Azərbaycan: inkişaf və tərəqqi geniş vüsət alır

 

Prezident İlham Əliyev xalqın etimadını şərəflə doğruldur

 

Mən İlham Əliyevin xətti ilə müqayisə olunacaq alternativ layihə görmürəm.

 

Qleb PAVLOVSKİ,

Rusiya politoloqu, Səmərəli Siyasət Fondunun prezidenti

 

Beləliklə, Azərbaycan xalqının, vətənsevər insanlarımızın, xüsusən, ölkənin ictimai-siyasi həyatında mühüm söz sahibi olan Yeni Azərbaycan Partiyasının hərtərəfli hazırlıq və mütəşəkkil səsvermə ilə reallaşdırdığı 2008-ci il prezident seçkilərindən bir il ötdü. Əslində bir il tarix üçün həddən artıq qısa dövrdür. Azərbaycanın dövlət müstəqilliyinin isə cəmi 18 yaşı olduğuna görə bir il də bizim üçün çox mühüm əhəmiyyət kəsb edən zaman kəsiyidir.

 

Məşhur bir ifadə var ki, yaşanmış həyat geridə qalan illərin sayına görə deyil, bu illərdəki əməllərə, fəaliyyətə görə qiymətləndirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci dəfə dövlət başçısı seçilməsindən sonrakı bir il də həm ümummilli liderimiz Heydər Əliyevin, həm də cənab Prezidentin özünün ölkəyə rəhbərlik etdiyi əvvəlki illər kimi səmərəli, məzmunlu, milli mənafe baxımından çox böyük hadisələrlə zəngin bir il olmuşdur.

2008-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərindən ötən bir ili milli tariximiz üçün əhəmiyyətli edən bir sıra məqamlar vardır ki, aşağıda onlar haqqında söz açacağıq. Hələlik isə qeyd edilən seçkinin özü barədə bir neçə kəlmə ilə xatırlatmaları qələmə alaq. Heydər Əliyev siyasi kursunun növbəti təntənəsi olan 2008-ci il prezident seçkilərinin ədalətli və obyektiv şəkildə keçirilməsini 1400-dən çox xarici və 40 mindən artıq yerli müşahidəçinin iştirakı sübut edirdi. Almaniyalı müşahidəçilərdən biri səsvermə günü gördükləri barədə söz açmazdan əvvəl maraqlı bir fikir söyləmişdi: “Seçki prosesində cüzi də olsa ədalətsizlik etməyi düşünən təşkilatçılar bu seçkini müşahidə etmək üçün mindən çox əcnəbi eksperti dəvət etməzdilər. Üstəlik ölkədəki bütün siyasi partiyaların müşahidəçiləri də səsvermə prosesini böyük fəallıqla müşahidə edirdilər”. Bu fikirlərin müəllifi Avropanın ən inkişaf etmiş ölkələrindən birinin, böyük seçki təcrübəsi olan Almaniyanın təmsilçisi idi. Avropalı müşahidəçinin məntiqini xatırlatmaqda məqsəd odur ki, ölkədə keçirilmiş sonuncu prezident seçkisi məhz Avropa standartları səviyyəsində təşkil edilmişdi və 7 namizəd arasından YAP namizədinin böyük səs çoxluğu ilə (88,73 faiz) qalib gəlməsi ölkədəki demokratik əhval-ruhiyyənin və xalqın iradəsinin göstəricisi idi.

Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, ötənilki prezident seçkilərinin nəticələri elan ediləndən sonra digər namizədlərin hamısı qalib gəlmiş namizədi qələbə münasibəti ilə təbrik etmişdilər. Bu, bir tərəfdən ölkədə yeni siyasi mədəniyyətin formalaşması idisə, digər tərəfdən də seçkinin nəticələrinə heç kəsdə zərrə qədər də olsa şübhə qalmadığının təzahürü idi. Bu məsələyə oktyabrın 24-də Heydər Əliyev Sarayında ikinci dəfə dövlət başçısı kimi and içən Prezident İlham Əliyev xüsusi münasibət bildirmişdi: “...Mənim namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm, seçki kampaniyasında yaxından iştirak etdiklərinə görə partiyanın fəallarına minnətdaram. Bu seçkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm... Bu fürsətdən istifadə edərək məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə təbrikə görə öz təşəkkürümü bildirirəm”. Yəni 2008-ci il seçkiləri bizim üçün adi bir siyasi kampaniya kimi deyil, Azərbaycan tarixinə düşən əlamətdar hadisə kimi əhəmiyyətlidir.

İndi isə seçkidən sonrakı bir ilin əhəmiyyətli il olduğu barədə. Məlumdur ki, ürəyi arzu və ümidlə dolu olan insan artıq gələcəkdə yaşayır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev sözün həqiqi mənasında gələcəyin vətəndaşıdır. Bu arqumentin əməllərdə təsdiqləndiyi göz qabağındadır.

İlham Əliyevin dövlət başçısı kimi ikinci dəfə and içməsindən 20 gün sonra — 2008-ci il noyabrın 14-də Bakıda — “Gülüstan” sarayında Avrasiyanın 21 ölkəsinin təmsilçilərinin iştirakı ilə IV Enerji Sammiti keçirildi. Bakının ev sahibliyi etdiyi bu sammitdə 6 ölkə prezident səviyyəsində təmsil olunurdu. Söhbət Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması üçün daha mükəmməl və tərəflərin bütün maraqlarına cavab verən yeni layihələrin işlənilib hazırlanmasından gedirdi. Bu zaman Avropa ölkələrinin enerji təhlükəsizliyi təmin olunacaq, Azərbaycanın isə həm təbii sərvətləri ixrac olunacaq, həm də əzəli və yeganə problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün rəsmi Bakının tərəfdaşları çoxalacaqdı. Həmin addımların nəticəsini son günlər aydın şəkildə gördük. Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl reallaşdırdığı Rumıniya səfəri zamanı Buxarest rəsmi Bakı ilə strateji tərəfdaşlıq barədə saziş imzaladı. Bu sazişin əhəmiyyətini göstərmək üçün bircə faktı yada salmaq kifayətdir: İndiyədək Rumıniya belə sazişi cəmi iki dövlətlə — ABŞ və Fransa ilə imzalamışdı. Avropada Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya kimi qüdrətli dövlətlərin olduğunu nəzərə alsaq, Rumıniyanın Azərbaycana nə qədər böyük etimad göstərdiyi barədə təsəvvür yaranar. Fikrimizcə, bu, son bir ilin diplomatik uğurları arasında ən əhəmiyyətlilərindəndir.

Yaxud, ötən il noyabrın 21-də İstanbulda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin imzaladığı saziş əsasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması barədə qərar qəbul edilmişdi. Bu il — Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan sammiti ərəfəsində Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasını formalaşdıran xüsusi toplantı keçirildi. TÖPA-nın ilk baş katibi Azərbaycan rəsmisi, uzun müddət Yeni Azərbaycan Partiyası gənclər təşkilatına rəhbərlik etmiş Ramil Həsənov seçildi. Ən önəmlisi isə TÖPA katibliyinin Bakıda yerləşməsi barədə qərarın qəbul edilməsi idi. Bundan başqa Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan sammitində məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə TÜRKSOY təşkilatı yanında türk mədəniyyətinə və tarixinə xidmət edəcək yeni fondun yaradılması barədə qərar qəbul edilmişdir. Məhz həmin fond çərçivəsində Türkdilli Akademiyanın yaradılması və bu akademiyanın Astanada yerləşdirilməsi barədə razılıq əldə edilmişdir. Türkdilli ölkələrin əməkdaşlıq Şurasının əsas qərargahı isə Türkiyədə yerləşəcəkdir. Beləliklə, SSRİ-nin çökməsindən sonra dövri olaraq gündəliyə gətirilən Türkdilli ölkələrin birliyinin yaradılması barədə təkliflər artıq günün reallığına çevrilir. Bu istiqamətdə atılan addımların böyük əksəriyyəti Prezident İlham Əliyevin ikinci dəfə dövlət başçısı seçilməsindən sonrakı nailiyyətlərimizdəndir.

Prezident İlham Əliyevin ikinci dəfə dövlət başçısı seçilməsindən sonrakı dövrün əlamətdar hadisələrindən biri də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” adlı möhtəşəm sənədin icrasının başa çatması barədə hesabatın dinlənilməsi və 2009-2013-cü illəri əhatə edən yeni analoji sənədin təsdiqlənməsi oldu. Növbəti proqram da respublikanın bütün regionlarının hərtərəfli inkişafını təmin edəcək çox qiymətli sənəddir. Sentyabrın 15-də Bakıdakı “Buta” sarayında “Əsrin müqaviləsi”nin 15 illiyinə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Prezident İlham Əliyev həm “Əsrin müqaviləsi”nin, həm də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı roldan söz açmışdır: “Bugünkü Azərbaycan müasir ölkədir, güclü iqtisadiyyata malik ölkədir, sabit ölkədir, investisiyalar üçün çox məqbul ölkədir. Xarici tərəfdaşlarla bizim əməkdaşlığımız davam edir və bu çox sevindirici haldır. Biz öz sözümüzə həmişə sadiq olmuşuq, sözümüzlə əməlimiz arasında heç vaxt fərq olmamışdır. Ona görə Azərbaycan dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınır”. Yeri gəlmişkən, hələ ilin əvvəlində – yanvar ayının 29-da Davos İqtisadi Forumunun “Enerji Outlook - 2009" mövzusunda iclasında avropalı mütəxəssislər Azərbaycanın etibarlı tərəfdaş olduğunu dönə-dönə qeyd etmişdilər. Dövlət başçımızın aprelin son günlərində Belçika Krallığına işgüzar səfəri çərçivəsində görüşdüyü Avropa Komissiyasının sədri Joze Manuel Barrozu KİV üçün verdiyi bəyanatda demişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda bizim üçün olduqca mühüm tərəfdaşdır. Yəni ötən ilin oktyabrından sonra Azərbaycanın sosial-iqtisadi həyatında və beynəlxalq aləmə inteqrasiyamızda çox mühüm addımlar atılmışdır.

Sevindirici haldır ki, 2008-ci il seçkilərindən sonra ölkəmizdə cəmiyyətin daha da demokratikləşdirilməsi, əsas insan hüquq və azadlıqlarının daha mükəmməl qorunması istiqamətində də kifayət qədər irəliləyişlər olmuşdur. Konstitusiyaya bəzi dəyişikliklər və əlavələr edilməsi məqsədilə keçirilən 2009-cu ilin 18 mart referendumu, beynəlxalq aləmdə “Tolerantlığın Azərbaycan nümunəsi” kimi nüfuz qazanmış dövlət siyasətimizin qətiyyətlə davam etdirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsinə verdiyimiz töhfələr, bütün beynəlxalq təşkilatlarla, xüsusən, YUNESKO ilə əməkdaşlığın genişləndirilməsi, informasiya - kommunikasiya texnologiyalarının geniş miqyasda tətbiq edilməsi üçün imzalanmış dövlət proqramlarının sürətlə icra edilməsi... bütün bunlar 2008-ci il prezident seçkilərindən sonrakı uğurlarımızdır. Ancaq cəmiyyət həyatında texniki tərəqqini daha mühüm amil sayan ekspertlərin fikrincə, son bir ildə bizim ən böyük uğurlarımızdan biri kosmosa Azərbaycanın rabitə məqsədli süni peykinin buraxılması üçün aparılan hazırlıqların başa çatmasıdır. Elə kosmos da sürət, tərəqqi, inkişaf deməkdir.

Sonda bir məsələni də qeyd edək. Bugünkü Azərbaycan dövlətinin qüdrətləndirilməsində Prezident İlham Əliyevin ən yaxın silahdaşı Heydər Əliyev Fondu, xüsusən, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Heydər Əliyev Fondu son bir ildə də Azərbaycana yeni beynəlxalq nüfuz qazandıran çoxsaylı layilər həyata keçirmişdir. Bu layihələrin hər biri müstəqil dövlətimizin müasirləşdirilməsi və qüdrətlənməsinə xidmət edir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 16 oktyabr.- S. 3.