Neft Akademiyasının təhsil və elm sahəsində
beynəlxalq əlaqələri genişlənir
Qloballaşma və dövlətlərarası
inteqrasiya prosesinin sürətləndiyi bir şəraitdə
təhsilin və elmin beynəlxalq standartlar səviyyəsində
inkişaf etdirilməsi, təhsil müəssisələrinin beynəlxalq
əməkdaşlığının genişləndirilməsi
bu gün zamanın tələbinə çevrilmişdir. Aydındır
ki, müxtəlif regionlarda yerləşən təhsil müəssisələri
tədrisin təşkilində, elmi tədqiqat işlərinin
istiqamətlərinin seçilməsində və kadrların
hazırlanmasında müəyyən nailiyyətlər əldə
etmişlər. Bu nailiyyətlərin qarşılıqlı
öyrənilməsi və yaradıcı istifadə edilməsi
əməkdaşlıq edən bütün tərəflər
üçün çox faydalıdır.
Bu baxımdan 1920-ci ildə
yaradılan, Avropada, Asiyada və Şərqdə ilk neft-qaz
profilli ali texniki məktəb olan Azərbaycan Dövlət
Neft Akademiyası bir çox ali məktəblər
üçün nümunə olmuşdur. Sovetlər
İttifaqı məkanında neft istiqamətli bir çox ali
təhsil müəssisələrinin yaradılmasında fəal
iştirak edən Neft Akademiyası həm də onları
yüksək ixtisaslı kadrlar və iş təcrübəsi
ilə təmin etmişdir. Azərbaycanın bir çox
görkəmli nefçi alimləri yeni yaradılan ali təhsil
müəssisələrində fəaliyyət göstərmiş,
özlərinin zəngin təcrübəsini onlarla
bölüşmüşlər.
Rusiyanın bir çox dövlət
xadimləri, elm, təhsil mütəxəssisləri Azərbaycan
Dövlət Neft Akademiyasını bitirmiş, burada namizədlik
və doktorluq dissertasiyaları müdafiə etmiş və
elmi dərəcə almışlar. Keçmiş Sovetlər
İttifaqının rəhbərlərindən biri Nikolay
Baybakov, SSRİ qaz sənayesi naziri Sabit Orucov, Kosmik gəmilərin
uçuşu üzrə dövlət Komisiyasının sədri
Kərim Kərimov, “Lukoyl” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov,
onun müavini Vahid Şərifov, “Rosneft” Şirkətinin
vitse-prezidenti Mars Xasanov məhz ADNA-da təhsil almış və
burada elmi işlərlə məşğul olmuşlar.
SSRİ Elmlər
Akademiyasının ilk azərbaycanlı müxbir üzvü
Mehbalı Əmiraslanovun fəaliyyəti də xüsusi qeyd
olunmalıdır. O, Qubkin adına Moskva Dövlət Neft və
Qaz İnstitutunun yaradılmasında yaxından iştirak
etmiş, uzun illər bu institutun kafedra müdiri və elmi işlər
üzrə prorektoru vəzifələrində
çalışmışdır. Daha sonra bu vəzifəni
üç dəfə SSRİ dövlət mükafatı
laureatı, professor Əyyub Tağıyev tutmuşdur.
Hazırda isə bu institutun riyaziyyat kafedrasına professor Məcid
Hüseynzadə başçılıq edir.
Azərbaycan Dövlət Neft
Akademiyasının Başqırdıstan və Komi
respublikaları ilə ənənəvi əməkdaşlıq
əlaqələrinin də zəngin tarixi var. 1970-1977-ci illərdə
Azərbaycan Dövlət Neft Akademiyasının mütəxəssislərinin
bilavasitə yardımı ilə Başqırdıstan
Respublikası üçün 34 elmlər namizədi və 18
elmlər doktoru hazırlanmışdır. Təkcə onu
qeyd etmək kifayətdir ki, Başqırdıstan Elmlər
Akademiyasının prezidenti, Ufa Dövlət Neft Texniki
Universitetinin rektoru, professor Ayrat Şammazov,
Başqırdıstan EA-nın vitse prezidenti, İPTR-un baş
direktoru professor Asxad Qumerov, Ufa Dövlət Neft Texniki
Universitetinin prorektoru, professor Ramil Baxtizin və
başqaları məhz ADNA-nın mütəxəssislərinin
rəhbərliyi altında namizədlik və doktorluq
dissertasiyalarını müdafiə etmişlər.
Azərbaycan Dövlət Neft
Akademiyasının mütəxəssisləri Komi
Respublikasının təhsil və elm müəssisələri
üçün də yüksək ixtisaslı kadrların
hazırlanmasında fəal iştirak etmişlər. Uxta
Dövlət Texniki Universitetinin rektoru professor Nikolay Tsxadaya və
onlarla başqaları ADNA-da hazırlıq keçmiş,
namizədlik və doktorluq dissertasiyalarını müdafiə
etmişlər.
Azərbaycan Dövlət Neft
Akademiyası fəaliyyət göstərdiyi 90 ildə zəngin
tarixi yol keçmiş, elmi-tədqiqat və təhsilin təşkilində
böyük nailiyyətlər qazanmışdır. Keçən
illər ərzində ADNA-nın kənd təsərrüfatı,
arxitektura-tikinti, maşınqayırma, energetika və sairə
fakültələrinin əsasında Azərbaycan Kənd Təsərrüfatı
Akademiyası, Azərbaycan Memarlıq və İnşaat
Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir
Politexnik İnstitutu və Sumqayıt Dövlət Universiteti
yaradılmışdır. Hazırda Azərbaycan Dövlət
Neft Akademiyasının 7 müxtəlif fakültəsində
yanacaq-enerji və kimya kompleksləri üçün əyani
və qiyabi şöbələrdə bakalavr səviyyəsində
31 ixtisas, maqistratura səviyyəsində isə 74 ixtisaslaşma
üzrə mütəxəssislər hazırlanır.
Bu gün ABŞ-ın,
Fransanın, Almaniyanın, İtaliyanın, Polşanın,
Çinin, Norveçin və Hollandiyanın tədris mərkəzləri
ilə əməkdaşlığın nəticəsi olaraq
Neft Akademiyasında bir sıra perspektivli ixtisaslar üzrə qərb
standartlarına uyğunlaşdırılmış tədris
planları əsasında respublika iqtisadiyyatının
müxtəlif sahələri üçün yüksək
hazırlıqlı bakalavrlar və magistrlar hazırlanır.
Xarici ölkələrlə əlaqələrin
genişləndirilməsi nəticəsində ADNA-da 1961-ci ildə
yaradılan hazırlıq fakültəsində bir çox
xarici dövlətlərin minlərlə nümayəndəsi
təhsil almışdır. Fəxrlə qeyd edə bilərəm
ki, Neft Akademiyasında təhsil almış mütəxəssislərin
böyük bir hissəsi hazırda dünyanın 18 ölkəsində
rəhbər vəzifələrdə çalışır.
Zəngin tədris və elmi ənənələrə malik
olan Azərbaycan Dövlət Neft Akademiyasında Yaxın
Şərq, Afrika, Şərqi Asiya ölkələri və
Rusiya üçün 3100 tələbə, 350 elmlər namizədi,
140 elmlər doktoru hazırlanmışdır.
Ulu öndər Heydər Əliyevin,
ADNA-nın 80 illik yubiley mərasimində dərin məzmunlu
çıxışı zamanı ali məktəbin beynəlxalq
əlaqələrinin daha da genişləndirilməsi
haqqında verdiyi tövsiyəyə müvafiq olaraq
akademiyanın rəhbərliyi xarici ölkələrin Azərbaycandakı
səfırlikləri, elm və tədris mərkəzləri
ilə əlaqələr quraraq dünya təhsil məkanına
inteqrasiya istiqamətində bir sıra uğurlu addımlar
atmışdır.
2002-ci ilin yanvarında ADNA ilə
İranın Azad İslami Universitetinin Tehran mərkəzi
şöbəsinin imzaladığı “Niyyət” protokolunda
elm və təhsil sahələrində əməkdaşlığın
gücləndirilməsi planlaşdırmışdır.
2002-ci ilin dekabrında Çin
Neft Universiteti (ÇNU) ilə “Təhsil sahəsində birgə
kadr hazırlığı” üzrə, 2002-ci ilin
dekabrında Şimali Kiprın Yaxın Dogu Universiteti (YDU) ilə,
2003-cü ilin mayında Avstriyanın Montana şəhərinin
Leoben Universiteti ilə, 2003 - cü ildə Qazaxıstan -
Britaniya Texniki Universiteti ilə, 2004-ci ilin oktyabrında
Rumıniyanın Ployeşti Neft-Qaz Universiteti ilə, 2005-ci ildə
Rusiyanın Dövlət Neft və Qaz Universiteti (Moskva şəhəri),
Ufa Dövlət Neft Texniki Univesiteti, Tümen Dövlət
Neftqaz Universiteti, Uxta Dövlət Texniki Universiteti ilə elm və
tədris sahəsində əməkdaşlıq müqavilələri
imzalanmışdır. Müqavilələrin əsas məqsədi
bu universitetlər arasında elmi tədqiqat və tədris sahələrində
əməkdaşlığın möhkəmləndirilməsidir.
2005-ci ildə Misirin Qahirə,
Heluan, İskəndəriyyə Universitetləri ilə
bağlanan müqavilələrə əsasən müəllim
və tələbələrin mübadiləsi ilə
yanaşı, Qahirə şəhərində ADNA-nın
filialının açılması barədə də
razılıq əldə olunmuş və hazırda bu istiqamətdə
təşkilati işlər davam edir.
2006-ci ildə Qazaxıstanın
Manqistau institutu “BOLAŞAK” ilə əməkdaşlıq
üçün müqavilə imzalanmısdır. Bu muqavilə
çərçivəsində tədris prosesi və elmi tədqiqatların
təşkili sahəsində əldə edilmiş müasir
yeniliklər barədə informasiya, professor - müəllim heyətinin,
elmi işçilərin, doktorant, aspirant, magistrant və tələbələrin
mübadiləsi, aspirant və doktorantların iş təcrübəsi
keçmə və mütəxəssislərin yenidən
hazırlanmasının təşkilinin həyata keçirilməsi
planlaşdırılmışdır. Qazaxıstanın digər
– Ş. Yesenov adına Aktau Dövlət Universiteti ilə
elmi-texniki sahələrdə imzalanan əməkdaşlıq
müqaviləsi çərçivəsində isə ADNA tərəfındən
Qazaxıstan Respublikası üçün yüksək
ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji
kadrların hazırlanmasına köməklik göstəriləcəyi
nəzərdə tutulmuşdur.
2007-ci ilin aprelində
Norveçin Elm və Texnologiya Unıversıtetı ilə
imzalanmış “Anlaşılma protokolu”nda Norveçin Xarici
İşlər Nazirliyinin Təhsildə Beynəlxalq Əlaqələr
Mərkəzinin (SİU) dəstəyi ilə Azərbaycan və
Norveç arasında akademik əməkdaşlıq
proqramını həyata keçirmək təşəbbüsu
irəli sürülmüş, universitetlər arasında əməkdaşlıq
əlaqələri qurulmuşdur.
Azərbaycan Dövlət Neft
Akademiyasının xarici ölkələrin qabaqcıl ali məktəbləri
ilə əməkdaşlıq əlaqələrini əks
etdirən bu qəbildən olan faktlar kifayət qədər
çoxdur və bu da onu göstərir ki, ADNA-da istər kadr
hazırlığı, istərsə elmi tədqiqatlar və
axtarışlar zamanın tələbləri səviyyəsindədir.
Bu reallığın bir göstəricisi də Akademiyanın
istər ölkəmizdə olan, istərsə burada fəaliyyət
göstərən müəssisə, şirkət və
holdinqlərlə qurduğu yüksək əməkdaşlıq
əlaqələridir.
ADNA bu gün Azərbaycanda fəaliyyət
göstərən Lukoyl, SİNOPEC, CNPC, bp, STATOYL, HALLIBURTON,
TOTAL, KCA DEUTAG, AMEC, Emerson process management, Siemens, Moeller, Schneider
transmilli şirkətlərlə qurduğu əməkdaşlıq
əlaqələri əsasında bir sıra mühüm layihələr
həyata keçirilmişdir.
2001-ci ildən başlayaraq KSA
DEUTAG (Şotlandiya) şirkəti ARDNŞ və ADNA ilə
birgə əməkdaşlığı cərcivəsində
hər il Akademiyanın qaz-neft mədən, neft mexanika və
energetika fakultələrinin hər birindən 2 tələbə
olmaqla 6 tələbəyə təqaüd verir. Bu tələbələr
üçün şirkət ingilis dili kursları, KCA
DEUTAG-in Aberdendəki (Şotlandiya) ofisinə və Aberdinin bir
sıra aparıcı neft və qaz sənayesi obyektlərinə
qısa müddətli səfərlər təşkil edir və
onların bir çoxunu işlə təmin edir.
2003-cu ildən başlayaraq
Çin Xalq Respublikasının iri neft müəssisəsi
olan SINOPEC şirkəti ilə müəyyən ixtisaslar
üzrə mütəxəssis hazırlanması
üçün imzalanmış müqaviləyə əsasən
ADNA-da bu şirkətin 13 mütəxəssisi hazırlıq
kursu keçmişdir. 2004-cü ildə Çinin digər -
Milli Neft-Qaz Korporasiyası (CNPC) ilə mütəxəssis
hazırlanması üçün bağlanan müqavilə
çərçivəsində isə CNPC-nin 4 nəfər
mütəxəssisi ADNA-nın magistraturasını
bitirmişdir.
Bu gün ADNA-nın əməkdaşları
Türkiyənin, Əlcəzairin və Şimalı Kiprin ali
məktəblərində mühazirələr oxuyur və
çalışırlar. ACCELS, İPEX kimi qeyri dövlət
humanitar təşkilatlarının xəttilə ADNA-nın I
və II kurs tələbələrinin ABŞ-da təhsil
almalarına imkan yaradılmışdır, DAAD (Alman Akademik
Mübadilə Xidməti) təşkilatının köməyi
ilə hər il ADNA-nın 3-4 əməkdaşı, onlarca tələbəsi
müasir ixtisaslara yiyələnmək üçün
Almaniyanın aparıcı ali məktəblərinə ezam
olunurlar.
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin təqaüd poqramı və
digər proqramları çərçivəsində onlarla tələbə
və magistrantımız ABŞ-in, Almaniyanın, Fransanın,
İngiltərənin, Şotlandiyanın, Norveçin, Cənubi
Koreyanın, Yaponiyanın, Cin Xalq Respublikasının ali məktəblərində
təhsillərini davam etdirirlər.
ADNA-nın beynəlxalq sahədə
əməkdaşlığı bununla bitmir. Akademiya 1998-ci ildən
Avropa Universitetləri Assosiasiyasına (EUA), 1999-cu ildən isə
YUNESKO statuslu “İNKORVUZ” təşkilatına üzv qəbul
olunmuşdur. Qırxdan çox ölkədə 600 təşkilatı
birləşdirən EUA-nın məqsədi Avropada ali təhsil
sahəsində islahatlara təkan verərək üzv
universitetlərin Boloniya prosesinə qoşulmasına dəstək
olmaqdır. EUA ADNA-nı mütəmadi olaraq Avropa təhsil məkanında
gedən islahat proseslərini işiqlandıran ən son
materiallarla təmin edir, Neft Akademiyasının rəhbər
işçilərini EUA-nın keçirdiyi tədbirlərdə
iştirak etməyə dəvət edir.
2005-ci ildə Qara Dəniz
Hövzəsi Universitetləri Assosiasiyasının
üzvü seçilən Neft Akademiyasının rektoru
akademik Siyavuş Qarayev bu təşkilatın keçirdiyi tədbirlərdə
də mütəmadi iştirak edir. Universitetlər
Assosiasiyalarının simpozium və konfranslarında
ADNA-nın iştirakı onun beynəlxalq əlaqələrini
zənginləşdirməklə yanaşı, Avropa
Universitetlərinin idarə olunması təcrübəsinə
yiyələnməsinə, yeni təlim və tədris prosesləri
ilə yaxından tanış olub onların burada tətbiqinə
geniş imkanlar açır.
Lakin bu proses birtərəfli qaydada getmir. Çünki Avropa ali təhsil məkanının da, zəngin təcrübəsi olan Azərbaycan təhsil sistemindəki ənənələrdən əxz edəcəyi çox şey var. Məsələn, 2007-ci ilin oktyabr ayında ADNA-nın rektoru akademik Siyavuş Qarayev Almaniyanın Köln şəhərində “Azərbaycanda mühəndis hazırlığı prosesində reformalar” mövzusuna həsr olunmuş “Alman-Azərbaycan” konfransında iştirak etmiş, ölkəmizin 5 texniki ali məktəbinin rektoru adından çıxış etmişdir. Çıxışda Neft Akademiyası ilə yanaşı, Azərbaycanın digər ali təhsil ocaqlarının təcrübələrindən, təhsil metodlarından bəhs olunmuşdur.
2008-ci ilin sentyabr ayında ADNA-nın rektoru akademik Siyavuş Qarayev əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və yeni onilliyin strategiyasını müəyyən etmək məqsədilə Qara dəniz hövzəsi Universitetləri rektorlarının Rumıniyanın Konstansa şəhərində keçirilən növbədənkənar konfransında olmuş və müasir təhsilin qarşısında duran prioritet məsələlərin müzakirəsində yaxından iştirak etmişdir.
Təhsil müəssisələri arasında yaranmış ənənələri daha da genişləndirmək məqsədilə bağlanan müqavilələrdə ən yüksək ixtisaslı mütəxəssislərin elmi-tədqiqatlarının nəticələrinin və informasiya texnologiyalarının qarşılıqlı mübadiləsi, ali məktəblər arasında ən yeni sahələr üzrə əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqatların birgə aparılması haqqında proqramlar hazırlamaq və digər məsələlər əsas istiqamət kimi seçilir. Bütün bunların elmin və təhsilin müasir tələblər səviyyəsində qurulmasında əhəmiyyətli rol oynayacağı şübhəsizdir və biz bu əməkdaşlığın faydalı nəticələrinə inanırıq.
İmran CƏFƏRZADƏ,
Azərbaycan Dövlət Neft
Akademiyasının
prorektoru, professor
Xalq qəzeti.- 2009.- 17 oktyabr.- S. 7.