Televiziyanın missiyası dəyişməzdir

 

Ekran tamaşaçını məlumatlandırmalı, onu ətrafda baş verənlərdən agah etməli, maarifləndirməli və zövqünü formalaşdırmalıdır

 

Bu gün televiziya adi məişət cihazı deyil, həyatımızın ayrılmaz hissəsi, əsas məlumat mənbəyimiz, həmsöhbətimizdir. Televiziya həm də insanın düşüncə baxımından genişlənməsi, dünya ilə təması, yaşadığı cəmiyyəti yaxından görməsi, ətrafında gedən prosesləri duyması və ən başlıcası özünü dərk etməsidir. Deməli, televiziya, onun kommunikativliyi və verdiyi məhsul o dərəcədə mükəmməl olmalıdır ki, tamaşaçının qavrayışı təhrif olunmasın, insanın psixikasında və davranışında yanlışlıqlar yaranmasın.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin cəmiyyətdə böyük rezonans doğurmuş, ictimai müzakirələrə səbəb olmuş məqaləsi məhz buna çağırışdır. Televiziyalarımızın indiki vəziyyəti ilə bağlı həyəcan təbili çalan “Azərbaycan efiri: problemlər və vəzifələr” məqaləsi tamaşaçı, cəmiyyət və gələcək qarşısında məsuliyyət, milli-mənəvi dəyərlərə sayğı və teleradio yayımının inkişaf etdirilərək dünya standartları səviyyəsinə yaxınlaşdırmaq istəyinin ifadəsi baxımından xüsusi dəyərə malikdir.

Müasir media sisteminin ən çevik qolu sayılan televiziya dünyanın vahid informasiya məkanına çevrilməsində önəmli rol oynayır. 20-ci əsrin ortalarından başlayaraq bəşəriyyətə öz xidmətlərini göstərən, səhiyyədə, kibernetikada, kosmonavtikada və s. geniş tətbiq olunan televiziya, hər şeydən əvvəl, məlumat vasitəsi, milyonlarla tamaşaçı üçün xəbər qaynağıdır. Məhz bu həssas cəhətinə görə indi televiziya həyatımızın və məişətimizin ayrılmaz atributuna çevrilmişdir. Təkcə Avropa Birliyinə daxil olan ölkələrin ərazisində hazırda 4.800 telestansiya fəaliyyət göstərir. Bu ölkələrdə əhalinin 76 faizinin əsas informasiya mənbəyi məhz televiziyadır.

Ekranları işıqlandığı gündən televiziya insanların həyatına, cəmiyyətə, vizual sənət sahələrinə, bəşəriyyətin mövcud dəyərlər sisteminə ağlasığmaz yeniliklər gətirdi. İlk növbədə kütləvi informasiya vasitələri sisteminin müstəqil bir sahəsinə çevrilən televiziya jurnalistikanın təsirini və miqyasını genişləndirdi. Adamlar qəzetdə oxuyub, radioda etdiklərini ekranda seyr etməklə “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəlinin doğruluğuna bir daha əmin oldular. Dünya mavi ekranda özünü gördü: bütün gözəlliyi və eybəcərlikləri ilə. Qlobal dünyanı xəbər süzgəcindən keçirən televiziya, məhz bu eybəcərliklərin zaman-zaman aradan qaldırılması üçün öz səfərbəredici gücünü də göstərdi.

Bəs nəyə görə Azərbaycan televiziya kanalları cəmiyyətdə arzuolunan səviyyədə populyar deyil. Azərbaycan dövləti və cəmiyyətinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğu, ictimai həyatın bütün sahələrinin yeniləşdiyi, dünya standartlarına cavab verən informasiya -kommunikasiya texnologiyalarının tətbiq olunduğu bir vaxtda televiziyalarımız tamaşaçı zövqünü niyə oxşaya bilmir? Nəyə görə ekran-efirin ictimai fikrə təsir imkanlarından səmərəli istifadə olunmur? Bu narahat və haqlı suallara fəlsəfi mahiyyət verən akademik R.Mehdiyevin məqaləsində problemin səbəbləri çox dəqiq göstərilir. Müəllif yazır ki, dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımını reallaşdıran qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.

Məhz belə olduğuna görə vəzifə və borclar, tamaşaçı qarşısında məsuliyyət yaddan çıxır, hətta yayımla bağlı qanunlara məhəl qoyulmur. Nəticədə televiziyanın ciddi rakursları “yaddan çıxır” və efirdə bayağı, düşük, peşəkarlıq səviyyəsi aşağı olan, ən başlıcası, heç bir ictimai məzmun daşımayan, gərəksiz proqramlar peyda olur. Nədənsə, büdcədən maliyyələşən televiziyalarda da belə verilişlərə meyl artır. Özəl telekanalları yamsılamaq, onların veriliş formatlarını dartıb böyük ekrana gətirmək çox pis əlamətdir.

Televiziya jurnalistikası ictimai statusuna, gerçəkliyi ifadə üsullarına və jurnalist yaradıcılığının özəlliyinə görə medianın digər qollarından fərqli xüsusiyyətlərə malikdir. Jurnalistikanın bu sahəsi, hər şeydən əvvəl, siyasətin və texnikaya söykənikli yaradıcılığın sintezidir. Çünki hər bir ekran əsəri – veriliş, diskussiya proqramı və ya sənədli film mütləq müəyyən siyasi yaradıcılıq və texniki tələblərə cavab verməlidir. Bu tələblər isə zaman-zaman dəyişə bilər.

Azərbaycanda ötən əsrin 50-ci illərinin sonlarından formalaşmış televiziya jurnalistikası məhz belə dəyişən tələblər kontekstində inkişaf edərək müasir səviyyəyə gəlib çatmışdır. Sovet dövründə daha çox ideoloji vasitə olmaq missiyasını gerçəkləşdirən televiziyamız mədəniyyətin, ədəbi dilimizin, teatr, musiqi və kino sənətimizin inkişafına da müəyyən töhfələr vermişdir. Bu gün TV cəmiyyətimizin güzgüsü, bizim ümumi mədəniyyətimizin, düşüncə tərzimizin, təfəkkür, əxlaq və davranışımızın göstəricisi olaraq qalır.

Bu gün televiziya kanalları o qədər çoxalıb ki, ekranda onları bir-bir dəyişməklə, tamaşaçı özü qeyri-adi bir kollaj yaradır. Bu kollajda isə hərə öz istədiyinə baxır. İnsanlar media informasiyanı (verilişi) öz fərdi tələb və zövqlərinə uyğun seçirlər. Onların bu davranışı konkret məqsədlə bağlıdır. Yəni mən nə istəyirəm, bu proqrama baxmaqda məqsədim nədir, həmin proqram mənim zövq və istəyimi necə ödəyir? Məhz bu məqsədə və seçimə görə psixoloqlar televiziya tamaşaçılarını aktiv və passiv olaraq iki qismə bölürlər. Birincilərə daha çox xəbər, diskussiya və analitik proqramlara baxanlar aid edilir, ikincilər isə yalnız film, serial və əyləncə-şou proqramlarının seyrçiləridir.

Azərbaycan teleməkanında seyrçi auditoriyasının məhdudlaşması birinci kateqoriyaya aid tamaşaçıların azalması ilə bağlıdır. Tələb və ehtiyaclarının ödənməməsi ucbatından bu tamaşaçıların əksəriyyəti informasiyanı İnternet saytlarında və digər media vasitələrində axtarırlar. Nəticədə, meydan şou həvəskarlarının ixtiyarında qalır və bəzən də reytinqlər məhz bu kateqoryadan olan tamaşaçıların hesabına formalaşır. Efirin istedadsız “sənətçi”lərin ixtiyarına verilməsi isə ciddi mənəvi fəsadlar yaradır. Akademik Ramiz Mehdiyevin məqaləsində deyildiyi kimi, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə, efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.

Bayağı şou-proqramlar ilk növbədə yeniyetmələri əsir edir, onların qavrayışını pozaraq müqəvvaya çevirir. Məsələn, belə proqramların davamlı izləyicisi olan orta məktəb şagirdi az qala bütün ara müğənnilərinin adlarını, “bioqrafiyalarını” əzbər bildiyi halda, 2-3 yazıçının, alimin və ya ölkənin milli qəhrəmanlarının adını çəkə bilmir.

Azərbaycan reallıqlarının ekranda dürüst əks etdirilməməsi, xəbər proqramlarının bəsitliyi, yeni texnologiyalara biganəlik, aktual mövzularda canlı diskussiyaların qıtlığı, tamaşaçı qarşısında məsuliyyət hissinin itirilməsi, verilişlərdə dərin təhlilin və publisistik vüsətin olmaması, ədəbi dil normalarının pozulması, bəzi hallarda heç kimə lazım olmayan verilişlərin ekrana çıxması, peşəkarlığın aşağı düşməsi, görüntü ilə işləmək bacarığının olmaması və bütün çatışmazlıqları aradan qaldırmağa cəhd göstərilməməsi telekanallarımızın geniş yayılmış nöqsanlarıdır.

Məqalə müəllifi bu məsələdə də haqlıdır ki, kiçik istisnalarla telekanallarımız bir-birinə oxşayır və bunun səbəbi aydın konsepsiyanın olmamasıdır. Televiziyalar bu qüsurları aradan qaldırmalıdır. Xüsusən, müstəqillik dövründə Azərbaycan telejurnalistikasına ciddi töhfələr vermiş, xəbərçilik, salnamə və hərbi-vətənpərvərlik mövzularında müəyyən üslub yaratmış ANS telekanalının yeni axtarışlarına ümidlərimiz var. Şou verilişlərinin çoxalması və digər subyektiv proseslər bu telekanalın da imicini zədələyir.

Akademik Ramiz Mehdiyevin adı çəkilən məqaləsində cəmiyyətin narahatlığını ifadə edən məqamlardan biri də maarifçi-intellektual verilişlərlə bağlıdır. Haqlı olaraq göstərilir ki, uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruridir. Belə verilişlər ona görə zəruridir ki, ingilis yazıçısı Artur Klarkın sözlərilə desək, “bu gün televiziya uşaqların üçüncü valideyninə çevrilib”. İndi bu “valideyn” uşaqların milli ruhda böyüməsinə ciddi diqqət yetirməlidir. Maarifçi verilişlər isə bəzi televiziya rəhbərlərinin yanlış anladığı kimi, heç də yalnız auditoriyanı başına toplayıb onlara dərs keçməkdən ibarət deyil. Fikrimizcə, ilk növbədə büdcədən maliyyələşən İTV və Az.TV maarifçi proqramlar şəbəkəsini genişləndirməlidir.

Əlbəttə, televiziyalarımızın müəyyən uğurları da var və onların hər biri telejurnalistikanın inkişafına öz töhfələrini verməyə çalışır. ANS-in, İTV-nin bəzi proqramları 2007-ci ildə “Xəzər” televiziyasının yayıma başlaması və onun əsas xəbər buraxılışının infoteymentə əsaslanan populyar buraxılışları sübut etdi ki, televiziya jurnalistikasının hüdudsuz imkanları mövcuddur və sahənin inkişaf perspektivləri haqqında nikbinliklə danışmaq mümkündür. Bu mənada, Azərbaycan telejurnalistikasının perspektivdə aşağıdakı inkişaf istiqamətlərini qeyd etmək olar:

- xəbər proqramının beynəlxalq standartlara uyğun hazırlanması və reportyor peşəkarlığının artırılması;

- cəmiyyəti narahat edən kəskin problemlərin ekrana–açıq diskusiya proqramlarına çıxarılması;

- ixtisaslaşmış yeni kanalların (mədəniyyət, təhsil və s.) açılması;

- dünya azərbaycanlılarının vahid televiziyasının yaradılması;

- yeni texnologiyanın (kompyuter qrafikası modelləri və s.) teleistehsala daha geniş tətbiqi;

- ictimai yayımın maddi cəhətdən dəstəklənməsi və yayımın bu sahəsinin cəmiyyətin gerçək tribunasına çevrilməsi;

- regionlarda müstəqil televiziya şəbəkəsinin genişlənməsi.

Həm yaradıcılıq, həm ictimai - siyasi və sosial, həm də texnoloji sahələri əhatə edən bu problemlərin həlli Azərbaycan televiziya məkanına, o cümlədən telejurnalistikamıza uğurlu gələcək vəd edir. Məhz bu problemlərin həlli televiziya jurnalistikamız üçün yeni üfüqlər açar, onu demokratik dünyanın media sisteminə yaxınlaşdıra bilər. Bunun üçünsə televiziyalarımız akademik Ramiz Mehdiyevin adıçəkilən məqaləsində qarşıya qoyulmuş vəzifələrin həlli üçün çox iş görməlidirlər. Məqalədə deyildiyi kimi, bu gün Azərbaycan tamaşaçısı radio və televiziyalardan ölkəmizdə və dünyada baş verən taleyüklü proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdıran, onları yüksək peşəkarlıqla şərh edə bilən verilişlər gözləyir.

 

 

Qulu MƏHƏRRƏMLİ,

filologiya elmləri doktoru,

əməkdar jurnalist, BDU-nun Televiziya

və radio jurnalistikası kafedrasının professoru

 

Xalq qəzeti.- 2009.- 18 oktyabr.- S. 5.