Heydər ƏLİYEV: Müstəqil Azərbaycan
Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul
edilmişdir
Azərbaycan
xalqının birliyi yeni, demokratik, heç kəsdən
asılı olmayan dövlət qurulması yolu ilə təmin
oluna bilər. Doğrudur, bu yolda çətinliklər də
olacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz
buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək
nəsillər edəcək və onlar tarix boyu bizi
bağışlamayacaqlar.
Heydər ƏLİYEV,
Ümummilli lider, 1990-cı il
Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın
öz dövlət müstəqilliyini bərpa etməsi zəruridir,
qaçılmazdır və tarix bu vəziyyəti yetişdirəcəkdir.
Ancaq ulu öndər həmişə olduğu
kimi, bu məsələdə də bütün işləri
tarixin ümidinə buraxmaq istəmir, zamanı qabaqlamağa
çalışır, Azərbaycanın yenidən öz
dövlət müstəqilliyinə qovuşması
üçün hər bir soydaşımızın üzərinə
konkret vəzifələr düşdüyünü
söyləyirdi: “İndi hər bir namuslu, qeyrətli azərbaycanlı
gərək öz şəxsi mənafelərini,
imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və
azad gələcəyi haqqında düşünsün.
Xalqın müqəddəratı hər şeydən
üstün olmalıdır”.
... Azərbaycan
xalqı tarixin müxtəlif dönəmlərində öz
müstəqil dövlətçilik tarixinə malik olmuş,
siyasətin, diplomatiyanın, dövlət
iqtisadiyyatının və idarəetmənin mükəmməl
nümunələrini yaratmışdır. İyirminci əsrin
əvvəllərində, Birinci Dünya müharibəsinin
başa
çatmasından sonra yaranmış Azərbaycan Demokratik
Cümhuriyyəti isə milli dövlətçilik tariximizin
fəxr və iftixarla yada salınan səhifələrindəndir.
Müsəlman Şərqində ilk demokratik
respublikanın meydana gəlməsinə nail olan azərbaycanlılar
qanunverici orqanın formalaşdırılmasında, daxili
işlər, xarici işlər, müdafiə nazirliklərinin
yaradılmasında (o zaman regionun bəzi ölkələrində
hərbi işlər nazirliyi yaradılsa da, ADR müdafiə
nazirliyi formalaşdırırdı ki, bu da
dövlətin sülhsevər siyasətindən irəli gəlirdi)
özünəməxsus təcrübəyə imza
atmışdılar. Ancaq zamanın ağır gərdişləri
nəticəsində həmin respublika uzun müddət yaşaya
bilməmiş, siyasi arenadan getməli olmuşdu. Xalqın
azadlıq arzuları hər bir azərbaycanlının ürəyində
yaşayır, öz tarixi şansını, məqamını
gözləyirdi. Xalqın Heydər Əliyev kimi böyük
övladları isə bu məqamı gözləmir, istənilən
fürsətdən, imkandan yararlanaraq müstəqil Azərbaycan
dövlətinin yaradılmasına
çalışırdılar.
SSRİ-nin son illərində,
xüsusən, hansısa gözəgörünməz qüvvələrin
dəstəyi ilə hakimiyyətə gəlmiş Mixail
Qorbaçovun ortaya atdığı “yenidənqurma”
dövründə bütün xalqlara və bütün
insanlara gün kimi aydın olmuşdu ki, Kreml ölkədəki
xalqların hərəsinə
ayrı bir şəkildə münasibət bəsləyir. Nə qədər inanılmaz olsa da, xalqlar “sortlara”
bölünürdü. Etiraz edənlər isə mütləq
Kremldən verilən göstərişlər əsasında cəzalandırılırdı.
Alma-Atada, Vilnüsdə, Tbilisidə milli ayrı-seçkiliyə
etiraz edən insanların qanı tökülmüş, milli
azadlıq cücərtiləri qan gölündə
boğulmuşdu. Tarixin bütün dönəmlərində
azadlıq mücadiləsinin heç bir məhrumiyyətindən
qorxmayan Azərbaycan xalqı isə daha böyük cəsarət
və şücaətlə öz sözünü deyirdi.
İnsanlar Kremlin milli ayrı-seçkiliyinə, xüsusən,
Mixail Qorbaçovun türk və müsəlman xalqlarına yönəlik
siyasətinə öz etirazlarını bildirirdilər. Bu zaman Azərbaycan rəhbərlərinin xalqın
deyil, Kremlin mövqelərini müdafiə etməsi respublikada
azadlıq ab-havasını qat-qat artırırdı. Ölkəyə
rəhbərlik edən Əbdürrəhman Vəzirovun hələ
sovet dövrünün son illərində monoetnik dövlət
yaratmaq istəyən ermənilərin qovduğu 200 mindən
çox irəvanlı soydaşlarımızı
Dağlıq Qarabağda və Ermənistanla sərhəd rayonlarında
deyil, məhz Bakıda məskunlaşdırması Kremlə
xidmət, xalqa xəyanət nümunəsi idi. Vəzirovdan
sonra hakimiyyətə gələn Ayaz Mütəllibovun
bütün SSRİ xalqlarının iradəsinə zidd olaraq
İttifaqın saxlanılması üçün dəridən-qabıqdan
çıxması da xalqa xəyanət nümunəsi idi. Ancaq Əbdürrəhman Vəzirovun və Ayaz
Mütəllibovun birbaşa günahları üzündən
törədilmiş 20 Yanvar faciəsinin ertəsi günü
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gələrək Kremlin milli ayrı-seçkilik siyasətini
lənətləyən, Qorbaçovun əməllərini
antidemokratik və antihumanist addımlar adlandıran Heydər
Əliyev tamamilə başqa cür
düşünürdü. Heydər Əliyev xalq azadlıq hərəkatını
dəstəkləyir, xalqın mübarizəsinin
düzgün məcraya yönəldilməsinə
çalışırdı.
Ulu öndər Azərbaycanda
baş qaldıran milli azadlıq hərəkatının
xaotik bir hərəkat olmadığını, bunu zamanın
tələb etdiyini əsaslandırırdı. O zaman
Naxçıvanda yaşayan ulu öndər “Sovet
Gürcüstanı” qəzetinin müxbirinə verdiyi
müsahibədə deyirdi: “Son illərdə dünyada, eləcə də
ölkədə (SSRİ nəzərdə tutulur — red.) gedən
ictimai-siyasi proseslər keçmişimizə münasibəti,
ümumi dünyagörüşünü dəyişdirmiş,
Sovet İttifaqında mərkəzlə respublikalar arasında
olan iqtisadi, siyasi əlaqələr açılmış,
çılpaqlaşmış, hansı tərəfin daha
çox xeyir götürdüyü, zərər çəkdiyi
aydınlaşmışdır. Bir neçə
respublikada baş vermiş milli demokratik hərəkatların
İttifaq dövləti tərəfindən zorakılıqla,
qoşun hissələri vasitəsilə boğulması tədbirləri
İttifaqın imperiya siyasəti apardığını tam
aşkar etmişdir. İttifaq dağılmağa
başlamışdır... Ölkənin rəhbərliyi 70
il mövcud olan İttifaqın yararsız olduğunu bəyan
edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət
edir. Qorbaçov bir neçə çıxışında
hətta belə demişdir ki, ölkədə indiyə qədər
həqiqi İttifaq olmayıb, respublikalar heç də
İttifaqda yaşamayıb, əsl İttifaq bundan sonra
yaranacaq. Həqiqət isə bundan ibarətdir ki, yeni
İttifaq layihəsi əvvəlkindən də
yararsızdır”.
Heydər Əliyevin
həm Moskvada, həm də Naxçıvanda verdiyi bəyanatlar,
milli azadlıq hərəkatlarını dəstəkləməsi
(bəli, ulu öndər təkcə Azərbaycandakı
azadlıq hərəkatını deyil, bütün müttəfiq
respublikalardakı hərəkatları dəstəkləyirdi. Bu isə sırf
milli deyil, bəşəri düşüncə tərzi idi)
Azərbaycan azadlıqsevərlərini daha da
ruhlandırırdı. Ölkənin hər yerində
geniş vüsət alan milli azadlıq hərəkatının
nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
haqqında Konstitusiya aktı qəbul edildi. Bu sənəd əslində
Azərbaycanın dövlət müstəqilliyinin bərpasını
təmin etmişdi. Xalqımız bir əsrdə ikinci dəfə
müstəqil dövlət yaratmağa nail olmuşdu. Ancaq
çox təəssüf ki, müstəqilliyin ilk illərində
ölkəyə kremlpərəst Ayaz Mütəllibov və
xalq azadlıq hərəkatı dalğasında hakimiyyətə
gəlmiş AXC-Müsavat iqtidarı rəhbərlik etməli
olmuşdu. Nə Ayaz Mütəllibov, nə də Əbülfəz
Elçibəy — İsa Qəmbər cütlüyü ölkəni
idarə etmək, müstəqil dövləti qoruyub saxlamaq
iqtidarında idi. Onların yarıtmaz idarəçiliyinə
və diletant səviyyəli siyasətinə etiraz edən
xalqın elə ilk səsindəncə hər ikisi
qaçıb getmiş, dövlət başçısı
postunu boş qoymuşdular.
Nə yaxşı
ki, tarixin bütün dönəmlərində olduğu kimi,
həmin dövrdə də ən optimal çıxış
yolunu tapa bilən Azərbaycan xalqı ulu öndər Heydər
Əliyevi Naxçıvandan Bakıya dəvət etmiş,
müstəqilliyin qorunub saxlanılmasına zəmin
yaratmışdı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması nəinki Azərbaycanın
dövlət müstəqilliyini qorumuş,
respublikamızı parçalanmaqdan xilas etmişdi, eləcə
də dövlət müstəqilliyimizə əbədiyaşarlıq
bəxş etmişdir. Bu gün dünyanın inkişaf
etmiş ölkələri ilə eyni sırada duran müstəqil
Azərbaycan dövləti məhz ulu öndərin ikinci dəfə
hakimiyyətə gəlişindən sonra yaratdığı
şah əsəridir. Bunu təkcə biz demirik,
dünyanın müxtəlif qütblərində yaşayan
Qafqazşünas, Azərbaycanşünas alimlər, politoloq və
ekspertlər yazır, söyləyir və sübut edirlər.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 18 oktyabr.- S. 1