiya sahəsinə yönəlmişdir. Bu xəstəliyə dünyanın hər yerində rast gəlinir. Lakin bir sıra ölkələrdə xəstəliyin epidemiologiyası haqqında məlumatlar ötəri və təsadüfi xarakter daşıyır, bəzi hallarda isə, ümumiyyətlə belə məlumatlar olmur. Belə ölkələr sırasına Azərbaycan da daxildir. ÜST-ün məlumatına görə, bu vəziyyət epilepsiyalı xəstələrə tibbi yardımın təşkilində ciddi çətinliklər yaradır. Belə ki, dünya üzrə mövcud olan 50 milyon epilepsiyalı xəstənin 75 faizi adekvat müalicə almır. Hazırda professor Ş. Mahalovun rəhbərliyi altında epilepsiyanın aktual problemlərinə həsr edilmiş 5 namizədlik işi hazırlanır. Ümumiyyətlə onun rəhbərliyi altında 1 doktorluq və 8 namizədlik dissertasiyası işi yerinə yetirilmişdir. Alim 110 çap olunmuş elmi əsərin müəllifidir.
Professor Ş.Mahalov 1986-1993-cü illərdə Səhiyyə Nazirliyinin baş nevropatoloqu olmuşdur. O, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan bölməsinin prezidenti, ATU- nun Dissertasiya Şurasının sədridir.
Ş.Mahalov Rusiyada, Ukraynada,
Qazaxıstanda, Gürcüstanda, Latviyada, Türkiyədə,
İspaniyada, Fransada, Almaniyada, Belçikada, Finlandiyada,
Avstriyada keçirilmiş elmi konqres və simpoziumlarda məruzələrlə
çıxışlar edib.
O, dəfələrlə Səhiyyə
Nazirliyinin və ATU -nun fəxri fərmanlarına, eləcə
də “Əməkdar elm xadim”i, “Əməkdar həkim”i, fəxri
adlarına layiq görülüb.
Şərif müəllim
haqqında həm nəcib və təvazökar bir insan, həm
təcrübəli alim, həm də vətənpərvər
bir ziyalı kimi istənilən qədər yazmaq olar.
Minlərlə xəstəyə
həyat bəxş etmiş professor Ş.Mahalov onu əhatə
edən həkimləri, tələbələrini biliklərini,
dünyagörüşlərini daim artırmağa səsləyir.
O, bildikləri ilə nə öyünür, nə də
kifayətlənir, daim axtarışdadır.
Alim ölkə Prezidenti İlham Əliyevin
onun çoxillik xidmətlərinə verdiyi yüksək qiyməti
— “Əməkdar elm xadimi” fəxri adına layiq görülməsini
ATU kollektivinin əməyinə verilən qiymət kimi dəyərləndirir.
Bu təltifdən ruhlanan professor Ş.Mahalov nevrologiya elminin
inkişafı yolunda yeni cığırlar
açacağına əminlik yaradır.
Azərbaycan Tibb
Univerisitetinin rəhbərliyi, bütün kollektivi, eləcə
də respublikanın çoxminli səhiyyə işçiləri
professor Şərif Mahalovu anadan olmasının 70, praktik həkimlik
və elmi -pedaqoji fəaliyyətinin 45 illik yubleyi münasibətilə
ürəkdən təbrik edir, gələcək işlərində
ona yeni nailiyyətlər
arzulayır.
Mübariz ALLAHVERDİYEV,
Azərbaycan Tibb Universiteti mətbuat
xidmətinin rəhbəri, tibb elmləri
doktoru
Xalq qəzeti.- 2009.- 16 oktyabr.- S. 7.