Azərbaycanın dövlət müstəqilliyinin
ildönümünə həsr
olunmuş toplantı keçirilmişdir
Dünən “Xalq qəzeti”nin Mətbuat Mərkəzində Azərbaycan
Sosial Rifah Partiyası (ASRP) dövlət
müstəqilliyi gününə
həsr olunmuş “Müstəqilliyimizin 18 ili”
adlı toplantı keçirmişdir. Milli Məclisin
deputatlarının, siyasi
partiya və qeyri-hökumət təşkilatları təmsilçilərinin
iştirak etdikləri
həmin tədbirdə
Azərbaycanın müstəqillik
illərində əldə
etdiyi beynəlxalq nailiyyətlərdən, ictimai-siyasi,
sosial-iqtisadi uğurlardan
geniş bəhs edilmişdir.
Tədbiri giriş
sözü ilə açan ASRP-nin sədri, Milli Məclisin
deputatı Xanhüseyn Kazımlı bildirdi ki, ümummilli
lider Heydər Əliyevin Naxçıvanda Ali Məclisin sədri
işlədiyi illər Azərbaycanın istiqlalı yolunda
xüsusi mərhələ olmuşdur. Onun rəhbərliyi
altında muxtar respublikada SSRİ-nin saxlanması
üçün keçirilən qondarma referendum boykot
edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağı dövlət bayrağı kimi ilk dəfə
burada qaldırılmışdır.
ASRP sədri müstəqillik
illərində Azərbaycanın bütün sahələrdə
əldə etdiyi çoxsaylı uğurlar barədə
geniş məlumat verdi. O, toplantı
iştirakçılarına müraciət edərək dedi:
- Hörmətli
toplantı iştirakçıları, tədbirimizin
keçirildiyi tarix, yəni 15 oktyabr günü bizim
üçün çox əlamətdardır. Çünki
bugünkü tarixdə cənab İlham Əliyev ikinci dəfə
xalqın böyük əksəriyyətinin etimadını
qazanaraq (88,73%) Prezident seçilməklə təkcə
ölkə daxilində deyil, onun hüdudlarından kənarda
da özünü tarixi şəxsiyyət kimi təsdiqləmişdir.
Dünyanın ən böyük dövlət xadimlərindən
biri kimi qəbul olunan ümummilli liderimiz Heydər Əliyevin
işləyib hazırladığı böyük siyasətin
layiqli davamçısı olan Prezident İlham Əliyevin
öz ali missiyasını məharətlə yerinə yetirərək
ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisi
istiqamətindəki olduqca faydalı və təqdirəlayiq fəaliyyəti
xüsusi vurğulanmalıdır”.
ASRP sədri Türkiyə
ilə Ermənistan arasında sərhədlərin
açılmasına dair imzalanan protokola da xüsusi
münasibət bildirərək dedi ki, “Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan istər Azərbaycan
parlamentində, istərsə də Türkiyə və digər
ölkələrin informasiya vasitələrində
ardıcıl olaraq Azərbaycanın işğal olunmuş
torpaqları azad edilməyənə qədər sərhədlərin
açılmayacağını bəyan etmişdir. Mən
hiss edirəm ki, o, dolayısı ilə yenə də həmin
vədlərini davam etdirməkdədir. Ona görə də cənab
Ərdoğanın hər iki qardaş ölkənin ortaq gələcəyinin
uğurlarına dair siyasi gedişlər etdiyini müəyyənləşdirmək
üçün bir qədər - yəni ən azı
Türkiyə parlamentinin
çağırıldığı vaxta kimi gözləmək
lazım gəlir. Onun protokollar imzalanandan sonrakı
çıxışları da bunu göstərir. Hamı bilməlidir
ki, haqqa, ədalətə xəyanət beynəlxalq
sülhü təhlükə qarşısında qoyur".
X.Kazımlı, eyni
zamanda, qarşıdan gələn bələdiyyə
seçkilərində Sosial Rifah Partiyasının
iştirakı və aparılan hazırlıq işləri
barədə məlumat verdi.
Toplantıda
çıxış edən digər natiqlər müstəqilliyimizin
ilk illərində Azərbaycan xalqının həlli çətin
görünən problemlərlə üzləşməsini və
belə bir vaxtda ulu öndər Heydər Əliyevin ali
qanunvericilik orqanına sədr seçilməsinin ölkənin
gələcək həyatında çox mühüm bir hadisə
olmasını qeyd etdilər. Bildirildi ki, xalqın
çağırışı ilə ikinci dəfə
hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin
yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində
1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin
qarşısı alındı, respublika daxilində sabitlik təmin
edildi.
Tədbirdə Azərbaycanın
hərtərəfli yüksəlişinə,
xalqımızın milli, mədəni, tarixi ənənələrinə,
ümumbəşəri dəyərlərə söykənən,
sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən
islahatların həyata keçirilməsindən, dünya
dövlətlərinin ölkəmizdə gedən müsbət
proseslərə marağının artmasından geniş bəhs
olundu. Qeyd edildi ki, Azərbaycan xalqı 1991-ci il oktyabrın
18-də əldə etdiyi dövlət müstəqilliyini məhz
ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi
altında möhkəmləndirmiş və onun yorulmaz fəaliyyəti
sayəsində ölkəmiz ardıcıl inkişaf yolunu
tutmuşdur.
Tədbirdə, eyni
zamanda, 2003 və 2008-ci illərdə 15 oktyabr günü
keçirilən prezident seçkilərində cənab
İlham Əliyevin ölkə başçısı
seçilməsi səbəbi ilə həmin günün
xalqımızın həyatında əlamətdar bir tarix
olması xüsusi vurğulanmışdır. Natiqlər ulu
öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimizin
bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
daha da möhkəmləndirildiyini və onun əbədiliyinin
təmin edildiyini tarixi dəlillər və arqumentlərlə
izah etdilər.
Tədbir
iştirakçıları oktyabrın 10-da İsveçrədə
Türkiyə ilə Ermənistan arasında diplomatik
münasibətlərin qurulması və inkişaf etdirilməsi
haqqında protokolların imzalanması ilə əlaqədar
öz fikirlərini də bildirdilər. Qeyd olundu ki, Ermənistan
qoşunları Azərbaycanın işğal edilmiş
torpaqlarından çıxarılmayana qədər Türkiyənin
Ermənistanla münasibətlərini
normallaşdırması Azərbaycanın milli maraqlarına
uyğun deyil və bu, Azərbaycan ilə Türkiyə
arasındakı qardaşlıq münasibətlərinə xələl
gətirə bilər.
Toplantıda 23 dekabrda
keçiriləcək bələdiyyə seçkilərinə
də xüsusi yer verildi. Natiqlər ASRP-nin əvvəlki bələdiyyə
seçkilərində hər zaman aktiv olduğu və bu
seçkilərdə də yaxından iştirak edəcəyini
bildirdilər. Çıxış edənlər növbəti
bələdiyyə seçkilərinin Azərbaycanın tərəqqisinə,
yerli özünüidarəetmə strukturunun daha da möhkəmlənməsinə
müsbət töhfə verəcəyinə böyük
ümid bəslədiklərini, Azərbaycanın ədalətli
cəmiyyətə və qüdrətli dövlətə çevriləcəyinə
əmin olduqlarını bildirdilər.
Məsaim HACIXANLI
Xalq qəzeti.- 2009.- 16 oktyabr.- S. 5.