Dövlətin iqtisadi təhlükəsizlik strategiyası
Azərbaycan de-yure
1991-ci ildə istiqlaliyyət qazanmışdı. Lakin müstəqillik, bir tərəfdən
formal xarakter daşıyırdı, ikincisi, onu qoruyub saxlamaq
problemə çevrilmişdi. Dövlət
sosial-siyasi, iqtisadi ekstremizmdən, xaricdən idarə olunan təxribatlardan,
ekstremist separatçılıqdan baş aça bilmirdi.
İqtisadi islahatların aparılmasında
nöqsanlara yol verilirdi. O da sosial-iqtisadi tənəzzülün
daha da sürətlənməsinə gətirib
çıxarırdı. Ölkə
sosial-iqtisadi cəhətdən yüksək inkişaf
etmiş dövlətlərin xammal əlavəsinə,
satış bazarına çevrilir, xarici kreditlərdən
asılılıq artırdı.
Azərbaycanı hissələrə
parçalayıb onu ayrı-ayrı dövlətlərin tərkibinə
daxil olması planları hazırlanmışdı. Qərbin
təmənnasız köməklikləri haqqında romantik
illüziyalar puça çıxdı. Həyat göstərdi
ki, hər bir ölkə öz problemini özü həll etməlidir.
Daxili
bazarda rəqabətqabiliyyətlilik, dünya bazarına
inteqrasiya, ciddi rəqabətə hazır olmaq, öz milli
maraqlarımızı qorumağın ən əlverişli
formalarını öyrənmək, beynəlxalq miqyasda milli
ideyalarımız, layihələrimiz, qabaqcıl texniki və
texnoloji yeniliklərimiz olmalı idi.
Azərbaycanda dövlət
quruculuğuna faktiki olaraq 1993-cü ilin ortalarından sonra
başlamaq mümkün oldu. Bu işə ümummilli lider Heydər
Əliyev xalqın tələbi ilə dövlət rəhbərliyinə
dəvət olunduğu vaxtdan başlanmışdı. Heydər
Əliyev 10 il ölkə Prezidenti olduğu müddətdə
Azərbaycana yeni nəfəs gətirdi. O, hərtərəfli
böhran bürümüş Azərbaycanın problemlərinin
hamısını birdən həll etməyə
çalışmaqdan bir şey
çıxmayacağını əvvəlcədən
bildiyindən bütün gücü iqtisadiyyatın
aparıcı sahəsinə yönəltdi. Neft sektoru ölkə
iqtisadiyyatını öz ardınca aparmağa qadir olan sahə
idi. Elə bu sahənin inkişafını iqtisadiyyatın prioriteti
hesab edən dahi rəhbər neft sektorunun tərəqqisi
üçün tədbirlər görməyə
başladı. Azərbaycanın maliyyə müstəqilliyi
yox idi. Xarici sərmayə olmadan bir işi görmək
mümkün deyildi. Müxtəlif mübahisələrə,
təxribatlara sinə gərən Heydər Əliyev xarici investorları
dəvət etmək üçün səylərini
artırdı.
Bu prosesdə Heydər Əliyevin
ən yaxın silahdaşı Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev
olmuşdur. Birgə səy göstərilməsinin nəticəsi
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”
kimi məşhurlaşan neft müqaviləsinin
bağlanması nəticəsində mümkün oldu.
Müqaviləni pozmaq üçün Heydər Əliyevə
dəfələrlə sui-qəsd cəhdləri edildi. Heydər
Əliyev cəsarəti, qorxmazlığı, yenilməzliyi
xalqın taleyi naminə hər şeyə hazır olduğunu
sübut etdi, Azərbaycanın maraqlarını qorudu.
Prezidentliyi dövründə radikal islahatlar apardı, Azərbaycanın
dinamik inkişafına nail oldu. Heydər Əliyev uzaqgörənliyi,
cəsarəti, fədakarlığı bütün maneələrə
qalib gəldi və nəticədə bugünkü dinamik
inkişaf edən Azərbaycan reallığını yarada
bildi. Bütün bu işlərin reallığa çevrilməsində
İlham Əliyev ulu öndərimiz Heydər Əliyevlə
çiyin-çiyinə çalışmışdır. O,
Heydər Əliyev strateji xəttinə sədaqətlə
xidmət etmiş və hazırda da bu strategiyanı yeni
keyfiyyətlə davam etdirir. Azərbaycan bundan sonra da Heydər
Əliyevin müəyyən etdiyi yolla gedəcək və
uğurlar qazanacaqdır. Bunun üçün
ölkənin potensial imkanları, insan potensialı, siyasi iradə,
iqtisadi potensial, bölgədəki mövqelərin möhkəmliyi,
sürətli inteqrasiya prosesi və s. kifayət qədərdir.
İlham Əliyevin fəaliyyəti həmişə Heydər
Əliyevin siyasi kursuna sadiqlik nümunəsi olmuşdur.
Biz dinamik inkişaf edirik. Bu inkişafın yolunu dahi rəhbərimiz
Heydər Əliyev bizə göstərmişdir. Onun Azərbaycan
xalqına, öz davamçılarına ən böyük vəsiyyəti
“Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini,
iqtisadi təhlükəsizliyini təmin edin, Azərbaycanın
daxili potensialından səmərəli istifadə edin”
sözləri olmuşdur.
Biz bu yolla gedirik. Heydər
Əliyevin göstərdiyi yolla iqtisadi islahatlar
aparırıq, Azərbaycan xalqının birliyinə əsaslanırıq,
öz iqtisadi-siyasi təhlükəsizliyimizi təmin edirik.
İqtisadiyyatımızı müasirləşdirmək,
elmi-texniki və texnoloji proseslərin ən son nailiyyətlərini
tətbiq etmək üçün ölkə Prezidentinin və
hökumətinin göstərdiyi səylər öz bəhrəsini
verir. Ölkədə innovasiya istiqamətli iqtisadiyyat
yaradılması, elmi-texniki və texnoloji yeniliklərdən
istifadəyə üstünlük verilməsi
açıq-aydın hiss olunur.ÜDM-in tərkibində
yüksək texnoloji məhsulların payı artır. İqtisadi
cəhətdən inkişaf etmiş ölkələrdə
yüksək texnoloji məhsulların ÜDM-də xüsusi
çəkisi 2008-ci ildə 4-6 faiz təşkil etdiyi halda,
Rusiyada 0,6 faiz olmuşdur. Azərbaycan isə son illər MDB
ölkələri içərisində bu sahədə ən
yüksək nəticələrə nail olmuşdur. Mülkiyyət hüququnun təminatı,
sahibkarların hüquqlarının məmur
özbaşınalığından qorunması, müxtəlif
inhisarçılıq formalarının aradan
qaldırılması, rəqabətə meydan
açılması üçün tədbirlər
görülməlidir. İnflyasiya səviyyəsinin dövlət
büdcəsində təsdiq olunan rəqəmi üstələməsinə
yol verilməməlidir. Hazırda iqtisadiyyatın 84-85 faizini təşkil
edən qeyri-dövlət sektoru ilə dövlət sektorunun
partnyorluğunun strateji əhəmiyyətə malik olduğu
nəzərə alınmalıdır.
2003-2008-ci illərdə ÜDM-in
artımı 10,8 faiz olmuşdur.ÜDM
istehsalı 3,7 milyard manat artırılmışdır.
2003-2008-ci illərdə dünya iqtisadiyyatı 25,4 faiz,
ABŞ-da 13,3 faiz, Avropa İttifaqında 13,7 faiz, MDB ölkələrində
45,4 faiz, Çində 66,5 faiz artdığı halda, Azərbaycanda
bu sahədə artım 2,6 dəfə olmuşdur. 2008-ci ildə
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9,81
milyarddan çox olmuşdur. İnvestisiyanın 62,5 faizi
dövlət, 37,5 faizi qeyri-dövlət sektoruna qoyulmuşdur.
Daxili investisiya qoyuluşunun artımı xarici investisiya
qoyuluşunu 2 dəfədən çox qabaqlamışdır.
Elektrik enerjisi istehsalı 2,1 dəfə, qaz istehsalı 160,1
faiz artmışdır. Azərbaycan xarici ölkələrdən
enerji daşıyıcıları idxal edən ölkədən,
onu ixrac edən ölkəyə çevrilmişdir.
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycan mühüm rol oynayır.Nəqliyyat,
rabitə, yollar salınması, infrastruktur sahələrinin
inkişafı 2,5-3 dəfə artmışdır. Qeyri-neft
sektoruna investisiya qoyuluşu neft sektoruna qoyulan investisiyaları
2 dəfədən çox qabaqlamışdır.
Yoxsulların sayı 2003-2008-ci illərdə 46,7 faizdən 13
faizə enmişdir. Son 5 ildə minimum əmək
haqqının səviyyəsi 9 manatdan 75 manata yüksəldilmişdir.
Həm də bu son hədd deyildir. Dövlətin iqtisadi
imkanları artdıqca onun yüksəldilməsi nəzərdə
tutulmuşdur.
Dövlət əhəmiyyətli
strateji vəzifələrin yerinə yetirilməsində
xüsusi biznesin təsiri şəksizdir. Dövlətlə
sahibkarlıq subyektləri arasında partnyorluq əlaqəsi
biznes üçün stabilliyin əsaslarını
yaradır. Əlavə olaraq xüsusi sahibkarlıq
hazırkı dövrdə milli maraqların, qlobal
çağırışların, strateji təşəbbüslərin
formalaşmasında fəal iştirak edir. Yeni dünya
qaydaları sistemində xüsusi biznes ölkənin milli
maraqlarının qorunmasında və dünya qlobal
çağırışlarına adekvat
çalışmaqda maraqlıdır. Söhbət ən əvvəl
aşağıdakı strateji məsələlərin həllindən:
- iqtisadiyyata istehsal məqsədli
investisiyalar cəlb edilməsindən;
- ixrac olunmuş kapitalın
müəyyən olunmuş müddət ərzində ölkəyə
qayıtmasını təmin etməkdən;
- sənaye istehsalının
artım tempinin daha da yüksəldilməsindən;
- ölkənin xarici kreditlərdən
və borclardan asılılığını aradan
qaldırmaqdan;
- işsizliyin, yoxsulluğun səviyyəsinin
daha da azaldılmasından, tədricən həyat səviyyəsinin
yüksəldilməsindən və s. gedir.
Statistik rəqəmlər əhalinin
real gəlirlərinin sistemlə yüksəldiyini göstəririr.
Şəxsi istehlakın artımı rəqabət mübarizəsini
gücləndirməyin, iqtisadiyyata
stimullaşdırıcı təsirin mühüm amili kimi
çıxış edir. Xüsusi biznes iqtisadi
inkişafın perspektiv istiqamətlərini müəyyən
etməklə, yüksək texnoloji sahələrin, İKT-nin
elmin, istehsalın, nəqliyyatın, ticarətin, ümumiyyətlə
bazar iqtisadiyyatının əmtəə və xidmətlərə
tələbatını ödəyən sahələrin
inkişafına təsir edir. Bütün bunlar ölkənin
müstəqil iqtisadi siyasət yeritməsi, iqtisadiyyatın
çoxsahəli inkişafına, xammal ixracatlı iqtisadiyyat
modelini dəyişdirməyə, ölkənin iqtisadi təhlükəsizliyini
təmin etməyə şərait yaradır. Azərbaycan
iqtisadiyyatının pozitiv ssenari ilə inkişafı
üçün real ilkin şərtlər kifayət qədərdir.
Dövlət və qeyri-dövlət sektorları arasında
konstruktiv dialoq olmadan, fərdi lobbizm, məhdud korporativ
maraqların deyil, iki sektorun partnyorluq əlaqələrinin
genişlənməsinə çalışmadan
ümumstrateji məqsədlərin yerinə yetirilməsini təmin
etmək qeyri-mümkündür.
İqtisadi sistemin
transformasiyası dövlətin funksiyalarında köklü dəyişikliklərin
baş verməsi ilə nəticələnir: mülkiyyət
özəlləşdirilir, qiymətlər sərbəstləşdirilir,
idxal və ixrac əməliyyatları
liberallaşdırılır, sərbəst qərarlar qəbul
edən və işin nəticəsinə məsuliyyət daşıyan təsərrüfat
subyektləri ölkə iqtisadiyyatının aparıcı
sahəsinə çevrilir. Lakin bu dövləti iqtisadiyyatdan
kənarlaşdırmaq, iqtisadiyyatı dövlətsizləşdirmək
deyildir. Müasir bazar iqtisadiyyatının səmərəliliyi
üçün dövlət nə edə bilər və nə
edir?
Daim dəyişən, yeniləşmə
prosesi keçirən hazırkı iqtisadi şəraitdə
dövlətin iqtisadi rolu nədən ibarətdir?
Bu suallar həm bazar münasibətlərinə
keçid dövrünü yaşayan, həm də inkişaf
etmiş bazar iqtisadiyyatı ölkələri
üçün aktualdır. Son illərin təcrübəsi
hazırkı ədəbiyyatlarda tez-tez təkrarlanan “inzibati
amirlik” prinsiplərinə əsaslanan dövlətin
iqtisadiyyatı idarə etməsinin özünü
doğrultmadığını göstərir. Dövlətin
iqtisadi proseslərdə dominant rolunu oynadığı bir
çox ölkələrdə iqtisadi inkişaf
strategiyası iflasa uğradı. Onların əksəriyyəti
iqtisadiyyatın bazar münasibətləri relsinə
keçirilməsinə üstünlük verdilər.
İslahatçıların çoxu yaranmış vəziyyətdən
çıxış yolunu iqtisadiyyatı “dövlətsizləşdirməkdə”
gördülər. Ona görə də bir çox
ölkələrdə aparılan islahatların məntiqi nəticəsi
dövləti iqtisadiyyatdan sıxışdırıb
çıxarmaq oldu. Onlar hesab etdilər ki, bu cür olduqda
dövlət heç olmasa iqtisadiyyata zərər gətirmir.
Bu, tarixi təcrübəyə
ziddir. İkinci Dünya müharibəsindən sonra dövlətin
iqtisadi və qeyri-iqtisadi alətlərinin gücündən fəal
istifadə edilməsi qısa müddətdə
dağıdılmış şəhərlərin, kəndlərin,
müəssisə və təşkilatların, kommunikasiya
qurğularının, bir sözlə, bütün iqtisadi potensialın bərpa
olunmasına və inkişafına şərait yaratdı.
Dövlətin iqtisadi funksiyalarından səmərəli
istifadə etməklə Şərqi Asiya ölkələrinin
bir çoxu “iqtisadi möcüzələrə” nail oldu.
Bütün bunlar faktdır.
“Marşal planı” və onun əsasında
hazırlanmış milli proqramlarla İkinci Dünya
müharibəsində zərər çəkmiş ölkələrin,
xüsusilə Qərbi Avropa ölkələrinin
iqtisadiyyatı bərpa olundu və inkişafı təmin
edildi. Yaponiyada “Co Cjı” planı dövlətin sosial-iqtisadi
proseslərə fəal təsirinin bariz ifadəsi oldu. Yapon iqtisadiyyatının sürətli
inkişafının təməli dövlətin gücü
ilə bazar alətlərinin vahid mexanizm halında birləşməsinə
əsaslandı. Dünya ölkələrinin təcrübəsi
sübut edir ki, dövlət iqtisadi inkişafın katalizatoru,
xüsusi biznesin fəallaşması və
inkişafına səmərəli təsiretmə vasitəsi
ola bilər.
Məlum olduğu
kimi, bir sıra həyati əhəmiyyətə malik məsələləri,
misal üçün, ətraf mühit, istehsal və sosial
infrastruktur sahələrinin, elmin, təhsilin, səhiyyənin
və s. inkişaf problemlərini təkcə bazar münasibətləri
ilə həll etmək mümkün deyil. Həmin sahələri yalnız
bazar münasibətləri və prinsipləri ilə tənzimləmək,
bir çox hallarda əks nəticələr verə bilər.
Ayrı-ayrı müəssisələrin
marağı ilə cəmiyyətin mənafeyi arasında
yaranan ziddiyyətlərin yalnız bazar münasibətləri
zəminində həlli mümkün deyil. Burada ölkənin
ümummilli mənafeyinin ifadəçisi olan dövlətin
iqtisadi subyektlər arasında yaranan əlaqələrin
obyektiv arbitoru rolunda çıxış etməsi son dərəcə
vacibdir.
Dövlətin inzibati amiranə
roluna birtərəfli qaydada üstünlük verilməsi
iqtisadiyyatı uçuruma apardığı kimi, onu
iqtisadiyyatdan ifratçılıqla
sıxışdırıb çıxarmaq da eyni nəticələr
verdiyi artıq dünya təcrübəsində sübut
olunmuşdur.
Hamımız bilməliyik ki,
dövlət iqtisadiyyat üçün sərvət deyil, həyati
zərurətdir. Dövlətin elmi cəhətdən
əsaslandırılmış səmərəli tənzimləyici
təsiri olmadan nə iqtisadiyyatın, nə də sosial-siyasi
həyatın ahəngdar inkişafı mümkün deyil.Təcrübə
sübut edir ki, ölkənin təbii sərvətlərinin zənginliyi,
əlverişli təbii-coğrafi mövqeyi, zəruri
texniki, iqtisadi imkanları onun dinamik inkişafı
üçün kifayət deyil. Həmin ilkin şərtlərdən
xalqın, ölkənin mənafeyi naminə maksimum səmərəli
istifadə edilməsi üçün hamı tərəfindən
əməl edilən normaların, qaydaların, prinsiplərin,
müəyyən edilməsi gərəkdir. Müxtəlif
mülkiyyət və təsərrüfatçılıq
formalarına bərabər rəqabət mühiti yalnız
dövlətin müəyyən etdiyi normalarla təmin edilə
bilər.
Bazar münasibətləri
ölkənin makroiqtisadi proporsiyalarını avtomatik tənzimləmə
xassəsinə malik deyil. Ona görə də dövlət
bazar mexanizmindən istifadə etməklə, sosial-iqtisadi
proseslərin məqsədəuyğun istiqamətdə
inkişafını tənzimləyə bilər. Dövlət
iqtisadi proseslərə məqsədyönlü xarakter verə
bilər. Dünya təcrübəsi dövlətin
sosial-iqtisadi proseslərə nə dərəcədə səmərəli
təsir etmək imkanına malik olduğuna sübutdur.
Bilavasitə dövlət proqramlarının
reallaşdırılması nəticəsində elmin, təhsilin
və səhiyyənin inkişafında əldə edilmiş
nailiyyətlər inkaredilməz həqiqətdir. Bu gün
başlıca məsələ dəyişən sosial-iqtisadi
şəraitə adekvat dövlətin iqtisadi rolunu yüksəltməyin
optimal yollarını tapmaqdır.
Dünya dəyişir, ölkənin
sosial-iqtisadi inkişafında dövlətin rolu, təsir etmə
imkanları da dəyişir. Bu şəraitdə bazar mexanizmi
ilə dövlət tənzimləməsinin optimal əlaqələndirilməsi
sosial-iqtisadi inkişafın zəruri şərtinə
çevrilir.
Sterilizə edilmiş bazar
iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərən
iqtisadiyyat yoxdur. Ən azı üç səbəblə
bazar iqtisadiyyatı dövlət tənzimlənməsinə
möhtacdır:
1. Rəqabətə meydan
açmaq, inhisarçılıq meyllərinin güclənməsinin
qarşısını almaq, tənzimləyici tədbirlər
görmək dövlətin işidir. İlk dəfə
ABŞ-da antitrest qanunvericiliyi 1890-cı ildə (Şerman
Qanunu) qəbul olunmuşdur. Bir kompaniyanın ölkədə
müəyyən növ məhsulun 40 faizindən artıq
istehsal etməsinə, qiymətləri süni sürətdə
qaldırmaq imkanına yiyələnməsinə qadağa
qoyulur. Sonra digər ölkələr də analoji qanunları
qəbul etmişlər.
2. Bazar
iqtisadiyyatına “sərfəli ” olmayan, ölkənin bu
günü və sabahı üçün zəruri olan sahələrin
- fundamental (əsaslı) elmin inkişafı, ölkənin
müdafiə qabiliyyətinin möhkəmləndirilməsi,
ictimai asayişin qorunması, sosial müdafiəyə
ehtiyacı olanlara yaşayış minimumu təmin edilməsi,
təhsilin, səhiyyənin, mədəniyyətin
inkişafı, antiinflyasiya tədbilərinin həyata
keçirilməsi, ölkənin iqtisadi və milli təhlükəsizliyinin
təmin edilməsi, milli valyutanın alıcılıq
qabiliyyətinin möhkəmləndirilməsi, istehsal və
sosial infrastruktur sahələrinin yaradılması və
inkişafı və s. dövlətin təsiri və tənzimləməsi
olmadan mümkün deyildir.
3. İqtisadiyyatın normal fəaliyyət
göstərməsi və inkişafı üçün
qaydalar, prinsiplər və normaların müəyyən edilməsi
dövlətin işidir. Bu qaydalara hər yerdə
müəyyən olunduğu kimi əməl edilməsini təmin
etmək, onu pozanlara qarşı müxtəlif
sanksiyaların, o cümlədən maliyyə
sanksiyalarının tətbiq edilməsini, onların dərəcələrini
və məbləğini, ödənilmə müddətini
müəyyən etmək, bir sözlə, bazar
iqtisadiyyatının tənzimləyə bilmədiklərini
dövlət yerinə yetirir.
Bazar həmişə
pulluların tələbatının ödənilməsinə
istiqamətlənir. Dövlətsə ölkədə
sosial-siyasi, makroiqtisadi və makromaliyyə stabilliyin uzun
müddətli davamını təmin edir. İqtisadi və
inzibati metodlarla dövlət inhisarında olan aparıcı
sahələrdə (enerji daşıyıcıları) qiymətqoymanı
tənzimləyir, vergiləri, rüsumları, onların dərəcələrini
və ödənilmə müddətlərini
müəyyən edir, vergi qanunvericiliyinə əməl etməyənlərə
qarşı sanksiyalar tətbiq olunma qaydalarını müəyyən
edir. Ölkənin iqtisadi təhlükəsizliyini təmin
edir, standartlar hazırlayır, onların müəyyən
edilmiş sahələrdə tətbiqini təmin edir və
standartlara hər yerdə eyni cür əməl
olunmasına nəzarət edir, beynəlxalq iqtisadi əlaqələrdə
ölkənin maraqlarını qoruyur və s. Sosial-iqtisadi
inkişafın məqsədyönlü xarakteri dövlət
tərəfindən müəyyən edilir və icra olunur.
Dövlət büdcə-vergi, pul-kredit, rüsum-tarif, qiymət
(dövlət inhisarında olan sahələrdə) siyasətini
müəyyən edir.
Dövlətin tənzimləyici
rolu nə qədər böyük olsa da o bazar iqtisadiyyatı
mexanizmlərinin, stimullarının, normalar və
qaydalarının fəaliyyətinə maneələr
yaratmamalıdır. İqtisadiyyatın dövlət tənzimlənməsi,
bazar iqtisadiyyatına alternativ deyildir. Bazar iqtisadiyyatı və dövlət
tənzimlənməsi bir-birini tamamlamalıdır.
Bazar iqtisadiyyatının hər
şeyi avtomatik tənzimləmə xassəsinə malik
olduğunu və dövlətin iqtisadiyyatdan tamam “getməsini”
istəyənlərin mövqeyinin yanlış olduğunu təcrübə
təsdiq etmişdir. ABŞ-da, Almaniyada, İngiltərədə,
Fransada, Yaponiyada 2008-2009-cu illərdə ödəmə
qabiliyyətini itirmiş bankları səhmlərini almaqla
müflisləşməyə qoymayan, büdcə vəsaiti
ilə onlara yardım edən, onları milliləşdirən
dövlətlərin siyahısı çoxdur. Məşhur
Amerika iqtisadçısı Con Qelbreytin haqlı olduğunu
praktika sübut etdi. O, deyirdi: “Dövlətin iqtisadiyyatda
heç bir rol oynamadığını qəbul etmək cəmiyyətə
məhvedici təsir edərdi”. Nə istehsal etmək? Nə qədər
istehsal etmək? Kimin üçün istehsal etmək? — Bu
problemlər dövlət tənzimlənməsi olmadan bazar
mexanizmləri tərəfindən həll edilə bilməz.
Dövlət bazar
iqtisadiyyatının səmərəli fəaliyyət
göstərməsinə təsir etmək üçün
güclü alətlərə malikdir. O, ən əvvəl
bu iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi
və inkişafına hüquqi baza yaradır. İqtisadi
islahatların başlıca istiqamətlərini müəyyənləşdirir
və onların sistemlə reallaşmasını təmin
edir. İnkişaf etmiş ölkələrin bir çoxunda
iqtisadiyyatın (mülkiyyətin) 20-25
faizi dövlətə məxsusdur. İqtisadiyyatda
güclü dövlət sektoru vardır. İqtisadiyyata
investisiya qoyuluşunda dövlətin payı 30-35 faizə
çatır.
Dövlətin ən güclü
aləti, iqtisadiyyata təsir etməsinin ən təsirli
mexanizmi büdcə-vergi siyasətidir. Bu siyasətlə
iqtisadi inkişafı təmin etməyin strateji məqsədləri
müəyyən edilir. Dövlət iqtisadiyyatın vergi
yükünü müəyyən etməklə, vergi dərəcələrinin
diferensiallığı ilə iqtisadi inkişafı
stimullaşdıra və eləcə də iqtisadi artıma
antistimul yaranmasına təsir edə bilir.
Pul-kredit siyasəti dövlətin
iqtisadi funksiyalarının reallaşmasında büdcə-vergi
siyasətindən sonra ən güclü təsir etmək
vasitəsidir. Burada ölkənin pula tələbatı
ilə pul təklifi nisbətlərini tənzimləməklə,
iqtisadi artıma maliyyə təminatı yaratmaqla, maliyyə
resurslarının iqtisadiyyatın sektorları arasında
bölgüsü, yenidən bölgüsü və istifadəsinə
aid tədbirlər görməklə dövlət iqtisadi
inkişafa təsir edir.
Dövlət iqtisadiyyatın
texnoloji proseslərinə qarışmır. O,
iqtisadi inkişafa hüquqi baza yaratmaqla, mülkiyyət,
antiinhisar, büdcə-vergi, pul-kredit münasibətlərinə
aid, habelə istehlakçıların hüquqlarını
müdafiə edən qanunlar qəbul etməklə və
müəyyən olunmuş qaydalar və prinsiplərə əməl
olunmasını təmin etməklə tənzimləyir.
İqtisadiyyatın liberallaşması, iqtisadi subyektlərin
maliyyə təsərrüfat fəaliyyətini sərbəst
icra etmələri bəzi hallarda qanun pozuntularına,
sui-istifadə hallarına və korrupsiyaya əlverişli
şərait yaradır. Bu meyllərə
qarşı mübarizənin çətinliklərlə
qarşılaşması qanunların keşiyində
durmalı olanların — dövlət məmurlarının,
çinovniklərin, hüquq-mühafizə orqanları
işçilərinin arasında öz vəzifə
borclarını yerinə yetirmələrində neqativ
halların olması ilə əlaqədardır. Neqativ
meyllərin qarşısını təkcə repressiv
metodlarla almağa nail olunmasının səmərəli
olmadığı hamımıza məlumdur. Başlıca məsələ
qanunçuluğa əməl etməyin hamı və hər
kəs üçün normaya çevrilməsinə nail
olmaqdır. Burada geniş siyasi, təbliğat-təşviqat
işlərinin aparılması vacibdir. Lakin
unutmamalıyıq ki, onu qısa müddətdə həll etmək
mümkün deyil. Vətəndaş cəmiyyəti
formalaşması prosesi və demokratik hüquqi dövlətin
yaranması uzunmüddətli prosesdir. Onu bir oturumda həll etmək
imkan xaricindədir. O, sistem xarakterli tədbirlərin həyata
keçirilməsini tələb edir.
Qeyd etməliyik ki, dövlətin
iqtisadi funksiyalarında səmərəliliyin aşağı
düşməsinin başlıca səbəbi qanunların tələb
olunduğu səviyyədə icra olunmamasındadır. Vətəndaşların qanuni hüquqlarına, o
cümlədən mülkiyyətə sahiblik hüququna,
müqavilələrə əməl edilməməsinə,
partnyorlar arasında qarşılıqlı tələbkarlıq
mühitinin formalaşmasına əməl edilməsində
ciddi nöqsanların olması və s. ilə əlaqədardır.
İqtisadiyyatın dövlət tənzimlənməsi
müasir bazar iqtisadiyyatının zəruri elementlərindən
birinə çevrilmişdir. 1990-cı illərin əvvəlində
aparılan islahatlar nəticəsində iqtisadiyyatın inzibati-amirlik
alətləri əhəmiyyətli dərəcədə zəiflədi.
Lakin bu, iqtisadiyyatda dövlətin rolunu aradan qaldırmaq
deyildi. Birincisi, dövlət islahatların təşəbbüsçüsüdür.
İslahatların başlıca istiqamətləri, prioritetləri,
parametrləri dövlət tərəfindən müəyyən
edilir.
İkincisi, dövlət kifayət
qədər əsaslandırılmış, balanslı
makroiqtisadi siyasət yeridir, inflyasiyanın
dağıdıcı həddə çatmasına imkan verməyən
başlıca qaydaları və prinsipləri müəyyən
edir. Dövlət pul-kredit sferasının tarazlı
inkişafını təmin edir, tədavüldə olan pul
kütləsinin kəmiyyətini tənzimləmək
üçün tədbirlər görür. Başlıca məsələ
onların yerinə yetirilmə prinsipləri və
metodlarının düzgün seçilməsi, bu təsir
vasitələri arasında prioritetlərin
optimallığının təmin edilməsidir. Məsələn, pul-kredit siyasətinin müəyyən
edilməsində dövlət bir tərəfdən
“inflyasiyanı cilovlamalı” (1994-cü ildə illik inflyasiya
Azərbaycanda 1600-1800 faizə çatmışdı), digər
tərəfdən iqtisadiyyatda “pul aclığı”
yaranmasına yol verməməli, onun pula tələbatını
ödəmək üçün tədbirlər
görməli idi. Yeridilən siyasət
inflyasiyanı boğmağa şərait yaratdı. Lakin
problemin ikinci tərəfi kifayət qədər nəzərə
alınmadığından, sərt pul-kredit siyasəti yeridilməsinə
birtərəfli qaydada üstünlük verildiyindən
iqtisadiyyatın pul qıtlığına cavab reaksiyası
qarşılıqlı borcların artması ilə nəticələndi.
1996-cı ildə Azərbaycanda müəssisə və təşkilatların
qarşılıqlı borclarının ÜDM-ə nisbəti
135 faizi ötüb keçdi.
Bu gün Azərbaycanda dövlətin
öz iqtisadi rolunu səmərəli yerinə yetirməsi
üçün zəruri olan şərtlər kifayət qədərdir.
Birincisi, Azərbaycanda olan aktivlərin yarısı dövlətin
sərəncamındadır. ÜDM gəlirlərinin 30 faizə
qədərini dövlət idarə edir. Göstərilən
amillər mühüm olsa da dövlətin iqtisadiyyatda rolunu təkcə
bu amillərlə müəyyən etmək olmaz.
Yaponiyada dövlət mülkiyyətinin
xüsusi çəkisi 10 faizdən çox deyil. Dövlət
xərclərinin ÜDM-ə nisbəti 16 faiz təşkil
edir. Lakin Yaponiyada dövlətin iqtisadi rolu dünyanın əksər
ölkələrindən güclüdür. Əlbəttə,
bu Yaponiya qaydaları, iqtisadi alətləri və metodları
ilə müəyyən olunur.
Dövlətin iqtisadiyyatda
iştirakını dövlət mülkiyyətinin xüsusi
çəkisi, dövlət büdcəsinin gəlirləri və
xərclərinin ÜDM-ə nisbəti ilə müəyyən
edilə bilməz. Bunlar mühüm göstəricilər
olsa da iqtisadiyyatın dövlət tənzimlənməsi
mürəkkəb, çoxsahəli, proses olub statik deyil,
dinamik xassələrə malikdir. İqtisadiyyatın dövlət
tənzimlənməsinin istiqamətləri, formaları və
mexanizmi dinamik xarakter daşısa da, dövlətin
iqtisadiyyata təsirinin klassik
funksiyaları: mülkiyyət hüququnun qorunması,
sahibkarlıq fəaliyyətinin
stimullaşdırılması, inhisarçılıq meyllərinə
qarşı mübarizə aparılması, təsərrüfatçılıqda
qanunçuluğa əməl olunmasının təmin edilməsi,
pul tədavülünün tənzimlənməsi, milli
valyutanın sabitliyinin möhkəmləndirilməsi,
sahibkarlarla muzdlu işçilər arasındakı münasibətlərin
tənzimlənməsi, xarici iqtisadi fəaliyyətə nəzarət,
o cümlədən gömrük sisteminin səmərəli fəaliyyətini
təşkil etmək, ölkənin iqtisadi təhlükəsizliyinin
təmini, habelə dövlətin sosial
funksiyalarının həyata keçirilməsi, mülkiyyət
və təsərrüfatçılıq formasından
asılı olmayaraq bütün iqtisadi subyektlərdə əməyin
ödənişinin minimum həddinin müəyyən edilməsi,
iş gününün hədlərinin, ölkədə
sosial-siyasi sabitliyin təmin olunması, ekoloji vəziyyətin
qorunması, onun təhlükəli həddə
çatmasının qarşısının alınması,
yolların, kommunikasiya qurğularının abad vəziyyətdə
saxlanması problemləri həmişə dövlətin
iqtisadi funksiyalarına aiddir.
Bazar münasibətləri şəraitində
dövlətin göstərilən iqtisadi funksiyalarının
heç biri aradan qalxmır. Dəyişilən
yalnız onların reallaşmasının formaları,
metodları və mexanizmlərindən ibarət olur.Dövlətin
başlıca funksiyasını, eləcə də onun
iqtisadiyyata təsirinin təməl daşını
qanunların hazırlanması və onların
reallaşması təşkil edir. Bu, bazar
iqtisadiyyatında dövlətin iqtisadi rolunun əsasıdır,
iqtisadi təhlükəsizliyi təmin etməyin vacib şərtidir.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu, digər qanunların hazırlanması və qəbulu üçün sistemyaradıcı xarakter daşıdı. Konstitusiya qəbul olunduqdan sonra hazırlanmış qanunların keyfiyyətcə fərqlənməsi təkcə onu hazırlayanların xidməti deyil. O, habelə yeni hazırlanan qanunların müddəalarını əsas qanunla uzlaşdırmaq imkanının yaranması ilə əlaqədardır. Bütün bunlar dövlətin məqsədyönlü təsiri və tənzimləməsi olmadan mümkün deyildi. Qeyd etdiyimiz kimi, dövlət bazar münasibətləri şəraitində istehsalın texnologiyasına, əmək və istehsal proseslərinin idarə olunmasına, maddi və material ehtiyatlarının müəssisələr və birliklər arasında bölgüsünə, yenidən bölgüsünə, reallaşdırılmasına və s. müdaxilə etmir. Cəmiyyətin inkişafı, ictimai istehsalın strukturunda, onun texniki bazasında irəliləyişlər baş verməsi dövlətin iqtisadi funksiyalarında yeni cəhətlərin meydana gəlməsi ilə nəticələnir. Dövlətin iqtisadi inkişafda rolu nə qədər yüksək olsa da o, bazar mexanizmlərini əvəzləməməli, onların səmərəli fəaliyyətinə şərait yaratmalıdır. Ölkədə irimiqyaslı bank, büdcə, vergi, inzibati-idarəetmə islahatları aparılır. Sahibkarlığın, iqtisadi fəallığın artımı üçün stimullaşdırıcı vasitələrdən istifadə olunur. Dövlətin iqtisadiyyatı birbaşa tənzimləməsi ardıcıl olaraq dolayı metodlarla tənzimləmələrlə əvəzlənir. Dövlətin sosial funksiyaları güclənir. Dövlət yaşayış minimumunu, iş gününün və sərbəst vaxtın davamiyyətini, məzuniyyət müddətini müəyyən edir, əhalinin gəlirinin diferensiallaşmasındakı kəskin fərqlərin aradan qaldırılmasını, ictimai qruplar arasında təbəqələşmənin dərinləşməsini, sosial münaqişə həddinə yüksəlməsinə imkan verməyən tənzimləyici tədbirləri həyata keçirir. İqtisadi inkişafın müxtəlif mərhələlərində bazar münasibətlərinin rolu əhəmiyyətli dərəcədə fərqlənir. İqtisadi sistemin transformasiyası dövründə və inkişaf etmiş bazar münasibətləri şəraitində onun rolunda əsaslı fərqlər özünü qabarıq şəkildə büruzə verir. Bazar münasibətlərinə keçid dövründə dövlətin rolu başlıca olaraq yeni mülkiyyət münasibətlərinin formalaşmasına (bu münasibətlərin kortəbii surətdə formalaşması mümkün deyil), kiçik sahibkarlığın, o cümlədən fermer təsərrüfatlarının yaranmasına (onun dövlət himayəsi olmadan formalaşması çətinliklərlə qarşılaşa bilər), maliyyə və fond bazarlarının yaranmasına, əmək bazarının, bir sözlə, bazar iqtisadiyyatı infrastrukturlarının formalaşmasına xidmət edir. Onların yaranması və inkişafı dövlətin bilavasitə iştirakı olmadan mümkün deyil. Bazar münasibətləri tamam formalaşdıqdan sonra da dövlətin iqtisadiyyatdan getməsi mümkün deyil. İqtisadiyyatın dövlət tənzimlənməsinin miqyası və metodları müxtəlif ölkələrdə əsaslı surətdə fərqlənir. Bu, mövcud ölkənin tarixi ənənələri, həyat tərzi, milli təsərrüfatçılıq metodlarından, geosiyasi vəziyyətindən asılıdır. Ona görə də bazar münasibətlərinə keçən ölkənin hazır reseptlərdən istifadə etməsi mümkün deyil.
Bazar münasibətlərini dövlətin tənzimləməsinin zəruriliyi təkcə həmin münasibətlərin qeyri-təkmil olmasında axtarmaq düzgün olmazdı. Əlbəttə, dövlət daha fundamental makroiqtisadi münasibətləri tənzimləyır. Bunu xüsusilə ekoloji balansın və eləcə də makroiqtisadi tarazlıqların təmin olunması məsələlərinə aid etmək olar.
“Ayrıca müəssisəyə sərfəli olan, həmçinin dövlətə sərfəlidir” tezisi hazırkı reallığı dolğun əks etdirmir. Dövlətin siyasəti ilə biznes fəaliyyəti və onun nəticələri arasında uyğunsuzluqlar ola bilər. Ona görə də dövlətin vəzifəsi yalnız bazar iqtisadiyyatı fəaliyyətinə şərait yaratmaqdan ibarət deyildir. Onun başlıca funksiyası ictimai maraqla və ayrıca biznesin marağı arasında balans yaratmaqdan ibarətdir. Dövlət ölkədə yeridilən daxili və xarici siyasəti təzimləməli, onların arasında balans yaradılmasını, ümummilli maraqların qorunmasını təmin etməlidir. Dövlətin tənzimləyici rolunun mərkəzi məsələsi sosial-iqtisadi yenidənqurmanın istiqamətlərini, onun mərhələlərini, prioritetlərini, strategiyasını və son məqsədini müəyyənləşdirməkdir. Onu Azərbaycan dövlətinin başçısı müəyyən edir.
(ardı var)
Səttar SƏFƏROV,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının
professoru, iqtisad elmləri doktoru
Xalq qəzeti.- 2009.- 16 oktyabr.- S. 4.