Mütərəqqi hüquq islahatlarının uğurlu
davamı
Siyasi seçim hər zaman taleyüklü hadisə
olmaqla, hər bir dövlətin və xalqın gələcək
taleyini, konkret zaman çərçivəsindəki
inkişaf strategiyasını, tərəqqi yolunu müəyyənləşdirir.
Tarixi təcrübə göstərir ki, konkret həlledici məqamda
mürəkkəb siyasi reallıqları düzgün dəyərləndirərək
doğru seçim etməyi bacaran xalqlar istənilən
çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən
üzüağ çıxmış, gələcəyə
inamla irəliləmiş, bəşəri miqyasda
özünütəsdiq imkanı qazanmışlar. Taleyini hər
zaman qəlbən inandığı, etimad bəslədiyi
liderə etibar etmiş müdrik və uzaqgörən
xalqımızın 2008-ci il 15 oktyabr tarixli seçimi də məhz
bu reallıqla şərtlənmiş, ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi alternativsiz siyasi
kursun daha bir möhtəşəm zəfərinə
çevrilən bu əlamətdar hadisə ümumilikdə Azərbaycanın
keyfiyyətcə yeni mərhələdə hərtərəfli
inkişafı üçün yeni imkanlar
açmışdır.
Azərbaycanı
davamlı inkişaf və tərəqqi yoluna
çıxararaq hər bir vətəndaşın mənafeyinə
cavab verən, təminatlı gələcəyə
etibarlı zəmin yaradan təkmil siyasi kursun davam etdirilməsi
zərurəti cəmiyyətin həlledici çoxluğunun
iradəsi ilə şərtlənmiş, xalqımız tərəddüdsüz
olaraq öz taleyini növbəti beşillikdə də məhz
cənab İlham Əliyevə etibar etmişdir. Respublikamızın
ötən illərdə ictimai həyatın bütün sahələrində
qazandığı nailiyyətlər xalqın seçkilərlə
bağlı qəti və prinsipial mövqeyinə təsir
göstərmiş, ölkə vətəndaşları Azərbaycanda
ictimai-siyasi sabitliyin, davamlı sosial-iqtisadi inkişafın,
insan və vətəndaş hüquq və
azadlıqlarının qorunmasına etibarlı təminat
yaratmış demokratikləşmə xəttini birmənalı
şəkildə dəstəkləmişlər. Xalqımız
eyni zamanda alternativi olmayan siyasi strategiyanın son beş ildə
həyatımıza gətirdiyi nailiyyətlərə,
dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən,
özünün xoşbəxt sabahına doğru inamla irəliləyən,
inkişaf edən Azərbaycana səs vermişlər.
Siyasətə
ideyaların reallaşdırılması vasitəsi kimi
yanaşan və “Əsl siyasət konkret, real iş görməkdən
ibarətdir” – deyən dövlət başçısı son
bir ildə də hakimiyyətə xalqa təmənnasız
xidmət vasitəsi kimi yanaşmış, hər bir fərdin
maraq və mənafeyini uca tutmuşdur. Cənab İlham Əliyev
bu qısa zamandakı fəaliyyəti ilə xalqın
seçimini doğrultmağa qadir, qətiyyətli, peşəkar
və milli maraqlara bağlı rəhbər olduğunu
nümayiş etdirmişdir. 2003-cü illə müqayisədə
2008-ci ildə daha da möhkəmlənmiş iqtisadi, siyasi,
hüquqi, mədəni, humanitar və digər sahələrdə
həlledici uğurlar qazanmış müstəqil
respublikamızı inamla irəliyə aparması,
qazanılmış nailiyyətlərin ardıcıllığını,
sabitliyini inamla təmin etməsi cənab İlham Əliyevin
dövlətə rəhbərlik məharətini, yeni
dünya nizamının incəliklərinə dərindən
bələd olmasını bir daha sübut edir.
Azərbaycanın son
beş ildəki büdcəsinə nəzər saldıqda, həyata
keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe
baxımından səmərəliliyi bir daha təsdiqini
tapır. MDB dövlətlərinin büdcə vəsaitləri
2003-2008-ci illərdə 15-20 faiz artdığı halda,
respublikamızda bu göstərici üzrə fərq 8 dəfədən
çoxdur. Azərbaycanın büdcə gəlirlərinin
illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faiz
artımla müşayiət olunmuşdur. Məsələn, əgər
2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon
manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm
1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat,
2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə
50 faizdən də çox yüksələrək 6 milyard
manatı ötmüşdür. Qlobal böhranla müşayiət
olunan 2008-2009-cu illərdə dövlət büdcəsinin 10
milyard manatı ötməsinin özü də kifayət qədər
yüksək göstəricidir.
Dövlət
başçısı İlham Əliyevin son bir ildə
xalqın mənafeyini uca tutmaqla həyata keçirdiyi iqtisadi
siyasətin uğurları, ilk növbədə,
respublikamızın cari ildə qazandığı makroiqtisadi
göstəricilərdə bir daha əksini tapır. Qlobal maliyyə böhranı şəraitində
2009-cu ildə respublikada ümumi daxili məhsulun 3,6 faiz
artması, eləcə də qeyri-neft sektorunda artımın
4,1 faiz təşkil etməsi respublikanın iqtisadi siyasətinin
qlobal miqyasda cərəyan edən neqativ təsirlərə
müqavimət gücünü nümayiş etdirir. Ötən
müddətdə respublikada inflyasiyanın səviyyəsi
3,7 faiz təşkil etdiyi halda, əhalinin gəlirlərinin 19
faiz artması da ölkənin iqtisadi siyasətində sosial məsələlərin
prioritetliyinə dəlalət edir.
İlin əvvəllərində
maliyyə böhranının Azərbaycana guya ciddi təsir
göstərəcəyi ilə bağlı səslənən
bəzi əsassız fikirlərə baxmayaraq, ötən
dövrdə respublika iqtisadiyyatı normal məcrada inkişaf
etmişdir. Proseslərin gedişi “böhran
ajiotajı”nın respublikamız üçün geridə
qaldığını, bank və maliyyə sektoru
üçün real təhdid sayıla biləcək ictimai
narahatlığın tamamilə aradan qalxdığını
əminliklə söyləməyə ciddi əsaslar verir. Əhalinin
banklara olan tərəddüdlü münasibəti aradan
qalxır, tikinti sektorunda yenidən canlanma
və fəallıq müşahidə olunur, böhrana
baxmayaraq, sahibkarlara güzəştli kreditlərin verilməsi
əvvəlkindən də daha geniş miqyasda davam etdirilir.
Üstəlik, bu ilin iyun ayında ipoteka kreditləşməsinin
bərpası respublika rəhbərliyinin uğurlu
anti-böhran tədbirlərinin nəticəsi kimi diqqəti
çəkir. Son bir ildə respublikada
manatın məzənnəsinin sabit saxlanması, bank sektorunda
likvidlik probleminin yaranmaması, daxili istehlak bazarına işləyən
müəssisələrin əvvəlki qaydada fəaliyyət
göstərməsi – bütün bunlar maliyyə
böhranının respublika iqtisadiyyatına ciddi təsir
göstərmədiyinə sübutdur. Maliyyə
böhranı şəraitində Azərbaycanın
turizm-istirahət komplekslərinin qiymətlərində də
ciddi fərqlərin duyulmaması, tələbin azalmaması
da böhranın vətəndaşların maddi durumuna ciddi təsir
göstərmədiyini deməyə əsas verir.
Bir çox dövlətlərdən
fərqli olaraq, Azərbaycanda həyata keçirilən qlobal
infrastruktur layihələrinin icrası ötən bir ildə
də inamla davam etdirilmiş, vətəndaşların sosial
mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi
həyata keçirilmiş, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa
layiqli xidmət məramı dayanmışdır. Bu sırada paytaxta Oğuz-Qəbələ
zonasından su kəmərinin, habelə Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin çəkilişini, paytaxtda yeni körpülərin,
yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə
verilməsini, respublika əhəmiyyətli yollarda əsaslı
yenidənqurma işlərinin aparılmasını, regionlarda
yeni təhsil, səhiyyə, mədəniyyət,
olimpiya-idman komplekslərinin tikintisini xüsusi vurğulamaq
olar. Şübhəsiz, bütün bunlar məhz Azərbaycan
vətəndaşlarının firavan, rahat yaşamasına
xidmət edən qlobal investisiya layihələridir. Hesabat
dövründə bütün əsas investisiya layihələrinin
və proqramların həyata keçirilməsi
üçün dövlət büdcəsindən 1 milyard 675
milyon manat vəsaitin yönəldilməsi də respublikanın
maliyyə qüdrətini nümayiş etdirir.
Dövlət
başçısı İlham Əliyev son bir ildə
regionların sosial-iqtisadi inkişafı tədbirlərini də
inamla davam etdirmiş, bu uğurlu siyasət nəticəsində
2009-cu ilin birinci yarısında bölgələrdə 35 min
yeni iş yeri açılmışdır. Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” isə regionların
tarazlı və davamlı inkişafı sahəsində
ötən beş ildə əldə olunmuş nəticələrin
uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət
kəsb edir. Proqrama əsasən, qarşıdakı 5 il
müddətində ölkənin təbii və
əmək potensialından səmərəli istifadə etməklə
qeyri-neft sektorunun sürətli inkişafının təmini,
infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətində tədbirlərin
davam etdirilməsi, sahibkarlıq mühitinin
yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
tədbirlərin həyata keçirilməsi,
özəl sektorun inkişafının daha da sürətləndirilməsi,
ixracyönümlü məhsul istehsalının
stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin
yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının
yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin
azaldılması və digər mühüm tədbirlər
nəzərdə tutulur.
İqtisadi, siyasi və hüquqi
islahatların paralelliyi prinsipi son beş ildə Azərbaycanın
demokratikləşməsi və ümumən cəmiyyətin
liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını
təşkil edir. Dövlət
başçısı İlham Əliyev
çıxışlarında dəfələrlə
vurğulamışdır ki, demokratik proseslərin davamlı
şəkildə aparılmadığı hansısa dövlətin
iqtisadi sahədə yüksək nəticələr əldə
etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat
sisteminə inteqrasiyası mümkün deyildir. Eyni
zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hər
hansı bir dövlətdə demokratikləşməyə və
vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir. Bu reallığı düzgün dəyərləndirən
Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət
şəklində yanaşılmasını vacib sayaraq
ölkənin uzunmüddətli inkişaf üçün məhz
demokratik-hüquqi və iqtisadi islahatların eyni vaxtda və
paralel şəkildə davam etdirilməsinə
çalışır. Dövlət
başçısının dünya siyasi
arxitekturasının tələblərinə maksimum dərəcədə
cavab verən bu mütərəqqi inkişaf konsepsiyası
kifayət qədər təkmil səciyyə daşımaqla,
inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən
qaynaqlanır. “Əsl açıq demokratik cəmiyyəti
ancaq maddi rifah əsasında qurmaq mümkündür.
İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə
demokratik proseslər də geridə qalır. O ölkələr
ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o
ölkələrdə demokratiyanın inkişafı da
çox yüksək zirvədədir. Ona görə iqtisadi
islahatların davam etdirilməsi, xalqın maddi rifahının
yaxşılaşdırılması, demokratik cəmiyyətin
qurulması və formalaşması üçün
başlıca şərtdir. Ancaq bununla bərabər,
əgər sadəcə olaraq iqtisadi məsələlərə
diqqətimizi yönəltsək və siyasi, hüquqi
islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan
qarşısında duran vəzifələrin həlli
üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan
müasir ölkəyə çevrilməlidir” – deyən Azərbaycan
Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi inkişaf prosesi
insanların sosial-siyasi, mədəni və iqtisadi rifahına
adekvat olmalı, cəmiyyətin siyasi şüur səviyyəsinin
yüksəlməsinə paralel şəkildə həyata
keçirilməlidir.
Son illərdə
respublikamızın sürətli sosial-iqtisadi inkişaf
yolunda olması demokratik proseslərin dərinləşdirilməsinə,
qanunçuluğun gücləndirilməsinə və
liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik
islahatlar kursunun genişləndirilməsini ciddi tələb
kimi önə çıxarır. Respublikamızın aktiv
inkişaf fazasına daxil olduğu indiki mərhələdə
demokratik normaların ictimai şüurda möhkəmlənməsinə
və qəbul edilməsinə daha yaxşı imkanlar
yaranmışdır. Əminliklə demək olar ki, dövlət
başçısı İlham Əliyevin yeritdiyi
çoxşaxəli siyasətin ölkə vətəndaşları
tərəfindən birmənalı dəstəklənməsini
təmin edən mühüm amillərdən biri də son
beş ildə ölkədə məhkəmə-hüquq
sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş
hüquq və azadlıqlarının təmini, ədalət
mühakiməsinin çevik və səmərəli təşkili
məqsədilə atılan addımlar olmuşdur.
2003-cü ildən
uğurla gerçəkləşdirilən hüquqi islahatlar
ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq
orqanlarının fəaliyyətində insan hüquq və
azadlıqlarının daha etibarlı təminatına imkan
yaradan çevik mexanizmlərin formalaşdırılmasına
xidmət etməklə, respublikamızın beynəlxalq
imicini daha möhkəmləndirmişdir.
Cənab İlham Əliyev qanunvericilik təşəbbüsü
əsasında xüsusən də məhkəmələrin cəmiyyətdə
inam və etimad qazanmasına, nüfuzlu təsisat kimi
formalaşmasına xidmət edən bir sıra qanun layihələrini
Milli Məclisin müzakirəsinə göndərmiş,
onların yeni dövrün tələblərinə
uyğunlaşdırılmasını vacib
saymışdır. 2004-cü ildən etibarən “Konstitusiya Məhkəməsi
haqqında”, “Məhkəmə-Hüquq Şurası
haqqında”, “Məhkəmələr və hakimlər
haqqında”, “Polis haqqında”, “Prokurorluq haqqında”, ”Dövlət
qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis
orqanlarında qulluq keçmə haqqında” və digər
qanunlara mütərəqqi əlavə və düzəlişlərin
edilməsini, “Ədliyyə orqanlarında qulluq keçmə
haqqında” və digər qanunların qəbulunu bu
baxımdan xüsusi qeyd etmək lazımdır.
Bu mərhələdən
etibarən Azərbaycanın hüquq sisteminin müasirləşdirilməsi
məqsədilə imzalanmış bir sıra mühüm
dövlət proqramları, fərman və sərəncamlar
ölkənin demokratikləşməsi prosesinin sürətlənməsinə
də əsaslı təkan vermişdir. Azərbaycan Prezidentinin
“Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi
haqqında” 3 sentyabr 2004-cü il tarixli, “Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli, “Ədliyyə orqanlarının
inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, habelə
“Azərbaycan Respublikası məhkəmələri hakimlərinin
sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında”, “Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi
haqqında” 28 dekabr 2006-cı il tarixli, “Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə”
28 iyul 2007-ci il tarixli, “Azərbaycan Respublikasının
qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında” 27 iyul 2007-ci il tarixli, “Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
yaradılması haqqında” 13 dekabr 2007-ci il tarixli fərman və
sərəncamlarının siyasi və hüquqi
mühitin liberallaşmasındakı müstəsna rolunu
xüsusi qeyd etmək lazımdır.
Bu və digər fərmanların,
sərəncamların, dövlət proqramlarının
imzalanmasında əsas məqsəd keyfiyyətcə yeni mərhələdə
hüquq sistemini liberal iqtisadi islahatlara uyğunlaşdırmaq,
habelə inkişafın sürətli tempi ilə əlaqədar
vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsini
yüksəltmək, bir sözlə, həllini gözləyən
problemləri aradan qaldırmaq olmuşdur. Azərbaycan
Prezidenti İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı
bu baxımdan müstəsna əhəmiyyət
daşımaqla, aktuallığına, miqyasına, əhatə
dairəsinə görə fərqlənmişdir. Belə bir fərmanın imzalanması bölgələrin
sürətlə inkişaf etdiyi bir zamanda rayonlarda yaşayan
vətəndaşlara göstərilən hüquqi
yardımın səviyyəsini yaxşılaşdırmaq,
onlarda haqlı narazılıq doğuran sui-istifadə,
süründürməçilik hallarını, eləcə
də digər nöqsanları aradan
qaldırmaq, ədalət mühakiməsinin səmərəliliyini
yüksəltmək, məhkəmələrə inamı
artırmaq, müraciət imkanlarını
asanlaşdırmaq, məhkəmələrin fəaliyyətində
yeni informasiya texnologiyalarının tətbiqinə nail olmaq, məhkəmə
aparatlarının strukturunu və işini daha optimal
şəkildə qurmaq, habelə hakimlərin sosial vəziyyətini
yaxşılaşdırmaq niyyətindən irəli gəlmişdir.
Son 3 il il yarımda
Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və
Şirvanda apellyasiya məhkəmələrinin,
Naxçıvanda Ağır Cinayətlərə Dair
İşlər üzrə Məhkəmənin, Bakıda 2
saylı Yerli İqtisad Məhkəməsinin, Sumqayıt və
Şəki şəhər yerli iqtisad məhkəmələrinin yaradılması və fəaliyyətə
başlaması sözügedən fərmandan irəli gələn
vəzifələrin praktik surətdə reallaşdığını
göstərir. Fərman əsasında
regionlarda yaradılmış apellyasiya məhkəmələri
4 kollegiyadan - mülki işlər, cinayət və inzibati
hüquqpozmalara dair işlər, hərbi məhkəmələrin
işləri üzrə və iqtisadi mübahisələrə
dair işlər üzrə kollegiyalardan ibarət olmaqla
müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət
göstərir.
Respublikamız
2003-2008-ci illərdə onlarla beynəlxalq konvensiya və
sazişə, o cümlədən “İşgəncələrin
və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın
və ya cəzaların qarşısının
alınması haqqında”, “İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında”, “Ekstradisiya haqqında”, “Cinayət
işləri üzrə qarşılıqlı hüquqi
yardım haqqında”, “Cinayət fəaliyyətindən əldə
edilən gəlirlərin leqallaşdırılması,
aşkar olunması, götürülməsi və müsadirə
edilməsi haqqında”, “Genosid cinayətlərinin
qarşısının alınması və onun cəzalandırılması haqqında”, “Hərbi
cinayətlərə və bəşəriyyətə
qarşı cinayətlərə cinayət məsuliyyətinə
cəlb etmə müddətinin tətbiq edilməməsi
haqqında”, “Terrorçuluğun maliyyələşdirilməsi
ilə mübarizə haqqında”Konvensiyalara qoşulmuşdur.
2008-ci ilin 15 oktyabrında
xalqın iradəsi ilə ikinci dəfə dövlət rəhbəri
seçilən cənab İlham Əliyev hüquq sisteminin
liberallaşdırılmasına xidmət edən siyasəti
yeni mərhələdə də uğurla davam etdirir. Dövlət başçısının
qanunvericilik təşəbbüsü əsasında son bir
ildə Milli Məclisdə qəbul edilmiş qanunlar isə
ictimai həyatın bütün sahələrini əhatə
etməklə, bütün məsələlərdə vətəndaşa
həssas və qayğıkeş münasibəti təşviq
edir. Bu sırada Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında 2008-ci il 28 oktyabr tarixli, habelə “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişiklik və əlavələr edilməsi barədə”
2008-ci il 16 dekabr tarixli, “Məhkəmələr
və hakimlər haqqında”, “Əhalinin
sağlamlığının qorunması haqqında”, “Vətən
uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında” və “Terrorçuluğa qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər
edilməsi barədə” 2008-ci il 16 dekabr
tarixli, “Notariat haqqında” və “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər
edilməsi barədə” 2008-ci il 2 dekabr tarixli, “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə
və dəyişikliklər edilməsi barədə”
2008-ci il 30 dekabr tarixli, “Televiziya və radio yayımı
haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə” 2009-cu il
3 mart tarixli, “Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə
edilməsi barədə” 2009-cu il 6 mart
tarixli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” 2009-cu il 2 fevral tarixli və
digər onlarla qanunun qəbulunu xüsusi xatırlatmaq
lazımdır. 2009-cu ilin yaz və növbdənkənar
sessiyaları dövründə Milli Məclisdə Azərbaycan
Respublikasının Mənzil Məcəlləsi,
İnzibati-Prosessual Məcəllə, “İxrac məqsədli
neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi
haqqında” qanun layihələri də qəbul edilmişdir.
Milli Məclisdə ratifikasiya
olunmuş beynəlxalq konvensiya və sazişlər də Azərbaycanda
insan hüquqlarının müdafiəsi sisteminin möhkəmləndirilməsi
məqsədinə yönəlmişdir. Bu
baxımdan “Əlillərin hüquqları haqqında”
Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”
2008-ci il 2 oktyabr tarixli, “İşgəncə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və
ya cəza əleyhinə Konvensiya”nın Fakültativ
Protokolunun təsdiq edilməsi haqqında”, habelə “Nüvə
terrorçuluğu əməlləri ilə mübarizə
haqqında” Beynəlxalq Konvensiyaya qoşulma barədə
2008-ci il 2 dekabr tarixli Azərbaycan Respublikası qanunları da
az əhəmiyyət daşımır. Eyni zamanda, son bir ildə
Milli Məclisdə Azərbaycanın Almaniya, Slovakiya,
İndoneziya, Meksika, Koreya və digər dövlətlərlə
hüquqi sahədə əməkdaşlığını nəzərdə
tutan sazişlər ratifikasiya olunmuşdur.
2009-cu ilin payız sessiyası
dövründə parlamentin qanunvericilik işləri planı
da zəngindir. Bu sırada Azərbaycan
Respublikasının Tikinti Məcəlləsi, Şəhərsalma
Məcəlləsi, Rəqabət Məcəlləsi, “Bank
olmayan kredit təşkilatları haqqında”,
“Pambıqçılıq haqqında”, “Torpaqların dövlət
ehtiyacı üçün alınması haqqında”, “Məhkəmələrin
fəaliyyəti haqqında informasiya əldə
etmək barədə”, “İctimai asayişin təmin edilməsində
vətəndaşların iştirakı haqqında”, “Azərbaycan
Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakı haqqında”, “Məişət
zorakılığının qarşısının
alınması haqqında”, “İstehsalatda bədbəxt hadisələrdən
və peşə xəstəliklərindən
icbari sığorta haqqında”, “İnsanın
immunçatışmazlığının profilaktikası
haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti
haqqında”, “Ali təhsil haqqında”, “Kəşflərin
hüquqi qorunması haqqında” qanun layihələrini misal
göstərmək olar.
Milli Məclisin
payız sessiyası dövründə qanunvericilik işlər
planında sosial-iqtisadi sahələri əhatə edən
qanun layihələri vətəndaşların ölkə
Konstitusiyası və digər qanunlarla təsbit olunmuş
iqtisadi hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə,
iqtisadi fəaliyyət sahələrinin etibarlı hüquqi tənzimlənməsinə
xidmət edəcəkdir. Bu qanunların bir qismi həmçinin
tikinti və yenidənqurma sahəsində mövcud problemlərin
hüquqi müstəvidə həllinə yönəlmişdir.
İş
planında məhkəmə-hüquq və ədliyyə
sisteminin müasirləşdirilməsinə, insan və vətəndaş
hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin
formalaşdırılmasına əlavə təkan verəcək
qanun layihələri də diqqəti cəlb edir.
Son bir ilin mühüm siyasi və
hüquqi islahatları fonunda 2009-cu il martın 18-də Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin
edilməsini nəzərdə tutan ümumxalq referendumunun
keçirilməsini xüsusi vurğulamaq lazımdır. Hər bir dövlət özünün inkişaf
xüsusiyyətlərinə, cəmiyyətin sosial, iqtisadi və
siyasi həyatında müşahidə olunan pozitiv yeniliklərə
adekvat olaraq qanunlara, o cümlədən Konstitusiyaya əlavə
və dəyişikliklərin edilməsinə ehtiyac duyur.
İlk dəfə 2002-ci ildə keçirilmiş Konstitusiya
islahatından ötən 7 ildə
respublikanın ictimai-siyasi həyatında özünü
qabarıq göstərən fundamental dəyişikliklər -
iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi,
demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş
cəmiyyəti institutlarının, siyasi partiyaların
sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki
rolunun obyektiv dərk olunması və onların dövlət
dəstəyi ilə əhatə olunması, Avratlantik məkana
inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi,
ən əsası, sosial ehtiyacları əhəmiyyətli dərəcə
ödənən ölkə vətəndaşlarının
ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı
fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər
Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə
və dəyişikliklərin edilməsini obyektiv tələbata
çevirmişdir.
Ölkə seçicilərinin
yüksək aktivliyi ilə müşayiət olunan
ümumxalq referendumunun nəticələri göstərir ki,
respublikamızın davamlı şəkildə demokratikləşdirilməsinin
vacibliyi ictimaiyyət tərəfindən obyektiv zərurət
kimi qəbul edilir. Vətəndaşların hüquq
düşüncəsinin yetkinləşməsi, habelə
siyasi fəallığının yüksəlməsi isə
ilk növbədə ölkədə həyata keçirilən
uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi
sayıla bilər. Konstitusiyanın 12-ci maddəsinə
edilən əlavə Azərbaycanda hər bir vətəndaşın
normal yaşayış səviyyəsinin, sosial rifah
halının yüksəldilməsi, firavan
yaşayışının təmini yönümündə
həyata keçirilən tədbirlərin mahiyyətindən
irəli gəlir. Həmin maddədə
edilən dəyişikliyə görə insan və vətəndaş
hüquq azadlıqları ilə yanaşı, “Azərbaycan
Respublikasının vətəndaşlarının layiqli həyat
səviyyəsinin təmin edilməsi” dövlətin ali məqsədləri
sırasına daxil edilir. Bu əlavənin Konstitusiyaya
edilməsi respublikamızın maliyyə imkanlarının əhəmiyyətli
dərəcədə artması, hökumətin iqtisadi siyasət
strategiyasında sosialyönümlü məsələlərin
prioritetə çevrilməsi ilə şərtlənir.
Konstitusiyanın 15-ci maddəsinin
II hissəsinə əlavə edilən “sosial
yönümlü” sözləri də bu baxımdan diqqəti
çəkir. Bu dəyişikliyə görə,
“Azərbaycan dövləti bazar münasibətləri əsasında
sosial yönümlü iqtisadiyyatın inkişafına şərait
yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi
münasibətlərdə inhisarçılığa və
haqsız rəqabətə yol vermir”. Ümumxalq referendumunda
ciddi ictimai dəstək almış yeniliklər
hüquqi baxımdan Konstitusiyanın bir çox
normalarını yeni dövrün tələblərinə
uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və
vətəndaş hüquq və azadlıqlarının təmini
sahəsində dövlətin məsuliyyətini
artırmış, onun üzərinə bir sıra yeni
hüquqi öhdəliklər qoymuşdur. Konstitusiya
islahatı milli qanunvericiliyin beynəlxalq konvensiya və
sazişlərə uyğunlaşdırılması prosesində
keyfiyyətcə yeni mərhələnin əsasını
qoymuşdur. Azərbaycan Konstitusiyasına edilən
əlavə və dəyişikliklər yeni dövrün tələblərindən
irəli gələrək bir sıra hüquqi normalara
konstitusion stasus yaratmış, eyni zamanda insan hüquq və
azadlıqlarına təminatı gücləndirmişdir.
Ötən müddətdə
Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə
sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
imzaladığı ən mühüm sənədlərdən
biri 2009-cu il 6 fevral tarixli “Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı” olmuşdur. Dövlət
Proqramının imzalanması ədliyyə orqanlarının
və məhkəmələrin dinamik inkişafının təmin
edilməsi, yeni informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi, normativ-hüquqi və
maddi-texniki təminatın
yaxşılaşdırılması, kadr potensialının
gücləndirilməsi məqsədi daşıyır.
Dövlət Proqramının
6-cı hissəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
və infrastrukturunun yaxşılaşdırılması sahəsində
bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Proqrama əsasən, 2009-2013-cü illərdə məhkəmələrin
fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar
külliyatının və onların şərhinə dair vəsaitlərin
hazırlanması, “Ədliyyə sisteminin müasirləşdirilməsi”
layihəsi çərçivəsində məhkəmə
fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə
proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi,
habelə məhkəmələrin maddi-texniki bazasının
yaxşılaşdırılması və onlar
üçün lazımi iş şəraitinin təmin edilməsi,
yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt,
Şirvan və Şəki apellyasiya məhkəmələrinin
inzibati binalarla təmin edilməsi nəzərdə tutulur.
Ümumilikdə, dövlət proqramı ədliyyə
orqanları ilə yanaşı, məhkəmələrin də
fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə
yeni imkanlar açır.
Dövlət
başçısı İlham Əliyevin iştirakı ilə
2006-cı ilin avqustunda əsası qoyulmuş Ali Məhkəmənin
yeni binasının 2009-cu ilin mayında açılış
mərasiminin keçirilməsi də məhkəmələrin
müasirləşdirilməsi istiqamətində mühüm
addımlardan biri kimi yaqqa qalmışdır. Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimindəki
çıxışında binanın ən müasir
standartlara cavab verdiyini, burada ən müasir texnologiyaların
tətbiq edildiyini razılıqla vurğuladı. Dövlət
başçısı bununla yanaşı, hakimlərin fəaliyyəti
ilə bağlı tövsiyələrini, arzu və niyyətlərini
də ifadə etmişdir: “Mən binanın
təməl daşının qoyulması ilə əlaqədar
keçirilmiş mərasimdə demişdim ki, bu bina – Ali Məhkəmə
ədalət sarayı olmalıdır və artıq biz bunu əyani
şəkildə görürük. Çox vacibdir ki, burada qəbul
edilmiş bütün qərarlar ədalətli olsun.
Çünki ədalət hər bir cəmiyyətin
inkişafı üçün başlıca amillərdən
biridir. Hər yerdə ədalət olmalıdır, ilk
növbədə, məhkəmə sistemində.
Çünki burada qəbul edilmiş qərarlar insanların
taleyinə təsir göstərir. Bir də demək istəyirəm
ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq
günahsız insanlar da cəzalandırılmamalıdır.
Ona görə hakimlərin üzərinə çox
böyük və şərəfli missiya düşür”.
Ötən beş
ildə ölkədə beynəlxalq tələblər səviyyəsində
həyata keçirilən ədliyyə və məhkəmə-hüquq
islahatları deməyə əsas verir ki, hələ
2003-cü ilin prezident seçkiləri ərəfəsində
hər bir vətəndaşın layiqli Prezidenti
olacağını bəyan etmiş cənab İlham Əliyev bu vədini əməli
işi ilə doğrultmuş, cəmiyyətin hüquq
sisteminin daha da təkmilləşdirilməsini uğurla təmin
etmişdir. Bu yüksək diqqət və
qayğının nəticəsi kimi, ölkənin məhkəmə-hüquq
sistemi yüksək dinamizmlə inkişaf edərək
davamlı müasirləşmə mərhələsinə qədəm
qoymuş, insan hüquq və azadlıqlarının təmini
prosesində yeni mərhələnin əsası
qoyulmuşdur. Ölkə vətəndaşları inanır
ki, Azərbaycanda demokratiyanın tam bərqərar olmasına
və vətəndaş cəmiyyəti təsisatlarının
inkişafına xidmət edən bu islahatlar
qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2009.- 18 oktyabr.- S. 3.