ƏFQAN - 80
Yaradıcılığın müdriklik zirvəsində
Yüz yaş xoş arzu-dilək sayılırsa, səksən
həmin zirvəyə yaxın yaşdır. Əfqan həm
jurnalist, həm də yazıçı kimi lazımınca
tanınmış ziyalıdır. Əslində jurnalist də,
yazıçı da qələm sahibidir. Hər ikisinin
çörəyi yazı-pozudan çıxır. Elə bu səbəbdən
də onlar söz ölçüsü ilə qiymətləndirilir.
Tanıdığımız yazıçıların əksəri
istedadını mətbuatda çalışaraq meydana
çıxarıb püxtələşdirmişdir.
Əfqan Əsgərov əslində
zorən jurnalist olmuşdur. Çünki ağır
müharibə illərinin sarsıntıları ona tam orta təhsil
almağa imkan verməmişdir. Qələbədən sonra o,
bir qohumunun məsləhəti ilə tibb texnikumuna girmiş,
oranı əla qiymətlərlə bitirdiyindən azad təyinat
almışdı.
Təəccüblü
də olsa, Əfqan Tibb İnstitutuna yox, Azərbaycan Dövlət
Universitetinə girmişdir. Çünki o, əli qələm
tutandan şeir yazırmış. Maraqlı da olsa, həmin
şeirlərdən bir neçəsi Əfqanın arxivində
saxlanılır. Məsələn:
Gül gülüm, gül,
gülə gül,
gül, gülü güldür.
Gülşəndə
gülüb-gülməli,
güldürməli
güldür.
Gül, gülər güllərə
gül,
gül gülə gülsə,
Gül gülər, gülşən
gülər,
gülləri gülsə...
Etiraf edirəm ki, müəllifin
özünün dediyi kimi – “Cəmi bir sözdən ibarət”
ikinci şeirə rast gəlməmişəm. Əfqanın
başqa şeirlərində də təkrirə həvəs
çoxdur. Ancaq o şair olmamışdır. Sonralar onu nəsr
daha çox cəlb etmişdir. Bəlkə elə şeirə
ilk məhəbbətdəndir ki, Əfqanın nəsr dilində
də şairənəlik duyulmaqdadır. Dərs dediyi
jurnalistlərə də onun sözü budur ki,
“çalışın şeir yazın”. Çünki
şeir dilin musiqisidir, jurnalist də, yazıçı da
doğma dilinin bəstəkarı olmalıdır.
Açığını deyək
ki, o illər universitetin filologiya fakültəsində bədii
yaradıcılıq tələbələrin ilahi qonşusu
olmuşdu. Xüsusən, dərsdən sonra ədəbi dərnəklər
bədii sənətin yarış meydanına
çevrilmişdi. Gələcəyin jurnalistlərinə,
filoloqlarına Məmməd Arif, Mir Cəlal, Cəfər
Xandan, Feyzulla Qasımzadə, Məmməd Cəfər, Abbas
Zamanov, Nəsir İmanquliyev kimi pak, müdrük insanlar,
elmin, maarifin, əxlaqın peyğəmbərləri dərs
deyirdilər. Bu dərs yox, elmi ibadət idi, elə ona görə
də həmin çağları müqəddəs dövr
sayıram, bir daha həmin uluların xatirəsinə baş əyirəm.
Əfqan çox ehtiyatlı, təmkinli
gənc idi, vaxtını mənasız keçirməyi sevməzdi.
Onu yoldaşları harada axtarsaydı kitabla birgə
tapardılar.
Filologiya fakültəsi o illərdə çox hörmətli bir fakültə idi. Burada qaynar bir ədəbi mühit vardı. Tez-tez maraqlı ədəbi müzakirələr, görüşlər keçirilər, ədəbi dərnəklər fəaliyyət göstərərdi. Əfqanı bu mühit getdikcə özünə bağlayır, onu gələcəyin gözəl bir qələm sahibi kimi yetişdirirdi. Universiteti bitirdikdən sonra onun ədəbiyyata olan həvəsini nəzərə alıb Əfqan Əsgərovun təyinatını o zamanın çox nüfuzlu qəzetlərindən biri olan “Azərbaycan gəncləri”nə verdilər. Buradakı yaradıcılıq işi Əfqan üçün ikinci bir universitet oldu. O, burada ilk qələm təcrübələrini oxucuların mühakiməsinə verdi, ilk uğurlar üzünə güldü. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publilsistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta “Poçtalyon” kino-ssenarisi çap edildi. Əfqan çox gənc yaşlarından oxucularının məhəbbətini qazandı. Əfqanı sevdilər.
Bir dəfə qəzetdə gənclik mövzusunda səhnə əsəri müsabiqəsi elan olunmuşdu. Əfqan müsabiqədə iştirak edib üçüncü mükafatı aldı. Az sonra o, daha bir səhnə əsəri yazdı. Bu əsər də teatrın xoşuna gəldi. Hekayələrlə yaradıcılığa başlayan Əfqana bu ilk səhnə əsərləri yeni ədəbi şöhrət gətirdi. Bir-birinin ardınca hekayə topluları nəşr edildi. “Gecikmisən” (1961), “Gözəllik sorağında” (1962), “Sən belə deyilsən” (1963), “Sarı əlcək” (1965) və başqa hekayə topluları Əfqanın yüksək təhkiyyə imkanlarına, zəngin müşahidə qabiliyyətinə malik olduğunu göstərdi.
60-cı illərin sonunda Əfqan müharibə
mövzusunu partizan hərəkatı kontekstində nəsrə
gətirdi. Alman faşistlərinə
qarşı işğal zonasında –
Əfqanın
yaradıcılığında cəmiyyətdə
insanların öz yerini, mövqeyini düzgün müəyyən
edə bilmədiyindən düşdüyü çətin
məqamlar şəraitində keçirdiyi mənəvi
sarsıntıların təsviri də xüsusi yer tutur. Yazıçı belə bir əxlaqi ideyanı təbliğ
edir ki, insan gərək cəmiyyətdə daim mənəvi
sarsıntılardan qaçmalı, daxilindəki müəyyən
səbəblər üzündən baş qaldıran
sarsıntılarla daim mübarizədə olub həyatını
canlı, maraqlı qurmağa çalışmalı, onu
düzgün istiqamətləndirməlidir. Bu baxımdan “Qozbel” roman-dilogiyasının Əfqanın
yaradıcılığında xüsusi yeri vardır. Əslində
bu əsər insanın özünün daxili aləmi ilə
daimi təması, bu təmasın sayəsində isə
bütün sarsıntılardan azad olub, şəxsiyyətinin
düzgün başa düşülməsinə və
insanın xoşbəxtliyə çıxmasını
göstərən bir yol kimi oxucunun fikrini cəlb edir. “Qozbel”
dilogiyası insan psixologiyasını geniş çalarlarda
açıqlayan bir əsər kimi yadda qalır.
70-ci illərin
başlanğıcında oxucuların qəlbinə geniş
şəkildə yol tapmış Əfqan milli həyatın
daha qlobal problemlərini əks etdirən romanları ilə nəsrimizi
zənginləşdirdi. Əslində o, XX əsr Azərbaycan
kəndində baş verən ciddi siyasi və sosial dəyişiklikləri
nəsrə gətirdi. Roman janrının həyatı geniş
lövhələrdə əks etdirmək imkanlarından
istifadə edən yazıçı, həyatın ziddiyyət
və təbəddülatlarını, müharibənin
vurduğu yaraların törətdiyi fəsadların
ağır nəticələrini Azərbaycan kəndindəki
çarpışma və əyintilər, partiya idarəçiliyi
sistemində özünü göstərən
sapıntılar “Dədə Bəhmən” trilogiyasında
yüksək bir sənətkarlıqla əks etdirmişdir.
Trilogiya “Gülyanaq” romanı ilə başlayır. Roman arxa cəbhədə
əsgər ailəsinin qarşılaşdığı
ağır güzəranın təsiri ilə
başlayır. Sarsılan ana balaca Gülyanağı da
götürüb uca bir qayanın başına gəlir.
İstəyir ki, uşaqla birlikdə özünü qayadan
atsın. Ancaq Gülyanağa qıymır. Uşağı
orada qoyub özünü qayadan atır. Sahibsiz qalmış
Gülyanağı kolxoz sədri Dədə Bəhmən
övladlığa götürüb böyüdür.
Müharibədən sonrakı dövr Azərbaycan kəndinin
ağsaqqal obrazının tipik nümayəndəsi olan Dədə
Bəhmən obrazı romanda geniş planda işlənmişdir.
Dədə Bəhmən obrazı əsərin
sonuna qədər öz dəyanətini, ləyaqətini
qoruyub saxlayan, hətta Gülyanağın ona qarşı
qoyulmasına baxmayaraq “övlad” deyib saxladığı
qızından nəvazişini əsirgəməyən, məğrur,
xeyirxah, uzaqgörən bir insan obrazı kimi əsərdə
qalır. “Gülyanaq” 70-ci illərin ən təsirli, cəmiyyət
həyatındakı ziddiyyət və iztirabların geniş
lövhəsini özündə əks etdirən romandır.
Böyük şairimiz Rəsul Rza romanı xəstəxanada
ikən tibb bacısının əlində görüb, ondan
alıb həvəslə oxumuş, sonra isə
yazmışdı: “Tənqidçilər Əfqanın
“Gülyanaq” əsərini görməli və dəyərləndirməlidirlər”.
70-ci illərin ədəbi tənqidi
Əfqanın “Gülyanaq”ını həqiqətən
yüksək dəyərləndirdi.
Trilogiyanın ikinci
kitabı isə yazıldığı dövrdə
böyük əks-sədaya səbəb olan “Katib”
romanıdır. Əfqan “Gülyanaq”ın sonrakı fəaliyyət
dövrünü iki baxımdan geniş lövhələrdə
əks etdirmişdi: birincisi, ədalətli partiya
işçisi İsrafilzadənin rayona rəhbərlik
dövrü idi ki, bütün mizan-tərəzi yerində idi. Ancaq bu dövrün uzun çəkmədiyini
göstərən yazıçı, partiya rəhbərliyində
yol verilən qüsurların cəmiyyət həyatına mənfi
təsiri, İsrafilzadədən sonra rayona gələn rəhbərin
mənəvi-əxlaqi ləyaqətsizliyi, insanlarla rəftarında,
idarəçilikdə yol verdiyi qüsurları cəsarətlə
açıb göstərir.
Əfqanın
yaradıcılığında tarixi romanlar xüsusi yer tutur.
Tarixi roman yazmağın məsuliyyətini yaxşı
başa düşən yazıçı Azərbaycan tarixində
analitik araşdırılmalar aparmışdır. Bu mənada “Bəy İnal”, “Şahlar şahı” və
yenicə bitirdiyi “Cənnətməkan” romanlarını
xüsüsi qeyd etmək lazımdır. Əfqan Azərbaycan
ərazisindəki hökmdarlıq dövrünü, həmin
dövrdə azərbaycanlıların adət-ənənəsinin,
həyat və məişətinin bu günümüz üçün son dərəcə əhəmiyyətli
və maraqlı olan xüsusiyyətlərini öyrənmiş,
bir neçə ilin axtarışından sonra trilogiyanın
ilk romanı olan “Bəy İnal”ı yazmışdır. Əsər
xalqımızın qədim dövr tarixini, dövlətçilik
ənənəsini öyrənmək baxımından maraqlı
olduğu kimi, Azərbaycan xalqının tarixi taleyini, müxtəlif
qonşu ölkələr əhatəsində keşməkeşli
taleyini öyrənmək baxımından da bir o qədər əhəmiyyətlidir.
Əfqanın tarixi
romanlarının başqa bir cəhətini də qeyd etmək
vacibdir. Məlumdur ki, sovetlər dönəmində yaranan
bütün bədii ədəbiyyatda şahlara, padşahlara
və sultanlara münasibət birmənalı
olmamışdı. Əksər nümunələrdə onlar
zalım, qaniçən, ədalətsiz insanlar kimi təqdim
edilmişdi. Təbii ki, bu da tarixi həqiqətlərin təhrifi
idi. Xalqımızın tarixi taleyində ədalətli,
ağıllı, mərhəmətli, xalqın yüksəliş
və tərəqqisi uğrunda çalışan
hökmdarlar da az olmamışdır. Onların bir çoxu
yaxşı tərbiyə görmüş, ölkəni ədalətlə
idarə etmişdir. Yazıçı bütün bu dəyərlərə
söykənərək trilogiyasında ədalətli
hökmdarların bədii obrazını yaratmaq
üçün bir sıra mühüm tarixi qaynaqlara istinad
etmişdir. “Bəy İnal”da olduğu kimi,
Xosrov Ənuşirəvan şaha həsr etdiyi “Şahlar
şahı” romanı da tarixi həqiqətlərə söykənir.
“Şahlar şahı” yazıçının
yaradıcılığında özünə xüsusi yer
tutan tarixi-əfsanəvi romandır. Əfqan burada tarixi roman
janrının yeni hüdudlarını müəyyənləşdirməklə
yanaşı, ona eyni zamanda bu mövzuda indiyədək
yazılmış əsərlərdən fərqli olaraq
tamamilə yeni məzmun gətirmiş, hökmdar-xalq
qarşılıqlı əlaqəsi zəminində ədalətli
hökmdarın yeni tipini yaratmışdır. Tarixdə
bütün sonrakı nəsli Söhrab kimi “türkzadə”
adlandırılan Şahlar şahı Xosrov Ənuşirəvan
adil, xalqın sevimli övladı, xalqa arxalanan, onun köməyi
ilə şahlıq taxıtını qoruyub saxlayan hökmdar
kimi oxucuya təqdim edilmişdir. Trilogiyanın Şah Abbasa həsr
edilmiş və yaxın macalda işıq üzü görəcək
üçüncü kitabında da cənnətməkan
Şah Abbasın mənəvi və əxlaqi
saflığı, kamil və güclü hökmdar şəxsiyyəti
maraqlı üslubda işlənmişdir.
Əfqanın
yaradıcılığında mərdlik, müdriklik,
xeyirxahlığın, yaxşılığın,
insanları xoşbəxtliyə aparan əxlaqın, yüksək
estetik düşüncənin tərənnümü daim
öndədir. Bu cəhətdən onun “Qız
atası”, “Tamah dişi”, “Cənnət alması” və
başqa səhnə əsərləri yüksək
tamaşaçı zövqünə cavab verən,
insanları kamilliyə, nümunəvi əxlağa,
müdrikliyə çağıran ən yaxşı ədəbi
nümunələr kimi diqqəti cəlb edir.
Yazıçının son dövrlərdə qələmə
aldığı səhnə əsərlərində bu
xüsusiyyət yüksələn xətt üzrə hərəkətdədir.
Ömrünün
böyük bir hissəsini respublika mətbuatının
yüksəlişinə həsr edən, “Kommunist”, “Sovet kəndi”,
“Azərbaycan” kimi rəsmi dövlət qəzetlərinin əməkdaşı
və baş redaktoru kimi fəaliyyət göstərən,
öz işində daim səliqəli, insanlarla münasibətində səmimi, yorulmaz qələm
sahibi olan Əfqanın yaradıcılığı geniş
və çoxcəhətlidir. Bu gün
yaradıcılığının müdriklik zirvəsinə
ucalan Əfqanın yaradıcılıq planları da
genişdir. Onun stolunun üstündə neçə-neçə
əsər öz oxucusunu, öz tamaşaçısını
gözləməkdədir. Zəhmətkeş
yazıçımızı, respublikanın
tanınmış əməkdar incəsənət xadimini ad
günü münasibətilə təbrik edir, ona yeni-yeni
yaradıcılq uğurları diləyirik.
Azad NƏBİYEV,
AMEA-nın müxbir üzvü,
professor
Xalq qəzeti.- 2009.- 18 oktyabr.- S. 6.