Bakının İslam Mədəniyyətinin Paytaxtı
elan olunması ilə bağlı tədbirlər bu ilin sonunadək
davam etdiriləcək
Məlumdur ki, hələ 2007-ci ilin noyabr ayında
Liviyanın paytaxtı Tripoli şəhərində
keçirilən İslam ölkələrinin mədəniyyət
nazirlərinin V konfransında Bakı şəhəri 2009-cu
il üçün “İslam Mədəniyyətinin
Paytaxtı” elan olunmuş və nazirlərin VI
konfransının Bakıda keçirilməsi qərara
alınmışdı. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi bununla əlaqədar xüsusi tədbirlər
proqramı hazırlamış və artıq bu günə
kimi onlardan böyük bir qismi həyata keçirilmişdir.
Oktyabrın 13-dən 15-dək
İslam Konfransı Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin Bakıda çox möhtəşəm
VI konfransı keçirildi. Ölkə Prezidenti cənab
İlham Əliyevin konfransa göndərdiyi məktubda deyilir:
“2009-cu il üçün Bakının İslam Mədəniyyətinin
Paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların
qovşağında yerləşən ölkəmizin zəngin
tarixi və mədəniyyətinə verilən yüksək
qiymətdir. Bu il ərzində gerçəkləşən
tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində
mədəni əlaqələrimizin inkişafına layiqli
töhfələr vermiş, bir daha Azərbaycanın
böyük İslam Mədəniyyətinin
formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb
etmişdir”. Konfrans iştirakçılarını qəbul
edən cənab Prezident İlham Əliyev konfransın
keçirildiyi günləri “dostluq günləri,
qardaşlıq günləri” adlandırmışdır.
Görüşdəki çıxışında Prezident
İlham Əliyev bir daha bildirmişdir: “Biz bundan sonra da
çalışacağıq ki, bu həmrəyliyi praktiki irəliləyişimizlə
daha da gücləndirək”.
Kofransda İslam dünyası
üçün mədəni strategiyanın həyata
keçirilməsi sahəsindəki səyləri ətrafında
müzakirələr davam etdirilmiş və nazirlər
ümidvar olduqlarını bildirmişlər ki, Bakı
konfransı əməkdaşlığın genişləndirilməsində
əhəmiyyətli rol oynayacaq. Bu konfrans Bakının
İslam Mədəniyyətinin Paytaxtı elan olunduğu ildə
keçiriləcək sonrakı tədbirlərə bir
növ stimul vermişdir.
Noyabr ayında Bakının
İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə
bağlı tədbirlərin keçirilməsi davam etdiriləcək.
“İslamda mədəniyyət və gözəllik amili”
adlı beynəlxalq elmi-praktiki konfransın noyabr ayının
9-dan 10-dək Muzey Mərkəzində keçirilməsi
planlaşdırılır. Bu konfransda İslam
dünyasının mənəvi dəyərlərinin
qorunması və zənginləşməsi ilə
bağlı poblemlər ətrafında müzakirələr
aparılacaq.
Bakı Xoreoqrafiya Məktəbinin
80 illik yubileyi də bu tədbirlər sırasındadır.
Avropa Şurasına üzv
dövlətlərin mədəniyyət nazirlərinin
konfransında əsası qoyulmuş “Sənətçilər
dialoq naminə” layihəsi çərçivəsində
“Şərq-Qərb” beynəlxalq rəqs festivalı noyabrın
24-dən 28-dək keçiriləcək. Bu tədbirlər
sırasına Azərbaycan Dövlət İncəsənət
Muzeyinin yeni binasında açılacaq Böyük
Britaniyanın Viktoriya və Albert muzeyinin “İslam üst
geyimləri Viktoriya və Albert muzeyində” sərgisi də
daxildir.
Dekabr ayında isə I Respublika
dekorativ-tətbiqi sənət festivalı keçiriləcək.
Xalq rəssamı Səttar Bəhlulzadənin
100 illik yubileyinə həsr olunmuş sərgi, “Azərbaycan
kino ensiklopediyasının təqdimatı” da bu tədbirlər
sırasındadır.
“Bakı-İslam Mədəniyyətinin
Paytaxtı-2009” Mədəniyyət İlinin təntənəli
bağlanışının dekabr ayının 15-də Heydər
Əliyev adına sarayda keçirilməsi nəzərdə
tutulur.
Heç şübhəsiz ki, bu
tədbirlər İslam dünyası ölkələrinin mədəni
əlaqələrinin genişlənməsinə və
möhkəmlənməsinə mühüm töhfələr
verəcək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 17 oktyabr.- S. 7.